• cümə, 29 Mart, 17:26
  • Baku Bakı 14°C

Üzrü qəbahətindən betər - Fotolar

20.09.19 18:12 5976
Üzrü qəbahətindən betər - Fotolar
AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı ailədaxili münasibətlərinə görə iki gündür sosial şəbəkələrin, medianın gündəmindədir. Belə ki, F.Qəhrəmanlının qızı Selcan Yağmur ali təhsil almaq üçün Hollandiyaya getdikdən bir neçə gün sonra "Facebook”dakı şəxsi profilində atasını ifşa edən status paylaşıb. O qeyd edib ki, demokratiya libasına bürünərək tribunalarda insan haqlarından, o cümlədən qadın hüquqlarından danışan F.Qəhrəmanlı gerçəklikdə ailəsini daim qorxu içində yaşadıb, onlara fiziki-mənəvi təzyiq göstərib, həyat yoldaşı Zümrüd Yağmurun barmaqlarını, qızının dizini sındırıb, şiddətin xüsusi sadist növünü tətbiq edərək, ailə üzvləri ilə əsl cani kimi davranıb. S.Yağmur AXCP sədri Ə.Kərimli, cəbhəçi Səadət Cahangir və F.Qəhrəmanlının timsalında bütünlüklə AXCP-nin ikiüzlü, iyrənc bir yer olduğunu vurğulayıb. 2009-cu ildən indiyə qədər hər gün şiddət, qan, təhdidlər, sınan sümüklər kimi tük ürpərdən bir durumun içində olduqlarını diqqətə çatdıran S.Yağmur atasından imtina etdiyini, anası Z.Yağmurun boşanmaq üçün məhkəməyə müraciət etdiyini vurğulayıb.

Baş verənlər ictimailəşdiyindən geniş müzakirələrə yol açıb. Müzakirələrdə mütləq əksəriyyət özünü demokrat, siyasətçi kimi qələmə vermək istəyən AXCP funksioneri F.Qəhrəmanlının zorakılığını, qəddarlığını, qeyri-səmimiliyini tənqid edir. Misal üçün, "Oyan” Hərəkatın üzvü, hazırda Avropada yaşayan Nahid Cəfərov bu barədə fikirlərini sosial şəbəkədə paylaşıb. Qeyd edib ki, hakimiyyətə qarşı mübarizə aparmaqla, dəyərlər uğrunda mübarizə aparmaq tamamilə fərqlidir. Onun qənaətincə, F.Qəhrəmanlı, Ə.Kərimli və S.Cahangir dərhal AXCP-dən istefa verib siyasətdən getməlidirlər: "İndi cəbhəçilər gündəmi dəyişmək üçün əlindən gələni edəcəklər, buna uymayın. Bu bir daha göstərir ki, bu insanlar saxtadırlar və onların apardıqları mübarizə də saxtadı. Liberal dəyərlər, insan hüquqları və ifadə azadlığının nə demək olduğunu bilməyən insanlar, ailəsində diktatorluq edən, öz şəxsi övladının, həyat yoldaşının hüquqlarını malik olduğu fiziki güclə boğan bir insan və onu müdafiə edənlər ölkəyə diktatura gətirəcəklər, demokratiya deyil”.

N.Cəfərov başqa bir statusunda F.Qəhrəmanlının ailəsinə qarşı vəhşiliyini "bu, onun ailə məsələsidir”, "bundan Cəbhəyə qarşı istifadə etmək olmaz” deyənlərə səslənib: "Fuad Qəhrəmanlı siyasi iddiası olan, hakimiyyəti dəyişib onun yerinə keçmək istəyən bir partiyanın sədr müavinidir. Sabah 100 minlərlə Selcan kimi uşağın taleyi ilə bağlı qərar vermək mexanizminə və gücə sahib olmaq iddiasındadır. Adamın əlində indi sadəcə fiziki gücü var və şəxsi mənfəəti üçün bundan doğma övladına qarşı istifadə edib. Sabah adamın əlində hakimiyyət gücü olsa, o zaman nələr edəcəyini bir düşünün”.

"NİDA” Hərəkatının üzvü İlkin RüstəmzadəF.Qəhrəmanlının davranışları timsalında yaşananların AXCP-ni nüfuzdan saldığını qeyd edib: "Selcan Yağmur videonu paylaşdıqdan sonra artıq məsələ ailədaxili deyil, ola bilməz. AXCP sədri Əli Kərimliyə zəng edib dünən bunu konfidensial olaraq ondan xahiş etdim, indi isə açıq çağırış edirəm: Fuad Qəhrəmanlı, çıxıb cəmiyyətdən üzr istəməlidir və başqan müavini postundan kənarlaşmalıdır. Partiya qadına şiddətlə bağlı ortaya açıq, ikimənalı olmayan mövqe qoymalıdır! Bu, həm cəmiyyətimiz, həm AXCP, həm Əli Kərimli, həm də Fuad Qəhrəmanlı üçün ən yaxşı seçimdir. Selcanın və Zümrüd xanımın isə yanında olmaq lazımdır”.


Amerikada yaşayan video-bloqer İsmayıl Cəlilov S.Yağmurun yazdığını oxuyarkən dəhşətə gəldiyini ifadə edib: "İndi elə yozurlar ki, guya buna AXCP düşmənləri sevinir. Bu, bir ailə faciəsidir. Buna yalnız psixopat sevinə bilər. Amma düşünmək, nəticə çıxarmaq hamımızın borcu və haqqımızdır. ...Əli Kərimli bunları bilibsə və heç bir şey etməyibsə, demokratiya, azadlıq, fərdlərin haqlarından danışmağa mənəvi haqqı yoxdur. Ailə zorakılığı, cinayətdir və o, bu cinayəti ən azından görməzdən gəlib. Bu, onun psixoloji portretinə əlavə bir xoşagəlməz çizgidir. Onun liderlik üslubu, saatlarla populist danışıqları, boş otaqda özü özünü ehtirasa sala-sala az qala psixoz vəziyyətinə gətirib qışqırması, bu ərəfədə öz gözü, üzünün ifadəsinə diqqətlə baxdığımda gördüklərimə əlavə bir ştrixdir. Bütün qorxularımın təsdiqidir. Siz də görün. Gözünüzü açın, görün. Bu cür adamlar mənim və atamın umduğu gələcək gətirə bilməzlər, bilməyəcəklər. ...Qadınlara şiddət, zorakılıq tətbiq etməyə susqun qalan siyasi qüvvə əsla hakimiyyətə gəlməməlidir. Gözümdən tam şəkildə düşdülər. Bundan sonra nəzakət yox. Bunlar cırtdan, cibə yerləşəcək despotlardır. Bütün instinktləri, azadlıq, demokratiya yox, despotizmdir. Sizcə, öz qadınına, qızına bunu edənlər, sabah hakimiyyətə gəlib Sizə neyləyəcəklər?”.


İ.Cəlilov AXCP sədrinin ruporuna, mətbuat katibinə çevrilən S.Osmanqızının illərdir təzyiqlərə, məşəqqətlərə məruz qalan Z.Yağmurdan müsahibə alan zaman qeyri-səmimilik nümayiş etdirməsinə də toxunub. Deyib ki, S.Osmanqızının "müsahibəsi” başdan ayağa biabırçılıq və AXCP sədri Ə.Kərimlinin piarı, mətbuat katibliyi idi: "Buna heç qoyun sürüsü də inanmaz. Bir soruşmadı ki, nə baş verib? Qızınızın iddiaları həqiqət idimi? Sevinc jurnalist deyil, AXCP mətbuat katibəsidir. Mən belə müsahibə alsaydım, utancımdan yerə girərdim. ...Fuad Qəhrəmanlının statusu altında ona ürək-dirək verənlərin şərhlərini oxuyun, tükləriniz biz-biz olsun. Hamı yazır ki, "ailə məsələsidir,” "qarışmaq şərəfsizlikdir”. Görün kimlərdir bunlar. Görün, kimlər hakimiyyətə gəlmək istəyir”.

Həkim Vasif İsmayıl İtalyan filosofu və yazıçısı Umberto Ekonun "Qızılgülün adı” romanında qeyd etdiyi - "Bayağı insanların səhvlərini (səhv hərəkətlərini) yüksək səslə lağa qoyun. Bunu yüksək səslə, bunu lağ şəklində ona görə edin ki, bəziləri utanıb yerə girsinlər, ağızlarını aça bilməsinlər, özlərini siçovuldan aşağı bilsinlər” - fikrini xatırladaraq, ailədaxili şiddətin, xüsusən də siyasətçi adına iddia edən bir şəxsin ailəsindəki şiddətin ailə məsələsi olmadığını qeyd edib: "Ailədaxili şiddət bu dünyada görə biləcəyiniz ən iyrənc şeydir. Adama vurulan bir sillə hardasa 5-6 dəqiqə fiziki olaraq ağrıdar, 1-2 gün də psixoloji olaraq sarsıdar. Amma ailədaxili şiddət müharibə, girov götürülmə, işgəncə kimi sistematik şiddətdir. Ailədaxili şiddət qurbanlarında mütləq posttravmatik stres yaradır. Yəni adamı şikəst edir. Bunu elə dünənki hadisələrdə də açıqca görmək olardı. Selcan xanım nisbətən açıq danışır, Zümrüd xanım isə üstüörtülü. Selcan xanım yaşından irəli gəldiyi üçün bu şiddətə daha az məruz qalıb və onda posttravmatik stres anası Zümrüd xanımda olduğu qədər şiddətli deyil. Ona görə də danışır. Yaşı-başı almış bir ictimai fəalın, partiya funksionerinin malalamaq cəhdi ilə bütöv cəmiyyətə yalan danışmağa çalışmasından iyrəndim. Mən kənardan ciddi görünən, adını mübariz qoyan insanların tərəfkeşlikdən ötrü sistematik şiddətə haqq qazandırmasından iyrəndim. Ailədaxili şiddət sistematik şiddətdir. Ailədaxili şiddət göstərən insan ciddi psixoloji problemləri olan biridir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər