AZE | RUS | ENG |

“Özünə sahib çıxa bilməyən insanın sözə sahib çıxması mümkün deyil”

“Özünə sahib çıxa bilməyən insanın sözə sahib çıxması mümkün deyil”
22 yaşım vardı “Azadlıq” marşını yazanda

Hər kəs Tanrının ona verdiyi bir ömrü yaşamaq üçün gəlir dünyaya. Lakin bu heç də mövcud olmaq demək deyil. Mövqeyindən asılı olmayaraq şəxsiyyət olmalarıyla, cəmiyyətdəki duruşları, ələlxüsus Vətənə xidmətləri, Vətənə sevgiləriylə sayılıb-seçilir, insanlar. Azərbaycan adına iş görməyi bacaran hər kəsin yeri isə mənim başım üstündədir.
Budəfəki müsahibim məhz bu cür adamlardan biri, mənim təqdimatıma ehtiyacı olmayan dəyərli millət adamı, şair Elçin Mirzəbəylidir. Onu da deyim ki, çox nadir hallarda hər deyəcəyim sözü yüz ölçüb-biçdiyim kəslərdəndir. Axı, Elçin Mirzəbəyli söz adamıdır...


- Marş müəllifimi, şairmi, yoxsa heç nə etmədiyini düşünüb yaşının gətirdiyi yorğunluğu yaşayan bir adammı?
- Üçü birində deyərdim, amma bu qəhvə reklamına bənzəyəcək... Mən isə çayı daha çox sevirəm. Həm də şəkərsiz, acı çayı. Hər şeyin dadını olduğu kimi hiss etməyi xoşlayıram. Qatqısız, bəzəksiz, heç bir əlavə komponent olmadan...
Marş müəllifi və şair – bunları bir-birindən ayırmaq mümkün deyil. Əgər şair olmasaydım müəllifi olduğum marşların heç biri yaranmayacaqdı. Sadəcə musiqi duyumum yazdığım şeirlərin marşa çevrilməsinə müəyyən qədər kömək edib. Gənc yaşımda “Azadlıq” marşı kimi milyonları bir bayraq altında birləşdirən bir əsərin müəllifi olmağım isə sadəcə qismətdi, alın yazısıdı, Tanrının lütfüdü... Bu marşı başqa bir adam da yaza bilərdi. Amma bu qismət mənim payıma düşüb. “Azadlıq” marşından başqa yazdığım və bu gün də Azərbaycan əsgərinin hər gün oxuyaraq müqəddəs savaşa hazırlaşdığı digər marşlarımı da Tanrı qisməti kimi dəyərləndirirəm. 22 yaşım vardı “Azadlıq” marşını yazanda. Məni bir şair kimi çox az adam tanıyırdı. Yazdıqlarıma yiyələnmək istəyənlər də tapılıb... Bunu xeyli sonralar bilmişəm. Çünki “Azadlıq” marşı ictimailəşəndən qısa bir zaman sonra Sankt-Peterburqa təhsilimi davam etdirməyə getmişdim. Amma böyük kişilər – Bəxtiyar Vahabzadə, Tofiq Quliyev , Müsəvvər Əsgəroğlu və adlarını çəkmədiyim neçə-neçə insanlar Azərbaycanda olmadığım dövrdə