• cümə, 19 Aprel, 16:42
  • Baku Bakı 25°C

Özünü pişiyə döndərmiş rəssam

23.08.13 11:03 6244
Özünü pişiyə döndərmiş rəssam
Luis Ueyn məşhur ingilis rəssamıdır. Məşhurluğunun bir tərəfi də onun pişikləri təsvir etməsi olub. Ueyn pişikləri insanlardan çox sevirdi. Luisin yumşaq tüklü dostları onun sadəlövhlüyünə gülən, sonralar isə onu dəlixanaya basan insanlardan daha yaxşı idilər.
Rəssam 1860-cı ildə Londonun Klerkenvell bölgəsində doğulub. O, ailədə böyük uşaq idi. Beş bacısı vardı və onların heç biri ailə həyatı qurmayıblar. Ən kiçik bacısı 13 yaşında ikən ağlını itirib və dəlixanaya yerləşdirilib. Qalan dörd bacısı və elə Luisin özü də ömürlərinin əksər hissəsini analarının yanında keçiriblər.
Luis uşaqlıq illərində Londonu demək olar ki, başdan-ayağa gəzib dolaşmışdı. O, orta təhsilini başa vurduqdan sonra Londonun Qərbindəki incəsənət məktəbinə daxil oldu və oranı bitirəndən sonra bir qədər müəllimlik etdi. 20 yaşına çatanda onun atası vəfat etdi və o, anası ilə bacılarının qayğısına qalmalı oldu.
Artıq Luis müəllimliyini bir kənara qoyub müstəqil rəssam kimi fəaliyyətə başlamışdı. O, əsasən, heyvanları və kənd həyatını təsvir edirdi. Rəsam 23 yaşına çatanda, ailəsinin arzusu xilafına olaraq, bacılarının mürəbbiyəsi Emili Riçardsonla evlənir. Emili ondan 10 yaş böyük idi. Onlar birlikdə Londonun şimalına – Hempstedə köçürlər. Lakin xoşbəxt həyat uzun sürmür, tezliklə Emili xəstələnir. Onda xərçəng xəstəliyi aşkar edilir və evləndikdən 3 il sonra dünyasını dəyişir. Daim arvadının yatağı yanında olmaq məcburiyyətində qalan rəssam onu əyləndirmək xatirinə toylarında onlara hədiyyə verilən Piter adlı pişiyi müxtəlif pozalarda və situasiyalarda təsvir etməyə başlayır. Rəssam pişiyin gözünə eynək taxır, onun qarşısına kitab qoyaraq oturdur və bu şəkildə onun portretlərini çəkirdi. Emili onlara baxaraq, zorla gülümsəyirdi. Emilinin halı getdikcə pisləşir, pişik isə getdikcə daha itaətli olurdu. Çox keçmir ki, Emilinin otağı pişiyin saysız-hesabsız portretləri ilə dolur.
Sonralar Ueyn demək olar ki, yalnız pişik şəkilləri çəkdi və onun yüzlərlə rəsmləri ingilis qəzet və jurnallarında öz əksini tapdı. Ueyn uşaq kitablarına illüstrasiyalar da çəkirdi. 1904-cü ildə «Luis Ueynin pişiklər kitabı» nəşr olundu. O, hətta 1901-1915-ci illərdə nəşr edilən «Luis Ueynin məcmuəsi» adlı jurnal da buraxırdı.
Ueyn bir neçə xeyriyyə təşkilatının - «Pişiklərin müdafiə cəmiyyəti»nin, «Viviseksiya əleyhinə cəmiyyət»in üzvü olub. 1890-cı ildə o, «İngiltərə Milli Pişik Klubu»nun prezidenti seçilib.
Onun təsvir etdiyi şəkillərdə 150 pişik obrazı var. Bu təsvirlərdəki pişiklərin əksəriyyəti rəssamın baş qəhrəmanı Piterin bənzəridir. Onun əvvəlki rəsmlərində pişiklər dörd ayağı üzərində yeriyir, onlara paltar «geyindirilməyib» və s. Lakin sonrakı təsvirlərdə pişiklər dal ayaqları üzərində yeriməyə başlayırlar, gözlərində eynək var, onlar paltarlıdırlar. Pişiklərin üzlərinin ifadəsi demək olar ki, insan mimikasını əks etdirməyə başlayır. Onlar (pişiklər) hansısa bir musiqi aləti götürmüş halda, çay içərkən, kart oynayarkən, siqaret çəkərkən və musiqiyə qulaq asarkən təsvir ediliblər.
Yaradıcılığının 30 ili ərzində Ueyn 600-ə qədər rəsm əsəri yaradıb. Ueynin yaradıcılığının ilkin mərhələsi xoşagələn idi. Bir qədər keçəndən sonra isə bu əsərlər tamaşaçıda ziddiyyətli duyğular oyadırdı. Onun əvvəlki rəsmlərində rəssamın ustalığına heyran olursan, lakin birdən-birə pişiklərin üzünün ifadəsinin necə dəyişdiyini, onların qəzəbli görkəmini görürsən.
Ueynin yaradıcılığının psixiatrları maraqlandırması təəccüblü deyildi. Onun pişikləri həkimlər üçün elmi dəlillər idi. Demək, şizofreniya rəssamın şəxsiyyətini dəyişdirirdi.
1917-ci ildə rəssamın həyatında bir qəribəlik baş verir. Küçədə avtobus sürücüsünün pişiyi vurmamasından ötrü o, özünü içəri ataraq, sükanı döndərir. Bir andan sonra Ueyn avtobusdan yıxılır. Gözlərini xəstəxanada açan rəssamın ilk sözü bu olur: «Pişiyin halı necədir?»
Ueynin populyarlığı onu milyoner etmədi. O, öz rəsmlərinin eksklüziv hüququnu nəşriyyatlara heç nə fikirləşmədən satdı və beləliklə də, onların təkrar nəşri üçün rəssamın hüququ olmadı. 1907-ci ildə Ueyn bir məhkəmə qalmaqalından qurtulmaq üçün Amerikaya qaçmalı oldu. O, burada rəsm yaradıcılığını davam etdirməyə, sərgilər açmağa nail oldu.
1910-cu ildə rəssamın anası vəfat etdi. O, İngiltərəyə qayıtdı. Orada öz işini qaydaya salmağa çalışdı. Lakin tezliklə Birinci Dünya Müharibəsi başlandı və onun pişikləri heç kəsə gərək olmadı. Nəşriyyatlar daha aktual süjetlər tələb edirdilər. O, 1914-cü ildən 1918-ci ilə qədər kitab illüstrasiyası üçün cəmi 6 sifariş almışdı.
1917-ci ildə ona şizofreniya diaqnozu qoyuldu. Xəstəlik şiddətlənirdi. Ueyndə hallüsinasiya yarandı. O, aqressivləşdi, ona elə gəlirdi ki, hamı onu aldatmağa çalışır, pullarını oğurlamaq istəyir. Bu zaman o, doğma bacılarından daha çox şübhələnirdi (Onlar hələ də ailə həyatı qurmamışdılar və mərhum analarının evində yaşayırdılar). 1924-cü ildə Ueyni növbəti tutmalarının birində onu Sprinqfild psixiatriya xəstəxanasına yerləşdirdilər. Yalnız bir ildən sonra onun xəstəliyinin vəziyyəti ictimaiyyətə bildirildi. Ona baş çəkən məşhurların arasında Herbert Uels də vardı. O, rəssama kömək fondu təşkil etmişdi. Ueyni Betlem Kral xəstəxanasına köçürdülər. Sonra isə 1930-cu ildə Londonun şimalındakı Nepsberi xəstəxanasına yerləşdirdilər. Həkimlər ona burada olan pişiklərlə oynamağa icazə verirdilər. Lakin təəssüf ki, kiçik bacısının başına gələnlər onun da həyatında təkrarlanırdı. Doğrudur, bacısını dəlixanaya yerləşdirəndə, o hələ çox gənc idi. Ueyn isə artıq qocalmışdı.
Ueyn xəstəxanada da yaradıcılığından qalmırdı. Lakin onun ilham alacağı bir yer yox idi. O, yalnız pişikləri təsvir edirdi. Rəssamın rəsmləri getdikcə daha çox abstraktlaşırdı və getdikcə gah türk xalçalarının naxışlarını, gah da yerə səpələnmiş qızılı payız yarpaqlarını xatırladırdı.
Rəssam bu dəhşətli məkanda itib batardı, əgər onun rəsmlərini seyr edənlərdən birinin dilindən: «Siz lap Ueyn manerası ilə yaradırsınız!» kəlmələri qopmasaydı. «Mən elə Ueynəm…» deyə rəssam ona cavab vermişdi.
1939-cu ilin yayında onun halı daha da pisləşdi. Şahidlər deyirdilər ki, son günlər o, tamailə ağlını itirmişdi, qışqırır, həkimləri görəndə qəzəblənirdi. Rəssam 1939-cu il iyulun 4-də vəfat etdi. İkinci Dünya Müharibəsinə cəmi 2 ay qalırdı. Həkimlər onun ölümünün səbəbini böyrək çatışmazlığı və aterosklerozla əlaqələndirdilər.
Ueyn daha çox pişik rəssamı kimi yaddaşlarda qaldı. Herbert Uels onun haqqında deyirdi: «O özünü pişiyə döndərmişdi. O, pişik stilini, pişik mühitini, bütünlüklə pişik aləmini təcəssüm etdirirdi. Bütün ingilis pişikləri azca da olsa, Luis Ueynin pişiklərinə oxşamırlarsa, xəcalət çəkməlidirlər».

banner

Oxşar Xəbərlər