• cümə, 19 Aprel, 21:29
  • Baku Bakı 24°C

“Zorlanmış” tənqidçi(lər)

01.02.15 06:56 1213
“Zorlanmış” tənqidçi(lər)
Bizim ədəbi mühitdə bəzi gözünədöndüyüm zəngin yazıçılar var, bunlar hər dürlü yolla çalışırlar ki, uzun illər onların yaradıcılığı haqqında söz deməmiş tənqidçi(lər) qələmini itiləyib onların şanlı yaradıcılıqları haqqında öz kəsərli sözlərini desinlər. Beləliklə də, aşağı-yuxarı onun haqqında əli qələm tutan çox adam yazmış olsun. Özü də “mən ondan yazmaram”, “mən pulla yazmıram” deyə döşünə döyən tənqidçilərin qılığına girirlər. Tənqidçiyə yazı yazdırandan sonra, uzun illər təkəbbür göstərib yazmayan tənqidçilərlə aralarını qəsdən soyudurlar. Həmin tənqidçi isə dostlaşmaq eşqində olan yazıçıdan üz görməyəndə partlaya-partlaya qalır: nə təzədən pisləyə, nə də geri dura bilir. Qorxur ki, boğazdanyuxarı tərifini “üzünə vururlar”. Beləcə, necə ki, zorlanmış, türklər demiş kullanılmış qadın (psixoloji travma almış) sonra bütün kişilərdən zəhləsi gedir, elə də bu qəbildən olan “zorlanmış tənqidçi” istifadə olunduğunu dərk edib, sağa-sola “cumur”, digər o masştablı yazıçılara qara yaxmağa, onları pisləməyə başlayır.
Daha sonra həmin tənqidçi başqa qələm adamları pisləyir, ancaq ad çəkmir, ümid edir ki, nə vaxtsa həmin mövqelərə də işi düşə bilər. Olmadığı hər yeri pisləməyə başlayır nə başlayır, amma yeyib-içmək məclislərində də yaddaşını zədələyən yazıçını pisləməkdən qalmır: “o kimdi ki mən ondan yazam”, “özü xahiş eləmişdi yazdım, “bir də qulağının dibin görər” kimi yamanlamalarla özünə bəraət qazandırıb, toxtaqlıq tapır.
Görün axırda nə olur: Tənqidçi aylar əvvəl yazdığı yazıdan müəyyən çıxarışları toyda-yasda analiz edir, öz mətnindən alt mənalar uydurub bildirir ki, o əslində, həmin mübarək yazıçını tərif yox, tənqid eləyib, ancaq bunu nə “ağıldankəm” oxucular, nə də yazıçı özü tuta bilib. Məsələn, yazıçını Nəcib Məhfuza, Ömər Seyfəddinə və s. bənzətməklə onun yaradıcılığının böyüklüyünü yox, plagiat, kiminsə yaradıcılığının suyunun suyu olduğunu diqqətə çatdırırmış. Guya vaxt gələcək savadlı söz adamları o məqalədən çox tənqidi mətləbləri anlayacaqlar. Beləliklə, riyakarlıqdan yarana tənqid, riyakarlıqla da bitir. Təbii ki, bütün olanlar unudulur, ancaq günahkar günahını həzz etməkdənsə, qəbullanmaqdansa onu sadəcə dərk edir və qalır çabalaya-çabalaya. Baxıb görür ki, zəngin yazıçı öz kefindədir, olan elə bu bəndeyi-həqirə olub.
Fərid Hüseyn
banner

Oxşar Xəbərlər