• cümə, 26 Aprel, 12:12
  • Baku Bakı 23°C

Özünü ingilis turist kimi qələmə verən şəxs təxribatçıdır

17.06.15 10:16 2016
Özünü ingilis turist kimi qələmə verən şəxs təxribatçıdır
Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etməsi barədə qərar qəbul olunandan bu günə kimi bir sıra Qərb dairələrinin, o cümlədən erməni lobbisinin təsiri altında olan qüvvələr tərəfindən ölkəmizə qarşı qarayaxma kampaniyası həyata keçirilməkdədir. Bu cür çeynənmiş mövzular heç bir nəticə verməyəndə isə ən müxtəlif təxribatlara, yalnlara, “tənqidi” mövzuların kəşfinə əl atılmaqdan da çəkinilmir. Dünən isə ermənipərəst dairələr “sapı özümüzdən olan baltalar”ın əli ilə daha bir təxribata əl atıblar. Öz Vətənini atıb xaricə sığınan, hazırda Almaniyada yaşayan və burada yaratdığı “MeydanTV” vasitəsilə Azərbaycan əleyhinə təbliğat aparan Emin Millinin “drijorluğu” ilə Seymur Səfərov adlı bir gənc təlimatlanaraq Mingəçevir şəhərinə yollanıb. Birinci Avropa Oyunları çərçivəsində burada keçirilən yarışları izləməyə başlayıb. Lider TV-nin bölgə müxbirinin ölkəmizə gələn əcnəbi turistləri danışdırdığını görən bu “qəhrəman” jurnalistə yaxınlaşaraq özünü ingiltərəli turist Ceyms Bonar kimi təqdim edib, ondan da müsahibə götürməsini xahiş edib. Ardınca da kamera qarşısında Azərbaycanın beynəlxalq idman tədbirinə yüksək səviyyədə ev sahibliyi etməsi, ölkənin inkişafı, zəngin mətbəximiz barədə müsbət fikirlər söyləyib. Bölgə müxbirinin hazırladığı sujet LiderTV-də efirə gedəndən az sonra milli hislərini itirmiş Emin Milli guya Azərbaycan televiziyalarını “ifşa” edirmiş kimi, Seymur Səfərovun Facebookdakı profilini “MeydanTV”nin eyni adlı sosial şəbəkədəki səhifəsində yayıb. Əlavə olaraq da qeyd edib ki, guya Azərbaycan jurnalistləri yalan məlumat yaymaqla birinci Avropa Oyunlarının əhəmiyyətini “şişirdirlər”.
Qeyd edilənlərdən də bəlli olduğu kimi baş verənlər ermənipərəst dairələrin əlində alətə çevrilən, “sapı özümüzdən olan baltalar” tərəfindən sifarişli şəkildə təşkil olunub. Bununla Azərbaycanda keçirilən birinci Avropa Oyunlarının əhəmiyyətinə kölgə salmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək niyyəti güdülüb. Hüquqşünas Mehman Muradlı da “Kaspi”yə açıqlamasında bildirib ki, sözügedən videodakı müsahibin davranışları, ardınca da MeydanTV-nin sosial şəbəkə üzərindən bu mövzunu ictimailəşdirməsi açıq-aşkar təxribatdır. O, bu təxribatın, bu əməlin cavabsız qoyulmamasını vacib sayıb. Bildirib ki, bu hərəkətə yol verən şəxs mütləq cəzalandırılmalı, digərlərinə də görk olmalıdır: “Məlum video görüntü, özünü İngiltərədən gələn turist kimi qələmə verən şəxsin hərəkətləri özbaşınalıqdı. Bu isə Azərbaycan Respublikası Cinaət Məcəlləsinin 322-ci maddəsi ilə məsuliyyət yaradır. Həmin maddənin izahında göstərilir ki, özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda cinayət əməli hesab edilir. Və konkret sanksiya ilə, yəni beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər, yaxud bir ilədək müddətə islah işləri, altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu halda tam məsuliyyətimlə deyə bilərə ki, həmin "turist" Lider televiziyasına mühüm zərər vurub və kanalın işgüzar nüfuzuna ciddi xələl gətirib. Bu halda Lider televiziyası vurulmuş zərəri də həmin "turistdən" tələb etmək hüququ əldə edir. Əgər cinayət işi başlansa hesab edirəm ki, bu, sadəcə bir özbaşınalıq deyil, konkret olaraq dövlətə qarşı təxribatdı. Təxribat isə bir nəfərin hərəkətiylə məhdudlaşmır. Buna yetərincə sübut var. Belə ki, başqa vaxtı Lider telekanalına baxmırıq deyənlər, hər bir vəclə dövlətə ziyan vurmağa çalışanlar dərhal bu görüntünü sosial şəbəkədə paylaşdılar. Burada Meydan.tv adlanan saytın "zəhmətini" xüsusi qeyd etmək lazımdı”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər