• şənbə, 20 Aprel, 07:24
  • Baku Bakı 14°C

Özümüzü və özümüzünküləri tanıyaq - Diskussiya

09.06.18 11:00 3723
Özümüzü və özümüzünküləri tanıyaq - Diskussiya
Bəzən tarixə biganə qalaraq öz qəhrəmanlarımızı unuduruq. Tarix isə unudanları heç vaxt bağışlamır. Əslində isə, öz firavan yaşayışından, bəzən hətta canından keçib vətəni, xalqı üçün iz qoyan insanları mənəvi olaraq yaşatmaq elə də çətin iş deyil. Bəs bu missiyada gənclərin üzərinə nə düşür? Görkəmli şəxsiyyətləri gələcək nəsillərin yaddaşında necə möhkəmləndirməliyik?

Sualın cavabını gənclərlə müzakirə etdik...


Orxan Güləhmədov:
- Hər bir sənətkarın, şəxsiyyətin öz yolu olur. Dövlət tərəfindən onlar üçün çox işlər görülür. Onlarla bağlı muzeylər yaratmaq, yaşadığı evi əbədiləşdirmək, küçələrə ad vermək mühüm məsələdir. Bir tələbə olaraq, mənim üzərimə düşən işlər də var. Bizim gənclər təşkilatında onların adının əbədiləşdirilməsi, xatırlanması üçün addımlar atırıq. Məsələn, Ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı hər il "Prezident turniri” məntiq olimpiadası keçirilir. Burada minlərlə tələbə iştirak edir və biz həmin tələbələrdən intellekti olanları ortaya çıxarır, universitetlərdə "breyn-rinq” yarışmalarına yönləndiririk. Universitetdə də tələbə elmi cəmiyyəti var ki, alimləri, şəxsiyyətləri, sənətkarları yad etmək üçün müəyyən tədbirlər görürük. Məsələn, ədiblərimizi ədəbiyyat fakültələrində müzakirə edirik, xoşumuza gələn nüansları vurğulayırıq. Tələbə olaraq öhdəmizə məncə, bunlar düşür. Hər bir tələbə bunu etsə, məncə, çox gözəl nəticə əldə edə bilərik.

Yusif Xantemirov:
- Orxan yaxşı vurğuladı. Muzeylərin, parkların salınması gözəl addımdır. Müasir dövrün şəxsiyyətlərinin bizdən sonrakı və daha sonrakı nəsillərin yaddaşında qalması daha rahatdır. Amma 100 il bundan öncəni yaşatmaq o qədər də asan deyil. Məsələn, Məhəmməd Əmin Rəsulzadə, Yusif bəy Nəsibbəyli, Səməd bəy Mehmandarov, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov kimi şəxsiyyətlərin işlərini təbliğ etməliyik. Düzdür, onlara aid kitablar çap olunur, muzeylərə, xəstəxanalara, parklara, binalara adları verilir. Amma bir problem var ki, müasir nəsil kitaba maraq göstərmir. Daha çox internetə meyilli və kitablardan uzaq cəmiyyət olmuşuq. Hətta kitabların oxunması ilə bağlı bizim layihəmiz var idi və məlum oldu ki, gənclərin çox hissəsi kitab oxumur. Bu səbəbdən onları yalnız kitablarda yaşatmamalıyıq. Hansısa maşın, telefon markasına adlarını vermək olar. Düzdür, bu, kreativlikdir. Amma mənə elə gəlir ki, kitab yazmaqla yaddaşlarda möhkəmləndirmək məsələsi çətindir. Əvvəllər insanların yolda başıaşağı getməsi utancaqlıq sayılırdı, hazırda hamı başıaşağıdır və telefonla oynayır. Müasir elektron formasında dizaynlar etmək olar ki, gənclərin gözünün önündə olsun. Məsələn, feminist qrupları olur, onlar hansısa məşhur qadın şəxsiyyətlərlə bağlı videoroliklər, "vine”lər hazırlaya bilər. Bunlar daha çox təsir edər, nəinki kitablar.


Rəna Vəfadarlı:
- Tarixi şəxsiyyətlərin, görkəmli şairlərin xatırlanması həqiqətən ciddi məsələdir. Məsələn, bir neçə gün öncə görkəmli şairimiz Mikayıl Müşfiqin doğum günü idi. Çox üzülərək gördüm ki, heç kim xatırlamır. Sosial şəbəkələrdə bir statusa belə rast gəlmədim. Bu, çox üzücüdür. Bizim ən çox istifadə etdiyimiz sosial şəbəkələrdir. Bir statusla belə, öz sevgilərini bildirə bilərlər. Amma acınacaqlıdır ki, indiki gəncliyin marağında deyil. Düşünürəm ki, onların doğum, ölüm günü ilə bağlı tədbirlər keçirilə bilər. Ən azından metro stansiyalarına ad verilə bilər. Məsələn, "Koroğlu” stansiyası var. Düzdür, o da xalq qəhrəmanımızdır. Amma mifik obrazların yadda qalması, onsuz da rahatdır. Metro stansiyalarına görkəmli şəxsiyyətlərin adlarının verilməsi daha uyğundur. Məncə, təkcə adlarını vurğulamaqla gənclərə məlumat vermək olmaz, haqlarında da geniş informasiya lazımdır. Məktəblərdə onların ildönümlərini qeyd etməkdə müəllimlər özləri maraqlı olmalıdır. Dəftər üzlüklərində onların haqqında yazmaq olar. Məsələn, mən dəftər alıram, üstündə bir çox hallarda Aristotelin, Sokratın kəlamlarına rast gəlirik. Amma Azərbaycanın görkəmli alimlərinin, şairlərinin, şəxsiyyətlərinin sözlərindən istifadə olunmur.


Orxan Güləhmədov:
- Televiziya kanallarında verilişlər təşkil olunmalı və gəncləri dəvət edib diskussiyalar aparmalıdırlar. Bu çox önəmlidir. Gənclərimiz internetlə korluğa doğru gedir. Sosial şəbəkələrdə idman səhifələrini izləyir, fanatlıq edirlər, amma görkəmli şəxsiyyətlərimizdən xəbərləri yoxdur. Jurnalist yolda mikrofon uzadıb onlar haqda nəsə soruşanda, tanımırlar.

Yusif Xantemirov:
- AzTV gənclər üçün layihələr edən ən yaxşı kanallardan biridir. Məsələn, "Xəmsə”, Breyn-rinq yarışmaları, intellektual oyunlar keçirirlər, gənclərlə bağlı maraqlı layihələri olur. Belə layihələr nə qədər çox olsa, istər təhsilli, istərsə də təhsilsiz gənclər şəxsiyyətlərimizi unutmazlar.

Rəna Vəfadarlı:
- Məsələn, kanallardan birində Mübariz İbrahimov haqqında məlumatlar verildi. Onun həyatı ilə bağlı çox gözəl veriliş hazırlanmışdı. Mən verilişə baxdıqca, o qədər fəxr etdim ki... Veriliş bitdikdən sonra da araşdırmağa başladım. Çox təsirləndim. Həmin gün vətənə sevgim o qədər artdı ki. Gözlərim doldu. Amma dahi şəxsiyyətlərlə bağlı belə verilişlər çox azdır.


Sara Quliyeva:
- Məncə, görkəmli şəxsiyyətlərin unudulmaması üçün işlərə məktəblərdən başlamalıyıq. Çünki bunun kökü məktəbdən gəlir. Biz və bizdən əvvəlkilər nisbətən tanıyır. Amma bizdən sonrakı nəsillərin unutmaq ehtimalı daha çoxdur. Ona görə də ibtidai siniflərdən dərsliklərdə tarixi şəxsiyyətlər haqqında ətraflı məlumatlar verilməlidir. Məsələn, mən AXC ilə bağlı yazıları çox sevirəm. Xüsusilə, Paris Sülh Konfransı haqda oxumaqdan zövq alıram. Yüz illik yubiley respublika səviyyəsində çox yaxşı keçirildi və təbliğat da təqdirəlayiq idi. Bakı Dövlət Universitetinin hüquq fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi "Məhkəmə” müsabiqəsi var və ona Əlimərdan bəy Topçubaşovun adını veriblər. Və finalda iştirak edən komandalar Məhəmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski komandaları olur. Bunu çox yüksək qiymətləndirirəm. Ev muzeylərinin yaradılması, sərgilərin keçirilməsi çox yaxşı olar. Bundan əlavə, məsələn, İtaliya hökuməti öz gənclərinə sırf muzeylərə, sərgilərə, teatrlara xərclənə bilən təqaüdlər ayırır. Bu, gənclərin marağını daha çox artırar. Tarixi şəxsiyyətlərlə bağlı sənədli filmlərin çəkilməsi çox yaxşıdır. Xüsusilə "Son iclas”ın kinoteatrlarda pulsuz verilməsi gözəl addım idi.


- Müasir gənclik şəxsiyyətlərimizi tənqid etməlidirmi?

Orxan Güləhmədov:
- Məncə, tarixdə iz qoyan şəxsiyyətlərin tənqidi və təhqiri yolverilməzdir. Burada gənclərin üzərinə böyük iş düşür. Sənətkara elə-belə yerə sənətkar deyilmir. Tənqid edənlərin qarşısına həmin sənətkarın gördüyü işləri qoymalıyıq ki, ona nə üçün sənətkar dediyimizi bilsinlər. Sevindirici haldır ki, əvvəlki dövrlərdə çəkilən filmlər zaman-zaman göstərilir və sevilir. Gənclər də buna baxırlar. Bizdə elm sahəsində də görkəmli şəxsiyyətlər var. Niyə biz öz alimlərimizi, məsələn, naqilləşməninin kralı adlandırılan kimyaçı alim Yusif Məmmədəliyevi tanıtmırıq? Amma Albert Enşteyni hamı tanıyır. Düzdür, bu alim dünyanındır. Amma biz adətən özgəyə baxıb, onları önə çıxarırıq. Halbuki, öz şəxsiyyətlərimizdən misallar çəkməli, onları qabartmalıyıq.
Sara Quliyeva:
- Bu gün müasir yazarlar dahi şəxsiyyətləri tənqid edirlər. Məncə, bunun kökü savadsızlıqdan irəli gəlir. Gənclərin ədəbiyyatda, tarixdə iz qoymuş insanları tənqid etməsi düzgün deyil. O, tənqid etdiyi şəxsiyyəti tanımır və onun möhtəşəmliyinin fərqində deyil. Normal təhsil alıb həmin insanı öyrənənlər heç vaxt elə deməz. İnsanları maksimum dərəcədə təhsilə cəlb etməliyik.


Yusif:
- Əslində, hər şey nə qədər yaxşı olsa da, onda problem axtarmaq, tənqidi yanaşmaq lazımdır. Amma tarixi yazarları müasir gəncliyin tənqid etməsi düzgün deyil. Onların da dövründə professional tənqidçilər olub və tənqid ediblər.
Sara:
- Bizdə senzura ləğv olunub. Amma cəmiyyətin mental sağlamlığı üçün senzura olsaydı, yaxşı olardı. Dünənin şairi, yazıçısı, yüz ilin Mirzə Ələkbər Sabirini, Mikayıl Müşfiqini tənqid edir, lağ obyektinə çevirir. Bu nə dərəcədə düzgündür?

Rəna:
- Hər hansı bir şairin, rəssamın, yazarın, alimin, siyasətçinin ad günü və ya ölümünün ildönümüdürsə, müəllimlər məktəbdə informasiya verməlidirlər. Universitetlərdə tələbələrlə diskussiyalar təşkil edilib, tədbirlər, təlimlər keçirilməlidir. Təhsil almayan insanlar isə televiziya üzərindən maarifləndirilməlidir.


Orxan:
- Rənanın fikirlərinə qatılıram. Biz gənclər öz layihələrimizi hazırlamalı və yaymalıyıq. Pulsuz teatrların olması çox yaxşıdır. Yaxud teatrların sonunda hədiyyə verilsə, hamı gedər. Onlar haqqında universitetlərdə seminarlar, konfranslar keçirilməli, saytlar yaradılmalıdır. Sosial şəbəkələrdə isə mədəni-maarifləndirici yönümdə statuslar paylaşmalı, karikaturalar hazırlamalyıq. Nə üçün sənətkar, görkəmli şəxsiyyət dediyimizi izah etməliyik. Əsas iş gənclərin üzərindədir.

Yusif:
- Təhsil məsələsi vurğulandı və bu çox önəmlidir. Sinifdənxaric oxuların üzərinə ciddi şəkildə düşülməlidir. Müəllim özü də görkəmli şəxsiyyətləri təbliğ etməkdə maraqlı olmalıdır. Yeni layihələrin olması şərtdir.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər