• cümə, 29 Mart, 18:32
  • Baku Bakı 14°C

Özünü yaxşı hiss etməyəndə, səyahətə çıxan adam – Səyyah

28.09.18 13:00 3342
Özünü yaxşı hiss etməyəndə, səyahətə çıxan adam – Səyyah
Səkkiz ildir ki, səyahət edir. Əvvəlcə işlə bağlı xarici ölkələrə səfər edirmiş. Daha sonra bunu hobbiyə çevirib. Deyir ki, səyahət insanın ruhunu dincəldir. Bu mənada həmsöhbətimin hobbisi, onun üçün həm də bir növ terapiyadır. Bundan başqa, düşünür ki, fərqli mədəniyyətləri tanımaqla insan çox şey qazanır. "Kitablarda, internetdə olmayan məlumatları insan yalnız səyahət edərək öyrənə bilir” deyən müsahibimiz Vüqar Quliyevdir. Qeyd edək ki, V.Quliyev "Bahar” enerji əməliyyatı şirkətində insan resursları üzrə mütəxəssis olaraq çalışır.
- Gəzməyi, səyahəti etməyi hamı sevir. Amma hər adam bunu hobbiyə çevirə bilmir. Bəs sizdə səyyahlığa maraq necə yarandı?
- Qardaşım Türkiyədə yaşayır, bir neçə dəfə onun yanına - İzmir şəhərinə getdim. Əslində, sizin də qeyd etdiyiniz kimi, gəzməyi hamı sevir. İşə başlayandan sonra işimlə bağlı müxtəlif ölkələrdə təlim və konfranslara qatılmağa başladım. Təlimlərə getdiyim ölkələrdə bir neçə gün artıq qalırdım. Ümumiyyətlə, mənim gəzməyə, səyahətə marağım həmişə olub. Sonradan əlimə belə bir imkan düşdü və bunu dəyərləndirmək qərarına gəldim.

- İlk dəfə hansı ölkəyə səyahət etdiniz?
- İlk dəfə getdiyim ölkə Misir olub. Qahirə şəhərinə səfər etmişdim. Hələ uşaq olarkən ən çox görmək istədiyim yer Misir ehramları idi. Sfinks, Misir piramidalarını canlı görmək çox möhtəşəmdir. İlk səfər təəssüratlarım çox xoş oldu, hətta ondan sonra bir neçə dəfə təkrar Misirə getdim. Məncə , dünyanın yeddi möcüzəsindən birini hər kəs görməlidir.
- Bəs nə qədər müddətdir ki, səyahət edirsiniz?
- Təqribən 8 ilə yaxındır ki, səyahət edirəm. Bu günə kimi 56 ölkədə olmuşam. Bu səfərlərin bəziləri turistik, bəziləri isə işlə bağlı olub. Səfərlərimi adətən, əvvəlcədən planlaşdırmağı sevirəm. Bizə il ərzində 34 gün məzuniyyət verilir. Mən bu günləri düzgün bölüşdürərək öz səyahət planımı tuturam. Məsələn, bu ilin oktyabr ayında Filippin və İndoneziyaya səfər edəcəyəm. Orada bir konfransa qatılmalıyam. İlin sonunda isə Hindistana və Şri-Lankaya turist kimi səfərim olacaq. Bu səyahətlərin biri işlə bağlı olduqda, qalanları turistik olur. Artıq gələn il hansı ölkələrə səyahət edəcəyimin planını indidən tutmuşam.

- Qeyd etdiniz ki, səyahətlərinizin heç də hamısı turistik olmur. Bəs işlə bağlı səyahət edərkən, getdiyiniz şəhərləri gəzmək imkanınız olurmu?
- Əslində, hər şey insanın özündən və işlərini düzgün planlaşdırmasından asılıdır. Mən adətən, getməzdən əvvəl bütün səyahət planımı hazırlayıram. Haraları gəzəcəyimdən tutmuş, həmin şəhərin gəzməli-görməli yerləri haqqında əvvəldən araşdırmalar edirəm. İşlə bağlı səyahət edərkən, gəzmək üçün əlavə vaxt təyin edirəm. Bu müddət ərzində getdiyim şəhərləri gəzib-görmək imkanım olur.
- Dediniz ki, bütün səyahətlərinizi əvvəlcədən planlayırsınız. Heç olubmu ki, harasa planlaşdırılmamış səyahət edəsiniz?
- Bir neçə dəfə belə səyahətlərim olub. Amma planlaşdırılmamış şəkildə harasa gedəndə, özümü yaxşı hiss etmirəm və sıxılmağa başlayıram. Belə olanda, nəyi necə edəcəyimi bilmirəm. Çünki mən dəqiq insanam. Uzun müddət eyni yerlərə səyahət etməyi sevmirəm. Məsələn, demək olar ki, Azərbaycanın bütün rayon və şəhərlərində olmuşam. Amma eyni yerlərə getməyin məncə, mənası yoxdur. İnsan daima yeni şeylər öyrənməli, yeni yerlər kəşf etməlidir. Müxtəlif tarixi yerlər, fərqli mədəniyyətləri öyrənmək üçün fərqli yerlərə səyahət etmək lazımdır. Mən məzuniyyətdə olduğum müddətdə heç vaxt evdə oturmuram. Bu mənada mənim bəxtim gətirib. Çünki işdən istədiyim vaxt məzuniyyət götürə bilirəm. Özümü yaxşı hiss etməyən kimi, harasa səyahət edirəm. Amma hətta belə olan təqdirdə də, boş-boşuna harasa getmirəm.

- Getdiyiniz ölkələrdən ən çox diqqətinizi çəkən hansı ölkə olub?
- Bu günə kimi bəyəndiyim və diqqətimi çəkən ölkələr İsveçrə və Sinqapur olub. Bu ölkələrdə şəhərlər təmiz, insanlar gülərüzlüdür. İsveçrənin ekoloji təmizliyi mənim diqqətimi xüsusilə çəkmişdi. Sinqapurda isə ümumiyyətlə, qış fəsli olmadığına görə, hər yer yamyaşıldır. Orada olan ekzotik bitkilər və canlılar aləmi mənim marağıma səbəb olmuşdu. Bir şəhərdən ibarət olmasına baxmayaraq, Sinqapur çox gözəldir. İtaliyanın Florensiya və İspaniyanın Barselona şəhərləri isə indiyə qədər şəhərlər arasında ən çox bəyəndiklərimdir.
- Səfər xərclərinizi necə qarşılayırsınız?
- Bu, sənin hansı ölkəyə səyahət etməyindən asılı olan məsələdir. Bu barədə məndən sosial şəbəkələrdə də dəfələrlə soruşublar. Ən böyük xərc nəqliyyatla bağlı olur. Getdiyiniz şəhərdə metro və digər ictimai nəqliyyatlar varsa, sizin səyahət xərcləriniz daha ucuza başa gəlir. Mən iyul ayında Budapeştdə olarkən, maraqlı bir faktla qarşılaşdım. Orada ictimai nəqliyyatdan 3 gün istifadə etmək üçün 8 avro ödəyib kart alırsan. Bu kart vasitəsilə metro, tramvay, avtobusdan rahat istifadə edə bilirsən. Ümumiyyətlə, səyahət zamanı nəqliyyat xərcləri daha çox olur. Qaldığım otellər isə həmişə "ekonom” olub. Mən bunu dəfələrlə söyləmişəm, gəzdiyin ölkədə 5 ulduzlu oteldə qalmaq lazımsızdır. Əgər insan gəzməyə gedirsə, beş ulduzlu oteldə qalmağa ehtiyac yoxdur. Mən adətən, səhər 8-də oteldən çıxıb axşam 12-də qayıdıram. Bu da o deməkdir ki, mən oteldən yalnız yatmaq üçün istifadə edirəm. Gecə yatmaq üçün isə 5 ulduzlu otelə pul ödəmək artıq xərcdir. Önəmli olan otelin təmizliyidir.

- Məsələn, bir ölkəyə səyahət üçün minimum büdcə nə qədərdir?
- Bu da getdiyin ölkədən asılı olaraq dəyişir. Məsələn, İngiltərəyə gedirsənsə, bir həftə üçün sənə ən azı 2 min avro lazımdır. Budapeştdə isə 700-800 avro kifayət edir. Adətən, minimum büdcə, getdiyin ölkənin iqtisadi vəziyyətindən asılı olaraq dəyişir. İsveçrədə bir həftə üçün 2500 avro kifayət etmir. Çünki ora çox bahalıqdır.
- İR mütəxəssisi olaraq fəaliyyət göstərirsiniz. Hobbinizlə işinizin ortaq cəhəti varmı?
- Çalışıram ki, getdiyim ölkələrdə yerli əhali ilə ünsiyyət qurum. Məsələn, Amerikaya gedərkən yerli əhali olan hinduların yaşadığı yerlərə gedib onların həyat tərzi ilə maraqlandım. İndoneziyada olarkən adalarda yaşayan qəbilələrlə ünsiyyətdə olmuşam. Ümumiyyətlə, insanların həyat tərzi mənə hər zaman maraqlı gəlir. İşimlə bağlı olaraq biz xeyli insanla danışırıq. İş müsahibələrində insanları tanımaq çox vacibdir. Bu mənada daim insanlarla ünsiyyət qurmağın tərəfdarıyam.

- Çox gəzən çox bilər, başına çox hadisə gələr. Bəs sizin başınıza gələn hansısa maraqlı hadisə varmı?
- Səyahətlər zamanı istər-istəməz adamın başına müxtəlif hadisələr gəlir. Məsələn, mən Misirə səfər edərkən ehramların içində qalmışdım. Bu, mənim Misirə ikinci səyahətim zamanı oldu. Bizim getdiyimiz qrup sonuncu idi. Mühafizə içəridə adam olmadığını düşünüb, qapıları bağlamışdı. 1 saat 20 dəqiqə ehramların içində qaldıq. Bir dəfə isə Amsterdamdan Kopenhagenə səyahət edərkən, yolda texniki problem baş verdi. Qatarda problem olduğuna görə, təyyarəyə gecikdim. Gözətçidən soruşdum ki, mən təyyarəyə gecikmişəm, nə etməliyəm? O, mənə vağzala gedib problemi bildirməyimi tövsiyə etdi. Onun dediyi kimi, biletimi və qəbzimi vağzaldakı əməkdaşa təqdim etdim. Sən demə, bilet qəbzinin olması çox vacibdir. Onlar mənə növbəti gün üçün təyyarə bileti aldılar. Hətta mənim gecə qalmağım üçün dörd ulduzlu otel təşkil etmişdilər. Qalacağım otelə isə məni taksi ilə göndərdilər. Belə bir hadisə mənim indiyə qədər heç vaxt başıma gəlməmişdi.
- Necə düşünürsünüz, səyahət insanın həyata baxış bucağına necə təsir edir?
- Bu, səyyahın özündən asılıdır. Mən tarix fənnini çox sevirəm. Məktəbdə oxuyarkən tarix kitablarında gördüyüm yerlər, abidələr mənə maraqlı gəlirdi. Bu yerləri öz gözünlə görmək isə insanda fərqli hislər yaşadır. Almaniyada olarkən İkinci Dünya Müharibəsinin izlərini açıq-aşkar görmək olur. Polşada olarkən "Holokost” şahidləri ilə söhbət etmişəm. İnsan gəzdikcə, mütləq yeni nələrsə öyrənir. Səyahət etməklə, kitablarda və internetdə olanlardan daha qartıq məlumat əldə edə bilərsən.
Şəbnəm Mehdizadə







banner

Oxşar Xəbərlər