müəllifi olduğum marşları simfonik orkestrin, kopellanın, dövlət xalq çalğı alətləri orkestrinin ifasında lentə yazdırdılar. Müəllif hüquqlarımı qeydə aldırdılar. Adlarını çəkdiyim bu şəxslər həmin dövrdə məni şəxsən tanımırdılar. Amma tanımadıqları bir gəncin haqqını tanıtmaqla öz ləyaqətlərini nümayiş etdirdilər. Bu gün başqalarının istedadı hesabına özlərini həm də ədəbiyyat adamı kimi cəmiyyətə sırımaq istəyənləri görəndə adlarını çəkdiyim və çəkmədiyim insanların nə qədər yüksəkdə dayandıqlarının, böyüklüklərinin bir daha fərqinə varıram. Bütün bunlar haqqında ilk dəfədir ki, mətbuata danışıram. Ola bilsin ki, bu söylədiklərimin sizin sualınıza birbaşa aidiyyatı yoxdur. Amma belə nümunəvi davranışların az qala sensasiya kimi qəbul edilə biləcəyi cəmiyyətimizə bu həqiqətləri açıqlamağı özümə borc bilirəm. O ki, qaldı heç nə etmədiyini düşünüb yaşının gətirdiyi yorğunluğu yaşayan bir adam məsələsinə, zənnimcə bu barədə düşündüklərim bir çoxlarının təsəvvürlərinin tam əksidir. Saxta təvazökarlıq mənlik deyil. 45 yaşıma qədəm qoymuşam və bu müddət ərzində çoxlarının 450 ilə edə bilməyəcəyini etməyi bacarmışam. Sadəcə etdiklərim barədə çığırmamışam, yəni əməldə təvazökar olmağa çalışmışam. Dörd kitabın müəllifiyəm. Yazdığım marşları – “Azadlıq marşı”, “Dönmərik biz”, “Ey müqəddəs türk eli”, “Biz sənə səs veririk”, “İrəli, türkün əsgəri” marşlarını bu gün də Silahlı Qüvvələrimizdə hər gün ifa edirlər. Mən Azərbaycanda əsəri orta məktəb dərsliyinə salınan ən gənc şairəm. “Azadlıq marşı” 2000-ci ildən etibarən 7-ci siniflər üçün nəzərdə tutulan “Musiqi” dərsliyinə salınıb və mən bundan 6 il sonra xəbər tutmuşam. Əslində bunun özü də ədalətli bir davranışın göstəricisidir. Naxçıvan Dövlət Dram Teatrında quruluş verdiyim “Nadir şah” tamaşası bu gün də həmin teatrın repertuarındadır. Hələ elmi-pedаqoji, baş redaktor, praktik siyasi və siyasi şərhçi kimi fəaliyyətim, yazdığım mahnı mətnləri, publisistik məqalələr, vaxtilə hazırladığım televiziya proqramları, televiziya filmləri, tərcümə etdiyim əsərlər haqqında danışmıram... Yorğun deyiləm, əsla! Zahirən yorьun görünməyim aldadıcıdır. Mən mücadilə adamıyam və xarakterimi yalnız mücadilə anında göstərirəm.

- Rüstəm Behrudi “dar ağacı”na salam verdi, siz məmləkətə. Bu salamların hansının dərd yükü çoxdur?

- Rüstəm mənim ən çox sevdiyim şairlərdən biridir. Rüstəm Behrudinin “Salam dar ağacı” şeiri zamanında hadisə yaradan bir şeirdi. “Salam məmləkət” şeirini də bir çoxları ədəbiyyat hadisəsi kimi dəyərləndirirlər. Amma bu şeirlərin ruhu da, yaratıqları mənzərə də tamamilə fərqlidir. Rüstəmin şeirində daha çox mücadilə var. Mənim şeirimdə isə daha çox dərd yükü, günümüzün gerçək portreti. Rüstəmin şeirinin ruhunda Həllac Mənsur var, mənim şeirimdə isə Nazim Hikmət... Bu qədər fərqliyik...

- Soyadınızdakı “bəy” məfhumunun sizə verdiyi məsuliyyət və ya ağırlıq. Sizcə hansıdır?

- Soyadımı mən seçməmişəm. Tarixdən məlumatı olanlar Cəmaləddin Mirzəbəyin kimliyini bilirlər. Şübhəsiz, soyadımın haradan gəldiyini və məndən öncə bu soyadı daşıyan babalarımın təmsil etdikləri toplum və tarix qarşısındakı xidmətlərini bildiyim üçün bu mənəvi mirası hər zaman ləyaqətlə daşımağa çalışmışam. Buna görə də soyadımın ağırlığı barədə heç vaxt düşünməmişəm. Kəsəsi, soyadıma və soyuma ödəniləcək borcum da yoxdur. Bir məqamı qeyd edim. Mənə görə, zadəganlıq insanın ruhunda, xarakterində olmalıdır. Əgər sənin daxili mədəniyyətin yoxdursa, zadəgаn əxlaqı, təfəkkürü düşüncəndə oturuşmayıbsa, o zaman adına və soyadına nə qədər “bəy” kəlməsi istəyirsən yapışdır, səni “bəy” deyib çağıracaqlar, amma heç vaxt daxilən bəy olmayacaqsan. Yaxın tariximizdə belə faktlar çoxdu. Bəzən tarixin ən böyük avantüristləri, siyasət dəllalları və fırıldaqçıları kütlə üçün kumirə, bəyə çevrilə bilərlər, amma müəyyən bir mərhələdə, zaman kəsiyində... Məşhur rus dramaturqu Leonid Andreyevin çox sevdiyim bir əsəri var – “Anatema” adlı... Vəkil obrazına girmiş şeytan David adlı qorxaq və cəsarətsiz birini yoldan çıxararaq aldadır. Onu əvvəlcə varlı və mərhəmətli adam, daha sonra isə şəfa verən peyğəmbər kimi tanıtdırır. Milyonlarla insan Davidin qapısına axışır. Bu zaman şeytan qaçır, istedadsız və qorxaq David isə ondan yardım diləyən kütlənin əlində aciz qalır. Bu vəziyyətdə şeytan Davidə qaçmağı və daha sonra isə özünü uçurumdan atmağı tövsiyyə edir. David uçurumdan atılır və milyonlarla insan da onun arxasınca uçuruma yuvarlanırlar... Bax belə...
Soyadımın üzərimə qoyduğu məsuliyyət məsələsinə gəlincə isə, hansısa zamanda, daha çox gənclik illərində bunu hiss eləmişəm. Amma zaman keçdikcə soyadımın gətirdiyi məsuliyyətin yerini adımın gətirdiyi məsuliyyət əvəz eləyib.
Sovet dövründə repressiyalara məruz qalan, küncə sıxışdırılan, layiq olmadıqları bir taleyi yaşamağa məhkum edilən, ən yaxşı halda xalqlar həbsxanasının sərhədlərindən kənara çıxaraq özlərinə yeni bir həyat qurmağı bacaran, yaşananlara rəğmən bu soyadı daşımağa davam edən babalarıma minnətdaram. Lakin soyumdan olan insanlar arasında Mirzəbəyli soyadından imtina edən və bolşevizmin təbliğatçılarına çevrilənlər də olub. İndi onların varisləri arasında tarixi soyadlarına yenidən yiyələnmək istəyənlər və bu məqsədlə mənə müraciət edənlər də var. Çünki indi bu soyadla yaşamaq və mənim böyük çətinliklər hesabına öz tarixi mahiyyətini, yükünü yenidən qaytardığım soyadın gətirdiyi dividendlərə şərik olmaq daha əlverişlidir. Təəssüf ki, bu adamlar da mahiyyət etibarilə bolşevizmə yarınmaq üçün öz soy-köklərindən imtina edən atalarının yolunu gedirlər. Olsun. Amma hər kəs daşıdığı soyadın üzərinə öz adının yükünü əlavə etsə və öz adı ilə yaşasa daha yaxşı olar. Mənə gəldikdə isə, öz soyadıma mən Elçini başqa Elçinlərlə səhv salmamaq üçün istifadə olunan “ünvan” kimi baxıram.

- Ədəbiyyat sizin üçün nə ifadə edir və siz ən yaxşı şeir deyəndə onun anlam və ölçülərini necə ifadə edirsiniz?

- Ədəbiyyat mənim üçün sadəcə özünüifadə vasitəsidir. Vəssalam! Heç bir sahəyə xüsusi imtiyaz vermək və müqəddəslik donu geyindirmək istəmirəm. Yaxşı şeir isə məni titrədən və düşündürən şeirdir. Anlam və ölçünü konkret zamanın ovqatı, oxucunun intellekti, xarakteri və zövqü seçir.

- Şair olmaq asandırmı? Xarakter sahibi olmaq necə?

- Məni şeir yazmağa, şair olmağa bir kimsə məcbur etmədiyi üçün bu barədə düşünməmişəm. Xarakterin isə konkret sənətə və yaxud yaradıcılıq sahəsinə heç bir aidiyyatı yoxdur. Azərbaycanda ədəbiyyat adamları haqqında olduqca yanlış bir təsəvvür formalaşdırılıb. Burada həm keçmiş sovet sisteminin, həm də ədəbiyyat adamlarının özlərinin də günahı var. Şübhəsiz. Olduqca ciddi işlərlə məşğul olan insanlar da şeir yaza bilərlər və yazırlar da... Azərbaycan ədəbiyyatında mövcud olan əyyaş, qorxaq, aciz, ələbaxan, miskin, əxlaqsız, müti ədəbiyyat adamı obrazı əslində bəzilərinin daha asan, qayğısız məsuliyyət hiss etmədən yaşamaları üçün yaratdıqları saxta bir obrazdır. Xarakteri olmayan adam heç öz təbii tələbatlarını idarə etmək, özünə sahib çıxmaq iqtidarında ola bilməz. Mənə görə, özünə sahib çıxa bilməyən insanın sözə sahib çıxması mümkün deyil. Xarakterin yoxdursa deməli heç nəyin yoxdu...

- Cəmiyyətdə ciddi bir mövqe sahibisiniz, eyni zamanda şair olmaq həssas bir ürəyə sahib olmağı gərəkdirir. Elçin Mirzəbəyli yaşaya bilirmi?

- Məgər cəmiyyətdə ciddi mövqe sahibi olan adam həssas ürəyə sahib ola bilməz? Mən əksini düşünürəm və hesab edirəm ki, həssas ürəyi olmayan insan cəmiyyəti və onun problemlərini hiss edə, qavraya bilməz. Sadəcə qavradığının görüntüsünü yarada bilər. Qavramaq üçün təkcə şüur yetərli deyil. İntuisiyası, dərin hissiyatı olmayan insan nə yaxşı siyasətçi, nə də yaxşı təşkilatçı ola bilər. Daha öncə də demişəm, bir də deyirəm: Mən siyasətdə ədəbiyyatçı, ədəbiyyatda siyasətçi deyiləm. Hər birinin öz yeri var. Yetər ki, sərhədləri müəyyənləşdirməyi və Tanrının verdiyi istedad, bacarıq, intellekt və hissiyatdan doğru-düzgün istifadə etməyi bacarasan. Mənim üçün insanın nə danışdığı yox, nə etdiyi daha önəmlidir.
Həssas olmaq dərin duyğulara sahib olmaq deməkdir. Dərin olmaq isə ilk növbədə insanın özünə problemlər yaradır, onu hamı kimi rahat yaşamağa qoymur. Bunun tam əksi sadəcə öz ehtiyaclarını ödəyən canlı, yaxud robot olmaq deməkdir. Belələri onsuz da çağdaş dünyamızda çoxluq təşkil edirlər. İnsanlığın mənəvi yükü isə həssas insanların çiynində daşınır. Məhz onların sayəsində sevgi və mərhəmət kimi müqəddəs hisslər sadəcə piar kampaniyalarının, reklam roliklərinin tərkib hissəsinə çevrilməyib...
Elçin Mirzəbəyli, yəni mən... bacardığım qədər yaşamağa, Tanrının mənə verdiyi zamandan doğru-düzgün istifadə etməyə çalışıram... Rahatmı yaşayıram? Əlbəttə ki, yox! Amma əsil insan həyatı yaşayıram. Sevgisiylə, əzabıyla, ağrı-acısıyla... dopdolu bir həyat. Mənim üçün belə yaşamaq daha gözəldir.
Nigar İsfəndiyarqızı

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163