• şənbə, 23 Noyabr, 00:38
  • Baku Bakı 13°C

Özünəinamın təntənəsi - Fotolar

16.10.20 16:08 4479
Özünəinamın təntənəsi - Fotolar
Prezident İlham Əliyev: "Əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir”
Ötən ayın sonundan başlayaraq Ermənistan silahlı birləşmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan mövqelərini, həmçinin yaşayış məntəqələrini müxtəlif növ silahlardan atəşə tutublar. Nəticədə hərbçilərimiz və mülki şəxslərimiz arasında yaralanan, həyatını itirən olub. Bunun qarşılığında Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb. Rəşadətli ordumuz düşmənin müdafiə xəttini darmadağın edərək strateji yüksəklikləri, o cümlədən Murovdağ zirvəsini, həmçinin 50-yə yaxın yaşayış məntəqəmizi Ermənistan işğalından azad edib. Müharibənin gedişində düşmənə sarsıdıcı zərbə endirilib, təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə Ermənistanın ümumilikdə 1 milyard dollarlıq hərbi texnikası məhv edilib. Bununla yanaşı, minlərlə erməni yaraqlısı məhv edilib. Proses indi də davam etməkdədir. Döyüş meydanında məğlub olan, Silahlı Qüvvələrimiz qarşısında davam gətirə bilməyən düşmən, Azərbaycanın cəbhə xəttindən uzaq yaşayış məntəqələrini, hətta Gəncə, Mingəçevir, Yevlax şəhərlərini, Abşeron, Xızı rayonlarını, hərbi obyektləri deyil, mülki əhalinin yaşadığı ünvanları hədəfə alır. Beləliklə Azərbaycan daxilində itkilərə yol açmaqla çaşqınlıq, təşviş yaratmağa, Ordumuzun cəbhədə irəliləməsinin qarşısını almağa çalışır. Lakin əbəs yerə.

Erməni yalanlarına qarşı mübarizə
Baxmayaraq ki, Ermənistanın terroru nəticəsində Azərbaycanın 40-dan artıq mülki şəxsi həyatını itirib, 200-dən çox yaralımız var, 2 mindən çox evə ziyan dəyib, cəmiyyətimizdə ruh düşkünlüyündən, təşvişdən əsər-əlamət yoxdur. Əksinə, ölkə vətəndaşları Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək ümumi düşmənə qarşı mübarizəyə səfərbər olunublar. Tam əminliklə deyə bilərik ki, Azərbaycanda Dövlət-Xalq-Ordu birliyi formalaşıb. Siyasi əqidəsindən, tutduğu yoldan asılı olmayaraq bütün siyasi partiya və təşkilatlar Azərbaycanın haqq işində birmənalı mövqe nümayiş etdirirlər. Bu birlikdən və dəstəkdən güc alan Ali Baş Komandan İlham Əliyev həm cəbhədə, həm də beynəlxalq aləmdə Ermənistanın işğalçı siyasətinə, erməni yalanlarına qarşı böyük əzmlə mübarizə aparır. Hələ sentyabrın 29-da "Rossiya-1” telekanalında yayımlanan "60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə internet üzərindən aparıcıların suallarını cavablandıran Prezident İlham Əliyev sakit, səbir və təmkinlə, məntiqə, fakta əsaslanan fikirlərlə Ermənistanın işğalçı mahiyyətini, törətdiyi təxribatları bir daha ortaya qoyub. Azərbaycanın əks-hücum əməliyyatlarına başlamasının səbəblərini izah edib.

Düşmənin aciz durumu

Bunun qarşılığında Ermənistanın baş naziri Nikol Paşinyan gözləri böyümüş, psixoloji sarsıntı keçirmiş halda, məntiqə və fakta söykənməyən fikirləri ilə auditoriyanı aldatmağa çalışıb. Təbii ki, beynəlxalq aləm də bunu görür və qiymətləndirmə aparır. Azərbaycan Ordusunun düşmən ölkənin siyasi rəhbərliyini aciz duruma salmasının daha bir bariz nümunəsi baş nazir Paşinyanın həm parlament qarşısında, həm də sosial şəbəkə üzərindən xalqa müraciəti zamanı onun ünvanına səsləndirilən ittihamlardır. Ermənistan ordusunun cəbhə xəttində böyük itkilərə məruz qaldığını, silahlı qüvvələrdə şəxsi heyət çatışmazlığını, fərarilik hallarının baş alıb getdiyini, hərbçilərin maddi-texniki təchizatında çətinliklərin yarandığını erməni mediası, sosial şəbəkə istifadəçiləri, ayrı-ayrı siyasilər özləri etiraf edirlər. Bütün bunlara görə, hər kəs Paşinyandan hesabat tələb edir. Şübhə yoxdur ki, cəbhə xəttində məhv edilən erməni hərbçilərinin meyitləri ailələrinə çatdırılan zaman bu ittihamlar daha da kəskinləşəcək.


