• cümə axşamı, 28 mart, 18:54
  • Baku Bakı 13°C

Zoologiya İnstitutu: Zəlilərin düzgün seçilməməsi ağır fəsadlara gətirib çıxara bilər

04.02.17 16:30 955
Zoologiya İnstitutu: Zəlilərin düzgün seçilməməsi ağır fəsadlara gətirib çıxara bilər
Qədim zamanlardan insanlar sağlamlıqlarının qeydinə qalmaq üçün zəli ilə müalicəyə üstünlük veriblər. Hətta gənclər sağlam övlada sahib olmaq, yaşlılar isə uzunömürlülük və şəfa məqsədilə zəlidən geniş istifadə ediblər. İbn Sina və Hippokrat kimi məşhur həkimlər müəllifi olduqları kitablarda zəli müalicəsindən və düzgün zəli seçimindən bəhs ediblər. Məhz tibbi məqsədlər üçün uyğun zəlinin təyin edilməsi vacib şərtdir. Çünki aptek zəlilərindən başqa digər zəli növləri müalicə üçün yararsız hesab olunur. Zəlidən istifadənin sürətlə artması nəticəsində təbiətdə onların sayı azalmaqdadır. Bu səbəbdən zəlilər süni yolla çoxaldılır. Bu cür zəlilərdən 1,5 yaşa çatdıqda müalicə məqsədilə istifadə etmək mümkündür.
Azərbaycanda tibbi zəlinin daha çox şərq növünə rast gəlinir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun alimləri zəlilər üzərində çoxlu sayda tədqiqatlar aparırlar. Ölkəmizdə hirudoterapiyanın elmi səviyyədə təkmilləşməsi istiqamətində bu kimi araşdırmalar böyük əhəmiyyət daşıyır.
İnstitutun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifovun məlumatına görə, dünyada 400, Azərbaycanda isə 14 növ zəli mövcuddur. Onlar əsasən təmiz suda, göllərdə və nəm torpaqda yaşayır, heyvan və insan qanı ilə qidalanır. Cəmiyyətimizdə bir qrup insan müalicəvi əhəmiyyət daşıyan zəli ovu ilə məşğuldur. Lakin onların çoxu müalicə üçün yararlı olan zəli növünü düzgün təyin edə bilmir. Bu da bir sıra xəstəliklərin yayılmasına, şəfa tapmaq niyyəti ilə hirudoterapiyaya müraciət edən insanların bu müalicə növünə inamını itirməsinə səbəb ola bilər. Qeyd etmək lazımdır ki, at zəlisindən fərqli olaraq müalicə üçün istifadə olunan zəlilərin belində tünd yaşıl, yaxud qara rəngli, qırmızı və narıncı zolaqlar, dördbucaqlı naxışları var. Bu işlə məşğul olanlar ilk növbədə tibbi zəli növlərini tanımalıdırlar.
Xüsusi önəm daşıyan məqamlardan biri də satış məqsədilə ovlanan zəlilərin sağlam olub-olmamasını müəyyənləşdirməkdir. Çünki müalicə zamanı xəstə zəlilərdən istifadə olunduqda pasiyent şəfa tapmaq əvəzinə tam əksinə, bir çox ağır xəstəliklərə yoluxa bilər. Zoologiya İnstitutu bu cür halların qarşısının alınması istiqamətində də bir sıra tədbirlər görür. E.Yusifovun sözlərinə görə, bu günlərdə Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən əldə olunmuş külli miqdarda zəli araşdırılmaq üçün Zoologiya İnstitutuna təhvil verilib. Bu elm müəssisəsinin altı mütəxəssisi tərəfindən həmin zəlilər xüsusi süni rejim şəraitində saxlanılıb və tədqiq edilib. Məlum olub ki, onların arasında at zəlisi və xəstə zəlilər də var. İnstitut bu zəlilərin satış məqsədilə əczaxanalara verilməsinin və müalicədə istifadəsinin sağlamlıq üçün təhlükəli olması barədə qərar çıxarıb. Bu səbəbdən DGK-nın rəsmiləri və Zoologiya İnstitutunun mütəxəssisləri zəlilərin ilk mərhələdə bir müddət Mingəçevir elmi-təcrübə hidrobioloji laboratoriyasının ərazisindəki süni göllərdə saxlanması, daha sonra zəlilərin yayıldığı müxtəlif təbii su hövzələrinə buraxılması barədə razılığa gəliblər.
Qeyd olunan bu məqamlar insan sağlamlığına münasibətdə həssas yanaşmanın vacibliyini bir daha gündəmə gətirir. Ölkəmizdə bu istiqamətdə mütərəqqi addımlar atılır, sağlam, fiziki və əqli cəhətdən tam formalaşmış nəslin yetişməsi üçün mühüm işlər görülür.
banner

Oxşar Xəbərlər