• cümə axşamı, 28 mart, 21:06
  • Baku Bakı 13°C

15 Yanvar - Beynəlxalq Vikipediya Günüdür

15.01.22 13:45 242
15 Yanvar - Beynəlxalq Vikipediya Günüdür
Bu gün "Vikipediya” internet şəbəkəsinin yaradılmasının 21 ili tamam olur

Bu gün internet üzərində hər hansı bir məlumat axtaran zaman ilk müraciət edilən ünvanlardan biri olan "Vikipediya” elektron ensiklopediyasının və ya qısaca "Vikipediya”nın yaradılmasının 21 ili tamam olur. "Vikipediya” internetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən inkişaf etdirilən ensiklopediyadır. Azad dedikdə, "Vikipediya”dakı məlumatların oxunmasının və istifadəsinin azadlığı ilə yanaşı, orada redaktə etməyin azadlığı da nəzərdə tutulur.
Beynəlxalq Vikipediya Günü münasibətilə "Vikipediya”nın Azərbaycan dili bölməsinin idarəçisi Eldar ƏzimovAZƏRTAC-a fikirlərini bölüşüb.
O bildirib ki, layihənin tarixi 1999-cu ildən başlayır. Layihənin baş redaktoru, təşkilatçısı Larri Senqer və "Bomis” kompaniyasının icraçı direktoru, layihəni maliyyələşdirən Cimmi Uels viki texnologiyası əsasında onlayn ensiklopediya yaratmaq qərarına gələrək onu Nupediya (NuPedia.com) adlandırdılar.
Nupediya virtual ensiklopediyası 2000-ci ilin mart ayından fəaliyyətə başladı. İngilis dilində yaradılmış bu ensiklopediyanı viki-sayt hesab etmək olmazdı. Onun əsasını alim və mütəxəssislər tərəfindən məqalələrin dəqiq yoxlanması təşkil edirdi. Nupediyaya məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən onun bağlanması haqqında qərar qəbul edildi və 2003-cü ilin sentyabrında bağlandı. Nupediya ensiklopediyası bağlanarkən orada 25 tamamlanmış, 74 yoxlama prosesində olan məqalə var idi.
Nupediya ensiklopediyası əsasında yaradılmış "Vikipediya” açıq ensiklopediyası 2001-ci il yanvarın 15-də internetdə fəaliyyət göstərməyə başlayıb və qısa müddət ərzində internetin ən populyar layihələrindən birinə çevrilib. Nupediyadan fərqli olaraq "Vikipediya”da məqalələr könüllü internet istifadəçiləri tərəfindən yoxlanılır ki, bu da ensiklopediyanın çox sürətlə zənginləşməsinə səbəb olub. Ensiklopediyanın adı ingilis texniki termini olan "wiki” (saytın fəaliyyətinin əsasını təşkil edən texnologiya; söz özü havay dilində "tez” deməkdir) və "encyclopedia” (ensiklopediya) sözlərindən yaranıb.
Təxminən bir il sonra 2002-ci il yanvarın 13-də isə "Vikipediya”nın Azərbaycan dilində bölməsi yarandı. Geridə qalan son 20 il ərzində Azərbaycan dilində "Vikipediya” xeyli inkişaf edərək ölkəmizdə ən çox oxunan onlayn ensiklopediya olaraq öz yerini alıb. Son statistikalar da bunun bariz nümunəsidir. Ötən ilin sadəcə dekabr ayı ərzində "Vikipediya”nın Azərbaycan dilində olan səhifələri 34 milyon dəfə ziyarət edilib, son bir il ərzində isə bu rəqəm 358 milyondur.
Bu gün "Vikipediya” ən çox daxil olunan saytlar arasında yüksək yerlərdə qərarlaşır. Daha dəqiq desək, "alexa.com”un açıqladığı statistikaya əsasən dünyada və ölkəmizdə ən çox daxil olunan 5-ci saytdır və bu amil "Vikipediya”nın insanlar arasındakı vacibliyinin və əhəmiyyətinin göstəricisidir. Bununla yanaşı, rahatlıqla hiss edə bilirik ki, artıq Azərbaycan dilində axtarış edib məlumat əldə etmək istəyən insanların sayı xeyli artıb. Bunları nəzərə alaraq ana dilimizdəki "Vikipediya”nı qoruyub zənginləşdirməliyik ki, gələcək nəsil məlumat azlığından əziyyət çəkməsin.
banner

Oxşar Xəbərlər