1 dollar yatırım et, 4 dollar götür
Ekspertlər hesab edirlər ki, qatar
turizmini həm ölkə
daxilində, həm də xaricində inkişaf etdirmək olar
Xarici
ölkələrdə səyahət zamanı dəmir yolu turizmindən istifadə çox əlverişli hesab
edilir. Həm Avropa ölkələri, həm də şəhərlərarası qrafiklər saat dəqiqliyi ilə
qurulub. Məsələn, dünyanın hər hansı bir nöqtəsindən, internet üzərindən
Avropanın müxtəlif şəhərlərinə onlayn qaydada bilet əldə etmək olur. Rahat,
təmiz qatarlar insanları gün ərzində istədikləri məkana daşıyır. Həmçinin dəmir
yolu səyahətləri zamanı müxtəlif ölkələrin şəhərkənarı həyat və yaşayışını,
təbiətini, təsərrüfatını seyr etmək, səfərə ayrıca ovqat qatır. Bu baxımdan,
dəmir yolu turizmi dünyada insanların istirahət və gəzinti üçün seçdiyi ən məşhur
turizm növləri sırasındadır. Hazırda Qərb ölkələrində əhalinin rifahı naminə
həyata keçirilən dəmir yolu turizmi genişlənir və öz istehlakçısını tapır.
Üstəlik, dəmir yolu nəqliyyatı, hətta son illərdə rəqabətə girərək hava
nəqliyyatı turizminin bazarını sıxışdırmağa başlayıb. Turizmçilər hesab edirlər
ki, dəmir yolu turizmi ölkələrdə daxili turizmin inkişafına, ümumən
iqtisadiyyatın yüksəlişinə kömək edən mühüm amildir. Dəmir yolu şəbəkəsinin
açılması, sonsuz biznes imkanları ortaya çıxarır. Ona görə də, demək olar ki,
bütün inkişaf edən ölkələrin turizm baxımından coğrafi və tarixən ən maraqlı
bölgələrə çıxışını təmin edən dəmir yolu şəbəkələri fəaliyyətdədir.
Modern qatarların, ixtisaslaşmış
heyətin yoxluğu
Bizim
ölkəmizdə dəmir yolu turizmi, demək olar ki, hələ turizm növləri sırasında yer
almayıb. Bu sahənin inkişafı üçün hələ çox işlərin görülməsinə ehtiyac var.
Azərbaycanın dəmir yolu xəritəsinə nəzər salanda Bakı-Köçərli-Balakən, Bakı-Böyük-Kəsik,
Bakı-Astara-Horadiz, Bakı-Gəncə-Bakı, Bakı-Yalama (elektrik qatarı),
Bakı-Şirvan-Hacıqabul (elektrik qatarı) dəmir yolu xətləri üzrə hərəkət edən
qatarların qrafiki ilə rastlaşırsan. Ancaq pandemiya səbəbindən bu xidmət,
demək olar ki, bir çox hava reysləri kimi ətalətdədir. Digər tərəfdən, insanlar
nəqliyyatın bu növünə səyahət turizmi kimi deyil, daha çox gediş-gəliş xidməti
kimi yanaşırlar. Bu baxımdan, dəmiryolu nəqliyyatı turizm üçün tələbat yaradan
sahə hesab edilməyib. İndi də insanlar, daha çox avtobus və ya şəxsi avtomobilləri
ilə səyahət etməyə üstünlük verirlər. Təbii ki, bu yanaşmaya modern qatarların,
ixtisaslaşmış heyətin yoxluğu və bu istiqamətdə düz-əməlli təbliğatın olmamağı
da təsir göstərib.
Bu
yaxınlarda Bakı-Qəbələ-Bakı dəmir yolu xəttinin açılması, ölkəmizdə qatar
turizminin inkişafına olan ümidləri bir qədər artırıb. Turizmçilər "Dəmiryolu
nəqliyyatı ilə səyahət Azərbaycanda da daxili turizmin ən perspektivli
sahələrindən birinə çevrilə bilər” kimi fikirlər səsləndirirlər.
Yeni iş yerləri yaradır, iqtisadi
fəallığı artırır
Dövlət Turizm Agentliyinin
Regional turizmin inkişafı sektorunun
müdiri Elgün Cavadov
"Kaspi”yə açıqlamasında bildirdi ki, Azərbaycanda, eləcə də dünya ölkələrində
nəqliyyat turizmi dəyər zəncirində ən əsas yer tutmaqdadır. Belə ki, nəqliyyat
xidmətləri turistlərin istifadə etdiyi əsas xidmətlərdəndir ki, bu da
səyahətlərin ümumi keyfiyyətinə təsir edir. Ümumilikdə, turizmin inkişafı
fonunda qatarla səyahətin ölkə iqtisadiyyatına verə biləcəyi fayda böyükdür:
"Nəqliyyat sistemi yaxşı təşkil edilməyən ölkələrdə, nəinki xarici turistlərin,
hətta yerli turistlərin səfərlərini təşkil etmək yerli və xarici şirkətlər,
eləcə də fərdi şəxslər üçün böyük çətinliklər yaradır. Bu səbəbdəndir ki,
daxili və getmə turizmi stimullaşdırmağı hədəfləyən ölkələr, ilk növbədə nəqliyyat
şəbəkəsinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırırlar. Nəqliyyat sisteminin,
ələlxüsus, dəmir yolu şəbəkəsinin genişləndirilməsi turizm sənayesi üçün ən
böyük problemlərdən olan mövsümilik amilini aşağı salır, turistlərin yerləşmə
məntəqələrinə daha tez, təhlükəsiz və az xərc çəkməklə çatmalarına kömək edir.
Bəzi hallarda hava nəqliyyatı da qatarla səyahətə uduzur ki, bunun da əsas
səbəbi son məntəqəyə kimi izlənilməli olan təhlükəsizlik və texniki
prosedurlardır. Bu baxımdan , xüsusilə, coğrafi cəhətdən kiçik ölkələrdə
dəmiryolu şəbəkəsinin genişləndirilməsinə üstünlük verilir”. Sektor müdiri bildirir ki, ölkəmizin
əlverişli tranzit coğrafi mövqedə yerləşməsi qonşu ölkələrdən keçməklə sərnişin
və yükdaşımaları üçün imkanlar yaradır. Belə ki, beynəlxalq xətlər üzrə
(Bakı-Moskva-Bakı, Bakı-Rostov-Bakı, Bakı-Tbilisi-Bakı, Bakı-Tbilisi-Qars
Bakı-Kiyev-Bakı) sürətli səyahətin təşkili, gələcəkdə xaricdən qatarla
Azərbaycana səyahət edən turistlərin sayını artıra bilər: "Müqayisə üçün
bildirmək olar ki, 2019-cu ildə Azərbaycana dəmir yolu ilə gələn əcnəbi
vətəndaşların sayı 408,9 min nəfər, xarici ölkələrə dəmir yolu ilə gedən
vətəndaşların sayı isə 588,1 min nəfər olub. Bu, onu göstərir ki, dəmir yolu
ilə səyahətin turizmdə daha da inkişaf etmə potensialı mövcuddur. Dəmir yolu
xətlərinin inkişaf etdirilməsi ölkə daxilində, nəinki Bakıdan regionlara turist
axınına, eyni zamanda regionlar arasında da səyahət imkanlarını asanlaşdıraraq,
turist məmnuniyyəti yaradacaq və nəticədə daha çox xərcləmənin əldə edilməsinə
səbəb olacaq”.