İnformasiya cəbhəsində də düşmən sarsıdıcı zərbə
Düşmən ölkənin rəhbərliyindən fərqli olaraq Azərbaycan dövlət başçısı, bir qədər əvvəl vurğuladığımız kimi, döyüş meydanı ilə yanaşı, ideoloji cəbhədə - media müstəvisində də düşmənlə mübarizə aparır, Ermənistanın işğalçı siyasətini, dezinformasiyalarını ifşa edir. Buna misal olaraq, Prezident İlham Əliyevin indiyə qədər "Əl-Cəzirə”, "Əl-Ərəbiyə”, "TRT Haber”, "Pervıy Kanal”, CNN-Türk, "Euronews”, "CNN International” ("Connect the World”), "Sky News”, RBK, "Haber Global”, "Haber Türk”, "France 24”, NTV televiziyalarına, "Ria Novosti” agentliyinə müsahibələrini qeyd edə bilərik. İndiki gərgin vəziyyətdə vaxt məhdudluğuna baxmayaraq, dövlət başçısı heç bir media qurumundan imtina etmir, hər birinin efirinə çıxaraq Azərbaycan, türk, rus və ingilis dillərində jurnalistin suallarını cavablandırır, haqlı mövqeyimizi bütün dünyaya çatdırır. Təbii olaraq, müsahibə əsnasında ermənilərin dünyaya sırıdığı, Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə hesablanmış yalanlara da tam aydınlıq gətirilir. Guya suriyalı, liviyalı muzdluların Ordumuzun sıralarında döyüşməsi, Türkiyənin F-16 hərbi təyyarələrinin döyüşlərdə Silahlı Qüvvələrimizə dəstək verməsi, Şuşadakı kilsənin "vurulması”, müsəlman azərbaycanlıların ümumən xristianlığa qarşı müharibə aparması kimi yalanların ifşa edilməsi bu qəbildəndir. Bununla informasiya cəbhəsində də Ermənistana sarsıdıcı zərbə vurulur. Çünki həqiqət, obyektiv mövqe qarşısında yalanın ömrü yoxdur. Bu müsahibələr zamanı Azərbaycan prezidenti nə qədər inamlı, qətiyyətli görünürsə, Ermənistanın baş naziri Paşinyan da bir o qədər təlaşlı, narahat görünür. Azərbaycan Prezidenti səlist və məntiqli nitqi ilə auditoriyanı ələ almağı, inandırmağı bacarır. Paşinyanın rabitəsiz nitqi isə aşkar hiss olunur. Bu nəyin əlamətidir? Çünki Azərbaycan Prezidenti həqiqəti deyir. Hər kəsin bildiyi həqiqəti. Paşinyan isə yalan danışır. Azərbaycan Prezidenti dövlətinin gücünə də əmindir. Üstəlik, bütün xalqın da onun ətrafında birləşdiyini bilir. Ermənistanda isə xaosdur. Məğlubiyyətin yaratdığı xaos. İqtisadi vəziyyəti acınacaqlı olan bir ölkənin bundan sonra düşəcəyi durumun yaratdığı xof və ermənilər arasındakı başıpozuqluq, parçalanma qorxusu da Paşinyanın gözlərini hədəqəsindən çıxardır. Azərbaycan Prezidentinin nitqi davranışı özünəinamın, haqqın, ədalətin təntənəsidirsə, Paşinyanın da təlaşı, qorxusu yalanın, ədalətsizliyin nümunəsidir.


Tarixi ədaləti bərpa etmək niyyəti

Xalqdan aldığı gücə, haqlı mövqeyinə arxayın olan, tarixi ədaləti bərpa etməyi qarşısına məqsəd qoyan Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını, Şuşada, Laçında, Kəlbəcərdə, Xankəndində üçrəngli, ay-ulduzlu bayrağımızın dalğalandırılmasını özünə əsas amal sayır. Rusiyanın "Ria Novosti” agentliyi üçün "Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində Azərbaycanın beynəlxalq terrorizmə qarşı həmişə ardıcıl mübarizə apardığını xatırladan Ali Baş Komandan Ermənistan qoşunlarını və onların tərkibində vuruşan muzdluları nəzərdə tutaraq deyib ki, hansısa terror təşkilatlarının ərazimizdə yuva salmasına, xalqımız və qonşularımız üçün təhdid mənbəyi olmasına heç vaxt imkan verilməyəcək. O, Azərbaycan tarixində oynadığı rola da aydınlıq gətirib: "Tarixdə rol məsələsinə gəldikdə, mən əvvəllər heç vaxt, indi isə xüsusən bu barədə düşünməmişəm. Əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər