AZE | RUS | ENG |


«Özümü tapmaq üçün çox maneələr aşmışam»

«Özümü tapmaq üçün çox maneələr aşmışam»
Lev Leşenko: “Yenidənqurma dövründə bizi efirdən sildilər. Amma məni həyatdan da silmələrinə imkan vermədim”

«Mən özümü tapmaq üçün çox baryerlər aşmışam. Bizim nəsil hər şeyə müstəqil nail olub, müvəffəqiyyəti heç kim onlara nəlbəkidə təqdim etməyib. Bu, uzun və çətin bir yoldur». Sovet estradasının metri Lev Leşenkonun bu fikirləri həyat yoluna nəzər salmaq üçün bəs edir...
 
Məni çox şeylər narahat edir

- Lev Valeryanoviç, sadə həyat sualından başlayacağam: yubileyinizə hansı əhval-ruhiyyə ilə hazırlaşırsınız?
- Yuriy Trafinovun «Sahilyanı ev» kitabında bir cümlə var. O fikir vaxtilə mənim həyat kredom olub: «Nə vaxt ki yaşın 40-a yaxınlaşır, həyat intəhasız görünmür”. Bu fikri əldə rəhbər tutmuşam. Başa düşürəm ki, 75-dən sonra ümumiyyətlə, həyat intəhasız olmayacaq, amma elə bu vaxt daim özümə xatırladıram ki, həyat davam edir. Ona görə də əlini həyatdan üzüb oturmaq olmaz. Özünü, öz yaradıcılığını, ilhamını, doğmalarını və yaxınlarını qorumaq üçün hər şeyə getmək lazımdır. Qocalırıq, amma ruhdan düşmürəm və hesab edirəm ki, bu yaş müddəti insana nəsə mühüm, lazımlı və vacib bir şey verir. 

- Bəs insanlar, hadisələr hansı hissləri oyadır?
- Əgər Vətəndən bəhs ediriksə, o zaman inamla və səmimiyyətlə deyə bilərəm ki, prezidentimizə hörmət və ehtiramla yanaşıram. Hesab edirəm ki, kəmiyyət etibarilə son illər ölkənin təkmilləşmiş inkişafı düz yoldadır. Görürəm ki, ölkə rəhbərliyi bacardığı qədər bu yolla gedir və həm də irəliləyir. Heç də həmişə hər şey səlis və istədiyimiz kimi inkişaf etmir. Çox vaxt ölkə qastrollarında oluram və əyalətlərdə insanların necə yaşadığını əyani şəkildə görürəm. Məni bir vətəndaş və öz ölkəsinin patriotu kimi çox şeylər narahat edir. 

- Siz sovet formasiyasının insanısınız. Qiymətləndirmədə isə müasir dünyaya aidsiniz. Bəlkə həmişə obyektiv olmaq mümkün deyil? 
- Mən elitar əhatədə böyüməmişəm və həyatı sovet vətənpərvərlik məktəblərində necə öyrədiblərsə, elə də qəbul edirəm. Mən keşməkeşli həyat yolu keçmişəm. Bu elə yoldur ki, onu müharibə və ondan dərhal sonra doğulan insanların hamısı keçir. Özümü tapmaq üçün çox maneələr aşmışam. Bizim nəsil hər şeyə müstəqil nail olub. Biz hər şeyi dişimizlə, dırnağımızla qazanmışıq.  

- Əyalət söhbətlərinə qayıdaq. Siz hansı müsbət dəyişiklikləri müşahidə edirsiniz?
- Əlbəttə, irəliləyişlər var. Yeni ticarət mərkəzləri yaranıb, küçələr sahmana düşüb, insanlar yaşadıqları mühiti hansısa mənada nizamlamağa çalışırlar. Bununla belə, Moskvadan sonra inkişafla bağlı təəssüratlar bir qədər nöqsanların üstünü örtmək təəssüratı yaradır. Elə şəhərlər var ki, orada inkişaf istehsalın, nəhəng müəssisələrin hesabınadır. Bax, onlar həqiqətən inkişaf edib, dəyişiblər. Biz yenidən sənaye ölkəsi olmağa cəhd edirik. Yeni texnologiyaları, bilikləri mənimsəmək istəyirik. Bu istiqamətdə hərəkət etmək istəyirik, amma dərhal və həmişə alınmır. Ölkə böyük və müxtəlifdir. 

