• çərşənbə axşamı, 19 mart, 15:07
  • Baku Bakı 8°C

Özündən Amerika çıxartma

31.01.19 13:15 4350
Özündən Amerika çıxartma
Brodvey əvvələr Manhettendə qaya və bataqlıqlar arasında bir yer idi. Holland gəlmələr bu bataqlığı yola çevirib adını "Heerestraat”, yəni "lordlar küçəsi” qoyur. Sonralar şəhərin adı ingilis dilinə uyğunlaşdırılaraq olur Brodvey. Holland dilində "breede weg” "böyük yol” deməkdir. Broadway sözü isə ingiliscədən "geniş küçə” kimi tərcümə olunur.
Brodvey Nyu-Yorkun kult şəhərlərindən sayılır. Demək olar ki, bütün teatrlar və muzik-hollar burada cəmləşib. Bu səbəbdəndir ki, Brodvey tamaşaları müzikl janrını dünya brendinə çevirib. Şəhər oraya ayaq basan hər kəsi ovsunlayır və aparıb atır düz nağıllar aləminin ortasına...
Uzun incə bir yoldayam...
Əgər siz insanlarla dolu, dörd bir yanı reklam panoları ilə işıqlandırılmış uzun və geniş bir küçədəsinizsə, deməli, Times Square küçəsinə xoş gəlmisiniz.
Brodvey Manhettenin ən uzun küçəsidir, Uoll Streetdə başlayıb, Central Parkda bitir. Küçənin uzunluğu 50 km-dən çoxdur. Daha dəqiqi, Brodvey bütün Manhetten boyu, Bronksa, hətta şimaldan Nyu-Yorkun mərkəzi olan Olbaniyəcən uzanır. Bir az da dəqiqi, Nyu-Yorkda Brodvey adlı 4 küçə var, Manhetten, Bruklin, Kvinse və Staten Aylend. Əlbəttə, ən məşhuru Manhettendəki Brodveydir. O Brodvey ki, Times Square küçəsində amerikan teatr mədəniyyətinin əsasını qoymuş 40-dan çox teatra qucaq açıb.
Gecə bütün küçə parlaq işıqlara bürünür, nəhəng ekranların işığı öz kəhkəşanını yaradır, meteor yağışı kimi göz oxşayır. Burada sağ, sol, yer, göy – hər tərəf teatrdır. Times Square-də bütün yollar Brodvey teatrlarına aparır. Gözəl deyilmi, bütün yollar TEATRa?!
Brodveydən off-Brodveyə...
Brodveyə düşə bilməyən teatrlar off-Brodvey adlandırılır. Brodvey, off-Brodvey anlayışları teatr binalarının tamaşaçı tutumu ilə müəyyənləşir. Necə? Beləcə, teatrda 499-dan çox yer varsa, onda o, Brodvey teatrı statusuna uyğun gəlir. Əgər azdısa, həmin teatr off-Brodvey adı ilə qane olmalıdır, yox, əgər tamaşaçı zalının tutumu 100 nəfərlə məhdudlaşırsa, bu zaman teatr off-off Brodvey statusuna məhkumdur. Off-off Brodveydə, əsasən, eksperimental, yaxud həvəskar tamaşalar göstərilir.
Brodvey niyə Brodveydir?..
Brodvey teatrı ABŞ-ın teatr həyatında əsas yerlərdən birini tutur. Əgər bir zamanlar Brodvey Nyu-York küçələrində yerləşən teatrların cəm olduğu yeri bildirirdisə, zamanla bir performans, bir teatr üslubuna çevrildi.
XIX əsrin sonu, XX əsrin əvvəllərində formalaşmağa başlayan müasir Brodvey teatrı kommersiya teatrıdır, yəni, fəaliyyəti birbaşa şəkildə maliyyə vəsaiti ilə bağlıdır. Brodvey teatrında daimi aktyor və rejissor heyəti, sabit repertuar anlayışı yoxdur. Onların sayı da dəyişkəndir. Dəyişkənlik isə bağlıdır teatrların maliyyə vəziyyətinə. Bizdən iraq, pul qazana bilməyən teatr ölümə məhkumdur!!! Yaşamaq istəyən teatrlarsa, "ağıllı tərpənib” öz tamaşalarına mütləq bir tanınmış ulduzu dəvət edir. Şounun hazırlanması üçün məxsusi truppa yığılır, tamaşa gündəmdən düşənə qədər (oxu: satılmayana qədər) hər gün ard-arda nümayiş olunur. Əgər tamaşa satılmırsa, truppa buraxılır.
