Özümüzü və özümüzünküləri tanıyaq - Diskussiya
Bəzən tarixə biganə qalaraq öz qəhrəmanlarımızı unuduruq. Tarix isə
unudanları heç vaxt bağışlamır. Əslində isə, öz
firavan yaşayışından, bəzən hətta canından keçib vətəni, xalqı üçün iz
qoyan insanları mənəvi olaraq yaşatmaq elə də çətin iş deyil. Bəs bu missiyada
gənclərin üzərinə nə düşür? Görkəmli şəxsiyyətləri gələcək nəsillərin
yaddaşında necə möhkəmləndirməliyik?
Sualın cavabını gənclərlə müzakirə etdik...
Orxan Güləhmədov:
- Hər bir sənətkarın, şəxsiyyətin öz yolu olur. Dövlət tərəfindən
onlar üçün çox işlər görülür. Onlarla bağlı muzeylər yaratmaq, yaşadığı evi əbədiləşdirmək,
küçələrə ad vermək mühüm məsələdir. Bir tələbə olaraq, mənim üzərimə düşən işlər
də var. Bizim gənclər təşkilatında onların adının əbədiləşdirilməsi,
xatırlanması üçün addımlar atırıq. Məsələn, Ulu öndər Heydər Əliyevin doğum
günü ilə bağlı hər il "Prezident turniri” məntiq olimpiadası keçirilir. Burada
minlərlə tələbə iştirak edir və biz həmin tələbələrdən intellekti olanları
ortaya çıxarır, universitetlərdə "breyn-rinq” yarışmalarına yönləndiririk.
Universitetdə də tələbə elmi cəmiyyəti var ki, alimləri, şəxsiyyətləri, sənətkarları
yad etmək üçün müəyyən tədbirlər görürük. Məsələn, ədiblərimizi ədəbiyyat
fakültələrində müzakirə edirik, xoşumuza gələn nüansları vurğulayırıq. Tələbə
olaraq öhdəmizə məncə, bunlar düşür. Hər bir tələbə bunu etsə, məncə, çox gözəl
nəticə əldə edə bilərik.
Yusif Xantemirov:
- Orxan yaxşı vurğuladı. Muzeylərin, parkların salınması gözəl
addımdır. Müasir dövrün şəxsiyyətlərinin bizdən sonrakı və daha sonrakı nəsillərin
yaddaşında qalması daha rahatdır. Amma 100 il bundan öncəni yaşatmaq o qədər də
asan deyil. Məsələn, Məhəmməd Əmin Rəsulzadə, Yusif bəy Nəsibbəyli, Səməd bəy
Mehmandarov, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov kimi şəxsiyyətlərin
işlərini təbliğ etməliyik. Düzdür, onlara aid kitablar çap olunur, muzeylərə, xəstəxanalara,
parklara, binalara adları verilir. Amma bir problem var ki, müasir nəsil kitaba
maraq göstərmir. Daha çox internetə meyilli və kitablardan uzaq cəmiyyət
olmuşuq. Hətta kitabların oxunması ilə bağlı bizim layihəmiz var idi və məlum
oldu ki, gənclərin çox hissəsi kitab oxumur. Bu səbəbdən onları yalnız kitablarda
yaşatmamalıyıq. Hansısa maşın, telefon markasına adlarını vermək olar. Düzdür,
bu, kreativlikdir. Amma mənə elə gəlir ki, kitab yazmaqla yaddaşlarda möhkəmləndirmək
məsələsi çətindir. Əvvəllər insanların yolda başıaşağı getməsi utancaqlıq
sayılırdı, hazırda hamı başıaşağıdır və telefonla oynayır. Müasir elektron
formasında dizaynlar etmək olar ki, gənclərin gözünün önündə olsun. Məsələn,
feminist qrupları olur, onlar hansısa məşhur qadın şəxsiyyətlərlə bağlı
videoroliklər, "vine”lər hazırlaya bilər. Bunlar daha çox təsir edər, nəinki
kitablar.
Rəna Vəfadarlı:
- Tarixi şəxsiyyətlərin, görkəmli şairlərin xatırlanması həqiqətən
ciddi məsələdir. Məsələn, bir neçə gün öncə görkəmli şairimiz Mikayıl Müşfiqin
doğum günü idi. Çox üzülərək gördüm ki, heç kim xatırlamır. Sosial şəbəkələrdə
bir statusa belə rast gəlmədim. Bu, çox üzücüdür. Bizim ən çox istifadə
etdiyimiz sosial şəbəkələrdir. Bir statusla belə, öz sevgilərini bildirə bilərlər.
Amma acınacaqlıdır ki, indiki gəncliyin marağında deyil. Düşünürəm ki, onların
doğum, ölüm günü ilə bağlı tədbirlər keçirilə bilər. Ən azından metro
stansiyalarına ad verilə bilər. Məsələn, "Koroğlu” stansiyası var. Düzdür, o da
xalq qəhrəmanımızdır. Amma mifik obrazların yadda qalması, onsuz da rahatdır.
Metro stansiyalarına görkəmli şəxsiyyətlərin adlarının verilməsi daha uyğundur.
Məncə, təkcə adlarını vurğulamaqla gənclərə məlumat vermək olmaz, haqlarında da
geniş informasiya lazımdır. Məktəblərdə onların ildönümlərini qeyd etməkdə müəllimlər
özləri maraqlı olmalıdır. Dəftər üzlüklərində onların haqqında yazmaq olar. Məsələn,
mən dəftər alıram, üstündə bir çox hallarda Aristotelin, Sokratın kəlamlarına
rast gəlirik. Amma Azərbaycanın görkəmli alimlərinin, şairlərinin, şəxsiyyətlərinin
sözlərindən istifadə olunmur.
Orxan Güləhmədov:
- Televiziya kanallarında verilişlər təşkil olunmalı və gəncləri dəvət
edib diskussiyalar aparmalıdırlar. Bu çox önəmlidir. Gənclərimiz internetlə
korluğa doğru gedir. Sosial şəbəkələrdə idman səhifələrini izləyir, fanatlıq
edirlər, amma görkəmli şəxsiyyətlərimizdən xəbərləri yoxdur. Jurnalist yolda
mikrofon uzadıb onlar haqda nəsə soruşanda, tanımırlar.
Yusif Xantemirov:
- AzTV gənclər üçün layihələr edən ən yaxşı kanallardan biridir. Məsələn,
"Xəmsə”, Breyn-rinq yarışmaları, intellektual oyunlar keçirirlər, gənclərlə
bağlı maraqlı layihələri olur. Belə layihələr nə qədər çox olsa, istər təhsilli,
istərsə də təhsilsiz gənclər şəxsiyyətlərimizi unutmazlar.
Rəna Vəfadarlı:
- Məsələn, kanallardan birində Mübariz İbrahimov haqqında məlumatlar
verildi. Onun həyatı ilə bağlı çox gözəl veriliş hazırlanmışdı. Mən verilişə
baxdıqca, o qədər fəxr etdim ki... Veriliş bitdikdən sonra da araşdırmağa
başladım. Çox təsirləndim. Həmin gün vətənə sevgim o qədər artdı ki. Gözlərim
doldu. Amma dahi şəxsiyyətlərlə bağlı belə verilişlər çox azdır.
Sara Quliyeva:
- Məncə, görkəmli şəxsiyyətlərin unudulmaması üçün işlərə məktəblərdən
başlamalıyıq. Çünki bunun kökü məktəbdən gəlir. Biz və bizdən əvvəlkilər nisbətən
tanıyır. Amma bizdən sonrakı nəsillərin unutmaq ehtimalı daha çoxdur. Ona görə
də ibtidai siniflərdən dərsliklərdə tarixi şəxsiyyətlər haqqında ətraflı məlumatlar
verilməlidir. Məsələn, mən AXC ilə bağlı yazıları çox sevirəm. Xüsusilə, Paris
Sülh Konfransı haqda oxumaqdan zövq alıram. Yüz illik yubiley respublika səviyyəsində
çox yaxşı keçirildi və təbliğat da təqdirəlayiq idi. Bakı Dövlət Universitetinin
hüquq fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi "Məhkəmə” müsabiqəsi
var və ona Əlimərdan bəy Topçubaşovun adını veriblər. Və finalda iştirak edən komandalar
Məhəmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski komandaları olur. Bunu çox yüksək
qiymətləndirirəm. Ev muzeylərinin yaradılması, sərgilərin keçirilməsi çox yaxşı
olar. Bundan əlavə, məsələn, İtaliya hökuməti öz gənclərinə sırf muzeylərə, sərgilərə,
teatrlara xərclənə bilən təqaüdlər ayırır. Bu, gənclərin marağını daha çox
artırar. Tarixi şəxsiyyətlərlə bağlı sənədli filmlərin çəkilməsi çox yaxşıdır.
Xüsusilə "Son iclas”ın kinoteatrlarda pulsuz verilməsi gözəl addım idi.
-
Müasir gənclik şəxsiyyətlərimizi tənqid etməlidirmi?
Orxan Güləhmədov:
- Məncə, tarixdə iz qoyan şəxsiyyətlərin tənqidi və təhqiri yolverilməzdir.
Burada gənclərin üzərinə böyük iş düşür. Sənətkara elə-belə yerə sənətkar
deyilmir. Tənqid edənlərin qarşısına həmin sənətkarın gördüyü işləri qoymalıyıq
ki, ona nə üçün sənətkar dediyimizi bilsinlər. Sevindirici haldır ki, əvvəlki
dövrlərdə çəkilən filmlər zaman-zaman göstərilir və sevilir. Gənclər də buna
baxırlar. Bizdə elm sahəsində də görkəmli şəxsiyyətlər var. Niyə biz öz alimlərimizi,
məsələn, naqilləşməninin kralı adlandırılan kimyaçı alim Yusif Məmmədəliyevi
tanıtmırıq? Amma Albert Enşteyni hamı tanıyır. Düzdür, bu alim dünyanındır. Amma
biz adətən özgəyə baxıb, onları önə çıxarırıq. Halbuki, öz şəxsiyyətlərimizdən
misallar çəkməli, onları qabartmalıyıq.
Sara Quliyeva:
- Bu gün
müasir yazarlar dahi şəxsiyyətləri tənqid edirlər. Məncə, bunun kökü
savadsızlıqdan irəli gəlir. Gənclərin ədəbiyyatda, tarixdə iz qoymuş insanları
tənqid etməsi düzgün deyil. O, tənqid etdiyi şəxsiyyəti tanımır və onun möhtəşəmliyinin
fərqində deyil. Normal təhsil alıb həmin insanı öyrənənlər heç vaxt elə deməz.
İnsanları maksimum dərəcədə təhsilə cəlb etməliyik.
Yusif:
- Əslində, hər şey nə qədər yaxşı olsa da, onda problem axtarmaq, tənqidi
yanaşmaq lazımdır. Amma tarixi yazarları müasir gəncliyin tənqid etməsi düzgün
deyil. Onların da dövründə professional tənqidçilər olub və tənqid ediblər.
Sara:
- Bizdə senzura ləğv olunub. Amma cəmiyyətin mental sağlamlığı üçün
senzura olsaydı, yaxşı olardı. Dünənin şairi, yazıçısı, yüz ilin Mirzə Ələkbər
Sabirini, Mikayıl Müşfiqini tənqid edir, lağ obyektinə çevirir. Bu nə dərəcədə
düzgündür?
Rəna:
- Hər hansı bir şairin, rəssamın, yazarın, alimin, siyasətçinin ad
günü və ya ölümünün ildönümüdürsə, müəllimlər məktəbdə informasiya verməlidirlər.
Universitetlərdə tələbələrlə diskussiyalar təşkil edilib, tədbirlər, təlimlər
keçirilməlidir. Təhsil almayan insanlar isə televiziya üzərindən maarifləndirilməlidir.
Orxan:
- Rənanın fikirlərinə qatılıram. Biz gənclər öz layihələrimizi
hazırlamalı və yaymalıyıq. Pulsuz teatrların olması çox yaxşıdır. Yaxud
teatrların sonunda hədiyyə verilsə, hamı gedər. Onlar haqqında universitetlərdə
seminarlar, konfranslar keçirilməli, saytlar yaradılmalıdır. Sosial şəbəkələrdə
isə mədəni-maarifləndirici yönümdə statuslar paylaşmalı, karikaturalar
hazırlamalyıq. Nə üçün sənətkar, görkəmli şəxsiyyət dediyimizi izah etməliyik.
Əsas iş gənclərin üzərindədir.
Yusif:
- Təhsil məsələsi vurğulandı və bu çox önəmlidir. Sinifdənxaric
oxuların üzərinə ciddi şəkildə düşülməlidir. Müəllim özü də görkəmli şəxsiyyətləri
təbliğ etməkdə maraqlı olmalıdır. Yeni layihələrin olması şərtdir.
Aygün ƏZİZ