• cümə axşamı, 25 aprel, 08:50
  • Baku Bakı 14°C

Özünə umac ova bilməyənlərin Azərbaycana əriştə kəsmək istəyi

09.01.19 18:27 1443
Özünə umac ova bilməyənlərin Azərbaycana əriştə kəsmək istəyi
XX əsrin əvvəlində müsəlman Şərqində ilk Demokratik Cümhuriyyət quran Azərbaycan xalqı demokratik dəyərlərə, bərabər hüquqlara ən yüksək səviyyədə riayət etməyə çalışıb. Misal üçün, dövlət quruculuğu istiqamətində atılan addımlar zamanı mütərəqqi demokratik prinsiplər əsas götürülüb. İlk dəfə məhz Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verilib, qadınlar dövlətin, cəmiyyətin idarə olunmasında iştirak ediblər. Halbuki, superdövlət sayılan ABŞ-da qadınlar 1848-ci ildən başlayaraq, seçkidə iştirak hüququ tələbi ilə çıxış etsələr də, buna yalınız 72 il sonra nail olublar. Bir çox hallarda "demokratiyanın beşiyi” kimi təqdim edilən Fransa qadınların seçki hüququnu 1944-cü ildə tanıyıb.
1918-ci ildə yaradılan AXC-nin ötən il 100 illiyini qeyd edən Azərbaycanda isə indi də bütün insan hüquq və azadlıqları təmin olunub. 100 il öncə və bu gün Azərbaycan vətəndaşları dininə, dilinə, irqinə, dərisinin rənginə, sahib olduğu mədəniyyətə, həyata baxışlarına görə ayrı-seçkiliyə məruz qalmayıb. Müasir və müstəqil Azərbaycanın Konstitusiyasına görə bütün ölkə vətəndaşları bərabər hüquqlara sahibdirlər. Vəzifəsindən, kimliyindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları qanun qarşısında bərabərdirlər. Azərbaycanda sərbəst toplaşma, söz-mətbuat, fikir, din, vicdan və sair azadlıqlar təmin olunub. Ölkədə demokratik prinsiplərə riayət edilir, mütərəqqi dəyərlərə önəm verilir. Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçisidir və hər kəs düşüncələrini azad şəkildə yaza, yaya, ictimailəşdirə bilir. Bunun üçün hər hansı məhdudiyyət yoxdur.
Lakin əfsuslar olsun ki, bəzi hallarda bu azadlıqlardan sui-istifadə edilir, demokratiya, azadlıq məfhumu özbaşınalıq kimi qəbul edilərək qanun pozuntularına yol verilir. Bəzən unudulur ki, hər kəsin azadlığı bir başqasının azadlığının, hüququnun başlandığı yerə qədərdir. Bir sıra hallarda onlayn media, sosial şəbəkələr üzərindən ayrı-ayrı şəxslər barəsində bilməyərəkdən, yaxud da məqsədli şəkildə yanlış məlumatlar paylaşılır, insanların işgüzar nüfuzuna xələl gətirilir, kiminsə şəxsiyyətinə toxunacaq ifadələr işlədilir, kiməsə şər-böhtan atılır. Əlbəttə ki, bütün bunlar yolverilməzdir və qanuna görə belə əmələ yol verənlər məsuliyyət daşıyırlar. Azərbaycan hüquqi dövlət olduğu üçün belə məsələlərə məhkəmə müstəvisində də qiymət verilir. Son günlər mediada adı tez-tez hallanan və hazırda həbsdə olan Mehman Hüseynov adlı gəncin üzləşdiyi situasiya buna bir nümunədir.
Xatırladaq ki, M.Hüseynov 2017-ci il yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında yalan danışaraq bildirib ki, saxlanılarkən guya polislər ona işgəncə veriblər. Daxili İşlər Nazirliyi onun bu açıqlamasını təkzib edib və M.Hüseynovun böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilib ki, M.Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün DİN tərəfindən Respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb. Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisiMusa Musayevxüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Polis rəisi M.Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib. Şikayət məhkəmə baxışına qəbul edilib, M.Hüseynov barəsində başqa yerə getməmək haqda iltizam tədbiri seçilib.
Ötən il mart ayının 3-də Suraxanı Rayon Məhkəməsində şikayət üzrə məhkəmə prosesi keçirilib. Dövlət ittihamçısı M.Hüseynovun 3 il müddətinə həbs edilməsini tələb edib. Məhkəmə onun 2 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib. 2018-ci il dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bəyan edib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı cinayət işi başlanıb.
Faktlardan da göründüyü kimi, M.Hüseynov hansısa jurnalist fəaliyyətinə, siyasi əqidəsinə görə deyil, məhz polisin qanuni əmrinə tabe olmamaq, böhtan atmaq, hakimiyyət nümayəndəsinə zor tətbiq etmək kimi cinayət əməlinə yol verib. Ancaq anti-milli qruplar və onların xaricdəki havadarları bu hadisəni Azərbaycanın əleyhinə növbəti kampaniya başlamaq üçün fürsət kimi istifadə edirlər. Məsələ elə təqdim edilir ki, guya M.Hüseynov quru aclıq keçirir, səhhəti kritik durumdadır. Halbuki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məlumat yayaraq bəyan edib ki, M.Hüseynov aclıq aksiyası keçirmir və səhhəti qaydasındadır. Onun qidalandığı, vəkili ilə görüşdüyü, ailə üzvləri ilə telefonla danışdığı rəsmi məlumatda təsdiqini tapıb. Bundan başqa, İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçiriblər. MPQ-nin rəhbəri və həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində bu müəssisədə saxlanılan M.Hüseynov da konfidensial qaydada qəbul olunub, müraciəti dinlənilib, qida qəbul etməsi və sağlamlıq durumu ilə bağlı vəziyyəti özünün iştirakı ilə müəssisənin həkimi dəvət olunmaqla yerində araşdırılıb. Müşahidə nəticəsində məlum olub ki, M.Hüseynov qida qəbul edir, sovqat alır, gündəlik həkim nəzarətindədir və sağlamlıq durumu normaldır. Başçəkmə çərçivəsində M.Hüseynovun Ombudsmana ünvanladığı yazılı müraciəti baxılması üçün Baş Prokurorluğa göndərilib.
Bütün bunlara baxmayaraq, xüsusi komanda ilə fəallaşan "5-ci kolon”un fəalları, o cümlədən AXCP sədri Əli Kərimli, Milli Şura rəhbəri Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Orduxan Temirxan, Tural Sadıqlı və digərləri gerçəkliklərə siyasi don geyindirərək, onu fərqli formada ictimaiyyətə sırımağa, Azərbaycan barəsində beynəlxalq aləmdə yanlış rəy formalaşdırmağa çalışırlar. Bununla onlar ermənipərəst dairələrin, Azərbaycanın uğurlarına, müstəqil, demokratik, hüquqi dövlət kimi inkişafına qısqanclıqla yanaşan güc mərkəzlərinin sifarişini yerinə yetirirlər. Halbuki, demokratiya və insan haqlarından dayanmadan danışan bu ünsürləri demokratik dəyərlər deyil, aldıqları və alacaqları qrantlar düşündürür. Antimilli ünsürlər öz havadarlarının, maraqlı dairələrin dəstəyi ilə M.Hüseynovun əhvalatından şou düzəldirlər. Onlar "aclıq aksiyası” adı altında toplumsal çatışmalar yaratmaq, mediadan, sosial şəbəkələrdən, o cümlədən, bəzi beynəlxalq təşkilatlardan təzyiq vasitəsi kimi istifadə etmək niyyəti güdürlər. Söhbət o beynəlxalq təşkilatlardan gedir ki, onlar mənsub olduqları dövlətlərin gözlərində tirləri görmür, başqa dövlətlərin gözündə çöp axtarır, qarışqadan fil düzəltmək, yaxud olmayan bir şeyi dezinformasiya ilə şişirtməyə cəhdlər edirlər.
Hələlik son olaraq Fransada baş verən aksiyalar, etirazçıların fiziki zorakılığa, polis işgəncələrinə məruz qalmaları, hətta öldürülmələri, həbs olunmaları və belə bir fonda sözügedən beynəlxalq qurumların susqunluğu acı gülüş doğurur. Öz gözlərində tiri görməyən Fransanın Xarici İşlər Nazirliyi Mehman Hüseynovun tezliklə azad ediləcəyinə ümid bəslədiyini bildirib. Adamlar öz daxillərində hər gün yüzlərlə insanı saxlayır, həbs edir, cərimələyir, fiziki güc tətbiq edirlər, sonra da Azərbaycanda 2 il əvvəl həbs olunmuş Mehmanının müdafiəsinə qalxırlar. Adama deyərlər, əvvəl özünə umac oymağı öyrən, sonra başqasına əriştə kəs də...
Burada analoji sual yaranır ki, nəyə görə özlərini demokratiyanın beşiyi adlandıran Qərb dövlətlərində, eləcə də Avropada belə hallar baş verərkən heç kim - hüquq müdafiə təşkilatları, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti BMT-nin əlaqədar qurumları səslərini çıxarmır? Amma Azərbaycanda baş verən hər hansı kiçik bir hadisə, yaxud kiminsə qanun qarşısında məsuliyyət daşıması xüsusi qaydada qabardılır, ona siyasi rəng verilir, ittihamlar irəli sürülür, ölkə antidemokratiyada ittiham olunur. Əslində bununla onlar hadisələrə obyektivlik prizmasından deyil, ikili standartlardan, şəxsi maraqları çərçivəsindən yanaşdıqlarını, qərəzli olduqlarını nümayiş etdirirlər.
Alpər TURAN
banner

Oxşar Xəbərlər