• cümə, 29 Mart, 04:05
  • Baku Bakı 7°C

Özündən əvvəl səsi tanınan adam

11.02.19 16:00 1499
Özündən əvvəl səsi tanınan adam
Salam, necəsiniz, Ramiz müəllim, səhhətiniz, ovqatınız?
– 70-i başa vuran adam necə olarsa, eləyəm.
– Səssiz-səmirsiz oldu 70 yaşınız
– Səs salmadınız də, gözlədim sizin səsinizi.
Deyəsən, səslə başlamağım iradəmdən asılı olmadı, təbii axarla gəldi. Haqqında bəhs etdiyim insan sözünü səsi ilə deyib, özündən əvvəl səsi tanınıb, səsi sənətkar olub Ramiz Əzizbəylinin. Sonra özü. Qəribədir, deyilmi? Əslində, insan gələndə özündən əvvəl səsi açılır dünyaya...

Uşaqlıq

1948-ci ilin yayında sadə Bakı ailələrindən birində bir oğlan uşağı dünyaya gəlir, adını Ramiz qoyurlar. Rəmz sözündəndir, mənası dəlalət edən.
Ailədə iki uşaq böyüyürdü, bacısı Ramizdən böyük idi. Evin sonbeşiyi olduğundan hamının diqqət mərkəzində olardı, bir az da qıvrımsaç, məzəli, şirin uşaq olub. Görəndə ki, diqqət ondadır "artistliyi” artardı, tullanıb-düşür, kimisə yamsılayar, ya da rola girərdi. 190 nömrəli məktəbdə oxuyurdu, çox fəal uşaq olduğundan hər il yay tətili o vaxtın məşhur pioner düşərg’si "Artek”də keçərdi. Qılıncoynatma, rəsm dərnəklərinə, üzgüçülük, gimnastika, güləşə, futbola gedərdi. Bir ara hətta cıdıra da gedib at çapmağı öyrənib. Bütün bunların onun enerjisini azaltmadığını və sərhədsiz qabiliyyətini görüb valideynləri onu o vaxt evlərinə yaxın olan Azərbaycan televiziyasına apardılar, "Yasəmən” uşaq redaksiyasına, bəlkə, uşaq verilişlərində oynayar, fəaliyyətini bir az da təkmilləşdirər. Onda 1957-ci ildi və onun doqquz yaşı vardı.
10 yaşında isə atasını itirdi. Ailə – anası, bacısı onun ümidinə qaldı. Ərkəsöyün sonbeşik birdən-birə dünyanın məsuliyyətinin çiyinlərinə endiyini hiss etdi.
Uşaq verilişlərinə çəkilirdi, uşaq olduğu üçün qonorarı ona vermirdilər, banka anasının adına köçürürdülər. Anası, bacısı Ramizlə həm efirdəki fəaliyyətinə görə, həm də evə kişi kimi qazanc gətirdiyinə görə fəxr edirdilər.
Bu da Ramizə qürur verirdi. 1959-cu ildə onu televiziyadan tanıyan rejissorlar kinostudiyanın dublyaj redaksiyasına cəlb etdilər. O vaxta qədər uşaq rollarını da böyüklər səsləndirirdi. İlk dəfə uşaq obrazlarını bir uşaq səsləndirməyə başladı. Bu səs artıq ölkənin hər yerində tanınmağa başladı. Bu səs onu "Bənövşə” uşaq xoruna da aparıb çıxartmışdı. "Bənövşə" uşaq xorunun, 26-lar adına Mədəniyyət Evində (indi həmin binada Respublika Bankı yerləşir), Qaqarin adına Pionerlər Sarayında (indiki T.İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzi), Fioletov adına Tibb İşçilərinin Mədəniyyət Evində (Neftçilər prospekti, 77 ünvanındakı həmin bina sökülüb) fəaliyyət göstərən dram dərnəklərinin üzvü idi. Elə bir dövr idi ki, həmin bu dərnəklərdən sənətkarlar yetişirdi. Sonradan tanınmış çox sənətkarların uşaqlıqda, gənclikdə yolları mütləq o dərnəklərdən keçib, orda yetişib peşəkar səhnələrə vəsiqə alıblar.
Kinostudiyanın kiçiyi idi Ramiz, bütün günü onun dəhlizlərində, pavilyonda, səs yazmalarında keçirdi. O dəhlizlərdə, pavilyonda filmlər çəkilirdi, təbii ki, uşaq obrazları da olurdu. Qıvrımsaçdı deyə onu heç bir rola bəyənmirdilər.
Bir gün Tofiq Tağızadə Ramizi "Mən rəqs edəcəyəm” filmində Mahmud Esenbayevin uşaqlığına çəkilməyə dəvət edib. Sınaqdan keçib, amma filmin çəkilişləri yayda başlayıb, Ramiz Əzizbəyli isə "Artek”də dincəlirmiş, bu da bir qismətdi, filmə dostu İbrahim Əliyevi çəkiblər. "Filmin rejissoru rəhmətlik Tofiq Tağızadə mənə əsəbiləşmişdi, dedi sənin üçün ssenariyə rol əlavə edəcəm və qaraçı oğlan obrazını düzüb – qoşub məni çəkdi”.

Gənclik

Bu minvalla orta məktəbi bitirən Ramiz Əzizbəyli artıq başqa sahəyə getməyi heç ağlının ucundan belə keçirmədi, sənədlərini M.A.Əliyev adına İncəsənət İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti) verdi.
Bu yerdə Nikulinin taleyini xatırladım, heç kim onu kinoya çəkmirmiş, hətta çox tanınmış bir kinorejissor ona "səni heç kim kinoya çəkməyəcək” deyib, yəni sən kino adamı deyilsən. Həmin Nikulin sonradan kino ulduzu oldu. Eyni taleyi məşhur fransız aktyoru Pyer Rişar da yaşayıb. Ramiz Əzizbəylini isə İncəsənət İnstitutuna qəbul etməyiblər, həm də məhz ixtisasdan kəsilib. "Çox sarsılmışdım. Belə olacağını təsəvvür etməzdim. Fikirləşirdim ki, əgər mən kəsilmişəmsə, bəs kimlər qəbul olunub?”
Əsgərlik dövründə Tiflisdə hərbi tibb məktəbini bitirən gələcək aktyor Ermənistanın Leninakan şəhərinə düşür. Bir gün hərbi hissədə bir yerdə qulluq etdikləri Qubalı bir əsgər möhkəm sancılanır. Ramiz tibb təhsilinin sayəsində anlayır ki, yoldaşı təcili əməliyyat olunmalıdır. Mərkəzi xəstəxanaya çatdırmaq üçün raport yazıb icazə istəməyə vaxt qalmamışdı, ölə bilərdi. İcazəsiz maşın götürüb oğlanı xəstəxanaya çatdırır. Demək olar ki, onu ölümdən qurtarır. Baş həkim hərbi hissəyə məktub yazır ki, baş tibbi təlimatçı əsgərin həyatını xilas etdiyi üçün mükafatlandırılmalıdır. Onu həm mükafatlandırıb növbədənkənar məzuniyyət verdilər, həm də məzuniyyətdən qayıdandan kimi cəzalandırdılar. Maşını icazəsiz götürdüyünə görə 72 saat nəm sementin üstündə yatmalı olur.

"Kinoşnik”


Bakıya qayıdandan sonra "Azərbaycanfilm” kinostudiyasında fəhlə kimi işə başlayan Ramiz Əzizbəyli yenə sənədlərini həmin instituta verib və yenə ixtisasdan kəsilib. Taleyin istehzasıdır yəqin. İllər sonra Ramiz Əzizbəyli həmin institutun mədəni-maarif fakültəsini qiyabi təhsillə başa vurur, amma o vaxt artıq tanınmış aktyor idi, bəlkə də o təhsilə heç ehtiyacı olmayan aktyor. Tanrı özü verdiyi istedadı hansı ali təhsil əvəz edə bilər ki, sadəcə üstünə bir qədər məktəb əlavə olunur.
"Bunu deməklə heç bir iddiam yoxdur, sadəcə kinoşnikəm, sevirəm kinonu. Mən kinostudiyada nökərçilikdən başlamışam. Ştatda yer yox idi, Adil İsgəndərov mənə dedi buralarda ol”.
Kinostudiyanın dublyajında Ramiz Əzizbəylidən çox səsi eşidilən ikinci aktyor bəlkə Əminə Yusifqızının səsi ola, ya olmaya.

Aktyor

Ramiz Əzizbəyli aktyor kimi "Dərviş Parisi partladır", "Şeytan göz qabağında", "Gümüşgöl əfsanəsi", "Kişiləri qoruyun", "Bağ mövsümü", "Bəxt üzüyü", "Bəyin oğurlanması", "Qisas almadan ölmə”, "Sübhün səfiri”, ümumilikdə 40-dan çox filmdə çəkilib.
Kinostudiyada "Mozalan” satirik kinojurnalı yarananda Ramiz Əzizbəyli orda fəhlə işləyirdi, amma "Mozalan” maqnit kimi onu özünə çəkirdi. Nəticədə fəhləlikdən tutmuş aktyorluğa, rejissorluğa qədər Ramiz Əzizbəylinin orda imzası, adı var.
"Kinoda o qədər bişmişəm ki, bir də gördüm rejissorların əksəriyyəti film çəkməkdə məndən məsləhət alır, faydalanır. Düşündüm ki, bir halda hamıya məsləhət verə bilirəm, niyə özüm film çəkməyim.
Halal xoşları olsun, kinostudiyada adımı təcili yardım qoymuşdular, kimin işi hardan axsayırdısa məni çağırırdılar. Başladım rejissorluğa”.

Rejissor
39 yaşında "Debüt" studiyasında "Pirverdinin xoruzu" adlı qısametrajlı bədii filmi çəkir. Film Kiyev şəhərində keçirilən Ümumittifaq Kinofestivalda "ən yaxşı rejissor debütünə görə" nominasiyasının qalibi olub."Mənim qardaşım rəhmətə getmişdi, özüm festivala gedə bilməmişdim, Vaqif Mustafayev sevincək gəldi ki, kino tarixində belə şey olmayıb, sənin filminə münsiflər heyəti iki dəfə baxdı. Həmin şey ikinci dəfə Berlində təkrar olundu. Almaniyaya özüm fəxri qonaq kimi dəvət olunmuşdum. Dedilər ki, səsi ekrandan götürün Çarli Çaplin filmləri kimi səssiz baxdılar. Həmin festivalda mənə bir milyon dollar təklif etdilər ki, onlar üçün bir film çəkim. Ayaz Salayev Allah şahididir, çünki dili bildiyindən danışıqları da onunla aparırdılar. Prodüser ona dedi ki, bir milyon dollar verirəm mənim üçün Azərbaycan qadınının əxlaqsızlığı barədə film çəksin. Əsəbi vəziyyətdə, ona bir yağlı söyüş də eşitdirib imtina etdim”. Bu film bir neçə beynəlxalq festivalda Azərbaycan kino sənətini uğurla təmsil edib.
İlk filmin uğuru onu aktyorluqdan çox rejissorluğa cəlb etməyə başlayır.
İkinci filmi 1992-ci ildə çəkdiyi "Bəxt üzüyü" tammetrajlı bədii film oldu. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin ənənəvi kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissorun 2006-cı ildə çəkdiyi "Yalan" bədii filmi Qarabağ müharibəsi mövzusundadır.
90-cı illərin sonlarında Ramiz Rövşənin ssenarisi ilə "Ölü kimdir, diri kim” adlı filmin çəkilişlərinə başladı, amma başladı və yarımçıq qaldı. Səbəbini deyir özüm də bilmirəm maliyyə ayrılamlı idi, ayrılmadı, filmi çəkə bilmədik.

Ata və ər

Xanımı Zümrüdlə evliliklərinin artıq qızıl toyuna az qalıb, iki qızları böyüyüb, ailə qurublar, Xədicənin qızı, Cəlalənin oğlu var, Ramiz Əzizbəyli ən böyük zirvəni elə babalıq hesab edir.

Professor

Bir vaxtlar ixtisasdan kəsildiyi indiki Mədəniyyət və İncəsənət Universitetində professorluğa yüksəlib. "Cızmaqaralar” adlı satirik kitabı çap olunub. Bu yaxınlarda 70 yaşı olan xalq artisti Ramiz Əzizbəyli həm də şöhrət ordenlidir. Bunu özündən soruşmadım, çünki dəqiq bilirəm ürəyində çəkmək istədiyi film də var, çəkilmək istədiyi rol da. Hələ dindirsən ara-sıra rol aldığı teatr səhnələrində də, televiziya tamaşalarında da həsrəti qalıb, çünki yaradıcı insanın arzusu, istəyi tükənmir, tükənirsə demək o insn özü tükənib. Ramiz Əzizbəyli isə tükənən insan deyil...

Ramilə Qurbanlı
banner

Oxşar Xəbərlər