Özü-özünü inkar edən Gültəkin
Lobbi (lobby) ingilis dilindən tərcümədə gözləmə
salonu adlanır. Bu ifadənin zamanla öz mənasını dəyişməsi nəticəsində
"lobbiçilik” sözü formalaşıb. Ehtimal olunur ki, bu sözün işlədilməsinin tarixi
ABŞ-ın 1869-1877-ci illərdə 18-ci prezidenti olmuş Ulysses S.Granta aiddir.
General Grant Villard hotelinin lobbisində siqar çəkməyi sevərdi. Mövcud şəraitdən
istifadə edən siyasi alverçilər müəyyən məsələləri həll etmək üçün onunla
danışıqlara girib müvafiq qərarın qəbul olunmasına çalışırdılar. Beləliklə, bu
işlə məşğul olan siyasi alverçilərə "lobbiçi”, sözügedən fəaliyyətə
"lobbiçilik” adı verilib. ABŞ-da "lobbiçilik” qanunla müəyyənləşdirilmiş ölçülər
çərçivəsində fəaliyyət göstərir. Bu fəaliyyəti tənzimləmək üçün 1946-cı ildə
federal lobbi qanunu qəbul edilib. Həmin qanunda lobbiçinin kim olduğu müəyyənləşdirilir
və onun maliyyə imkanları nəzarət altına alınırdı. Qanunda deyilirdi ki,
Amerika Konqresindəki qanunlara təsir etməyə və ya müvafiq qanun çıxmasına
çalışan, bunun üçün birbaşa və ya dolayı yolla pul və digər qiymətli əşyalar
toplayan və ya əsl məqsədi bu olan şəxslər lobbiçi adlandırılır. Müasir
dünyamızda, xüsusən də Qərb ölkələrində lobbiçilikqrupvə ya şirkətin
öz mənafelərinə uyğun olaraq qanunvericilik prosesinə təsir etmək təşəbbüsü
kimi qəbul edilir. Ona görə də lobbiçilik 1990-cı illərə qədər
neqativanlamda da işlənilən termin olub. Hətta lobbiçiliklə məşğul olan
insanlar cəmiyyət tərəfindən xoş qarşılanmayıb. 1990-cı ildən etibarən ilk öncə
ABŞ və Avropa İttifaqında, o cümlədən Belçikada lobbiçiliyi tənzimləyən
qanunlar qəbul olunub. Beləliklə də XX əsrin ortalarından mövcud olan sözügedən
qanunlar daha sistemli və nizamlı hala salınıb.
Hazırda lobbiçilik yəhudi, yunan və erməni
diasporlarının dünyada aktiv məşğul olduqları fəaliyyət növüdür. Azərbaycan da
müstəqil dövlət olaraq, beynəlxalq təşkilatlarda, xarici ölkələrdə öz
milli-dövlətçilik maraqlarının təmin edilməsi üçün lobbiçilik fəaliyyətindən
yararlanır. Burada qeyri-qanuni, sensasiya sayılacaq hər hansı əməl yoxdur. Azərbaycan
Avropa Şurasının üzvü olduqdan sonra bu qurumda da lobbiçilik fəaliyyətindən
yararlanıb. Bu zaman qarşıya qoyulan başlıca vəzifə Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması, işğalçı Ermənistanın və dünyadakı erməni lobbisinin ölkəmizə
qarşı yönələn siyasi-diplomatik hücumlarına, kampaniyalarına tutarlı cavab
verilməsi, Dağlıq Qarabağ probleminin ədalətli həlli, bir milyondan artıq azərbaycanlı
qaçqın və məcburi köçkünün hüquqlarının pozulması barədə məlumatların beynəlxalq
aləmə çatdırılması olub. Yəni, Avropa Şurası və onunla əlaqəli qurumlarda təmsil
olunan azərbaycanlı diplomatlar, millət vəkilləri və ya rəsmi şəxslər sırf Azərbaycanın
milli maraqlarını təmin etmək üçün lobbiçilik fəaliyyətindən yararlanıblar. Təbii
olaraq bu fəaliyyət uğurla alınıb və hazırda bütün dünya dövlətləri Azərbaycanın
ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləməkdədir. Ermənistanın işğal etdiyi
Azərbaycan ərazilərində – Dağlıq Qarabağ və ətraf rayonlarda yaradılan qondarma
qurumsa heç bir dünya dövləti tərəfindən tanınmır.
Azərbaycanın güclənməsi, beynəlxalq aləmdə
nüfuzunun artması, diplomatiya sahəsində, lobbiçilik fəaliyyətində uğurlar əldə
etməsi təbii olaraq düşmənlərimizi qıcıqlandırır. Ermənistan siyasi hakimiyyəti,
dünyadakı erməni diasporu, onların lobbiçiliyini həyata keçirən təşkilatlar,
ictimai-siyasi və rəsmi şəxslər dərin narahatçılıq keçirir. Buna görə bəzi Qərb
dövlətlərində, bir sıra beynəlxalq qurumlarda müəyyən şəxslər tərəfindən
zaman-zaman Azərbaycan əleyhinə müxtəlif qarayaxma kampaniyaları aparılır. Həmin
kampaniyalar çərçivəsində Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən
diplomatlarımız, deputatlarımız da hədəfə alınır, onların ünvanına qərəz
xarakterli, heç bir reallığa, sübuta söykənməyən ittihamlar səsləndirilir.
Acınacaqlı haldır ki, Azərbaycanı müxtəlif bəhanələrlə tərk edib xaricə sığınan
bəzi "özümüzünkülər”, həmçinin ölkə daxilində fəaliyyət göstərən radikal
müxalifət təmsilçiləri də bu kampaniyalarda yer alır, alət kimi istifadə
olunurlar.
Misal üçün, Azərbaycanda keçirilən seçkilər ərəfəsi
və sonrası ermənipərəst dairələrə bağlılığı şübhə doğurmayan media qurumları,
sosial şəbəkədəki bəzi səhifələr ölkəmizi Avropa Şurası Parlament
Assambleyasında (AŞPA) təmsil edən millət vəkillərinə, həmçinin sözügedən
qurumda Azərbaycan reallıqlarını dilə gətirən əcnəbi deputatlara qarşı "mənəvi
terror”a start veriblər. Xarici ölkələrdən idarə olunan bu media qurumlarında,
sosial şəbəkədəki səhifələrdə Azərbaycanın guya balıq kürüsü müqabilində xarici
diplomatları ələ aldığı, buna görə də əcnəbi deputatların ölkəmizin maraqlarını
müdafiə etdiyi qeyd olunub. Həmin vaxt Azərbaycan kütləvi informasiya vasitələrində
bu ittihamların əsassız olması barədə dəfələrlə yazılar dərc olunub. Amma AXCP
sədri Əli Kərimli, Milli Şura sədri Cəmil Həsənli, Azərbaycanı vaxtilə AŞPA-da
təmsil edən sabiq deputat, hazırda radikal müxalifətdə yer alan Gültəkin Hacıbəyli
xor kapellası kimi eyni "arqumentlər”i təkrarlamaqla, deputatlarımızın guya
AŞPA-ya kürü daşıdığını öz çıxışlarında, "Facebook” statuslarında dönə-dönə
vurğulayıblar. Özünü radikalların Janna Darkı obrazında görən, demokratiya
libasına bürünən G.Hacıbəyli bu mövzuda daha kəskin ittihamlar səsləndirib, az
qala hər kəsə korrupsioner, rüşvətxor, "kürü paylayan” damğası vurub.
Ancaq qeyd olunanların üstündən bir-iki ay keçəndən
sonra, daha dəqiq desək, iyun ayında AŞPA-nın Prosedur Qaydaları, İmmunitetlər
və İnstitusional Əlaqələr Komitəsi G.Hacıbəyliyə qurumun binalarına və tədbirlərinə
ömürlük giriş qadağası qoyub. AŞPAüzvlərinin Korrupsiya İttihamları üzrə
Müstəqil İstintaq Orqanının dərc olunan məruzəsinə əsasən, G.Hacıbəyli etik
kodeksi pozduğuna görə ona sanksiya tətbiq olunub. Məruzədə qeyd olunub ki,
ittihamlarla bağlı mövqeyini bildirməsi üçün G.Hacıbəyliyə müraciət olunsa da,
o, bundan yayınıb. Nəticədə onun Assambleyanın binalarına, tədbirlərinə girişi
qadağa edilib. Digər bir neçə keçmiş xarici ölkə deputatlarına qarşı da oxşar
sanksiya tətbiq olunub. Bu fakt özünü aydan arı, sudan duru hesab edən G.Hacıbəylinin
heç də göründüyü kimi şəffaf olmadığını üzə çıxarıb. Hadisənin şokundan çıxmağa
çalışan "demokrat” dərhal "MeydanTV” efirinə çıxaraq, aparıcının sanksiya barədə
suallarını cavablandırıb, özünü təmizə çıxarmağa çalışıb.
"Eks deputat Gültəkin Hacıbəyli avropalı
deputatlara niyə kürü aparıb?” başlığı ilə ictimaiyyətə təqdim olunan müsahibədə
sabiq deputat özü-özünü "ilişdirib”. O, AŞPA nümayəndə heyətində olduğu zaman
Azərbaycan nümayəndə heyətinin lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, bu fəaliyyətin
qanuni lobbiçilik sərhədlərini aşmadığını dilə gətirib. Eyni zamanda vurğulayıb
ki, qanuni lobbiçilik fəaliyyəti ilə əksər ölkələrin nümayəndələrini məşğul
olur və bu, AŞPA tərəfindən də normal qəbul olunub. Bununla da G.Hacıbəyli
özü-özünü inkar edib. Yalançının yaddaşı olmur el məsəlində deyildiyi kimi,
radikal müxalifətin bu "görkəmli nümayəndəsi” son fikirləri ilə seçkilər öncəsi
səsləndirdiyi əsassız ittihamları özü təkzib edib. Lobbiçiliyin faciəvi bir fəaliyyət
növü olmadığını bəyan edib.
Bundan başqa, G.Hacıbəyli "MeydanTV”-yə müsahibəsində
AŞPA-da Kristofer Ştrassenin siyasi məhbus məsələsi ilə bağlı davranışlarına, fəaliyyətinə,
hazırlanan hesabata da toxunub və bildirib ki, 219 səhifəlik hesabatın kürü ilə
bağlanması simvolik xarakter daşıyıb. Daha sonra avropalı deputat həmkarlarına
hədiyyələr bağışlamağına toxunan G.Hacıbəyli bunu normal hadisə kimi təqdim
edib, diplomatiyada bu cür hadisələrin normal qəbul olunduğunu dilə gətirib:
"Azərbaycan Avropa Şurasına daxil olmasının bir illiyi münasibətilə AŞPA-ya dəyərli
xalça hədiyyə etmişdir. Bu normal hadisədir və diplomatiyada bu cür hadisələr
normal qəbul olunur. Mən nümayəndə heyətində çalışdığım müddətdə, bir-iki,
uzağı üç dəfə AŞPA sessiyalarına gedəndə kürü aparmışam. Başqa ölkələrin nümayəndələri
də bizə hədiyyələr edib, mənim Latviyadan olan dostlarım kəhrəba qaşlı üzük,
yaxud Latviyanın rəmzi şərfini hədiyyə ediblər. Türkiyəli deputatla dəfələrlə
yemək yemişik və o, mənim hesabımı ödəyib”.
G.Hacıbəyli Azərbaycanın AŞPA-dakı nümayəndə heyətində
təmsil olunduğu vaxtlarda kürünün dəyərinin çox ucuz - 20-30 manat olmasına da
diqqət çəkib. Ardınca deyib ki, həmin vaxt Avropada kürünün qiyməti 2000 dollar
civarında olub. Müsahibənin aparıcısı Aytən Mürsəlova G.Hacıbəyliyə kürü ilə
bağlı davamlı suallar versə də o, fərqli cavablar verməklə əsas mətləbdən
yayınmağa, AŞPA sessiyasının hər birinə kürü apardığını boynuna almamağa
çalışıb.
Müsahibədə səsləndirilən fikirlərdən də aydın
olduğu kimi, radikal müxalifətdə yer alan G.Hacıbəyli son fikirləri ilə özünü
dolaşdırıb. Məlum olub ki, bu xanımın iqtidarda təmsil olunan şəxslərin
ünvanına vaxtilə səsləndirdiyi fikirlər əsassız olub. Sadəcə, seçicilərinin və
təmsil olunduğu komandanın etimadını itirən, deputat mandatından məhrum olan
G.Hacıbəyli hikkəsinin təsiri ilə ağzına gələni danışıb. Bir növ deputat seçilməməsinin
qisasını bu yolla – Azərbaycan xalqı və dövləti, o cümlədən rəsmi şəxslərin
ünvanına kin-nifrət dolu ittihamlar səsləndirməklə almağa çalışıb. Kəhrəba
qaşlı üzüklər, simvolik şərflər, dəbdəbəli restoranlarda təqdim edilən yeməklər
üçün qəribsəyən G.Hacıbəyli məqsədli şəkildə ermənipərəst dairələrin Azərbaycan
əleyhinə apardıqları kampaniyanın bir hissəsinə çevrilib. Bütün bunlar isə onun
əsl kimliyini tam çılpaqlığı ilə ortaya qoyub.
Rufik İSMAYILOV