• cümə axşamı, 28 mart, 17:29
  • Baku Bakı 16°C

“Özümü inkişaf etdirə biləcəyim mühit axtarışındayam” – Uğur hekayəsi

24.10.16 11:43 3391
“Özümü inkişaf etdirə biləcəyim mühit axtarışındayam” – Uğur hekayəsi
Əldə etdiklərinin səbəbkarı öncə ailəsi, sonra hər şeyi öyrənməyə çalışmasıdır. Deyir ki, öyrəndikləri həmişə divident olaraq özünə qayıdıb. Əlaqələrini gücləndirmək, çevrəsini genişləndirmək həyat şüarıdır. Onun fikrincə, bu gün Azərbaycanda yaxşı əlaqələr ən vacib faktordur. Buna görə də insanlarla səmimi və pozitiv əlaqələr qurmağa üstünlük verir. Müsahibimiz Albaniya Epoka Universitetinin müəllimi və marketinq üzrə fəlsəfə doktoru Vüsal Qəmbərovdur.

- İşə satış nümayəndəsi kimi başlamısınız. Satış nümayəndəsi kimi işə başlamaq sizə nə verdi? Ümumiyyətlə, marketinq mütəxəssislərinin bu sahədən başlamasına ehtiyac varmı?
- Kiçik belə olsa, ailə biznesi olan bütün tələbələrimə həmişə öz şirkətlərində satış təcrübəsi yaşamağı məsləhət görürəm. Açığı, bunun öz təcrübəmdən gəldiyini düşünməmişdim. Satış və marketinq yan-yana gedir və hər iki tərəfin bir-birinin dərdlərini bilməsi vacibdir. Mütləq mənada satışdan başlamaq lazımdır deməzdim. Amma, hər bir marketinq peşəkarı üçün satış təcrübəsi həyati əhəmiyyət kəsb edir. Nəticədə inandırmaq hər iki ixtisasın ortaq cəhətidir. Biri üz-üzə ünsiyyətdə, digəri isə kütlələrlə işdə...

- Sonra bir neçə il "Futbol+” qəzetində jurnalist kimi çalışmısınız. Necə oldu jurnalistika ilə yollarınız birləşdi?
- Mən oxumağı SSRİ çempionatlarının almanaxlarını və illik hesabatlarını vərəqləyərək öyrənmişəm. Uşaqlıqdan futbol, hətta sadəcə futbol yox, idman növlərinin həvəskarıyam. 2001-ci ildə hər nömrəsini izlədiyim "Futbol+” qəzetində elan verildi. Səhv xatırlamıramsa, qəzet 3 dəfədən 5 dəfəyə keçirdi. Açığı, çox da ümidim yox idi. Amma elə alındı ki, yazı qabiliyyətim bəyənildi. Xarici futbola marağım böyük olduğu üçün xarici şöbədə çalışmağa başladım. O vaxt bərabər çalışdığım az qala hamı indi dəyərli bir mütəxəssisdir. Əslində bu, həvəskar məşğuliyyət idi. Amma zamanla özümü inkişaf etdirdim. "Vüsal Aydının pəncərəsi"ndən baxıb, oxucuları da oradan baxdırmağa çalışdım. Amma özümü heç vaxt jurnalist olaraq görməmişəm. Bu, peşəkar jurnalistlərə haqsızlıq olar.

- Xüsusilə ciddi iş görən, cəmiyyətə təsir gücü olan əks cinsin nümayəndələrinin futbol fanatı olması həmişə mənə qəribə görünüb. Sizin izah edə biləcəyinizə əminəm. Futbol insana nə verir ki, kişilərin çoxu ömürlərinin gözə görünə biləcək qədər çox hissəsini futbola xərcləyirlər?
- Bu sualın az qala hər qadının ürəyindən keçdiyinə əminəm (gülür – L.M.). Burada müxtəlif faktorlar ola bilər. Cavab futboldakı mübarizə və sürətlə açıqlana bilməz. Düşünürəm ki, bunun vərdişlə əlaqəsi var. Mən atamdan və əsas da məni ilk dəfə SSRİ vaxtında Neftçi-Geoloq oyununa baxmaq üçün stadiona aparan dayımdan təsirlənmişəm. 1990-cı ildə rayondakı evimizdə bütün kişilər yığışıb futbolu bərabər izləyirdik. Maradona meydana çıxanda indiki uşaqların Messiyə verdiyi reaksiyadan artığı verilirdi. Bu, tamamilə öyrənmə ilə bağlı faktordur.
İkincisi, futbol artıq populyar məhsuldur. Media vasitəsilə bombardman edilir. Dəyəri on milyardlarla dollarla hesablanan bir bazarı təbii ki, xalqın qanına yeritmək lazımdır.
Mənə maraqlı gələn odur ki, sürət və güc mübarizəsi axtarırıqsa, niyə ABŞ-dakı kimi amerikan futbolu və basketbol yox, futbol izləyirik? Bax, bundan öncə dediklərim bunun cavabını verir; vərdişlər və bazarın qaydaları.
Ümumi götürəndə oyun insanın təbii ehtiyacıdır. Biz də bu ehtiyacımızı başda futbol olmaqla idman izləməklə ödəyirik.