Brodveydə uğur qazanmış tamaşa başqa ölkələrdə də göstərilir. Bəzən hansısa tamaşa repertuarda vur-tut bir həftə qalır, bəzən isə böyük müvəffəqiyyət qazanaraq, illərlə nümayiş olunur. Məsələn, məşhur müzikl "Mənim gözəl xanımım” 7 il səhnələrdən düşməyib. Brodveydə nadir hallarda klassik tamaşalar hazırlanır, səbəb isə belə tamaşaların satılmamasıdır.
Məhşur "Qrup” teatrı bağlandıqdan sonra, Brodvey teatrının tarixinin mühüm bir səhifəsini təşkil edən rejissor Elia Kazan parlamağa başladı. O, 1941-ci ildən sonra Brodvey teatrlarının ən məşhur rejissorlarından oldu. Qısa zamanda Brodveydə populyar bir simaya çevrildi. E.Kazan həyati suallara cavab verə biləcək ciddi pyesləri tamaşaya qoymağa çalışırdı. Onun rejissor üslubunun formalaşması – amerikan klassiklər T.Uilyams və A.Millerin pyesləri ilə bağlıdır. E.Kazan Brodveydə A.Millerin 3 pyesini tamaşaya qoyub. Millerin əsərləri əsasında hazırlanan tamaşalardan "Bəxti gətirən insan” (1945) ilk dəfə Brodveydə bəyənilib. Bir neçə ildən sonra E.Kazanın A.Millerin "Hamısı mənim oğlum idi” əsəri əsasında hazırladığı müzikl də uğur qazanır. "Kommivoyajorun ölümü” (1949) tamaşası isə onu Amerikanın aparıcı rejissorlarından birinə çevirir. Onu da deyim ki, Kazan Stanislavski sisteminin, daha doğrusu, pisixoloji teatrın pərəstişkarı idi və tamaşalarını məhz bu sistemin prinsipləri əsasında hazırlayırdı. Tənqidçilər "Kommivoyajorun ölümü” tamaşası haqqında yazanda aktyor oyununu "Stanislavskisayağı ifanın triumfu” adlandırmışdılar. E.Kazan, həmçinin T.Uilyamsın əsərlərinin ən yaxşı quruluşçusu adını qazanmışdı. "Arzular tramvayı”, "Gerçəklik yolu”, "Qızmar damda pişik”, "Şirin səsli gənclik quşu” rejissorun T.Uilyamsın əsərləri əsasında hazırladığı ən uğurlu tamaşalarıdır.
İkinci dünya müharibəsindən sonra Brodvey tamaşalarında dəbdəbə, təmtəraq daha da artmağa başlayır. Məsələn, bu dövrdə dram tamaşalarına təxminən 100.000 dollar, müzikllara isə 500.000 dollar xərclənirdi (bəli, bəli, söhbət ötən əsrin 40-cı illərindən gedir) və bunun nəticəsində möhtəşəm tamaşalar ərsəyə gəlirdi. 1985-ci ildə Brodveydə biletin qiymətinin 40-50 dollar olmasına baxmayaraq, bir müzikl 5-8 milyon dollara başa gəlirdi. Brodveydə tamaşa hazırlamaq hər kəsin cibi üçün deyildi, yalnız varlı antreprenyorlar bunu edə bilərdilər.
60-cı illərin sonunda Brodvey sürətlə boşalırdı. Disko, rok və digər musiqi janrları hit-paradlarda birinci yeri tuturdu, müzikl öz populyarlığını və auditoriyasını itirirdi. Artıq insanlar yeni dəbdə olan musiqilərə qulaq asırdılar. Brodveydə uğursuzluq uğursuzluq ardınca gəlirdi. Beləliklə, bəstəkarların ağlına belə bir ideya gəldi - incəsənət sintetik sənət növüdür deyərək - teatr tamaşalarını yeni musiqi trendləri ilə birləşdirdilər.
Roku musiqili səhnəyə ilk dəfə Qalt Mak Dermot Amerikada ajiotaj yaradan "Saçlar” tamaşası ilə gətirdi. Corc Kandera isə "Çikaqo” müzikli (Bob Fossun xoreoqraflığı ilə) ilə XX əsrin rəqs ritmini sarsıtdı, kökündən dəyişdi.
Brodveyin mələkləri...
Brodvey teatrının tamaşaları adətən təmtəraqlı, böyük və bahalı tərtibat, çoxlu xərc tələb edirdi. Odur ki, sponsor tapmadan nəsə etmək müşkül idi. Bu böyük missiyanı çiyinlərində daşıyan prodüserlərə "Brodveyin mələkləri” deyirdilər. Onlar pyes seçimində iştirak edir, tanınmış artistləri və rejissorları dəvət edirdi. "Brodveyin mələkləri” zamana həssas olmalıdır: "cəmiyyət nə ilə nəfəs alır, bu dəqiqə tamaşaçıya nə lazımdır”, onu duymaq, ideya və pul tapmaq, truppanı toplamaq – budur, onların həyat tərzi. Brodvey teatrını böhrandan məhz "Brodveyin mələkləri” çıxartdı. Nəyin hesabına? Repertuarı döyüş, detektiv, yüngül komediya, günlük revyularla bəzəməyin hesabına. Ondandır ki, müharibədən sonra Brodvey tamaşaları daha çox "kütləni əyləndirmək” istiqamətinə yön aldı. Saxta romantik qəhrəmanlar və gözəl xəyallar, elitanın şirin həyatı, burjua təmtərağı Brodvey tamaşalarının əsas xüsusiyyəti oldu.
Brodvey deyir ki...
Bu gün Brodvey tamaşalarına biletin qiyməti 60-200 dollar arasında dəyişir. Təbii, bu məbləğ hamı üçün əlçatan olmaya bilər. Unutmaq lazım deyil ki, Amerika güzəştli və sərfəli təkliflər ölkəsidir. Ona görə, çəkinməyin, Times Square küçəsinə doğru addımlayın. Ticket Times Square Booth orada xüsusi lövhədə sizə yarı qiymətinə bilet tapmaq üçün şans verir. Burada heç kəs sıra gözləmir. İşdi-şayəd, tamaşanın bəxti gətirsə və "Toni” mükafatını alsa, yaxın illərdə endirim gözləmək mənasızdır.
Brodvey tamaşalarına tez-tez kino və televiziya aktyorları dəvət olunur. Əvəllər onlarla 6 aylıq müqavilə bağlanırdısa, indi müqavilənin ömrü 3 aya qədər qısaldılıb. Yeri gəlmişkən, pop kraliçası Madonna da öz karyerasını Brodveydən başlayıb. Özü də haradan? Qarderobdan! Stanislavski əmi düz buyururmuş, "teatr qarderobdan başlayır”...
Bəli, Brodvey teatrı kütləvi tamaşaçının zövqünü nəzərə alan incəsənət növüdür. Ancaq bu, qətiyyən o demək deyil ki, Brodvey teatrları pis teatrdır. Sadəcə olaraq, o başqa cürdür və onu Avropa teatrı ilə müqayisə etmək gülməlidir. Rəqs və mahnının ahəngi, kəskin süjet, heyranedici, ehtiraslı və temperamentli qəhrəmanlar, asan yadda qalan mahnılar – günümüzdə də kütləvi tamaşaçının nəbzini tutan və zövqünü oxşayan məqamlardır.
Brodvey teatrlarının inkişafı bir saniyə belə olsun dayanmamalıdır. Brodvey şouları davam etməli, öz sahibkarlarına gəlir qazandırmalıdır. Yeni quruluşlar, məşhur aktyorlar, rejissorlar və bəstəkarlar ən populyar müzikllar – hamı bu çalışmalar üzərində işləyir.
Brodvey deyir ki, baxın, siz mənim dekorasiyamı qura bilməzsiniz, siz mənim kostyumlarımı geyinə bilməzsiniz. Brodvey tamaşaları kalleydeskopu xatırlardır. Niyə kaleydeskopu? Çünki Brodvey tamaşaları rəngarəngdir, sanki "Min bir gecə” nağıllarındasan, gözləyirsən ki, indi haradansa sehirli xalça gələcək və səni o nağıllar aləminə aparacaq. Çünki...
Brodvey nəhəng və dəbdəbəli dekorasiyalar, bahalı kostyumlar teatrıdır...
Brodvey dəb yarışıdır...
Brodvey dəbəbə teatrıdır...
Brodvey nağıl teatrıdır...
Brodvey zibildən konfet kimi tamaşa düzəldən teatrdır...
Brodvey tamaşaçısını tanıyan teatrdır...
Razimə İsmayılova
Teatrşünas
banner

Oxşar Xəbərlər