• cümə, 29 Mart, 19:32
  • Baku Bakı 14°C

Özünə güvənən şəxs istintaqdan yayınmaz

07.05.14 09:03 1250
Özünə güvənən şəxs istintaqdan yayınmaz
Dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirovun işi ilə bağlı istintaqa cəlb olunanların sayı artmaqdadır. Leyla və Arif Yunusların ölkəni tələm-tələsik şəkildə tərk etmə cəhdindən sonra istintaqa cəlb olunan digər şəxslərin də bu yola əl atdığı söylənilir. Belə ki, dindirilməyə çağırılan, hazırda isə ölkə xaricində olan Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın bilərəkdən istintaqdan yayındığı deyilir. Mayın 3-ü səhər saatlarından yoxa çıxan M.Əzizovanın yerinin bilinməməsi, harada olması ilə bağlı məlumat verilməməsi onun haqda müxtəlif söz-söhbətlərin yayılmasına səbəb olub. Həmçinin digər adı hallanan şəxslərin faktiki olaraq ölkədə olmaması da şübhəli məqam kimi qiymətləndirilir. Onların istintaqdan yayınma ehtimalları və buna səbəb ola biləcək məqamlarla bağlı müsahiblərimizin fikirlərini öyrəndik.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bizimlə söhbətində dedi ki, Leyla Yunusun hər zaman Azərbaycan əleyhinə fəaliyyət göstərdiyi kimsəyə sirr deyil: “Bilirsiniz ki, o, torpaqlarımızı işğal edən ölkənin vətəndaşları ilə iş birliyi qurur. Öncədən də onun həm erməni təşkilatları ilə əlaqələrində, həm də digər fəaliyyətlərində şübhəli məqamları sezmək olurdu. Yaxşı ki, mətbuat da belə sual doğuran məqamlara həmişə diqqət çəkib, onların gözdən yayınmasına imkan verməyib. Konkret şəkildə demək istəyirəm ki, özünə güvənən, dövlət qarşısında hər hansı bir cinayət əməlinin olmadığına inanan insan istintaqdan yayınmaz. Heç buna cəhd də eləməz. Əgər sən günahsızsansa, niyə qaçmaq haqqında düşünürsən? Halbuki bu cür hərəkətə yol verənlər onlara qarşı olan şübhələri artırırlar. İstintaqın məqsədi baş verənlərə aydınlıq gətirməkdir və bu işdə onlara maksimum yardımçı olmaq lazımdır. Ona görə də ölkə vətəndaşlarının borcudur ki, cinayət işlərinin açılması məqsədi ilə dindirilməyə cəlb olunarkən proseslərdən yayınmasınlar və dövlətçiliyimizin müdafiəsi üçün əllərindən gələni etsinlər”.
E.Mirzəbəyli söylədi ki, Leyla Yunus və digərlərinə qarşı sürülən ittihamlar kifayət qədər ciddidir. Ümumiyyətlə, Leyla Yunus və Arif Yunusun ölkədən çıxmağa cəhd etmələri zamanı yaşanan bir çox məqamlar vəziyyəti daha da mürəkkəbləşdirib və diqqətçəkən edib: “Onların, xüsusilə də Leyla Yunusun davranışları göz qabağında idi. Lakin daha təəccüblüsü, iki saat ərzində Fransa səfirliyindən beş illik viza almaları idi. Belə vəziyyət şəxsən mənim üçün çox ilginçdir. Çünki Fransa səfirliyi sıravi vətəndaşlara viza vermək üçün bəzən onları aylarla gözlədir. Bu isə deyilənlərdə həqiqətən də kifayət qədər şübhəli məqamların olduğunu ortaya çıxarır. Leyla Yunusun saxlanılarkən nümayiş etdirdiyi isterik davranış onun nə cür adam olduğunu bir daha ortaya qoydu. O, bu günə qədər haqqında səsləndirilən fikirlərin həqiqət olduğunu nümayiş etdirdi. O, sadəcə, görüntü yaratmağa çalışırdı. Çünki bu, ona lazım idi”.
Müsahibimiz diplomatların davranışlarını da xatırladaraq vurğuladı ki, onların belə hərəkətləri diqqətdən kənarda qalmamalıdır: “Bəzi qərb diplomatları səlahiyyətlərini aşırlar və ümumi davranış prinsiplərini kobud şəkildə pozurlar. Onlar nəinki Azərbaycan qanunlarını, həmçinin beynəlxalq hüquq normalarını görməzdən gəlirlər. Adətən belə diplomatlar non-qrant elan olunurlar. Fransa səfirliyi əməkdaşlarının əməlləri də bu qəbildəndir”.
Millət vəkili Zahid Oruc son yaşanan hadisələrin xeyli düşündürücü olduğunu dedi: “Erməni kəşfiyyat strukturları bu insanların vasitəsilə özlərinə gərəkən informasiyalara çıxış əldə ediblərsə, belə vəziyyət yalnız təəssüf və narahatlıq doğurur. Qeyd etməliyəm ki, Rauf Mirqədirov kifayət qədər fəal şəkildə çalışırdı və rus dilində olan məqalələri ilə müəyyən oxucu auditoriyası toplamışdı. Hətta o, kifayət qədər müsbət imic yaratmağa da nail olmuşdu. Lakin görünür, insanların siyasi portreti üzərində ayrı-ayrı dairələrin, indiki halda isə Ermənistanın planları istisna olunmur. Rauf Mirqədirov günahsız olduğunu iddia edir. Çox inanmaq istərdim ki, o, mövqeyini sübut etmək üçün inandırıcı arqumentlər ortaya qoya biləcək. Lakin ondan kənarda cərəyan edən proseslər indiyə qədər söylədiklərimizin təsdiqi oldu”.
Z.Oruc qeyd etdi ki, baş verən hadisələrdə xüsusi təəccüblənəcək məqam yoxdur. Çünki Leyla Yunusla Arif Yunus milli planda fəaliyyət göstərsəydilər, bu təəccüblü ola bilərdi: “Ona görə də yayılan xəbərləri sensasiya kimi qarşılamadım. Digər şəxslərin ölkə xaricinə qaçması ehtimallarına gəldikdə isə hesab edirəm ki, kimlərinsə süni şəkildə qaralanması və ya hədəf seçilməsi kimi iddialar səsləndirilməməlidir. Hakimiyyətin öz mövqelərini möhkəmləndirmək üçün ayrı-ayrı şəxsləri məhbəsə atacağı kimi iddiaların da yeri yoxdur. Məgər adı hallanan şəxslər bu qədərmi böyük ictimai personalardır? Elə təqdim edirlər ki, guya cəmiyyət onların ətrafında sıx birləşib və hakimiyyət bunu hiss edib, qüvvələr nisbətinin ziyanına olduğunu anlayıb. Ona görə də onları neytrallaşdırılmaq istəyir. Belə versiyalar sadəcə, gülməlidir və deyim ki, yaşarlılıq imkanı yoxdur”.
Millət vəkili işin bu yerə gəlib çıxmasına görə təəssüf hissi keçirdiyini də vurğuladı: “Gördüyünüz kimi, “xalq diplomatiyası” ilə bağlı fəaliyyətlər olduqca qüsurludur və həyatımızı təhlükə altına alan amillərə söykənir. Hətta bu məsələdə kəşfiyyat fəaliyyəti müşayiət ediriksə, onun bütövlükdə yasaq edilməsinə, qanunla qadağan olunmasına çalışmalıyıq. Rəsmi əlaqələrdən, danışıqlardan, görüşlərdən kənar olan bütün proseslər yasaq olmalıdır ki, belə situasiyalarla rastlaşmayaq. Əlbəttə ki, biz kiminsə həbsinə sevinmirik. Təəssüfləndiyimiz məqam odur ki, belə hallar nəticə etibarilə ermənilərin xeyrinə işləyir. Hətta, həmvətənlərimizin gözünə dost kimi görünənlər də Azərbaycan daxilində kimlərisə zərbə altında qoya bildiklərinə görə ürəkdən sevinirlər”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər