• cümə axşamı, 28 mart, 15:28
  • Baku Bakı 16°C

Özünü hələ də balaca uşaq kimi hiss edən model - Fotolar

07.09.17 09:30 2656
Özünü hələ də balaca uşaq kimi hiss edən model - Fotolar
Gözəlliyi və cazibədarlığı ilə Türkiyə mətbuatının, eləcə də qonşu ölkənin şou-biznesinin ən çox müzakirə olunan nümayəndələrindən biri də tanınmış model-aparıcı Çağla Şikeldir. Son dönəmdə gündəmin əsas simalarından biri olan model Türkiyə mətbuatına müsahibə verib. Tanınmış model müsahibəsindən keçmiş sevgisindən tutmuş uşaqlarına, yeni layihələrindən, bu günə qədər əldə etdiyi təcrübələrinə qədər bir çox məsələlərə aydınlıq gətirib.Qeyd edək ki, modelin Azərbaycanda da kifayət qədər pərəstişkarı var. O, 1996-cı ildə "Odessia” adlı filmdə rol alıb. 1997-ci ildə "Miss Turkey” yarışmasında birinci olub. Daha sonra "Miss Worl” gözəllik yarışmasında dünya dördüncüsü olub, "Avropa gözəli” mükafatına layiq görülüb.Aktrisa kimi isə 2004-cü ildə "Cennet mahallesi”, 2008-ci ildə isə "Görgüsüzler” serialında baş rola çəkilib. Hazırda moda ustası həm də aparıcı kimi fəaliyyət göstərir.

- Çağla xanım, söhbətimizə sizin "Youtube”da kanal açmağınızla başlamaq istəyirəm. Nə üçün belə bir qərara gəlibsiniz?
- Zaman-zaman evdə uşaqlarımla videolar çəkirdim. Övladlarımla etdiyim layihələrin insanların da marağına səbəb olacağını düşündüm. Elə hesab edirdim ki, sanki uşaqlarımızla birgə bir kanalımız var idi və biz orada çəkilirdik. Gördüm ki, əlimdə bir çox videolar var və bunları paylaşsam çox gözəl olacaq. Bu barədə çox düşünürdüm. Və bir gün Fəridə Ediyin yanına gəlib belə bir kanal açmaq istədiyimi dedim. O gündən etibarən kanalımız fəaliyyətə başladı.
- Artıq neçə müddətdir bu proqram davam edir?
- 4 ayımız tamam oldu. Bu kanalı açdıqdan sonra insanlar tərəfindən gözəl reaksiyalar gördüm. Açığını deyim ki, mən bu qədərini gözləmirdim. Hətta, məni bu layihəm sayəsində də tanıyan gənc qızlar var.

- Türkiyənin tanınmış kişi ifaçısı Alişanla birlikdə bir layihəyə imza atdınız. İstərdik bu layihə barədə bizə məlumat verəsiniz.
- Bu imzanı yayın ilk həftəsində atdıq. Bu il Alişanla birlikdə maraqlı bir serialda rol alacam. Serialda məhəllə uşaqlarını canlandıracağıq.

- Qurban bayramında ailə üzvlərinizin, qohumlarınızın ziyarətinə gedirsiniz, yoxsa tətil edirsiniz?
- Biz valideynik. Uşaqlarımız da bizi görüb, örnək götürərək böyüyürlər. Onun üçün də düşünürəm ki, hər zaman böyükləri ziyarət etmək, bayramı onlarla birlikdə keçirmək mənə daha uyğun olar. Biz böyüklərimizdən belə görmüşük. Uşaqlar bizim gələcəyimizdir. Bu gələcəyi itirməmək üçün ailə olaraq əlimizdən gələni edirik.
- Ümumiyyətlə, unutmadığınız, yadınızda qalan hər hansı bir bayram xatirəniz varmı?
- Uşaq olanda anam Qurban bayramı ərəfəsində mənə qırmızı ayaqqabı almışdı. O ayaqqabını sevərək geyinirdim. Ancaq anam onu geyinməyə mənə icazə vermirdi. Anam bayramda aldığı yeni paltarları sadəcə, bayramdan-bayrama geyinməyimizə icazə verirdi.
- Hazırda 38 yaşındasınız. Özünüzü bu yaşda görürsünüzmü?
- Mənə elə gəlir ki, hələ də balaca uşağam və tədricən böyüyürəm. Mənim ruhumun yaşı çox kiçikdir. Uşaqlarla oturub 10 saat oynaya bilirəmsə, demək ki, ruhumun yaşı da kiçikdir. Bundan başqa, həyata qarşı hər hansı həyəcan hissi keçirmək də gözəldir. Bu hissi itirmədiyim müddətcə, çox xoşbəxtəm. Əvvəllər yaşıma görə kompleks hissi keçirirdim. 35 yaşımda bu kompleksdən xilas oldum.
- Məşhur olmaq sizə nə verdi?
- Məşhur olmaq mənə daha çox pul qazanmaq və dünyaya açılmaq şansı tanıdı.

- Əgər seçim etmək lazım olarsa karyeranızı, yoxsa ana olmağı seçərsiniz?
- Mənim üçün hər ikisi çox önəmlidir. Əgər karyeram olmasa, uşaqlarımı necə dolandırar, onlara nə təqdim edərəm?

- Başqa bir iş görsəydiniz hansı sənətlə məşğul olardınız?
- Ofisiantlıqla məşğul ola bilərdim. Bu sənəti çox sevirəm. İnanıram ki, bu sənətlə də xoşbəxt olardım. İstənilən maddi durumda yorğanıma görə ayağımı uzatmağı bacarıram. Mən anadangəlmə məşhur olmamışam. İndiyə qədər necə yaşadığımı və bu sənətə necə gəldiyimi də çox yaxşı xatırlayıram. Həyatda sadəcə, bacarığımla, etdiklərimlə və edəcəklərimlə varam.

- Atanızı itirdikdən sonra həyatınızda nələr dəyişdi?
- Atam mənim ideallarımdan biri idi. Atamı dualarımda yaşadıram.

- Heç öz cənazənizi təsəvvür edibsiniz?
- Xüsusilə oturub bu xəyalı qurmamışam və ya bu haqda düşünməmişəm. Amma bir dəfə sanki mənim ölümüm mənə bəyan oldu. Hər şey gözlərimin qarşısında canlandı. Sanki hər kəs ağlayırdı. Bu çox gözəl idi və ruhum dincəlirdi. O zamana qədər ölümdən çox qorxurdum. Bu travmanı yaşamağımın əsas səbəbi isə keçmiş həyat yoldaşımın anasının vəfatı ilə bağlı idi. Qayınanamın və atamın ölümü çox ani oldu.

- Qısqanc qadınsınızmı?
- Hərdən çox narahat bir qadın olduğumu düşünürəm.

- Keçmiş həyat yoldaşınızı, Türkiyənin tanınmış ifaçısı Emre beyi çox qısqanırdınız?
- Əlbəttə, qısqanırdım. Çünki onu çox sevirdim. Hələ də Emreni sevirəm, amma sizin bildiyiniz mənada deyil.

- Gələcəkdə Emre beyin həyatındakı qadınla uşaqlarınızın səmimi görüntülərini görsəniz qısqanarsınızmı?
- Emrenin uşaqlarının anasına hörməti çox böyükdür. Mənim də ona hörmətim sonsuzdur. Bir ailə tablosu olaraq uşaqlarımın həmin şəkillərini "İnstagram”da paylaşmaz. Çünki o, düşünəcək ki, bu şəkil məni incidə bilər.

- Çağla aşiq olanda necə birinə çevrilir?
- Bu aralar aşiq olmağı özümə çox da tövsiyə etmirəm. Çünki bir əlim gərək uşaqlarımın çiynində olsun. Hər şeyin bir zamanı var.

Tərcümə etdi: Xəyalə Rəis

banner

Oxşar Xəbərlər