AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

13 yaşı tamam olmuş hər kəsin nəzərinə!

13 yaşı tamam olmuş hər kəsin nəzərinə!

Siyasət
11 Fevral 2013, 11:39 2201
“Ağ Evin rəsmi səhifəsində 13 yaşı tamam olmuş hər bir kəs petisiya yarada və ya səs verə bilər”. APA-nın məlumatına görə, bu barədə Diasporlarla İş üzrə Dövlət komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin rəhbəri Elşad Miraləm bildirib. Onun sözlərinə görə, son zamanlar bir neçə mənbələrdə bu petisiyanın sadəcə ABŞ vətəndaşlarına aid olması və başqa ölkə vətəndaşlarının imzalarının heç bir əsasının olmamağı barədə fikirlər yayılır: “Bununla bağlı rəsmi səhifənin “tez-tez verilən suallar” bölməsində “Biz xalqıq” platformasında kim iştirak edə bilər” sualına cavab verilib və bildirilib ki, 13 yaşdan yuxarı hər kəs petisiya yarada bilər. Sadəcə “Biz Xalqıq” bölməsində səs verə bilmək üçün hər kəs saytda şəxsi hesab açmalı və e-mail ünvanı vasitəsilə hesabını təsdiq etməlidir”.

O həmçinin qeyd edib ki, istifadəçilərin və imza atanların hansı ölkədən olmasına heç bir məhdudiyyət yoxdur: “Sözsüz ki, ABŞ hökuməti bu rəsmi səhifəni yaradarkən ilk növbədə amerikalıların Administrasiyaya müraciət etmə imkanının təmin edilməsini nəzərdə tutub. Lakin bu o demək deyil ki, Amerikadan kənarda yaşayan insanlar administrasiyaya müraciət hüququnda məhrumdurlar”.

Elşad Miraləm petisiyanın lazımi səs topladıqdan sonra nə ilə nəticələnəcəyi ilə bağlı danışaraq deyib ki, əgər lazımi 100 min səs toplanarsa, bu barədə Ağ Evin rəyini eşitmək imkanı əldə etmiş olacağıq: “Buna hansı mexanizmlə münasibət bildirəcəyi isə bağlı qərarı isə administrasiya rəhbərliyi özü verəcək. Bu barədə rəsmi müraciətin göndərilməsi özlüyündə artıq böyük bir işdir”.

Şöbə müdirinin sözlərinə görə, Xocalı faciəsi ilə bərabər rəsmi səhifədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da petisiya yerləşdirilib. Bu petisiyanın bitmə tarixi 22 fevraldadır. Onunla bağlı da lazımi təbliğat işləri aparılır: “Xocalı faciəsi ilə bağlı petisiyanın daha çox gündəmdə olmasına səbəb odur ki, 26 fevral tarixində bu faciənin ildönümü olacaq. Biz bu tarixdə bütün dünya ictimaiyyətinin, o cümlədən ABŞ administrasiyasının diqqətini bu faciəyə yönəltmək istəyirik”.

Xatırladaq ki, Amerikada yaşayan azərbaycanlıların Xocalı soyqırımı ilə bağlı Ağ Evin rəsmi veb səhifəsində yerləşdirdiyi petisiyada imzaların sayı artıq 80 minə çatıb. Bundan başqa Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması ilə bağlı petisiya da yerləşdirilib ki, ABŞ administrasiyasının diqqətini çəkmək üçün 22 fevral tarixinə kimi daha 50 min səs toplanmalıdır.