- Amma hər insanın təbii ehtiyacıdır deyə bilmərik...
- Oyun ehtiyacdır. Amma hərə zövqünə görə bu ehtiyacı fərqli əyləncələrlə ödəyir. Məsələn, Məhəmməd Peyğəmbərin məsləhət gördüyü insanın öz uşaqları və ailəsi ilə oynamasıdır.

- Futbola olan sevginiz sizi jurnalistikaya gətirdi. Jurnalist fəaliyyətinizdən sonra Türkiyədə ixracat üzrə menecer kimi çalışmağa başladınız. Ümumiyyətlə, jurnalistikadan ayrılmağa qərar verəndə qarşınıza nə məqsəd qoydunuz?
- Türkiyəyə oxumağa yollanmaqla artıq qərarımı vermişdim. Və 2004-cü ildə marketinqi seçərək istiqamətimi müəyyən etdim. 2005-dən bəri yaxın insanların şirkətlərində məsləhət verirdim.
Məqsədim marketinq ixtisasında yüksəlmək, inkişaf etmək idi. Doktoranturaya başladığım üçün, artıq həm də akademik tərəfdən inkişaf etməyi qarşıma məqsəd kimi qoymuşam.

- Deyirlər, marketoloq yalnız marketinqi bilməli deyil. Hollivudda çıxan ilk filmdən, ölkəsindəki "bozbaş" müğənnidən belə, xəbəri olmalıdır. Siz hər şeydən xəbərdar olmaq üçün nə edirsiniz?
- Bu, mənim həyat şüarımdır. Səbəbi də sadədir. Marketinq işi görən adam kütləni inandırmağa, yönləndirməyə çalışır. Kütlənin maraqlarını, həvəsini, hobbisini bilmədən yönləndirmək mümkün deyil. Trendi izləməlisən. Tarixi bilməlisən, filmləri izləməlisən və s.

- Ümumiyyətlə, marketoloq olmaq istəyən gənclərimizə nə məsləhət görərdiniz?
- Marketinq işini görmək istəyənlər üçün həmişə 3 məqamdan danışıram. Əvvəla marketinq hissiyyatı və satış qabiliyyəti olmalıdır. Bu, vergidir. İnandırmağı bacarmaq lazımdır. Yoxdursa, inkişaf etdirmək üçün çabalamaq vacibdir. Kommunikativ və pozitiv olmaq lazımdır.
İkincisi, marketinq haqda kitablar, ədəbiyyatlar yazılsa da, sadə bir məntiq var. O sadə məntiqi qavramaq bir az təcrübədən, bir az yaxşı müəllimdən, bir az da zəkadan keçir.
Sonuncusu isə nə tapdılar oxumalıdırlar. Öyrəndikləri hər şey bir gün qabaqlarına faydalı əmsal ilə çıxacaq.
Steve Jobsun Stanford Universitetinin məzuniyyət törənindəki məşhur çıxışını dinləmələrini tövsiyə edərdim.

- Bir az da müəllimlik fəaliyyətinizdən danışaq. 2010-cu ildən Azərbaycan İqtisadiyyat Universitetində müəllimliyə başlamısınız. Sizi müəllimlikdə nə çəkir?
- Öyrənmək və öyrəndiyini paylaşmaq mənim "xəstəliyim"dir. Bunun ən yaxşı yolu isə müəllimlikdir. 2007-ci ilin sonunda mak.az-ın forumuna daxil oldum və qısa zamanda forumda aktiv iştirak etməyə başladım. O vaxt bu platforma ölkə marketerləri üçün öyrənməyin və paylaşmağın məkanı idi. Forumların qızıl dövrü bitincə boşluq hiss etməyə başladım. 2010-cu ildə doktoranturada dissertasiya işimi götürüb Türkiyədən ölkəyə geri qayıdanda bir neçə universitetlə görüşdüm və üçündə İqtisadiyyat, Azərbaycan və Qafqaz universitetlərində dərs götürdüm. Özəlliklə ingilis dilində tədris etməyi seçdim. Bu təcrübələr mənim üçün çox faydalı oldu.
6 il keçib və təbii ki, bir çox tələbələrim özlərinə gözəl karyera qurub. Baxıb fərəhlənməmək mümkün deyil.

- Bəs necə oldu Albaniyada Epoka Universitetində işə başladınız?
- Müəyyən səbəblərdən özəl sektordan və xüsusən Azərbaycandakı özəl sektordan uzaqlaşmaq istədim. Özümü ölkədən kənarda akademik həyatda yoxlamaq istəyirdim. Türkiyə, Şərqi Avropada bir çox universitetlərə müraciət etdim. Epoka Universitetindən təklif aldım. Bu il sonuncu il olmalıdır. Akademiyada bir yerdə uzun müddət qalmaq doğru deyil.

- Eyni universitetdə, yoxsa, ümumiyyətlə, təhsil sistemində?

- Eyni universitetdə. Çünki akademiyada rutinə çevrilən iş ölümdür. Mən burada eyni dərsi 4-cü ildir dalbadal deyəcəyəm. Artıq sıxılıram. Ona görə heç kim tələb etməsə də, proqramda dəyişiklik edirəm.
Dünya praktikasında bunun üçün ödənişli yaradıcılıq məzuniyyəti deyilən uyğunlaşma var. Beş və ya altı ildən sonra bir ilin maaşını ödəyirlər, amma məcburi uzaqlaşdırırlar. İstəyirsən dincəl, istəyirsən araşdırma et, ya da başqa yerdə işlə. Təbii ki, bu, inkişaf etmiş ölkələrdəki böyük universitetlərə aiddir

- Başqa universitetə də keçsəniz, yenə də eyni fəndən dərs deməycəksinizmi?
- Hər universitetin öz kurrikulumu və tələbləri var. Ola bilər ki, birəbir eyni dərs də olmasın. Məsələn, ilk ilimdə Strateji rəqabət idarəetməsini tədris etmişəm. Amma indi demirəm. Bu, fizika və kimya kimi deyil. İxtisas içində çox fərqli profillər var. Həvəslə Xidmət marketinqi, pərakəndəçilik, yaxud rəqəmsal marketinq dərslərini deyərdim. Amma Epoka Universitetində bu fənlər keçirilmir.

- Növbəti addımınız nədir?
- Akademik olaraq özümü inkişaf etdirə biləcəyim mühit axtarışındayam. Bu isə öz profilinə yaxın insanların çox olduğu yer deməkdir. Bizim sahə işbirliklərini sevir.
Əlaqələrimi genişləndirməyə və ortaq araşdırmalar edə biləcəyim insanlarla tanış olmağa çalışıram. Hazırda İtaliyadan bir neçə marketinq alimilə əlaqələrimiz qurulub. Almaniya və ABŞ-la da əlaqələr qurulmaq üzrədir. Bunlar akademik dünyada addımlarını atmaq üçün vacibdir. Açığı, bir çox sferada dünyada özünü göstərmiş alimlərimiz var. Amma istehlakçı çalışmalarında və marketinqdə boşluqdur. Ümid edirəm ki, qlobal səviyyədə daha uğurlu layihələrə imza atarıq.

- Azərbaycan və Albaniya təhsil sistemləri arasında ən böyük 3 fərq hansılardır?
- Albaniya təhsilin səviyyəsinə görə Avropada ən zəiflərdəndir. Bizim universitet qısa müddətdə ölkədə hörmət qazanıb. Keçmiş XİN müavini ilə bir dəfə söhbətləşdik. Qətiyyətlə dedi ki, Epoka Albaniyadakı ən yaxşı universitetdir. Burada xüsusilə ali təhsil müəssisələrinin vəziyyəti yaxşı deyil. Azərbaycan bu mənada irəlidədir. Amma maraqlıdır ki, orta məktəbləri keyfiyyətlidir. Bu mənada bizdən irəlidədirlər. Deyəcəksiniz bəs o şagirdlər deyilmi universitetlərdə tələbə olan? Albanlar oxumaq üçün əsasən Avropa ölkələrinə gedirlər. Avropa ölkələri rahat şəkildə qapılarını savadlı albanlara açır.
Bir də ilk gördüyümdə məni şoka salan, amma artıq öyrəşdiyim məsələ var. Müəllimə hörmət bizdəkiylə eyni şəkildə təzahür etmir. Dəhlizlərimizdə rahat oturacaqlar var. Tələbələr orada uzanırlar, ya da uzunlamasına otururlar. Müəllim gələndə isə qətiyyən özlərini düzəltmirlər. Tələbələrin bu hərəkəti əvvəl-əvvəl mənə ağır gəlirdi. Artıq öyrəşmişəm. Hətta dərsimə gələn tələbələr belə uzandığı yerdən tərpənmirlər. Hələ nəzərə alın ki, ən əzəmətli və çəkindikləri müəllimlərdənəm. Dərsimdə milçəyin səsi belə eşidilir.

- Vüsal bəy, Albaniyadan danışıb alban cəmiyyətindən danışmasaq, günah olar. Alban cəmiyyətini ölkəmizlə müqayisədə necə xarakterizə edərdiniz?

- Alban cəmiyyəti Azərbaycan cəmiyyətinin "kopya”sıdır. Oxşarlığımız əvvəl-əvvəl məni şoka salırdı. Az qala heç bir fərqimiz yoxdur. Əksinə, albanlar daha tənbəldirlər. Biz 1990-cı illərdə necəydiksə, indi albanlar da elədir.

- Marketinq, PR və Biznesin inkişafı sahələri üzrə müstəqil konsultant kimi də fəaliyyət göstərirsiniz. Bir az da bundan danışardınız. Xaricdə olduğunuz halda, xidmətlərinizi təklif edə bilirsiniz?

- Azərbaycan doğma meydança idi. Təbii ki, bu mövzuda daha rahat idim. Çünki marketinq haqda söz deyə bilmək üçün cəmiyyəti tanımalısan. Üç ildə Albaniyanı öyrənə bilmək üçün ikiqat işləməli oldum. Sırf görüşüb məsləhətləşmək, məlumat almaq üçün çox sayda şirkətin qapısını döymüşəm. Artıq bu cəhdlərim nəticə verməyə başlayır. Konsultasiyalar verirəm. Xaricdə olduğum halda, Azərbaycanda da konsultasiya etdim. İndi də bəzi şirkətlərlə münasibətim davam edir. Bu, marketinq sahəsində akademik çalışan şəxslər üçün vacibdir. Yoxsa öyrətdiklərin də havada qalır.

- Karyeralarında uğur qazanmaları üçün gənclərimizə nə məsləhət görərdiniz? Hansı xüsusiyyətləriniz sizi uğura aparıb?
- Uğur sözü yerinə əldə etdiklərim deyəcəm. Uğur nisbi anlayışdır. Məncə, özünü uğurlu sayan insan artıq yaşayan ölüdür.
Əldə etdiklərimi əvvəla ailəmə borcluyam. Ziyalı ailəsində böyümüşəm və onlar mənim ən doğru təhsili almağım üçün həmişə çalışıblar. Yenə yəqin ki, atamın təsiriylə əlaqələrimi gücləndirmək, çevrəmi genişləndirmək həyat şüarım olub. Bu gün Azərbaycanda yaxşı əlaqələr ən vacib faktordur. İnsanlarla səmimi və pozitiv əlaqələrə sahib olmaq lazımdır. Yəqin ki, mənim şəxsi çabamla olan tərəfim isə hər şeyi öyrənməyə olan həvəsimdir. Tesladan tutmuş, futbola, oradan psixologiyaya və sosiologiyaya, maliyyədən tarixə qədər hər şeyi öyrənməyə çalışıram. Həmişə öyrəndiklərim divident olaraq özümə qayıdıb. Bircə kompyuterimi formatlamağı öyrənə bilmədim. Onu da sağ olsun, dostlarım həll edir (gülür – L.M.).
Lalə MUSAQIZI


banner

Oxşar Xəbərlər