• şənbə, 20 Aprel, 18:29
  • Baku Bakı 24°C

Zorakılıq qurbanı sonradan zorakılıq törədən insana çevrilir

06.08.13 10:34 2012
Zorakılıq qurbanı sonradan zorakılıq törədən insana çevrilir
“Uşaq yaşımdan ailəmdə problemlər mövcud idi. Atamla anamın xoş gününü görmürdüm. Hər gün bir-birilə dalaşır, təhqir və söyüşlə danışırdılar. Üstəlik atam anamı hər dəfə döyürdü. Bu, mənə çox pis təsir edirdi, anamı incitdiyi üçün atama nifrət edirdim. Uşaq vaxtı bütün bunlar mənə adi gəlirdi. Amma sonra ətrafımdakı ailələri gördükdə bədbəxt uşaq olduğumu hiss etdim. Evdə ailə nəvazişi görmürdüm, ata qayğısının nə demək olduğunu bilmirəm. Öz evimiz mənə cəhənnəm kimi göründüyü üçün tanış olduğum oğlanla evdən qaçdım. Lakin ailə qurduqdan sonra da zorakılığa məruz qaldığım üçün bu yolun səhv olduğunu anladım. Amma onu da bilirəm ki, evdən qaçmaqdan başqa yolum yox idi”. Bütün bunları bizə məişət zorakılığının qurbanına çevrilən 25 yaşlı Bahar(ad şərtidir) söylədi.
Bu hadisə yalnız müsahibimizin başına gəlməyib. Hər il ölkəmizdə məişət zorakılığının qurbanlarının sayı artmaqda davam edir. Bu zorakılıq xüsusilə qadın və uşaqlara tətbiq edilir. Məişət zorakılığının ən böyük fəsadlarını isə həmin ailələrdə böyüyən uşaqlar çəkir. Araşdırmalara əsasən dünyada hər 5 uşaqdan biri zorakılığa məruz qalır. Ölkəmizdə isə uşaqlara qarşı törədilən cinayətlərin 40%-ni məişət zorakılığı təşkil edir. Bəs ailədaxili zorakılıqlar həmin ailədə böyüyən uşaqlarda hansı fəsadları yaradır?
Zorakılıq uşaq üçün müharibəyə bərabərdir
Məişət zorakılığının uşaqlarda yaratdığı fəsadlarla bağlı araşdırma aparan London Universiteti və Anna Fred adlı mərkəzin alimlərinin gəldikləri nəticəyə görə, məişət zorakılığının uşaqların beynində yaratdığı fəsadlar ilə müharibədə iştirak edən əsgərlərin beynində yaranan fəsadlar eyni təsirə malikdir. Belə ki, illər keçsə də məişət zorakılığının qurbanı olan uşaqların beynində və eləcə də müharibədə iştirak etmiş əsgərlərin beynində potensial təhlükəyə qarşı patoloji hazırlıq hissi saxlanılır. Alimlər sübut etməyə çalışırlar ki, məhz bu cür uşaqlarda yetkinlik dövrünə çatarkən müxtəlif psixi xəstəliklər, depressiv hallar, nevrozlar müşahidə olunur.
Zorakılığın 4 forması
Ailə Sosial Araşdırmalar İctimai Birliyinin sədri Leyla Şabiyeva qəzetimizə açıqlamasında bildirdi ki, uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün valideyn məsuliyyətinin artırılması və qanunvericilikdə dəyişikliklər edilməsi vacibdir: “Ailədaxili zorakılıqlar 4 formada baş verir: fiziki, psixi, iqtisadi, cinsi. Fiziki zorakılıq ailədə uşaqların tərbiyə etmək adı ilə döyülməsidir ki, ölkəmizdə bir çox ailələr uşaqlara qarşı tərbiyə üsulu olaraq cismani cəzadan istifadə edirlər. Döyməklə uşağı tərbiyə etmək olmaz. Bu uşaqlarda təcavüzkarlığın yaranmasına səbəb olur. Təsadüfi deyil ki, ailədə zorakılıq cinayətlərinin analizi göstərir ki, cinayətkarların 68,5%-i zorakılığın hökm sürdüyü ailələrdə böyüyüblər. Bununla mübarizə aparmaq üçün Avropa ölkələrinin çoxunda “Cismani cəzadan müdafiə haqqında” qanun qəbul edilib ki, bu qanuna əsasən, övladına cismani cəza tətbiq edən valideyn dövlət tərəfindən ciddi şəkildə cəzalandırılır. Bizim qanunvericilikdə isə bununla bağlı boşluqlar mövcuddur. Uşağa qarşı zorakılığın ikinci bir forması isə valideynlər tərəfindən qız uşaqlarının erkən yaşda ailə qurmağa məcbur edilməsidir. Belə hallar qız uşaqlarının təhsildən yayınmasına, gələcəkdə doğulacaq uşaqların düzgün tərbiyə edilməməsinə və hüquqlarının pozulmasına gətirib çıxarır. Uşağa qarşı zorakılığın üçüncü forması isə valideynlərin öz maddi tələbatlarını ödəmək məqsədilə azyaşlı övladlarını ağır əməyə məcbur etmələridir. Bu da uşaqların yenə də təhsildən yayınmasına və fiziki inkişafına mane olur. Zorakılığın dördüncü forması olan cinsi istismar bundan bir neçə il öncəsinə qədər ölkəmizdə geniş yayılmamışdı. Lakin son zamanlar mətbuatda uşaqlara qarşı məişət səviyyəsində cinsi zorakılıqlara dair xəbərlərin artması halları müşahidə olunur. Bu da zorakılığın ən pis formasıdır ki, uşaqlarda psixi və fiziki travma ilə nəticələnir”.
Dəhşət saçan rəqəmlər
L.Şabiyevanın sözlərinə görə, məişət zəminində baş verən cinayətlərin 60%-i uşaq və yeniyetmələrin gözü qarşısında törədilir: “Statistik məlumatlara əsasən, hər il dünyada zorakılıq üzündən 1200-ə yaxın qadın ölür, 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif zərbələrə tuş gəlir. Azərbaycanda da qadınların döyülməsi adi haldır. Tədqiqatlar göstərir ki, hər 6 azərbaycanlı qadından biri əri tərəfindən döyülür. Hər il ölkəmizdə yaşları 17-43 arasında olan 100 qadın döyülməkdən ya şikəst olur, ya da dünyasını dəyişir. Azərbaycanda bu halı yaşayan qadınların 73%-i ərləri və ya qanunsuz nikahda olduqları kişilər tərəfindən zorakılığa məruz qalırlar. Bunların da 45%-i azyaşlı uşaq anası olur. Ailədə qadınlara qarşı olan zorakılıq uşağa birbaşa olmasa da dolayı yolla da təsir edə bilər. Valideynlər arasında olan narazılıq, boşanma, mübahisə də psixi baxımdan uşaqlara mənfi təsir göstərir. Ailədə zorakılığın şahidi olan uşaqlar çox vaxt elə eyni əlamətdən özləri cismani və ya cinsi zorakılığa məruz qalan uşaqlar kimi əziyyət çəkirlər. Atalarının və ya ögey atalarının analarına qarşı zorakı davranışının şahidi olan qızlar, zorakılıq olmayan evlərdəki qızlara nisbətən zorakılığı ailədə evliliyin adi bir halı kimi qəbul edirlər. Digər tərəfdən, eyni zorakılığın şahidi olan oğlanlar, böyüdükdən sonra öz tərəf-müqabillərinə qarşı zorakı olurlar. Bütün bunların qarşısının alınması üçün belə hallarla üzləşənlərin hansı qurumlara müraciət etmələri ilə bağlı maarifləndirmə işləri aparılmalıdır”.
Natamam böyüyən uşaqlar
Psixoloq Hüseyn Xəlilov bizimlə söhbətində bildirdi ki, ailədə uşaqların şiddətə məruz qalması, ailədaxili zorakılıq, uşağa qarşı edilən aqressiv hərəkətlər gələcəkdə onun tərbiyəsində ciddi çatışmazlıqlar yaradır: “Valideyn övladını kəşf edib öyrənmək əvəzinə, uşağın hər hansı adi hərəkətinə, davranışına dözə bilməyib onu təhqir edərək döyür, bu da nəticədə körpənin aqressiv olmasına və onda psixi xəstəliklərin yaranmasına təkan verir”. Psixoloqun sözlərinə görə, valideyn tərəfindən tez-tez döyülən və zorakılığın şahidi olan uşaqlar natamam böyüyür: “Şiddətə məruz qalan uşaqların cəmiyyətə inteqrasiyasında müəyyən problemlər yaranır. Yəni uşaqlar sağlam ruhda olmurlar, gələcəkdə özünü bir şəxs kimi görməkdə çətinlik çəkirlər. Nəticədə belə uşaqların ünsiyyət qurmasında da ciddi problemlər yaranır. Onlar cəmiyyət içində, ailədə, məktəbdə rahat ünsiyyətə girə bilmirlər. Belə uşaqlar sağlam düşünə bilmədiyi üçün həmyaşıdlarına qarşı aqressiv, kobud hərəkətlər nümayiş etdirirlər”.
“Zorakılıq qurbanı özü də şiddətə meyilli olur”
Psixoloq Azad İsazadəyə görə, fərqi yoxdur azyaşlı körpə və yaxud yaşa dolmuş insan - hər bir döyülmə halının insana istər psixoloji, istərsə də fiziki cəhətdən mənfi təsir etdiyini bildirdi: “Böyüyün psixologiyası daha güclü olduğu üçün o, stressin altından daha tez çıxa bilir, körpədə isə bu hal ciddi fəsadlar yaradır. Buna görə də məişətdə nə ər arvadı, nə də valideyn uşağı döyərək tərbiyə edə bilməz”. Psixoloqun sözlərinə görə, psixologiyada belə bir anlayış var ki, hansısa təcavüzün qurbanı sonra həmin aqressiyanı özündən zəif insanın üzərinə tökür: “Zorakılıq qurbanı sonradan özü də zorakılıq törədən insana çevrilə bilər”.
Qeyd edək ki, Kanadada 653 gəncin üzərində aparılan araşdırmaların nəticəsi göstərir ki, uşaq vaxtı şiddətə məruz qalan insanların gənc yaşlarında davranışlarında müəyyən qüsurlar, içki və narkotik aludəçisi olmaq kimi problemlərlə qarşılaşmaq faizi digərlərinə nisbətən çox yüksəkdir.
Aygün CƏFƏRLİ
banner

Oxşar Xəbərlər