E.Cavadovun sözlərinə
görə, dəmir yolları şəbəkəsinin genişləndirilməsi və turist daşıyan sərnişin
qatarlarının sayını artırmaqla, regionlara daha çox turist səfərlərini təşkil
etmək mümkündür: "Dünya təcrübəsində də müşahidə olunub ki, turizmi ölkə
iqtisadiyyatının prioritet sahəsinə çevirmək istəyən ölkələr, nəqliyyat
şəbəkəsini, xüsusən dəmir yolları sisteminin təkmilləşdirilməsini həyata
keçirirlər. Bu gün Avropa dəmir yolu şəbəkəsində bir biletlə uzunmüddətli
səyahət imkanı yaradan turist paketləri mövcuddur. Bu, həm də qatarla səyahətin
hava nəqliyyatı ilə rəqabətdə olduğunu göstərir”. DTA rəsmisi hesab edir ki,
ölkədə yüksək sürətli qatarların (YSQ)
inkişafına investisiyalar yatırılarsa, iqtisadi baxımdan çoxlu faydaları
olar: "ABŞ təcrübəsinə əsasən, YSQ-nin tikintisinə tətbiq olunan hər 1 milyard
dollar, 24 000 yeni iş yerinin yaradılmasına səbəb olur. Bundan əlavə, ABŞ
iqtisadiyyatında dəmir yollarına yatırılan hər 1 dollar iqtisadi fayda olaraq
geri qaytarılan 4 dolları yaratmaqdadır. Bu baxımdan, dəmir yollarına qoyulan
sərməyə yeni iş yerləri yaradır və iqtisadi fəallığı artırır. Yüksək sürətli
qatar xətləri turizmin inkişafına müsbət təsir edə bildiyi üçün iqtisadi
fəallığın yüksəldilməsində birbaşa əlaqəlidir. Dünya ölkələrində müşahidələrə
əsasən, turizm potensiallı regionların inkişafında, bütün destinasiyaların
turizmdən bərabər şəkildə pay almasında dəmir yolu nəqliyyatının rolu
əvəzsizdir. Bu, xüsusən də, kiçik kəndlərin, ucqar ərazilərin və uzaq turizm
destinasiyaların inkişafı üçün əhəmiyyətli hesab edilə bilər”. Sektor müdiri
qeyd edir ki, ölkəmizdə Bakı-Gəncə sürət qatarından sonra Bakı-Qəbələ sürət
qatarının istifadəyə verilməsi, Bakıdan gedən turistlər üçün qərb və şimal-qərb
regionunu daha əlçatan edib: "Artıq turistlər üçün alternativ bir nəqliyyat
vasitəsi seçimi yaranır ki, bu da öz növbəsində yeni imkanlar formalaşdırır.
Turizmdə nəqliyyat vasitələrinin çoxnövlülüyü, turizm dəyər zənciri və əlavə
qazancın əldə edilməsinə şərait yaradır. Qatarla səyahət vərdişinin artması
yollarda yüklənməni azaldacaq, insanların daha çox vaxta qənaət etməsinə və
nəticədə iqtisadi fəallığın çeşidlənməsinə rəvac verəcək. Sürətli qatar
xətlərinin bütün turizm destinasiyalarına getməsi, yeni turizm paketlərinin və
xidmətlərinin yaranmasına imkan verməklə, asudə vaxtın daha səmərəli
istifadəsini təşviq edəcək”.
Dəmir yolu turizminin
spesifikliyini bilmək
Turizmçilər
hesab edirlər ki, ölkəmizin regionlarına müxtəlif istiqamətlər üzrə dəmiryolu
xətləri açmaq mümkündür.
Azərbaycan Turizm Assosiasiyası
sədrinin müşaviri Müzəffər Ağakərimov dəmir yolu turizminin inkişafını vacib hesab
edir: "Qatar turizmi səyahətin gözəl bir növüdür. Bu turizmi ölkə daxilində və xaricində inkişaf etdirmək olar.
Ölkə daxilində yeni dəmir yollarının inkişafı ilə əlaqədar qatar turizminin
inkişafına da nail olmaq mümkündür. Gələcəkdə regionların hamısına dəmir yolu
xətlərinin çəkilişi baş tutsa, daha böyük uğura nail olmaq olar. Bu, turistlərə
həm ucuz başa gələr, həm də turizmin kütləviliyini bərpa edər. Eyni zamanda,
dəmir yolu turizmi vasitəsilə Türkiyə, Gürcüstan, İran və s. ölkələrə turist
səfərləri həyata keçirmək olar”. M.Ağakərimov hesab edir ki, turizmin bu növünü
inkişaf etdirmək üçün dəmir yolu turizminin spesifikliyini bilmək və bu sahədə
işi bilən mütəxəssisləri dəyərləndirmək daha faydalı olar: "Dəmir yolu turizmi
maraqlı səyahət növü olduğu üçün insanları cəlb edər. Sovet dövründə qatar turizmi var idi. Hazırda da Rusiya və
Türkiyədə, o cümlədən Avropa ölkələrində dəmir yol turizmi inkişaf edib.
Rusiyanın ərazisi böyük olduğuna görə, Moskva, Sankt Peterburq kimi şəhərlərdən
Vladivostoka qədər turizm səfərlərinə getmək üçün münbit şərait var”.
Turizmçinin fikrincə, Azərbaycan ərazisində də turizmin bu növünü inkişaf
etdirmək olar: " Təəssüf ki, bu barədə dəfələrlə deyilsə də, bir irəliləyiş
yoxdur. Turizm qurumları bununla bağlı
hər hansı bir addım atmırlar. Hətta gələcəkdə gəmi turizmini də inkişaf
etdirmək olar. Xəzər dənizi vasitəsilə, Xəzərdən Volqa çayına çıxmaqla turizmin
bu növü insanların diqqətini cəlb edə bilər. Əslində turizmin bu növü sovet
dövründə vardı. Sadəcə qatar turizmini yenidən bərpa edib inkişaf etdirmək
lazımdır”.
Həm qənaətli, həm də rahat
"Luna Travel” turizm şirkətinin
rəhbəri Rəhman Quliyev qatar
turizmini təhlükəsiz səyahət növü hesab edir: "Təbii ki, insan səyahətə gedirsə, yaşadığı yerdən digər
məntəqələrə üz tutmalıdır. Bunun üçün də o, hər hansı nəqliyyat vasitəsindən
istifadə etməlidir. Hesab edirəm ki, təhlükəsizlik baxımından ən uyğun nəqliyyat vasitəsi dəmir yoludur.
Bəzən turistlər arasında dəmir yolu, qatarla səyahət etmək hobbiyə çevrilir. Bu,
onların rahat hərəkətinə, uzanıb dincəlmələrinə, ətrafı seyr etmələrinə imkan
verir.
Hələ
sovet dövründə sərnişindaşımada ən çox yük dəmir yolunun üzərinə düşüb. Həm
relyef, həm qənaətcillik, həm də
rahatlıq baxımından dəmir yolu nəqliyyatı daha əlverişli idi. Regionlarımıza
dəmir yollarının çəkilişi və turist axınının
intensivləşdirilməsi günün tələblərindən biridir. Nəzərə alsaq ki,
işğaldan azad olunan Qarabağa, məsələn, Bakıdan Zəngilana birbaşa dəmir yolu
xətti çəkiləcək – bu, çox əhəmiyyətli olacaq. Regionlarda beynəlxalq hava limanlarının inşası gedir. Bu,
turistlərin həm hava nəqliyyatından, həm də dəmir yolu nəqliyyatından
istifadəsini təmin edəcək. Zəngilana gedən dəmir yolunun Füzulidən keçməsi bu
regiona turist axınına səbəb olacaq”. Turizmçi hesab edir ki, bu yaxınlarda
istismara verilən Bakı-Qəbələ dəmir yolu xətti müxtəlif kateqoriyadan olan
turistlərin cəlb edilməsində böyük rol oynayacaq. Belə ki, Qəbələ Azərbaycanın
ən çox turist cəlb edən regionlarından biridir. Bu region ölkənin həm mədəni,
həm təbiət, həm də biznes turizmlərində təmsil olunur və müxtəlif yaşlardan və
kateqoriyalardan olan turistləri cəlb edə bilir. İnsanlar Qəbələyə istər avtomobil,
avtobus, istərsə də hava nəqliyyatı ilə gələ bilir: "Bu istiqamətdə qatarların
istifadəyə verilməsi dəmir yolu turizminin inkişafına təkan verəcək. Daha çox
xətlərin açılması turizm baxımından olduqca vacibdir. Bu, insanların
istiqamətlərə, müxtəlif yollarla çata bilmələrinə imkan yaradacaq. Digər
rayonlarımıza da dəmir yolu xətləri var. Amma bunların sayı artsa, daha geniş
coğrafiyanı əhatə etsə, əhəmiyyətli olar. Bu artım, həm turizmin, həm də
iqtisadiyyatın inkişafına töhfə olar”.
Təranə Məhərrəmova
Foto:Tapdıq Abdullayev / Global
Media Group