• cümə axşamı, 28 mart, 14:13
  • Baku Bakı 16°C

Zurabişvili Gürcüstanın ilk qadın prezidenti kimi tarixə düşdü

29.11.18 18:43 610
Zurabişvili Gürcüstanın ilk qadın prezidenti kimi tarixə düşdü
Gözləntilərin və proqnozların əksinə olaraq, qonşu Gürcüstanda prezident seçkilərinin ikinci turunun qalibi hakim "Gürcü Arzusu”nun dəstək verdiyi namizəd oldu. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki qutularının 60 faizindən çoxunda səslər sayılıb. Sayılan səslərə görə, iqtidarın dəstəklədiyikeçmiş xarici içlər naziri Salome Zurabişvili səslərin59faizini qazanıb.
Gürcüstanda ilk qadın prezident kimi tarixə düşəcək Zurabişvilinin inauqurasiya mərasimi dekabrın 16-da keçiriləcək. S.Zurabişvilinin Tbilisinin Avlabar rayonunda yerləşən hazırkı prezident iqamətgahından imtina edəcəyi gözlənilir. Gürcüstan prezidenti vəzifəsində ilk səfərini isə Avropa ölkələrinə etməyi planlaşdırır. Bu barədə o, jurnalistlərə açıqlamasında bildirib. S.Zurabişvili Brüssel, Berlin və Parisə səfər edəcəyini qeyd edib: "İlk səfərimin Avropa ölkələrinə və ötən gecə prezident seçilməyim münasibətilə məni ilk təbrik edən qadın prezidentin olduğu Baltikyanı ölkəyə (Litva) olacağına heç kəs təəccüblənməz”.
Seçkilərin ikinci turunda Zurabişvilini 1,1 milyondan çox, Vaşadzeni isə 780 min seçici dəstəkləyib. İkinci turdakı ümumi seçici fəallığı isə 56,23% təşkil edib. Lakin bu göstərici ölkə hüdudlarından kənarda yaşayan seçicilərə aid deyil.Saakaşvili və tərəfdarlarının dəstəklədiyi "Vahid Milli Hərəkat” Partiyasının namizədiQriqol Vaşadze40faizsəs toplayıb.
Beləliklə, yeni prezident altı il fəaliyyət göstərəcək və bu vəzifədə 2013-cü ildən oturmuş Georgi Marqvelaşvilini əvəz edəcək. Gürcüstanın bundan sonrakı prezidenti isə yeni Konstitusiyaya görə, 2024-cü ildə 300 seçicidən ibarət Seçki Kollegiyası tərəfindən seçiləcək. Yeni prezident təsdiqlənəndən sonra qüvvəyə minəcək yeni Konstitusiyada prezident səlahiyyətlərinin məhdudlaşdırılması nəzərdə tutulub. Yeni Konstitusiya Gürcüstanın parlament idarəçiliyi üsuluna keçidini tamamlayacaq. Nəticələr açıqlanandan dərhal sonra keçmiş prezidentMixail Saakaşvili "kütləvi seçki saxtakarlığı”nın baş verdiyini deyib. O, müxalif yönümlü "Rustavi-2” televiziyasında çıxışında "gürcüstanlıları azadlığımızı, demokratiyamızı və qanunu müdafiə etməyə çağırırıq. Sizi kütləvi dinc yürüşlərə, növbədənkənar seçki keçirməyi tələbə etməyə çağırıram”, - deyib.
Birləşmiş müxalifətin vahid namizədi olan Qriqol Vaşadze isə Saakaşvilinin fikirlərini bölüşmədiyini bəyan edib. Əlavə edib ki, birləşmiş müxalifət öz planlarını elan etməyənə qədər Mixail Saakaşvilinin aksiyalarla bağlı çağırışı onun şəxsi fikri olaraq qalacaq. "Kollektiv qəbul olunmayan və bizim seçki qərargahımızdakı bu kürsüdən elan edilməyən bütün fikirlər bir şəxsin fikri olaraq qalacaq”, - Vaşadze seçki qərargahında təşkil edilən mətbuat konfransında bildirib.
Maraqlıdır ki, prezident seçkiləri elan edilən vaxt heç kimin xüsusi maraq və diqqətini cəlb etməsə də, son bir-iki ayda bunun tamamilə əksinin şahidi olduq. Maraqlı olan odur ki, müxalifətin sifarişi ilə keçirilən sorğu iqtidar namizədinin qalib gəldiyini göstərib. Ekspertlərin qənaətincə, İvanişvili birinci turdakı uğursuzluqdan ciddi nəticə çıxardı - bütün maddi və siyasi resurslarını, eyni zamanda inzibati resursları işə saldı və öz namizədinin lazımi miqdarda səs yığmasını təmin etdi. İkinci tur ərəfəsində problemli kreditlərin silinməsi, maaş, müavinət artımı kimi populist addımlar öz rolunu oynadı.
Seçkilər hətta maraq, gərginlik baxımından parlament seçkilərini də geridə qoydu desək, yanılmarıq. Çəkilən vəsait baxımından isə hətta ABŞ seçkilərini üstələdi. İkinci tur da nəzərə alınmaqla bu seçki bütün keçmiş sovet məkanında ən bahalı prezident seçkisi olub. Seçkiyə ümumilikdə 52 milyon lari (19 milyon 300 min dollar) xərclənib. Ekspertlər bildirirlər ki, hər seçiciyə çəkilən xərcə görə bu prezident seçkisi ABŞ prezident seçkisindən də baha başa gəlib. "Apsny.ge” saytının yaydığı xəbərə görə, dövlət auditi xidməti Gürcüstanda beşinci dəfə keçirilən prezident seçkisinin dövlət xəzinəsinə 42 milyon lariyə, ikinci turun isə 10 milyon lariyə başa gəldiyini müəyyən edib. Bu, Gürcüstanda indiyədək keçirilmiş bütün seçkilərin də ən bahalısı olub. Bu rəqəmə prezident yarışı iştirakçılarının da xərcləri əlavə edilərsə, 60 milyon lariyə bərabər böyük məbləğ yaranar.
İvane Cavakişvili adına Universitetin professoru İosif Arçvadze hesab edir ki, birbaşa xərclərdən başqa hələ dolayısı xərclər də var: "Bunun üstünə seçki üçün nəzərdə tutulmuş maliyyə itkisini gəlsək, onda ümumi məbləğ 120 milyon lari olar. Bu o deməkdir ki, həm cəmiyyət, həm də siyasi qüvvələr dəhşətli irrasionallığa yol veriblər. Belə ki, Gürcüstanda ikinci dərəcəli posta seçki hər seçiciyə düşən xərcə görə ABŞ seçkisini geridə qoyub. ABŞ-da son prezident seçkisində hər seçiciyə 7,5 dollar xərclənmişdi. Gürcüstanda isə bu rəqəm 30 lari və yaxud 11 dollar olub”. Professorun fikrincə, siyasi qüvvələr ya inamlı namizəd çıxarıb birinci turda qalib gəlməli, ya da seçkiyə kənardan tamaşa etməli idilər.
"Exo Kafkaza” saytı yazır ki, Gürcüstanda ümumiyyətlə seçki xərcləri ildən-ilə artıb. 2008-ci ilin prezident seçkisi xəzinəyə 23 milyon lariyə (8,5 milyon dollar) başa gəlmişdi. Bura namizədlərin xərclədikləri 22 milyon lari də əlavə olunmalıdır. 2013-cü ilin seçkisi isə büdcəyə 35 milyon lariyə başa gəlib. 2012-ci ildə keçirilmiş parlament seçkisinə 27 milyon lari vəsait ayrılmışdı. 2014-cü ildə keçirilmiş bələdiyyə seçkiləri isə vergiödəyənlərə 35 milyon lariyə başa gəlib. 2016-cı ilin parlament seçkisinə 38 milyon lari xərclənmişdi.
