• şənbə, 20 Aprel, 03:20
  • Baku Bakı 15°C

Zurabişvili, yoxsa Bakradze?

09.10.18 17:49 578
Zurabişvili, yoxsa Bakradze?
Edison Research beynəlxalq reytinq şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, Salome Zurabişvili Gürcüstanda keçiriləcək prezident seçkiləri öncəsi ən aşağı reytinqə malikdir. Açıqlanan materialda vurğulanır ki, respondentlərin 44 faizi heç bir halda hakim "Gürcü Arzusu – demokratik Gürcüstan” Partiyasının namizədinə səs verməyəcəyini bəyan edib. "Qirçi” partiyasından olan namizəd Zurab Caparidzenin vəziyyəti isə bir qədər yaxşı olub. Respondentlərin 24 faizi ona səs vermək istəmədiklərini bildiriblər. "Üçlüy”ü "Azad Gürcüstan” Partiyasının namizədi Kaxa Kulava bağlayıb. Ona respondentlərin 16 faizi səs vermək istəmir. Prezidentliyə namizədlər arasında ən populyar müxalifət partiyalarının cəm olduğu "Güc birlikdədir” hərəkatının namizədi Qriqol Vaşadze olub. Sorğunun nəticələrinə görə, Vaşadze 31 faiz səs toplaya bilər. Zurabişviliyə respondentlərin 14 faizi, "Avropa Gürcüstanı”nın namizədi David Bakradzeyə 12 faizi səs verməyə hazırdır. Favoritlərin siyahısını Leyborist Partiyasının lideri Şalva Natelaşvili bağlayır. Ona səs verənlər 7 faiz təşkil edib. Qeyd edək ki, "Edison Risörc” ötən ilin oktyabrında Tbilisi meri vəzifəsinə seçkilərin nəticəsini düz proqnozlaşdırmışdı. O vaxt seçkidə hakim partiyanın namizədi Kaxa Kaladze qalib gəlmişdi. Tbilisidə bu sorğunun sifarişçisinin Rustavi-2 kanalı olduğu bildirilir. Onun isə Saakaşvilinin partiyasına rəğbəti bəllidir. "Vestnik Kafkaza”ya açıqlamasında Qafqaz Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Mamuka Areşidze hesab edir ki, Vaşadzenin yüksək göstərici əldə etməsinin səbəbi onun populyarlığında deyil, sadəcə keçmiş iqtidar partiyası olan "Vahid Milli Hərəkat”dan irəli gəlir. "Vaşadzenin heç bir reytinqi yoxdur, 20 faizdən yuxarı rəqəm Vahid Mili Hərəkatındır, Vaşadze heç 20 faizdən yuxarı qalxa bilməz. Saakaşvilinin lideri olduğu partiya hökumətin antipiar kampaniyasını çox yaxşı təşkil edib. Burada Salome Zurabişvili praktiki olaraq xalq və dövlətin düşməni kimi qələmə verilib. Onun səsləndirdiyi bir çox düşünülməmiş fikirlər rəqibləri tərəfindən sürətlə tirajlanır. Vaşadze keçirdiyi görüşlərdə heç bir halda Zurabişviliyə səs verməməyə çağırır. Əsas arqumenti də budur ki, sabiq nazir 2008-ci il müharibəsində anlaşılmaz bir mövqe nümayiş etdirib. Partiya həm də Vaşadzenin minuslarını maksimal dərəcədə örtməyə çalışır və deyə bilərik ki, buna nail olur”, - deyə ekspert vurğulayıb. M.Areşidze diqqəti ona yönəldir ki, hökumət bunun əvəzində Zurabişvilinin piar kampaniyasını çox zəif aparır. Rəsmi olaraq onu dəstəklədiklərini bildirirlər, lakin praktikada bu dəstək heç hiss olunmur. Bununla belə, ölkədə çoxsaylı sosial problemlər yaşanır, qalmaqallar, o cümlədən korrupsiya qalmaqalları, polis özbaşınalığı baş verir. Bütün bunlar isə ictimaiyyəti narazı salır. Vahid Milli Hərəkat da neqativləri güclü şəkildə mənsub olduğu Rustavi-2 telekanalı vasitəsilə tirajlayır. Bununla da Zurabişvilinin mövqelərini zəiflətmiş olur”, - deyə gürcü ekspert bildirib. "Edison Research”in sorğusuna gəldikdə M.Areşidze bunu keçmiş iqtidar partiyasının piar-kampaniyası adlandırıb: "Adətən belə sorğular keçirənlər onu harada keçirdiklərini bildirmirlər. Əgər onlar bunu yalnız Tbilisidə ediblərsə, zəif nəticələr bütün namizədlərin reytinqlərində hiss olunmalı idi. Zurabişvili və Vaşadzenin nəticələri şərtidir və çox güman ki, "Vahid Milli Hərəkat”ın arzusunu nümayiş etdirir. Saakaşvilinin partiyası üçün bu sorğu əhəmiyyət kəsb edir. İşdir əgər seçkilərdə Zurabişvili qalib gəlsə, bəyan edəcək ki, baxın sorğular Vaşadzenin öndə getdiyini göstərirdi. Yəni nəticələr saxtalaşdırılıb”. Politoloqun gəldiyi qənaət budur ki, Zurabişvili birinci turda qalib gələcək.
İdarəetmə strategiyası İnstitutunun rəhbəri Petre Mamradze isə Zurabişvilinin bir namizəd kimi çatışmayan cəhətlərini daha ətraflı göstərib. "Mən onu dəstəkləmirəm və ona da səs verməyəcəyəm. Çünki necə xarici işlər naziri olduğunu, nələr törətdiyini gözəl bilirəm. Bütövlükdə gürcü elektoratı üçün simpatik namizəd sayıla bilməz. Bu illər ərzində gürcü dilini keyfiyyətli şəkildə öyrənməyə cəhd belə göstərmədi, çıxışında səhvlərə yol verir, rəğbət oyatmır - nəticədə əcnəbi təsiri bağışlayır”, - deyə ekspert bildirib. Əlavə edib ki, "xalq da başa düşür ki, indi prezident əvvəlki prezidentlər kimi olmayacaq. Səlahiyyətlər tam şəkildə azaldılıb. Hətta prezidentin nəyi edə biləcəyi, nə edə bilməyəcəyi barədə lətifələr də dolaşır. Nəticədə prezident seçkiləri kampaniyası çox yersiz görünür. Bizdə parlament üsul-idarəli dövlət qurulub - yerdə qalan simvolik xarakter daşıyır. Almaniya, İtaliya və İsrailin idarəçilik sistemidir. Bu səbəbdən də Gürcüstanda seçkilərə soyuq münasibət formalaşıb”.
Ekspert dairələrində əmindirlər ki, Zurabişvili seçkiləri "Gürcü Arzusu”nun lideri Bidzina İvanişvilinin maraq göstərməməsi səbəbindən uduza bilər. Elə sabiq baş nazir də bildirib ki, əgər seçkilərdə məğlub olsalar, bunda bir faciə axtarmayacaq. Belə ki, hökumətdə bütün nazir postlarına məhz onun partiyası sahibdir və əgər kürsüyə heç bir səlahiyyəti olmayan müxalifət namizədi qalxsa, bu, heç nəyi dəyişməyəcək.


Azər NURİYEV
banner

Oxşar Xəbərlər