• çərşənbə, 24 Aprel, 13:36
  • Baku Bakı 27°C

“Özümüzün cizgi filmi qəhrəmanlarımız formalaşmalıdır”

29.03.14 10:26 1474
“Özümüzün cizgi filmi qəhrəmanlarımız formalaşmalıdır”
Son vaxtlar xarici şirkətlərin istehsal etdikləri uşaq filmlərinin körpələrimizin psixologiyasına mənfi təsiri mətbuat səhifələrindən düşmür. Yerli animasiya filmlərimizin çəkilmədiyini söyləyərək şikayətlənən cizgi filmi həvəskarlarına və azyaşlı uşaqlara xoş xəbərimiz var. Azyaşlı uşaqların zövqünə uyğun, müasir texnologiyalarla işlənmiş yeni animasiya filmi hazırlanır. Bu barədə “Kaspi”-yə açıqlama verən Azərbaycanfilm kinostudiyasının direktoru Müşfiq Hətəmov uşaqlar üçün yeni bədii filmin fərqli bir layihə olacağını və uşaqlar üçün böyük tərbiyəvi əhəmiyyət daşıyacağını qeyd etdi.
Müşfiq Hətəmovun sözlərinə görə, azyaşlı uşaqların marağını nəzərə alaraq, “Dəyərli adlar” adlı bədii film hazırlanacaq. Filmin çəkilişlərinin avqust ayında başlanacağı nəzərdə tutulub. Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, rejissorları Cavid Əhmədova və Rafiq Əliyev olacaq.
Müşfiq Hətəmov bizimlə söhbətində uşaqlar üçün hazırlanan filmin mövzusunun tərbiyəvi əhəmiyyətə malik olduğunu, orada uşaqlar arasında ünsiyyətdən, onların həyata, müasir texnologiyaya münasibətindən bəhs ediləcəyini qeyd etdi: “Uşaqlar üçün nəzərdə tutduğumuz “Dəyərli adlar” bədii filmində valideynlərlə uşaqlar arasında olan münasibət, sərhədlərin açılması dövründə yaranan hadisələr yer alacaq. Film müasir dövrün problemləri və uşaqların dünyagörüşünün dəyişməsinə yönəldilib. Düşünürəm ki, belə layihələrlə uşaqların həyata baxışını az da olsa dəyişə biləcəyik. Orada biz uşaqların bədbəxt hadisələrə reaksiyasını göstərəcəyik. Bundan əlavə, uşaqların müasir texnologiyalara münasibətini öyrənməyə çalışacağıq. Filmi çəkməkdə əsas məqsəd uşaqları tərbiyələndirmək və maarifləndirməkdən ibarətdir. Ümid edirəm ki, bu məqsədimizə yaxın zamanda nail ola biləcəyik”.
May ayının ortalarında ssenarinin tamamlanacağını söyləyən M.Hətəmov hazırda ssenarinin üzərində iş prosesinin getdiyini deyir: “Uşaqlarla işləmək çətin proses olduğu üçün filimdə iki rejissorla işləməyi qərara aldıq. Bu çox ağır bir layihədir. Bu layihəyə gələcəkdə gənc rejissor və aktyorları da cəlb edəcəyik ki, effektli nəticələr əldə edə bilək. Məlumat üçün bildirim ki, bu layihə davamlı olacaq. Belə ki, hər il uşaq mövzusunda yeni film nümayiş etdirməyi düşünürük. Qeyd edim ki, bu layihəni Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə həyata keçiririk”.
M.Hətəmov uşaqların pis vərdişlərdən kənarlaşması üçün belə layihələrin daha çox olmasının və uşaq mövzusundan bəhs edən verilişlər hazırlanmasının, uşaq televiziyalarının açılmasının zəruri olduğunu qeyd etdi: “Uşaqlara yaşlarına uyğun olmayan verilişlərə baxmaq qadağası qoymaq üçün, ilk növbədə uşaq verilişləri hazırlanmalıdır ki, onlar yaşlarına uyğun olmayan seriallara və verilişlərə baxmasınlar. Animasiyalı filmlər çox xərc tələb edən filmlərdir. Müasir dövrdə həmin filmlərdə daha çox qrafikadan istifadə olunur, eyni zamanda müasir dövrün tələblərinə uyğun olaraq səsləndirmə sistemləri var ki, bunlar daha çox vəsait tələb edir. Ancaq nəzərinizə çatdırım ki, üzərində işlədiyimiz yeni layihənin büdcəsi o qədər də böyük deyil”.
Müşfiq Hətəmov cizgi filmi sahəsində rəqabətin yaradılmasının vacibliyi haqda danışaraq animasiyalı filmlərin çəkildiyini qeyd etdi: “Müasirliyi, dünyəviliyi və eyni zamanda milliliyi özündə birləşdirərək göstərə bilən cizgi filmlərinin çəkilməsini istəyirik. Bizim özümüzün cizgi filmi qəhrəmanlarımız formalaşmalıdır və istərdim ki, gələcəkdə çəkiləcək cizgi filmləri 3-5 dəqiqəlik deyil, serial şəklində, davamlı olsun. Dünya bazarında da animasiyaya böyük tələbat var və bu bazara çıxa biləcək animasiyaların hazırlanması mühüm məsələdir. Ona görə bu sahədə professionalların formalaşmasında maraqlıyıq”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər