• cümə, 26 Aprel, 16:57
  • Baku Bakı 23°C

Özümüzü niyə təcrid etməliyik axı?

25.07.18 19:05 537
Özümüzü niyə təcrid etməliyik axı?
Azərbaycan həmişə özünün tolerantlıq ənənələri ilə tanınıb. İnsanlarımızın başqa millətlərə, dinlərə qarşı nümayiş etdirdiyi dözümlülük, hörmət həmişə dünyanın digər ölkələrinə nümunə kimi göstərilib. Hazırda ölkəmizdə çoxsaylı millətlərin nümayəndələri çox rahat, qardaşlıq şəraitində yaşayırlar. Azərbaycanda həm xristian kilsələri, həm yəhudi sinaqoqları fəaliyyətdədir. İslamın müxtəlif təriqətlərinin təmsilçiləri də məhz Azərbaycanda dünya müsəlmanlarına nümunə ola biləcək davranış nümayiş etdirirlər – vəhdət namazı qılırlar.
Belə görünür, xalqımızın bu ürəyigeniş düşüncə tərzi, dünyaya nümunə kimi göstərilməyimiz kimlərisə narahat etməyə başlayıb. Artıq bir neçə gündür ki, müəyyən dairələrin dəstəyi ilə sosial şəbəkələrdə Azərbaycanda ənənəvi şəkildə təşkil olunan "Jara” musiqi festivalının iştirakçısı, rusiyalı müğənni Zara ilə bağlı geniş kampaniya təşkil olunub və hazırda da davam etdirilir. Əsas iddia kimi, guya milliyyətcə erməni olan Zaranın Azərbaycana gəlməsi və festivalda çıxışının yolverilməzliyi fikri irəli sürülür.
Amma təbii ki, bu çağırışlar Azərbaycanın bütün dünyada formalaşmış müxtəlif xalqların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı, tolerant, bütün dini və milli azadlıqların təmin edildiyi ölkə imicinə xələl gətirən yanaşmadır.
Biz bütün dünyaya göstəririk ki, Ermənistanda bir nəfər azərbaycanlı qalmadığı halda, Dağlıq Qarabağı nəzərə almasaq belə, ölkəmizdə 30 min erməni əsilli vətəndaş yaşayır. Onlar ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir və bizim vətəndaşlarımız kimi davranırlar. Buna görə də azad və sərbəst şəkildə Azərbaycanda yaşamaqda davam edirlər. Azərbaycanın torpaqlarının işğalında iştirakçı olmayan, Azərbaycan xalqına qarşı cinayət törətməyən, dinc həyat tərzi sürən hər hansı erməni əsilli şəxsin ölkəmizə gəlməsi niyə yolverilməz hesab olunmalıdır?
Əgər biz bir erməni əsilli şəxsə görə bu qədər sərt mövqe ortaya qoyuruqsa, dünya necə inana bilər ki, sabah Dağlıq Qarabağ Azərbaycana qaytarılarsa, biz ermənilərlə birgə yaşaya, onların təhlükəsizliyini təmin edə bilərik. Erməni şovinistləri azərbaycanlılara qarşı soyqırımı törətdiyi, Ermənistana rəhbərlik etmiş şəxslərin azərbaycanlılarla ermənilər arasında irqi uyğunsuzluq barədə iddialar irəli sürdüyü halda, biz nəyə görə dünyaya özümüzü layiq olmadığımız şəkildə təqdim etməliyik?
Gələk məsələnin əsas tərəfinə. Zara heç erməni də deyil, Ermənistanda anadan olub, Rusiya vətəndaşıdır və milliyyətcə yezidi kürddür. Hər hansı bir şəxsin, o cümlədən də Zaranın öz doğulduğu ölkəyə hörmətlə yanaşması normal haldır.
Əgər Zara Ermənistana səfərlər edib həmin ölkəni tərifləyir və təbliğ edirsə, nəyə görə onun Azərbaycana gəlib bizim ölkəmiz haqqında xoş fikirlər səsləndirməsinə şərait yaradılmasın?. Özümüzü niyə təcrid etməli, qapılarımızı niyə bağlamalıyıq axı? Bəlkə məsələyə bu kontekstdən baxaq?
Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti və xalqı heç bir ölkəni və ya xalqı, o cümlədən də erməniləri özünə düşmən hesab etmir. Həm ermənilər, həm də azərbaycanlılar eyni coğrafiyanı bölüşürlər və gələcəkdə də dinc yanaşı yaşamağa məhkumdurlar. Azərbaycanın düşməni erməni xalqı deyil, erməni milliyyətçiliyinin və şovinizminin ideoloqları, Ermənistanın xunta və terrorçu rejimidir. Erməni xalqı da bu dairələrin girovudur və bundan əziyyət çəkir.
Bu baxımdan, yaradılan süni hay-küyə getmək lazım deyil. Azərbaycan azad, demokratik, bütün xalqların nümayəndələrinin sərbəst şəkildə yaşaya bildiyi ölkədir. Bu ölkədə müxtəlif beynəlxalq tədbirlər, mədəniyyət tədbirləri, idman yarışları keçirilir. Milliyyətindən asılı olmayaraq, siyasətçilər, sənət adamları, idmançılar ölkəmizə gələrək həmin tədbirlərdə iştirak edir, ölkəmizin inkişafını, müasirliyini, insanlarımızın qonaqpərvərliyini canlı şəkildə görürlər. Buradan qayıdandan sonra onların çoxunun ölkəmizə və xalqımıza münasibətinin necə dəyişdiyinin azmı şahidi olmuşuq?

F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər