140 yaşlı Seminariya
Azərbaycanda
pedaqogika elminin yayılması və inkişafı, xalq maarifinin bütöv bir dövrü İrəvan
müəllimlər seminariyası məzunlarının fəaliyyəti ilə bağlıdır. Bu məzunlar xalq kütlələri arasında savadsızlığın aradan
qaldırılması işində yaxından iştirak
edirdilər.
Azərbaycanın təhsil
tarixində əhəmiyyətli rol oynamış təhsil ocaqlarından biri də İrəvan Müəllimlər
Seminariyasıdır. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin "İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” 29 dekabr 2021-ci il tarixdə imzaladığı Sərəncamda
qeyd edilirdi: "İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük
elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Şəhərdə Azərbaycan
xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni mühit formalaşmışdır. İrəvan
xanlığı çar Rusiyasının tərkibinə qatıldıqdan sonra burada dünyəvi təhsilə
xüsusi diqqət yetirilməsində həmin mühitin özü əhəmiyyətli rol oynamışdır. XIX əsrin
ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatı geniş vüsət
aldı. Regionda dünyəvi təhsil verən yeni tipli məktəbin – İrəvan Müəllimlər
Seminariyasının açılması da məhz bu vaxtlara təsadüf edir”.
28 min rubl büdcə ilə
başlayan iş
İrəvan Müəllimlər Seminariyası
Rusiya İmperiyasının Dövlət Şurasının 20
oktyabr 1880-cı il tarixli qərarına
uyğun olaraq yaradılmışdır. Rusiya İmperiyası Dövlət Şurasının üç maddə və qətnamədən ibarət olan 20 oktyabr 1880-cı il tarixli qərarında qeyd edilirdi: "İmperiyada
Müəllimlər Seminariyası və Zaqafqaziya
Müəllimlər Seminariyası haqqında Əsasnamələr əsasında Kutaisi və İrəvan quberniyalarının hər birində bir Müəllimlər
Seminariyası açılsın. Ştatların layihələri
üzrə Seminariyaların saxlanması üçün Kutaisi Seminariyasına 27.800 rubl, İrəvan
Seminariyasına 28.350 rubl keçirilsin”.
İrəvan Müəllimlər Seminariyasının təntənəli açılışı
1881-ci il noyabrın 8-də olub. Seminariyada digər elmi fənlərlə yanaşı Azərbaycan dili fənninin və şəriət dərslərinin tədris edilməsi
üçün müvafiq ştat vahidi nəzərdə tutulmuşdu. İnqilabdan əvvəlki Qafqazın ən
qiymətli sorğu nəşrlərindən biri olan və Tiflisdə, Qafqaz Canişinin Baş İdarəsinin nəzdində dərc
edilmiş və Qafqaza aid statistik, sorğu və adres məlumatları toplanmış "Кавказский Календарь”da
dərc olunmuş məlumatlara görə, Axund Məmməd Bağır Qazızadə1883-cü ildən
başlayaraq uzun illər ərzində İrəvan müəllimlər
seminariyasında Azərbaycan dili fənnini
və şəriət dərslərini tədris etmişdir.
Seminariyanı bitirənlərin gələcək fəaliyyəti
İrəvan müəllimlər
seminariyasında Azərbaycan dili və şəriət dərslərinin tədris edilməsi təsadüfi
deyildi. Çünki bu seminariya xalqımızın tarixən qədim torpaqlarından sayılan İrəvan mahalında yaradılmışdı. Həmin
mahalda yaşayan əhalinin əksəriyyətini Azərbaycan türkləri, müsəlmanlar təşkil
edirdi. Seminariyada Azərbaycan dilinin və şəriətin tədris edilməsi dövrün tələbi
idi. Təhsil almaq üçün seminariyaya gəlmiş azərbaycanlı gənclər ilk pedaqoji təhsillərini aldıqdan
sonra həyat fəaliyyətlərini azərbaycanlıların
yaşadığı kəndlərdə ibtidai məktəblərin yaradılması işinə və yaxud mövcud ibtidai
kənd məktəblərində müəllimlik peşəsinə həsr edərək xalq kütlələri arasında elm və maarifin yayılması
və savadsızlığın aradan qaldırılması işində
yaxından iştirak edirdilər. Bu təhsil ocağı mövcud olduğu 37 il ərzində
öz fəaliyyəti ilə Cənubi Qafqazda, o
cümlədən Azərbaycanda xalq məktəbi və təhsilin, mədəni-maarif işinin inkişafında əhəmiyyətli rol oynamışdır.
İrəvan gimnaziyası və Uluxanlı məktəbi
1881-ci ildə İrəvan mahalında seminariyanın
açılmasından savayı daha iki mühüm hadisə
baş vermişdir. Belə ki, İrəvan gimnaziyası və yeni tipli Uluxanlı məktəbi də yaradılmışdır. Qori müəllimlər
seminariyasının məzunu Firidun bəy Köçərli 1885-ci ilin iyununda İrəvan gimnaziyasına Azərbaycan dili və şəriət
müəllimi təyin edilmişdir. F.Köçərli bu tədris
ocağında 10 il
pedaqoji fəaliyyətini davam
etdirmişdir. Cəlil Məmmədquluzadə 1887-ci ildə
Qori seminariyasını bitirdikdən
sonra İrəvan və Yelizavetpol xalq məktəbləri direktorluğunda yerləşən Uluxanlı
məktəbinə müəllim təyin edilib. Azərbaycanda ibtidai kənd məktəblərinin
yaradılması işində Qori müəllimlər
seminariyasının məzunları ilə yanaşı İrəvan müəllimlər seminariyasını
bitirmiş məzunlar da yaxından iştirak ediblər. İlk pedaqoji təhsilini həmin
seminariyada almış bir sıra azərbaycanlı gənclər sonralar təhsillərini Rusiya və
Avropanın müxtəlif ali təhsil ocaqlarında davam etdirərək Azərbaycana qayıtmış və ölkəmizdə elm, mədəni-maarif işlərinin,
habelə iqtisadiyyatın müxtəlif sahələrinin
inkişaf etdirilməsində yaxından iştirak
etmişlər. Xalqımızın bir sıra tanınmış nümayəndələri, maarif fədailəri - Həmid bəy
Şahtaxtinski, Haşım bəy Nərimanbəyov, Haşım bəy Vəzirov, Tağı bəy Səfiyev,
Vahid Musabəyov, Fərrux Ağakişibəyov, İbadulla
Muğanlinski, Ş.Mahmudbəyov, C.Məmmədov və başqaları vaxtilə ilk pedaqoji
təhsillərini İrəvan müəllimlər
seminariyasında alıblar.
Xalq maarifinin bütöv bir dövrünü əhatə
edən fəaliyyət
XIX əsrin sonu - XX əsrin əvvəllərində ibtidai məktəblər
üçün azərbaycanlı müəllimlər, əsasən, Qori və İrəvan
seminariyalarında hazırlanırdı. Lakin bu təhsil ocaqları Azərbaycan dili müəllimi
hazırlamırdı. Həmin dövrdə Azərbaycan dili müəllimlərinin hazırlanmasında
sistemsizlik hökm sürürdü. 1905-1907-ci
illərdə Azərbaycan dili
müəllimlərinin hazırlanması o dövrdə
fəaliyyət göstərən mədəni-maarif cəmiyyətlərinin açdıqları kurslarda - Bakı quberniyası və Dağıstan
vilayətinin xalq məktəbləri müdiriyyətinin
kurslarında, Yelizavetpol mədrəsəsində,
habelə Tağıyevin qız məktəbində, həmçinin
1915-ci ildə açılmış qadın pedaqoji kurslarında həyata keçirilirdi. Bununla
yanaşı, Azərbaycanda xalq maarifi, məktəb, ədəbiyyat,
mədəniyyət və incəsənətin bir çox nümayəndələri ilk pedaqoji təhsillərini məhz Qori və İrəvan müəllimlər seminariyasında almışlar. Azərbaycanda
pedaqogika elminin yayılması və inkişafı, xalq maarifinin bütöv bir dövrü məhz Qori və İrəvan müəllimlər seminariyası məzunlarının
fəaliyyəti ilə bağlıdır. Həmin təhsil ocaqlarının milli təhsil
tariximizdəki yeri və rolu bu gün də öyrənilir,
tədqiq edilir, gənc nəslin, tələbələrin
elmi-pedaqoji biliyinin artırılmasında
istifadə edilir.
Rafiq Səfərov
Azərbaycan
Respublikası Milli Arxiv İdarəsinin Baş məsləhətçisi