“1 saat 20 dəqiqəlik mühazirədə söhbətin nədən getdiyini anlamadım” – Tələbəlik illəri
Tələbəlik
illəri, hər kəsin yadına müxtəlif acılı-şirinli xatirələr düşən dövrlərdəndir.
Əslində, xatirə çox olur, amma onların içərisində elələri olur ki, yaddan heç
vaxt çıxmır. Bu dəfə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq hüquq şirkətlərindən
biri olan "GRATA İnternational”un baş
hüquq məsləhətçisi Qumru Eyvazova o illərdən bir xatirəsini bizimlə
bölüşdü.
"Mən niyə
ADA-ya girdim? Uşaqlıq illərimdən dil götürmə qabiliyyətim çox yüksək idi, tez
bir zamanda istənilən dili öyrənə bilərdim. Məktəb və universitet illərimi rus
bölməsində təhsil aldığım üçün, rus dili mənim ikinci doğma dilim idi, buna görə
də alternativ olaraq digər dilləri, hətta ləzgi dilini belə öyrənmişdim.
Sonradan universitet illərimdə alman dilini öyrənib Almaniyada bir universitetə
daxil olub ora yollansam da, ingilis dili mənim üçün ən prioritet və sevdiyim
dil kimi qalmışdı. Buna görə də, özümə çox güvənərək və İELTS imtahanından 6.5
bal toplayaraq ADA Universitetinin ictimai siyasət fakültəsinə magistr dərəcəsi
üzrə daxil oldum. Hər bir ADA tələbəsi kimi, düşünürdüm ki, məndən yaxşı bu
dili bilən yoxdur. İlk mühazirəni italiyalı professor Rafaella Puqqion dedi və
ilk 1 saat 20 dəqiqəlik mühazirə vaxtı söhbətin nədən getdiyini ümumiyyətlə,
anlamadım. Fikirləşdim ki, hələ təzəyəm, bəlkə öyrəşdim. Sonra ikinci qoşa saat
gəldi, müəllimin üzünə baxmaqdan başqa və guya başa düşürəm kimi özümü
aparmaqdan savayı bir hiss olmadı. Dərs bitdi və düşündüm ki, mən bu ADA-ya
ümumiyyətlə, niyə girmişəm və bu iki ili burda necə oxuyacağam? Bu vəziyyət mənim
üçün bir tərəfdən gülməli, digər tərəfdən isə çox ağır idi, çünki bu
universitetə qəbul olunmağımda çəkdiyim əziyyət, ödədiyim təhsil haqqı gözümün
önündən bir anlıq gəldi keçdi və anladım ki, geriyə yol yoxdur, gərək italyan ləhcəsini
də başa düşəm. İki il çox əziyyətli keçsə də, əsas odur ki, sonda "Happy end”
oldu və mən universiteti müvəffəqiyyətlə bitirdim”.
Aygün
Asimqızı