• cümə, 29 Mart, 09:47
  • Baku Bakı 5°C

2-ci Qarabağ müharibəsində qələbənin əsas memarı Ali Baş Komandan İlham Əliyevdir - Deputat

04.12.20 11:00 444
2-ci Qarabağ müharibəsində qələbənin əsas memarı Ali Baş Komandan İlham Əliyevdir - Deputat
Azərbaycanın 2-ci Qarabağ müharibəsində qazandığı möhtəşəm qələbənin əsas memarı Ali Baş Komandan İlham Əliyevdir. Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, məhz möhtərəm Prezidentin qətiyyəti və şücaəti nəticəsində biz bu uğurlara imza atdıq:"Halbuki, müharibə zamanı bir çox xarici qüvvələr var idi ki, gedişatı əngəlləmək, bizim uğur estafetimizi səngitmək üçün əllərindən gələni edirdilər. Arzuları da bu idi ki, hansısa şəkildə Azərbaycana təsir etsinlər, bizi dayandırsınlar.
Həmin ərəfədə erməni hər yerə əl atdı. Paşinyanın zəng eləmədiyi dövlət başçısı qalmadı. Hətta onların bir neçəsini prosesə neqativ formada cəlb edə bildi. Fəqət, cənab Prezident İlham Əliyevin qətiyyəti nəticəsində bütün kənar təsir və təzyiqlərinin qarşısını alındı, mənfur qüvvələrin prosesə müdaxilə cəhdləri effektsiz oldu, ermənilərin arzuları ürəklərində dəfn olundu.
Məhz İlham Əliyevin şücaəti və mətinliyi sayəsində Azərbaycan ordusu dayanmadı. Sonacan getdi. Ta o vaxta qədər ki, erməni qarşımızda baş əydi, kapitulyasiya aktına imza atdı, məğlubiyyətini etiraf etdi.
Cənab Prezident xalqa son müraciətində xüsusi vurğu ilə qeyd etdi ki, əslində üçtərəfli bəyənatın şərtləri ilə də bağlı ilkin təkliflər fərqli olub. Lakin İlham Əliyevin möhkəm mövqeyi bütün tərəfləri geri çəkilməyə və Azərbaycan dövlətinin tələblərini yerinə yetirməyə vadar edib. Yəni, ermənilər bütün vasitələrlə cəhd ediblər ki, hətta uğursuz hallarında da nəsə əldə etsinlər.
Məsələn, alternativ dəhlizlə bağlı. Amma onların bu cəhdləri də alınmayıb. Çünki İlham Əliyev buna imkan verməyib. Ali Baş Komandan əlindən gələn hər şeyi edib ki, hərb sahəsindəki qələbəmiz axıra qədər davam etsin, daha dəqiqi: masa üzərindəki sazişdə də həmin qələbə ruhu öz əksini tapsın. Və cənab Prezident buna nail olub, bunu bacarıb. Bu səbəbdən üçtərəfli bəyənatda nəzərdə tutulan bütün bəndlər Azərbaycanın milli maraqlarına tamamilə uyğundur, hər şey bizim qələbəmizi əks etdirir, hər şey bizim uğurumuzun təcəssümüdür”.

banner

Oxşar Xəbərlər