• çərşənbə axşamı, 19 mart, 14:11
  • Baku Bakı 8°C

Özündə müasir liderin əsas keyfiyyətlərini birləşdirən siyasətçi

24.12.18 18:08 1202
Özündə müasir liderin əsas keyfiyyətlərini birləşdirən siyasətçi
Prezident İlham Əliyevin ad günü ilə bağlı Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə və digər ölkələrin mediasında çoxsaylı materiallar dərc edilir. Bu materiallarda prezident İlham Əliyevin yürütdüyü siyasətin öz bəhrəsini verdiyi, Azərbaycan tək regionda deyil, dünyada söz sahibi olan bir dövlətə çevrildiyi, ölkədə hərtərəfli sabitliyin təmin olunduğu əsas xətt kimi keçir. Ən əsası, Azərbaycanın təhlükəsiz, geosiyasi problemlər vəd etməyən cəlbedici ixrac mənbəyinə, enerji və nəqliyyat xabına çevrildiyi bildirilir. Rusiyanın nüfuzlu "Moskva-Baku” portalında dərc olunan məqalədə bu məsələlərdən bəhs edib. "İlham Əliyev - qloballaşan dünyanın müasir liderinin etalonudur”, - deyə müəllif məqaləsini məşhur yazıçı Çingiz Aytmatovdan sitat gətirməklə başlayıb. "Əlbəttə, İlham Əliyev birdən-birə lider və ya lider üçün etalona çevrilməyib. Bütün bu aspektlər hər zaman istedad, iti ağıl və yüksək mədəniyyətlə möhkəmlənib”.
Məqalədə qeyd edilir ki, İlham Əliyev "Əsrin müqaviləsi”nin hazırlanması və həyata keçirilməsinə böyük töhfə verib: "Müqavilə 1994-cü ildə imzalanıb. Burada əsas rolu Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan oynayıb. 23 il sonra 2017-ci ilin 14 sentyabrında Bakıda "Azəri-Çıraq-Günəşli” yatağının işlənməsinə dair yeni "Əsrin müqaviləsi” imzalandı. Müqaviləyə əsasən, Azərbaycanın iştirak payı 11.6-dan 25 faizə qədər artdı. Yüksək peşəkarlıq, diplomatik qabiliyyət – müasir liderin əsas keyfiyyətləridir. Məhz bunlar İlham Əliyevin siyasi karyerasının fərqli və cəlbedici xüsusiyyətləri sırasındadır. Prezidentlik dövrünün ilk günlərindən etibarən İlham Əliyev neft amilini xalqın və müstəqil Azərbaycanın mənafeyi naminə istifadə edir”. Məqalə müəllifi yazır ki, sonradan prezident bu məsələ barəsində belə deyirdi: "Biz "qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır. Bunu hər kəs bilməlidir”.
Uzun illər Azərbaycan ictimaiyyətini narahat edən Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi İlham Əliyevin daimi diqqət mərkəzindədir. O dəfələrlə qeyd edib ki, Azərbaycan Qarabağsız ola bilməz. Münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması – dövlət başçısının birmənalı mövqeyidir. Azərbaycan prezidenti birmənalı və qəti şəkildə bildirib: "Nə 5 il, nə 10 il, nə 15 il sonra, hətta 100 il sonra belə Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaq. Prezident olduğum müddətdə buna imkan verməyəcəyəm”. İlham Əliyev hər yerdə novator və islahatçı yanaşmasını nümayiş etdirir. Dünyada baş verən proseslər və dəyişikliklərin məntiqinə əsaslanaraq Azərbaycanın daimi inkişafını sürətləndirən vacib addımlar atır. Azərbaycanla Aİ arasındakı yeni müqavilənin bağlanması üzrə danışıqlar prosesini başladan Brüssel səfəri, Nyu Yorkda BMT-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə çağırış etdiyi Baş Assambleyadakı çıxışı, Avropa ilə Asiyanı birləşdirən ən qısa yol olan Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı ilə əlaqədar Bakı Beynəlxalq Dəniz Ticarəti limanındakı təntənəli mərasim, Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə üçtərəfli sammit, "Şimal-Cənub dəhlizi”nin yaradılmasına dair plan daxil olmaqla enerji və nəqliyyat sahələrində geniş layihələrin müzakirəsi və s. İlham Əliyevin "prezidentlik xronikası”nın yalnız bir hissəsidir. İlham Əliyev uğurlu və özünəməxsus bir şəxsiyyətdir. Zəngin insani dəyərləri, kübar davranışı, rasional düşüncə tərzini, sarsılmaz vətənpərvərlik, praqmatizm və milli mentaliteti özündə birləşdirərək Azərbaycanın ictimai həyatına və siyasətinə yeni bir nəfəs, müasirlik və intellektualizm gətirir”.
Portalda dərc olunan məqalədə o da qeyd edilir ki, "İlham Əliyev atası Heydər Əliyevin mənəvi-siyasi və dövlətçilik irsini davam etdirən şəxsdir. O, ümummilli liderin siyasi kursuna tamamilə sadiqdir. Prinsiplərə sadiqlik, intellektual parıltı, cəmiyyətə qarşı açıqlıq, tolerantlıq, səmimiyyət və humanizm kimi keyfiyyətləri atasından miras qalıb. Heydər Əliyev kimi qətiyyət, enerji, zehni potensial və təşəbbüsə sahibdir. İdarəetmə keyfiyyətlərinə sahib olmaq, bu və ya digər problemin müzakirəsində fəal iştirak, müasir Qərb liderlərinə xas imic və ən əsası, qüsursuz avtoritet Heydər Əliyev fenomeninin əsas göstəriciləri idi. İndi isə həmin keyfiyyətlər məhz İlham Əliyevi xarakterizə edir. Ata və oğul xarakter cəhətdən səmimi insanlardır. Səmimiyyət sadə vətəndaşlarla ünsiyyət zamanı daha parlaq şəkildə özünü büruzə verir. Bütün müdrik dövlət xadimləri kimi İlham Əliyev də hər kəslə ümumi dil tapmağı, sadə vətəndaşlarla istənilən psixoloji baryeri aradan qaldırmağı bacarır. Öz siyasi komandasının üzvlərinə qarşı münasibətdə də dövlət başçısı səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərəfdarıdır. Lakin bütün bunlar dövlət başçısının kifayət qədər sərt qərarlar qəbul etməsini də istisna etmir. Xarizmatik lider olan İlham Əliyev özünə qarşı da tələbkardır. İctimai fikirdə İlham Əliyev özünənəzarət və qanunun aliliyinin təminatçısı kimi tanınır. Sərt intizam və yüksək məsuliyyət hissi dövlət başçısının bütün fəaliyyətini əhatə edir”.
Öz növbəsində Birləşmiş Ərəb Əmirliklərinin ərəbdilli "samanews” və "kolalarab” xəbər agentliklərində, "eremnews” internet portalında, həmçinin ingilis, çin və rus dillərində nəşr olunan "Avia Most” qəzetində "İlham Əliyev: Müsəlman dünyasının birliyə və həmrəyliyə ehtiyacı var” sərlövhəli məqalə dərc olunub. Məqalədə son illərdə Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri sakinlərinin səfər etdikləri ən sevimli məkanlardan birinə çevrildiyi bildirilir. Ölkəmizin mənzərəli yerlərindən, qış və yay istirahət mərkəzlərindən, mülayim iqlimindən, ləziz mətbəxindən söhbət açılır. Azərbaycan xalqının Birləşmiş Ərəb Əmirliklərindən olan turistlərə olan mehriban münasibətindən bəhs olunur. Yazıda vurğulanır ki, Azərbaycan Cənubi Qafqaz regionunun lider ölkəsinə çevrilib. Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əhəmiyyətli addımların atıldığı bildirilir. Qeyd olunur ki, enerji sektorunun inkişafı ilə yanaşı, qeyri-neft sektorunun da müsbət dinamikasını təmin etmək məqsədilə nəqliyyat, kənd təsərrüfatı, turizm, sənaye, azad iqtisadi zonaların yaradılması və digər sahələr təşviq edilməkdədir.
Bildirilir ki, Xəzər dənizində yerləşən "Azəri-Çıraq-Günəşli” neft yatağının gələcəkdə işlədilməsi ilə bağlı dünyanın aparıcı neft şirkətləri ilə 2050-ci ilə qədər yeni müqavilə imzalanıb. 2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi olub. Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir ki, onların üçü - "Şahdəniz-2” qaz yatağının işlədilməsi, Cənubi Qafqaz Kəməri və TANAP layihələri üzrə işlər yekunlaşıb, sonuncu olan TAP layihəsinin böyük bir hissəsi icra olunub. Yazıda strateji baxımdan mühüm məkanda - Şimal-Cənub və Qərb-Şərq beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycanın əsrlər boyu özünəməxsus körpü rolunu oynadığı vurğulanır. Məqalədə 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasiminin keçirildiyi bildirilir. Qeyd edilir ki, Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan sözügedən dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar vasitəsilə bərpası deməkdir, bu isə öz növbəsində Mərkəzi Asiya ölkələrinin, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Yeni dəmir yolu xətti regionda turizmin inkişafına da güclü təsir göstərəcək. Eyni zamanda, məqalədə vurğulanır ki, yaxın gələcəkdə Cənub-Şimal dəmir yolunun da istismara verilməsi nəzərdə tutulur. Bu nəqliyyat dəhlizi vasitəsilə Cənubi Asiya istiqamətindən yüklərin Azərbaycan üzərindən Rusiya və Şimali Avropa ölkələrinə nəqli asanlaşdırılacaq. Bütün bunlarla yanaşı, Azərbaycan Respublikası Çin Xalq Respublikasının təşəbbüsü olan "Bir Kəmər - Bir Yol” layihəsini də dəstəkləyir.
Yazıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya barədə də bəhs edilir. Bu sənədin imzalanmasının regionda əməkdaşlıq proseslərinə təkan verilməsi, dənizin bioresurslarının, ətraf mühitin qorunması və təhlükəsizliyin təmin edilməsi baxımından son dərəcə əhəmiyyətli olduğu qeyd edilir.
Məqalədə Azərbaycanın müxtəlif sivilizasiyalar və mədəniyyətlərin qovşağında yerləşən nadir bir dövlət olduğu bildirilir. Azərbaycanın humanitar məsələlərin müzakirəsinə çox böyük əhəmiyyət verdiyi, ölkədə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlərin keçirildiyi vurğulanır. Bu tədbirlərdən sonuncusu 2018-ci ilin oktyabrın 25-də VI Bakı Beynəlxalq Humanitar Forumu olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilmiş forumun açılış mərasimində Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla 90-dan artıq ölkədən 400-dən çox xarici qonaq iştirak edib. Yazıda qeyd olunur ki, Azərbaycan ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, Formula 1 kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri iştirak edib. Bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb. Bu Oyunları 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçı izləyib.
Yazıda, İslamın Azərbaycanda hələ 7-8-ci əsrlərdə yayıldığı bildirilir. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkədə İslam dəyərlərinin inkişafı istiqamətində böyük işlərin görüldüyü, yeni məscid və məbədlər tikildiyi bildirilir. Xüsusi qeyd olunur ki, əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 2200-ə yaxınlaşır. Bütün bunlarla yanaşı, Müsəlman dünyasının üzləşdiyi problemlərin gündəmə gətirilməsi, həll olunması istiqamətində də Azərbaycan səylərini əsirgəməyib. Prezident İlham Əliyev İƏT-in rəsmi mətbuat orqanı olan "OIC Journal”da dərc olunmuş "İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsində bildirib: "Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır”.
Məqalədə vurğulanır ki, Prezident İlham Əliyevin ölkədə apardığı inamlı siyasət Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanır və dəstəklənir. Təsadüfi deyil ki, 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində İlham Əliyev seçicilərin 86 faizdən çox səsini qazanaraq yenidən prezidenti seçilib.
Türkiyənin "Hüriyyet” qəzeti də İlham Əliyevin doğum günündən bəhs edib. Xəbərdə dünya dövlətlərinin liderlərinin, o cümlədən Rusiya prezidenti Vladimir Putinin İlham Əliyevə təbrik məktubu göndərməsi, telefonla zəng etməsini xüsusi qeyd edib.
Kamran
banner

Oxşar Xəbərlər