Nostalgiya – emosiyalardır

- Sizin sovet mahnı irsiniz o vaxtdan bəri arzuolunandır. Bu sirri necə izah edərsiniz?
- Hesab etmirəm ki, bu, nostalgiyanın yaranması ilə bağlıdır. Sadəcə, estrada, musiqi, kinematoqrafiya və incəsənətin başqa növlərinin sovet dövründə fərqli səviyyəsi vardı. Bir çox şeylər fundamental əsaslar üzərində qurulmuşdu. Bəzən deyirlər ki, sovet dövründə hər şey pis idi. İnsanlar cahil idilər. Ancaq o dövrdə təkcə incəsənət sahəsində yaranan uğurları xatırlayın. Biz indi onların həsrətini çəkirik. 

- Bəs durğunluq dövrü?
- Orada da hər şey o qədər sadə deyildi. İnsanlar bir tərəfdən ideyalarla alışıb yanır, digər tərəfdən isə qəpik-quruş saymaqdan yorulmuşdular. Nəhayət 20-ci əsrin 80-90-cı illəri gəldi. Yeni epoxa özü ilə cəmiyyətin təbəqələşməsini yaratdı. Əgər dərinliyinə getsək, fundamental məsələlərə gedib çıxacağıq.

- Məsələn?
- Bax, biz həmişə ideologiyanın vacibliyi haqda danışırıq. İdeologiyasız, milli ideyalarsız nəyisə qurub-yaratmaq kifayət qədər çətindir. Ancaq bütün hədəf milli ideyanı axtarmaq deyil, o, hər bir insanın normal həyatında bitir. Bizdə indi əsasən yaşayış evləri tikirlər, bu, yaxşıdır. Nəhayət, hər kəsin öz gücü daxilində şəxsi məkanını qurmaq kimi imkanı var. 

- İttifaq üzrə nostalji mövzusuna toxunsaq, sizə elə gəlmirmi, keçmişə xoş həsrətlə baxırıq?
- ...Gerçəkdən heç kim ora qayıtmaq istəmir? Mən sizi düzgün başa düşdüm? 

- Tamamilə. 
- Bu, həqiqətən belədir. Və bu, paradoks deyil, qanunauyğunluqdur. Nostalgiya – emosiyalardır. Ancaq real həyat, gələcək daha çətin, mürəkkəb şeylərdir. Uşaqları, nəvələri tərbiyə etmək, pul qazanmaq lazımdır. Həyat bütün çətinliklərə baxmayaraq, daha yaxşı olur. Mən keçmiş illəri gözəl xatiırlayıram. Müharibədən sonrakı illərdə az qala jımıx yeyirdik. Qara çörəyin dilimi üçün saatlarla növbədə dururduq. Amma bu gün hətta ən az maaş alan insanlar, təqaüdçülər belə, aclıq çəkmirlər. Həyat tərzi sözsüz ki, yaxşılaşıb. Xüsusən müəssisələrdə işləyənlər daha yaxşı yaşayırlar. Hə, düzdür, o vaxt insanlar arasındakı münasibətlər daha isti idi, qonşular bir-birinə qonaq gedirdilər. Hamısı birlikdə mehriban yaşayır, heç kim bir-birinə həsəd aparmırdı. Hamı eyni səviyyədə ciddi yaşayırdı, heç kim bir-birinə paxıllıq etmirdi. Rusiya əhalisinin böyük bir hissəsinin şəxsi avtomobili var, öz evlərində yaşayırlar. Mən isə 5-ci sinifdə oxuyanda 5 nəfərlik ailə üzvlərimlə 15 kv. metrlik evdə yaşayırdım. Sonra biz üçotaqlı mənzildə ikiotaqlı ev aldıq. Bu bizim üçün xoşbəxtlik idi. Buna görə ailəmiz orta təminatlı hesab olunmurdu. Atam təhlükəsizlik orqanqlarında işləyirdi, podpolkovnik idi. Mən isə özümün birotaqlı koperativ mənzilimə teatrda işləyəndə köçdüm. 

- İndi oxucular, xüsusən sosial şəbəkələrdə yazışanlar sizin haqqınızda "Leşenko həyatı boyu əlində ağır mikrofon tutmayıb» deyirlər.   
- Hə, başa düşürəm. Kimsə deyə bilər, haqqımda asanlıqla müzakirə aça bilərlər ki, mən pulu "lopatka” ilə yığmışam. Ancaq bu, həqiqət deyil. Qazanmaq üçün Kalininqraddan Uzaq Şərqə qədər səfər etmək lazım gəlirdi. Gecələr yatmamalı idin. Hər şeyin bu qədər sadə və asan olması kənardan belə görünür. Mən vaxtilə zavodda işləmişəm. Orduda xidmət etmişəm. Həyatımın fəhləliklə keçən günləri olub. Ömrüm boyu zəhmət çəkmişəm. Bizdə insanlar heç bir faciə olmasa belə, çox vaxt ölkənin problemlərini qabartmağı xoşlayrlar. Sabah nə baş verəcək, heç kəs bilmir. Ona görə divanda uzanıb boşboğazlıq etməkdənsə, işləmək lazımdır. Biz vaxtilə qara fəhlə kimi işləyirdik və burada utanmalı heç bir şey yox idi. İndisə tikintilərdə, küçələrdə ancaq miqrantlar işləyirlər. Yoxsa hər hansı rus küçəni təmizləyə və ya damı təmir edə bilməz? Bu gün çoxu heç nə etmədən hər şeyə nail olmaq istəyir. Ancaq belə olmur. Mən öz ölkəmin gələcəyinə inanıram. İnanıram ki, pis heç nə baş verməyəcək. Bunun üçün hamılıqla çalışmalıyıq.

- Özünüzü belə formada saxlamağa necə nail olmusunuz?
- Buna görə idmana minnətdaram. Səhərlər idman edirəm. Basseyndə üzürəm, trenajorda məşğul oluram. Basketbolu da xoşlayıram. Bu haqda çox az adam bilir. Amma basketbol mənim ən böyük əyləncəmdir. Liqanın bütün oyunlarına baxıram. 16 komandanın hamısının adlarını çəkə bilərəm. 

- Lev Valeriyanoviç, heç olurmu ki, əhval-ruhiyyəniz pis olsun, depressiyaya düşəsiniz?
- Bütün insanlar kimi. Ancaq mən belə vəziyyətlərdən çıxdığıma görə zəhmətə minnətdaram. Bolşeviklərin dediyi kimi, «xoşbəxtlik ictimai əməkdə sevinc tapmaq bacarığıdır». Mən də çalışıram. Bağda istirahət edirəm. Bu, mənim sevimli yerimdir. Ora genişlikdir, dostlarımın çoxu ora qonaq gəlirlər. Orada sevimli itim var. Arvadımın dediyi kimi, bağ mənim yataq yerimdir. Yalnız orada təklikdə qala bilirəm. Mənə lazım olanları orada anlayıram. Amma mən bağda həm də işləyirəm. Bu yaxınlarda qar yağdı və mən beli götürüb həyəti təmizlədim. Baxmayaraq ki, bunun üçün bizdə iki ədəd qartəmizləyən kombayn var, bu işi özüm etdim. Bundan başqa, əlimdən heç nə gəlmir. 
 
Məni bu həyatdan silə bilmədilər

- Bu yaxınlarda 75 lliyinizi qeyd etdiniz. Həyat yoldaşınız belə günlərdə sizə nə hədiyyə edir? 
- Bizim ailədə tarixdən asılı olmayaraq hədiyyələr vermək sevinc doğurur. 25 il bundan əvvəl mən 50 illiyimi «Rossiya»nın konsert zalında qeyd etdim. Və bununla da estradamıza ad günlərinin səhnədə keçirilməsi ənənəsini gətirdim. O vaxtdan bəri bu ənənəni dəyişməmişəm. Hər 5 ildən bir bu mərasim təkrarlanır. Hər şeyi təkrarlamaq lazım gəlir, çünki nəsillər çox tez dəyişir. Bu dəfə Kremldə çıxış etdim. Tamaşaçılar maraqlı ifalar izlədilər. Sonra isə 250 nəfərlə restorana yollandıq. Böyük zövq aldıq. Onu da deyim ki, mən heç vaxt sponsorlardan nəsə ummuram, bütün xərclərimi öz cibimdən ödəyirəm. Bilirəm ki, bir çox ulduzları indi reklamlara görə pulsuz yedizdirir, geyindirir, hətta avtomobil hədiyyə edirlər. Mən isə başqa dünyanın adamıyam. 

- Siz bu il, həmçinin İrina Pavlovna ilə tanışlığınızın 40 illiyini qeyd edirsiniz. Sizə görə xoşbəxt ailə həyatının sirri nədir?
- Bir-birinə diqqət, qayğı göstərməlisən. Mən heç vaxt səsimi yüksəltmirəm. Əgər cütlük dalaşmağa başlasa və münasibətlər nəzarətdən çıxsa, demək, hər şey qurtardı. Bu gün münasibətləri cəmiyyət üçün aydınlaşdırmaq dəbdədir. İnsanlar öz ailə problemləri ilə verilişlərə çıxırlar. Əgər başqalarının istedadı yoxdursa, onda bu cür adamlar şöhrətlənmək istəyirlər. Mən bu cür ictimailəşməni başa düşmürəm. İndi deyildiyi kimi, «işıqlanmağı» xoşlamıram, bu tip özçəkimləri sevmirəm. Nə vaxt mənimlə şəkil çəkdirmək istəyirlər, imtina etmirəm. Xüsusən konsertdən sonra mənə yanaşırlarsa, demək, tamaşaçılar xatirə şəkilləri istəyirlər. Ancaq qışda küçədə olanda şəkil çəkdirməyi sevmirəm, məcbur edəndə də "yayda gəlin” deyirəm.  

- Yaradıcılığınızın uzunömürlülüyünün sirrini necə açarsınız?
- Mən işləməyi çox sevirəm, bu mənim peşəmdir. Daim yazıram, hətta hansısa reytinqlərə düşməsəm belə, çalışıram. Bu yaxınlarda tanınmış müğənnilərdən biri yanıma gəldi və «nə etməli, demək olar ki, iş yoxdur» - deyə şikayətləndi. Mən isə "daim işləmək lazımdır. Xeyriyyə konsertləri verin, həmişə nəsə tapmağa çalışın” dedim. Yenidənqurma dövründə bizi ümumiyyətlə, efirdən sildilər. Ancaq mən iş tapırdım. Əyalətlərə gedirdim, zalları pərəstişkarlarımla doldururdum... Ona görə də məni bu həyatdan silə bilmədilər. Hamı və hər şey geri qayıtdı. Nəhayət, köhnə mahnılar səsləndi, insanlar konsertlərə gəlməyə başladılar.
 
Rusiya mətbuatından çevirdi
Təranə Məhərrəmova  


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1952
TRY 1 Türk lirəsi 0.4837
KWD 1 Küveyt dinarı 5.6346
SEK 1 İsveç kronu 0.2108
EUR 1 Avro 2.0035
CHF 1 İsveçrə frankı 1.7632
USD 1 ABŞ dolları 1.7008