Yeri gəlmişkən, müxalifət qrupları seçkidə müxtəlif pozuntuların olduğunu iddia edib. "Transparency International” Gürcüstantəşkilatı da potensial pozuntulardan söz açıb, səsvermə məntəqələrində partiya üzvlərinin oturduğunu, seçki müşahidəçilərinin işinə əngəl törətmək cəhdlərinin olduğunu bildirir. Səsvermə gedişində qarşıdurma və kütləvi davalar da olub. Məsələn, azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun İmir kəndindəki 59 saylı seçki məntəqəsində səslərin sayılmasından sonra qarşıdurma baş verib. Müxalif "Vahid Milli Hərəkat” Partiyasının tərəfdarları seçki məntəqəsinin protokolunun hakim partiya nümayəndələri tərəfindən götürüldüyünü iddia edirlər. Partiyanın üzvü, deputat Azər Süleymanov59 saylı seçki məntəqəsində "Vahid Milli Hərəkat” Partiyasının namizədi Qriqol Vaşadzenin qalib gəldiyini deyib:"Hakim partiyanın nümayəndələri polis nəfərləri ilə birgə məntəqədən protokolu aparıblar. Sənəd qaytarılmayana qədər tərəfdarlarımız məntəqədən uzaqlaşmayacaq”.
O ki qaldı yeni prezidentə, Fransada gürcü siyasi mühacir ailəsində doğulan Salome 30 il Fransa XİN-də diplomat kimi fəaliyyət göstərib. Fransaya köçmüş, tanınmış gürcü ailəsindəndir və Gürcüstana ilk dəfə 2003-cü ildə Fransanın Gürcüstandakı səfiri kimi gəlib. Artıq 2004-cü ilin martında Zurabişvili prezident Mixail Saakaşvilinin sərəncamı ilə inqilabçı hökumətdə ölkənin xarici işlər naziri təyin edilib. Elə həmin vaxt gürcü vətəndaşlığı alan Zurabişvili, bununla yanaşı fransız vətəndaşlığını da qoruyub saxlayıb. Xarici işlər naziri vəzifəsində Zurabişvili bir ildən artıq fəaliyyət göstərib. 2005-ci ildə nazirlikdən kənarlaşdırılan xanım, Saakaşviliyə müxalifət mövqeyinə keçib. 2010-cu ilə qədər "Gürcüstanın yolu” müxalifət partiyasına rəhbərlik edən Zurabişvili daha sonra BMT-nin İrandakı vəziyyət üzrə monitorinqinin ekspert qrupuna daxil olub. 2016-cı ildə keçirilən parlament seçkilərində Tbilisidəki majoritar dairələrdən birində müstəqil namizəd kimi iştirak edən Zurabişvili hakim partiyanın dəstəyilə parlamentə seçilib.
Bu, onun Gürcüstan prezidenti olması üçün ilk cəhdi deyil. 2013-cü ildə keçirilən prezident seçkilərində iştirak etmək istəyən Zurabişvilinin qeydiyyatdan keçmək barədə müraciəti ikili vətəndaşlığa görə rədd edilmişdi. Bu dəfə isə Zurabişvili prezidentliyə namizəd kimi qeydə alınana qədər Fransa vətəndaşlığından imtina edib. Çünki Gürcüstan konstitusiyasının 29-cu maddəsinə uyğun olaraq, ikili vətəndaşlığa malik Gürcüstan vətəndaşı ölkənin prezidenti, baş naziri və parlamentin sədri postunu tuta bilməz. Bu səbəbdən də Zurabişvili 2018-ci ilin avqustunda Fransa vətəndaşlığından imtina edərək seçki marafonuna qatılıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər