• çərşənbə axşamı, 23 aprel, 21:04
  • Baku Bakı 20°C

14 sentyabr fiaskosunun diplomatik variantı - TƏHLİL

01.11.22 19:30 1261
14 sentyabr fiaskosunun diplomatik variantı - TƏHLİL

Soçidə keçirilən üçtərəfli görüş Ermənistan diplomatiyasının tam fiaskosu ilə başa çatdı. Ona görə ki, Paşinyan ümid etdiyi heç nəyə nail ola bilmədi, hətta humanitar blokda müzakirələr zamanı ən azı bir neçə hərbi cinayətkarı geri almağa belə. Ancaq ermənilər hesab edirdilər ki, Soçi görüşü postmüharibə dövrü diplomatiyasında dönüş nöqtəsi ola bilər. Onlar 14 sentyabr təxribatı zamanı da döyüş meydanında dönüş yarada biləcəklərinə inanmşdılar. Ancaq Soçi fiaskosu 14 sentyabr fiaskosunun diplomatik variantı kimi yadda qaldı.

Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, məsələ ondadır ki, ermənilər Soçi görüşü öncəsi üç əsas təzyiq mexanizmi əldə etdiklərinə inanırdılar. Bunlardan biri Praqa görüşündən sonra Ermənistana Aİ-nin sülhməramlı missiya göndərməsi, ikincisi, Ermənistanın KTMK-dan çıxması ilə bağlı açıq mövqenin ortaya qoyulması və məsələnin ictimai müzakirəsinin təşkili, üçüncüsü isə Xankəndidə dırnaqarası uğurlu mitinq təşkil edə bilmələri idi. Paşinyan bütün bunların Putinin mövqeyinə təsir etmək üçün kifayət qədər güclü şantaj vasitələri olduğunu hesab edirdi. Hesab edirdi ki, Rusiya Prezidenti Vladimir Putin Paşinyanın Qərbə daha çox meyl etməsinin qarşısını almaq, Ermənistanın KTMK-da qalması üçün cəlbedici şərtlər formalaşdırmaq üçün Ermənistan baş nazirinə müəyyən güzəştlər edilməsi üçün Azərbaycana təzyiq edəcək. Xankəndidə Rusiya və Ermənistanın birgə təşkil etdiyi mitinq isə bu mövqeyə ictimai dəstək kimi təqdim ediləcək. Belə olan halda bu dəfə Ermənistana zopa yox, kökə düşəcək.

“Ancaq bunların heç biri olmadı. Ona görə ki, Azərbaycan Prezidenti əvvəlcədən məsələni birdəfəlik və konkret qoydu. Qarabağ problemi tarixə qovuşub, o iki il bundan əvvəl həll edilib. Əslində, bu Azərbaycanın ikinci nidası idi. Birinci nidadan sonra nələrin baş verdiyini ermənilər heç vaxt unutmayacaqlar. İkinci nidadan sonra isə yenə bənzər hadisələr bir qədər başqa formada ola bilər. Məsələn, Azərbaycan Qarabağımızda müstəqilliyimizi və suverenliyimizi şübhə altına alan şüarlar səsləndirən mitinq iştirakçılarını hüquqi məsuliyyətə cəlb etmək üçün xüsusi əməliyyat keçirə bilər”, - deyə H.Babaoğlu diqqətə çatdırıb.

Onun sözlərinə görə, başqa ölkə, yəni, Ermənistan vətəndaşlarının kütləvi şəkildə sərhədlərimizi pozaraq Qarabağa gəlib konstitusion quruluşumuza qarşı aksiya təşkil etdiklərinə görə Laçın yolunda nəzarət-keçid məntəqəsi qurmaqla bu yoldan Qarabağda yalnız Azərbaycan qanunları ilə yaşayan ermənilərin keçidinə icazə verə bilər. Nəticə etibarilə, axı, bu yol humanitar yoldur və Azərbaycan vətəndaşlarının kommunikasiyası üçün nəzərdə tutulub. Üçüncü ölkələrin vətəndaşları isə Azərbaycana yalnız viza alaraq gələ bilərlər. Beləliklə, ermənilər 2020-ci ilə qədər onlara təklif edilənləri indi arzuladıqları kimi, 2020-ci ildən sonra onlara verilənləri 2022-ci il 12-14 sentyabrdan sonra arzuladıqları kimi, indi təklif olunan sülhü də qısa müddətdən sonra əl-əl gəzməli olacaqlar.

Deputat bildirib ki, məhz bu səbəbdən də ermənilər Soçi görüşü fiaskosundan yaxşıca dərs çıxarmalı yeni reallığı qəbul etməlidirlər. Əks təqdirdə, ermənilər Azərbaycanın indi təklif etdiyi sülh şərtlərini qısa bir müddət sonra arzu etsələr də, tapa bilməzlər.

banner

Oxşar Xəbərlər