• cümə, 29 Mart, 01:02
  • Baku Bakı 7°C

Üzünüz gülsün!

01.04.14 09:10 2085
Üzünüz gülsün!
Dünyada hər il aprelin 1-i gülüş günü kimi qeyd olunur. Gülüş günündə insanların bir-biri ilə zarafat etməsi normal haldır. Təsadüfi deyil ki, bu günə xalq arasında “aldatdı” günü də deyirlər. Biz də bu Gülüş günündə tamaşaçıları “Stand up”-ı ilə güldürən, gülərək əyləndirən gülüş ustası, şou-biznesin zarafatcıl və gülərüz siması, şoumen Fərda Xudaverdiyevlə danışdıq. Fərda bizimlə söhbətində indi gülüş ustalarının vəziyyətinin heç də ürəkaçan olmadığını qeyd etdi. Onun sözlərinə görə, “Dünyanı gülüş xilas edəcək” fikri heç də doğru deyil.
Azərbaycana “Stand up”-ı mən gətirmişəm

- Bu günü sizin bayramınız kimi qəbul edə bilərikmi?

- Əlbəttə, bu gün bizim bayramımızdır. Kişilərin bayramını aradan çıxardılar, biz də 1 apreli bayram kimi qeyd edirik (gülür). Gülüş ustası və komediya aktyoru olaraq bugünkü gün mənim üçün çox özəldir. Normalda gülməyi bacarmayan insanların 1 apreldə ən azı dostları tərəfindən güldürülməsi bir balaca da olsa onların gülüşə meyilliliyini artırır. Ümumiyyətlə, gülüş insanın həyatında çox vacibdir. Təəssüflər olsun ki, indi hamı kədərlənməyə, ağlamağa meyillidir. Düzdür, problemli insanları bura qatmıram. Ancaq özümü daha qəmli və qüssəli göstərmək, kənardan baxanda mənim timsalımda gülməli görünür.
- Bu günü necə keçirməyi düşünürsünüz?

- Bir sıra televiziya kanallarında verilişlərdə iştirak etmək üçün dəvətlər almışam. Kimlərin ki verilişinə gedə bilmədim, onlardan üzr istəyirəm. Bu gün Mingəçevir şəhərində ilk dəfə olaraq “Stand up” şou formatında olan turnenin başlanğıcına start vermişik. Belə ki, bu gün Mingəçevir Dövlət Dram Teatrında “Stand up” şou konsertim olacaq.
- “Vaxt gələcək mənə “Stand up”-ın dahisi deyəcəklər” kimi fikirlər səsləndirmisiniz. O vaxt nə vaxt gələcək?

- İndi “Stand up”-dan başı çıxanlar mənə Azərbaycanda “Stand up”-ın dahisi deyirlər. Əgər hal-hazırda yaşadığım ölkədə mənim rəqibim yoxdursa və bu formata qorxudan kimsə yaxın gedə bilmirsə, təkcə bunu mən etmişəmsə, dahi sözünü qəbul edirəm. Ancaq dilimdən səsləndirməyi sevmirəm. Ən azından, Azərbaycana “Stand up”-ı gətirən mənəm və bu işi uğurla davam etdirdiyimə görə də özümlə qürur duyuram.
Heç olmasa sakit durun

- Deyirlər, dünyanı gülüş xilas edəcək. Bu fikirlə razısınız? Sizcə, gülüş dünyanı xilas edə bilərmi?

- Dünyaya nə olub ki, dünyanı xilas edəsən?
- Hər şey qaydasındadır ki?

- Əlbəttə, əgər kimsə problem yaradırsa, problemini özü həll etməlidir. Gülüşün buna nə aidiyyəti var? Gülüş insanlara aid olan ən dəyərli bir şeydir, sadəcə onun dəyərini bilmək və ondan səmərəli istifadə etmək lazımdır. Gülüşün insan orqanizminə nə qədər faydası varsa, bilməyənlər, mənimlə razılaşmayanlar açıb internetdə oxusunlar. Qoy maraqlansınlar. Son vaxtlar dəb düşüb ki, hər kəs psixologiya ilə maraqlanır. Hazırda hər zövqdə, hər insana aid olan yumor var, sadəcə onu tapıb zövq almaq lazımdır. Gülmək istəyən insan zövqünə uyğun bir şey tapıb ona baxıb gülər.
- Yaşlı nəslin nümayəndələri deyirlər ki, Azərbaycanda həqiqi gülüş yoxdur. Onlar həqiqi gülüş axtarışına çıxıblar...

- Yaşlı nəslin nümayəndəsi 3 dəqiqəlik bir şey hazırlasın, biz də baxıb gülək də. Görəydik bunlar nəyə gülürlər. Boş-boş otururlar, heç nə ilə də məşğul olmurlar, sonra da deyirlər ki, gülüş yoxdur. Niyə yoxdur ki? İndi hər zövqə uyğun gülüş var. Mənim güldüyüm şeyə siz gülməyə bilərsiniz, sizin güldüyünüzə mən. Əsas olan gülüşdür. Şərt deyil ki, hamı Fərda Xudaverdiyevə gülsün. Peşəkar insanlar özləri də hər kütlə üçün çalışır və onların da öz tamaşaçısı var. Sizin vasitənizlə “Bu gün efirlərdə gülüş yoxdur” kimi fikirlər səsləndirən nümayəndələrdən xahiş edirəm ki, qurban sizə, heç olmasa sakit durun. Oturumusunuz, tərpənmirsiniz, əziyyət də çəkmirsiniz, heç olmasa sakit qalın. Bizə baxıb gülməyiniz gəlmirsə, gülməyin, sakit durun. Baxın xaricdəki gülüş ustalarına. Onlar qurdluluqdan heç xaricilərə də baxa bilmirlər. Əgər mən insanları güldürə bilmirəmsə, ortalıqda nə gəzirəm, mən kimə lazımam axı? Qoy, gedib mənim “Ögey ata” filmimə baxsınlar. Ona da gülmürlərsə, o insanlar nəyə gülürlər, anlamıram. Həmin filimdə hər təbəqənin öz zarafatı var. Bəsdir bir-birimizi əzdik, vurduq. Əgər efirlərdəki yumoristik verilişlər insanların gülüşünə səbəb olmursa, televiziya rəhbərindən soruşmaq lazımdır ki, sən bunu nə üçün efirə çıxarırsan? Bu, gülməli deyil axı. Arxayın ola bilərsiniz ki, o sözlərdən mənə pay düşmür. Deyirlər kimin nə zəif cəhəti varsa, söz deyilən zaman, o insan sözü özünə götürür. Yəni o mənə aid deyil. Tamaşaçılara gülüş bəxş etmək istəyən insanların hansı şərtlərlə işlədiyindən xəbərsizsiniz. Azərbaycan Türkiyə, Rusiya deyil ki, çıxıb bir yumoristik veriliş təşkil edəsən və onun əvəzində 20-25 min dollar alasan. Bunlar aylıq məvacibi fəhlə maaşına bərabər olan gülüş ustalarıdır. Heç kimin onları təhqir etməyə ixtiyarı yoxdur.
Həqiqi gülüş hırıltıya dönüb

- İndi səhnədə ayrı-ayrı qruplar şəklində insanlar tamaşaçılara gülüş bəxş etməyə çalışırlar. Sizcə, onlar seyrçilərə həqiqi gülüş bəxş edə bilirlərmi?

- Əgər həmin verilişlər efirdə nümayiş olunursa, demək ki, kanalın özü ilk növbədə bu işdə maraqlıdır, ikincisi, yəqin həmin verilişlər reytinq qazanır ki, onlar efirdə yayımlanır. Bunu ancaq tamaşaçı deyə bilər. Sizə ancaq onu deyə bilərəm ki, Azərbaycan səhnəsində həqiqi gülüş hırıltıya dönüb. Biri var gülüş, biri var hırıltı. Mən bir tamaşaçı kimi deyirəm ki, bu nümayiş olunanlar sadəcə hırıltıdır. Mənim üçün belədir, ancaq adam var ki, həqiqətən baxıb gülür. Hər kəsin gülüşü qavrama səviyyəsi var. Heç kimi qınamaq olmaz. Hərənin bir zövqü var. Bizlər də hər bir insanın zövqünü nəzərə almaq məcburiyyətindəyik.
- İstərdik bizə gələcək layihələrinizdən danışasınız…

- Yeni mövsümdə yumoristik bir layihəm olacaq. Yayda “Stand up”-şou konsertim olacaq. Şərtlərimiz ağır olsa da, yenə də işləyəcəyik. Sizin vasitənizlə yumorumdan bəhrələnən insanlara demək istəyirəm ki, Fərda Xudaverdiyev sınıxıb durmayıb, işləyir. Ancaq gələcəyə ümidlə yaşayırıq. Yəni ümid edərək işləyirik ki, biz də nə zamansa xaricdəki “Stand up”çılar kimi rahat nəfəs alaraq ancaq və ancaq işimizi görərik. O günün gəlməsini bütün yumor aktyorlarına arzu edirəm.
- Gülüş bayramı günündə oxuculara sözünüz…

- Allah-təala sizin üzünüzü hər zaman güldürsün. İnsanların üzünün gülməyi çox vacibdir. Şərt deyil ki, onlar yumora baxıb gülsünlər. Ümumiyyətlə, qoy hər zaman üzünüz gülsün. Üzünüzdən təbəssüm heç zaman əskik olmasın. Təkcə gülüş günü deyil, hər gün deyib-gülün. İnşallah, problemli insanımız olmasın.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər