• cümə, 29 Mart, 18:05
  • Baku Bakı 14°C

Özünəməxsus taktikaya malik Donald Tusk

29.07.15 10:35 1010
Özünəməxsus taktikaya malik Donald Tusk
“Le Temps”: “Polşanın keçmiş baş naziri Avropa İttifaqında bir nömrəli siyasətçi rolunu öz üzərinə götürüb”
Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun bu günlərdə Azərbaycana səfəri ölkəmizlə bu qurum arasında əlaqələrin yenidən inkişaf etməsi baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, son dövrlərdə Brüssel ilə Bakı arasında ikitərəfli münasibətlərdə soyuqluq yaranmışdı. Birinci Avropa Oyunları öncəsi və bu yarış zamanı qurumun bəzi təmsilçiləri ölkəmizə qarşı qarayaxma kampaniyasında iştirak edirdilər. Bu da ölkəmizin bu təşkilata olan inamının azalmasına gətirib çıxarıb. Lakin Avropanın bəzi siyasətçilərdən fərqli olaraq, D.Tusk Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı və mətbuata verdiyi açıqlamada ölkəmizlə Aİ arasında əlaqələrin daha da inkişaf etməsində maraqlı olduğunu bəyan etdi. O, həmçinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşdığını və qondarma Dağlıq Qarabağ respublikasını tanımadığını bildirdi.
Təbii ki, belə konstruktiv mövqe sərgiləyən Avropa siyasətçisinin kimliyi maraq doğurur. Qeyd edək ki, Avropa İttifaqı Şurasının prezidenti bu qurumda böyük nüfuza malikdir. İsveçrənin məşhur “Le Temps” nəşrində onun haqqında dərc olunan məqalədə bildirilir ki, 8 ay bundan əvvəl vəzifəyə gələn D.Tusk Yunanıstanın Avropa İttifaqından çıxarılmasına imkan verməyib: “Yunanıstan böhranını həll edəndən sonra D.Tusk Şərqi Avropa ölkələri olan Azərbaycan, Ermənistan və Gürcüstana səfər edib. Bu dövlətləri Brüssel öz tərəfinə çəkməyə çalışır. D.Tusk Mərkəzi Afrika Respublikasından geri dönən gürcü sülhməramlıları ilə fəxr etdiyini bildirib. Görünür ki, Polşanın keçmiş baş naziri bu qurumda bir nömrəli siyasətçi rolunu öz üzərinə götürüb. O, çox çətin bir vaxtda, keçən ilin dekabrında Avropa İttifaqı Şurasının prezidenti seçilib. İlk növbədə D.Tuskun xarici dil bilgisi ilə problemi var idi. O, Brüsseldə əsas ünsiyyət vasitəsi olan ingilis dilində o qədər yaxşı danışa bilmirdi. Lakin artıq Avropa İttifaqı Şurasının prezidentinin bu barədə problemi yoxdur”.
Yazar qeyd edir ki, 13 iyul tarixi Aİ üçün çox vacib idi: “Çətinliklərlə mübarizə aparan D.Tusk təşəbbüsü ələ alaraq Almaniya kansleri Angela Merkeli, Fransa prezidenti Frasua Ollandı və Yunanıstanın baş naziri Aleksis Tsiprisi bir araya gətirə bildi. O, Yunanıstanı avrozonada saxlamaq üçün bütün imkanlardan istifadə etməyə çalışırdı. Gəmisi yanmaqda olan bir kapitan kimi, D.Tusk hamını bir yerdə saxlamağa müvəffəq oldu. Bu strategiya öz bəhrəsini verdi. Bir fransız diplomat bildirib ki, D.Tusk Yunanıstan böhranının həllində böyük rol oynayıb. Diplomatın sözlərinə görə, Aİ Şurasının prezidentinin Almaniya kansleri ilə uzun müddətlik tanışlığı 13 iyulda uğur əldə etməyə böyük kömək göstərib”.
Məqalədə D.Tuskun hazırda Avropa liderinə çevrildiyi vurğulanılır: “Onu hazırda kifayət qədər səbrə, taktikaya malik bir lider hesab edirlər. Son dövrlərdə D.Tusk Avropa Komissiyasının rəhbəri Jan Klod Yunkerdən daha müstəqil olduğunu sübuta yetirib. İlk növbədə o, Aİ-yə daxil olan ölkələrə immiqrantlarla bağlı qoyulan məhdudiyyətə qarşı çıxıb. Daha sonra Lüksemburqun keçmiş baş naziri Yunanıstanla bağlı sərt çıxışar etməyə başlayıb. Lakin D.Tusk Yunanıstanda keçirilən referendumun nəticələrinin bu ölkənin Aİ-dən çıxacağını göstərmədiyini qeyd edib və aranı sakitləşdirməyə çalışıb. Həmçinin o, Yunanıstan məsələsində də fərqli mövqe ortaya qoyub. D.Tusk yunanların güzəştə getdiyi məsələlər haqqında danışmağı da təklif edib. Görəsən, D.Tuskun Avropa Komissiyasının rəhbəri ilə münaqişəsi mövcuddur? Bu sual o dərəcədə də gözlənilməz deyil. J.K.Yunkerin onu 13 iyuldan sonra keçirilən iclasa dəvət etməməsi bu iki şəxs arasında münasibətlərin yaxşı olmadığını göstərir. Lakin Aİ Şurasının prezidenti Yunanıstan böhranının həlli üçün əlindən gələni edirdi. Bir çox ekspertlər bu iki şəxs arasında fikir ayrılığından başqa, onların fərqli olduğunu da bildirilər. Bir diplomat qeyd edir ki, D.Tusk özünü sakit apardığı və heç vaxt artıq söz danışmadığı halda, J.K.Yunker hər zaman rahat olduğunu nümayiş etdirir. Lakin bəziləri hesab edir ki, bu iki lider öz hərəkətləri və səsləndirdikləri fikirlər ilə bir-birlərini tamamlayırlar”.
Yazıda həmçinin bu iki şəxs arasında olan fərqlər barəsində politoloqların da fikirlərinə yer verilib: “Varşavalı politoloq Mixayıl Branovski hesab edir ki, həmyerlisi həmişə öz fikirlərinə sadiqdir. Onun sözlərinə görə, D.Tusk hələ Polşanın baş naziri olduğu zamandan kompromis axtarmağa çalışır və nəticə əldə etməyə can atır. O vurğulayır ki, Aİ Yunanistan və Ukrayna böhranlarında onun biliklərindən istifadə etməlidir”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər