• çərşənbə axşamı, 19 mart, 15:55
  • Baku Bakı 8°C

Özlərini kəşf etmək istəyən gənclər bir arada - Reportaj

20.01.17 09:30 4930
Özlərini kəşf etmək istəyən gənclər bir arada - Reportaj


"20 il ərzində Amerikada öz ixtisası üzrə məşhur olan insanların həyatlarını araşdırıblar. Araşdırmada məqsəd uğura gedən yolun 10 prinsipini müəyyənləşdirmək olub. Sizcə, birinci prinsip hansıdır?”.
Təlimçi Aliyə Məmmədhəsənzadə bu sualla "özünü kəşf etmək” istəyən auditoriyaya üz tutdu. Cavablar müxtəlif oldu. Özünə inam, çalışmaq, iddialı olmaq, xəyal etmək, bir şeyi ürəkdən istəmək, sevgi ilə yanaşmaq... Amma gənc təlimçinin sözündən məlum oldu ki, uğura gedən yolun 10 prinsipindən birincisi insanın özünü kəşf etməsi ilə bağlıdır. İkinci yerdə isə xəyalın gücü durur.
Qeyd edək ki, "Özünü kəşf et" adlı təlim LeveLand İnkişaf və Karyera Mərkəzində keçirildi. Təlimçi və moderator "Təlimçilik Akademiyası-2” proqramının məzun təlimçisi, The European Law Students' Association Azerbaijan (Avropa Hüquq Tələbələrinin Azərbaycan Assosiasiyası) təşkilatının, Scientific Union of Economist Studentsin (İqtisadçı Tələbələrin Elmi Birliyi) İdarə Heyətinin üzvü Aliyə Məmmədhəsənzadə idi. O həm də Azərbaycan Dövlət Gömrük Komitəsi Akademiyasının hüquq fakültəsində təhsil alır.

"Sanki nəsə çatışmır”


Auditoriyaya özünü kəşf etmək, özlərini tanımaqla bağlı ünvanlanan suala əksər gənclər hələ özlərini tapmadıqları cavabını verdilər. Bildirdilər ki, özlərini kəşf etmək istəyirlər. "Özünüzü harada görmək istəyirsiniz? – sualına isə fərqli cavablar verildi.
Sevinc Baxşəliyeva: "Düzdür, ali təhsil alıram, amma bu, məni tam qane etmir. Mənim başqa maraqlarım da var. Özümü xoşbəxt hiss edə, nə istədiyimi müəyyənləşdirə bilmirəm. Sanki nəsə çatışmır. Bunu müəyyənləşdirmək, özümü kəşf etmək istəyirəm”.
Nuridə Hüseynova: "Özünü kəşf etmək anlıq bir proses ola bilməz. İnsan yaşa dolduqca, müəyyən zaman keçdikcə, həyat yolunda müxtəlif hadisələrlə, insanlarla qarşılaşdıqca öyrənə və özünü kəşf edə bilər. Məncə, özünü kəşf etmək heç vaxt gec deyil”.

"İnsan özünü tam heç vaxt kəşf edə bilməz”

Xəyal Abdullayevin fikrincə, özünü kəşf davam edən prosesdir: "Burada belə bir şey yoxdur ki, bir dəfə özünü kəşf edirsən və sonra hər şey həmin yol üzrə gedir. Hər birimiz hansısa sahədə gözəl karyeraya sahib olsaq da, başqa bir sahədə də qabiliyyətli ola bilərik. Qarşısına müxtəlif situasiyalar çıxdıqca insan özünü kəşf edir. Buna bəzən qaranlıq bölgə də deyilir. Hər birimiz zamanla o bacarıqları kəşf edirik”.
Eltac Cəbiyev isə düşünür ki, insan özünü heç vaxt tam kəşf edə bilməz, ömrünün sonuna qədər hardasa nə isə problem çıxacaq: "Mən özümü sevdiyim sahədə tapmaq üçün baş vurmadığım iş qalmadı. Biznesə də baş vurdum, turizmlə də maraqlandım, amma axırda gördüm ki, öyrətməyi sevirəm. 3 ildir təlimçi kimi çalışıram və özümü indiki işimdə görürəm. Bəlkə də təlimçiliyi deyil, öyrətməyi sevdiyimdən bu işi seçmişəm. Öyrətmək deyəndə, həm də öyrənirəm. Çünki insan ən çox öyrədərkən öyrənir”.
Şəfiqə Nağıyevaya görə, kəşf etmək davamlı prosesdir: "Əgər özümü kəşf etdiyimi desəm, deməli, artıq dayanmışam. İnsan yaşadıqca, oxuduqca, yeni nələrsə öyrəndikcə özünü kəşf edir”.
Günay Əliyevanın fikrincə, valideynlər uşaqlarının əvəzinə onlar üçün ixtisas seçərkən bir növ övladlarının özlərini kəşf etmələrinə mane olurlar: "Amma müəyyən bir sərbəstlik versələr, mənəvi dəstək olsalar, uşaqlar özlərini daha tez kəşf edərlər”.
"İnsan sosial cəhətdən özünü tanımalıdır”
Təlimçi xanım bildirdi ki, insanın özünü kəşf etməsi təkcə içindəkilərin nə olduğunu bilmək deyil: "Ona özünü tanımaq da deyirlər. Bu, insanın fərd olaraq bacarıqlı, uğurlu olmasına yol açır”.
A.Məmmədhəsənzadə uğur və özünükəşf arasında hansı əlaqənin olduğu barədə auditoriyanın fikirlərini də aldı.
Hər kəsin mütləq müəyyən bacarıqlarının olduğunu deyən təlim iştirakçısı Günay Əliyeva bunu bilib, inkişaf etdirmədən uğur qazanmağın mümkünsüz olduğunu dedi: "Buna görə də insan o bacarığı müəyyənləşdirərkən bir növ özünü kəşf edir. Bu zaman isə əziyyət çəkib, o istiqamətdə özünü təkmilləşdirsə, uğur qazana bilər”.
Xəyal Abdullayev düşünür ki, hər bir insanın həyatda özünü kəşf etmək, uğur qazana biləcəyini tapmaq kimi bir missiyası var: ""Özünü kəşf” problemi cəmiyyətimizdə var. İnsanlar özlərini tapa bilmirlər. Bir çox sahələrdə özlərini tapmağa çalışırlar, amma ortada heç nə olmur. Burada psixoloji faktorun da rolu var. Uğursuzluqların çoxu da bu kimi problemlərdən qaynaqlanır”.

"İnanmaq bacarmağın yarısıdır”

A.Həsənzadə: "Vess Roberts "Atillanın qələbə sirləri” kitabının müəllifidir. Orada belə bir sitat verilirdi: "Müvəffəqiyyət şans işi deyil. Bunun üçün düşünməli, diqqət etməli və çalışmalıyıq. Şans isə bizə rulet, qumar və lotereya oynayan zaman lazım olur”. Deməli, müvəffəqiyyət şans işi deyil, onun da öz yol və prinsipləri mövcuddur. Qarşıda hər hansı hədəf varsa, ona uyğun kiçik hədəflər qoyaraq yavaş-yavaş məqsədimizə nail olmalıyıq. Bir də daxilindəki potensiallardan xəbəri olmayan insanlar var. Bunu bilmirlər və zamanları digərlərinin uğurlarını alqışlamaqla keçir. Özünü kəşf etmədə özünə inamın da rolu var. Düşünürəm ki, uğurla inam mütənasibdir. İnanmasaq, bacarmarıq, məncə”.
X.Abdullayevə görə, inam insan psixologiyasında böyük təsir gücünə malikdir: "Hipnoz altında olan bir insana deyirlər ki, sənin belinə qızmış dəmir parçası basacağıq. Hipoz altındadır və həqiqətən buna inanır. Ona dəmir yox, buz parçası ilə toxunurlar və həmin yerdə suluq yaranır”.
A.Məmmədhəsənzadənin də fikrincə, inam insanın özünü tanımasıdır: "Əgər insan özünü kəşf etsə, bacarıqlarına bələd olsa, paralel olaraq özünə inamı da yaranır. Əgər insan daxili potensialına əmindirsə, özünəinam da formalaşır. Qədimdə belə fikir var ki, inanmaq bacarmağın yarısıdır”.

"İnamı olmayan insan uğur qazana bilməz”

Nuranə Əlizadənin düşüncəsinə görə, inam şüursuz olaraq baş verən prosesdir: "İnsan, sadəcə, öz gücünə, hansısa bir işi görəcəyinə şüursuz olaraq daxilən inanır. Amma inam hər bir işdə vacibdir. İnamsız yaşamaq mümkünsüzdür”.
Mətin Nağızadə də inamın gücünə inanır: "İnsan ayaqsız, qolsuz olduğu halda uğur qazana bilir. Bununla bağlı dünya təcrübəsində və ölkəmizdə kifayət qədər nümunələr var. Amma inamı olmayan insan uğur qazana bilməz. Xərçəng xəstəliyini belə, inamla özündən uzaqlaşdıran insanlar var. İnamsız insan yaşaya bilməz”.
E.Cəbiyev deyir ki, insana bioloji yox, psixoloji varlıq kimi yanaşsaq, hər şey beyində başlayır və beyində bitir: "Bəlkə də bunu inkar edənlər olar. Amma düşünürəm ki, insanda baş verən bütün xəstəliklər, proseslər onun psixologiyası ilə birbaşa əlaqəlidir. İnsan düzgün fikirləşməyi bacarsa, özünü düzgün idarə edə bilsə, hər şeyə düzgün reaksiya versə, bədənində nə ağrı ola bilər, nə də hər hansı xəstəlik. İnsan özündə baş verən bütün xəstəliklərdən özünü müalicə edə bilər. Uğura da bu prizmadan yanaşa bilərik”.

"İşə başlamamış sonunu fikirləşmək olmaz”

A.Məmmədhəsənzadə bildirdi ki, işə başlayarkən bir çox insanlarda neqativ fikirlər olur. Bu fikirləri özündən uzaqlaşdıranlar da olur, əksini yaşayanlar da: "Nə isə bir iş görməliyik. Amma bəzən insan özünə qarşı neqativ fikirdə olur. Mən "bu işi bacarmaram” – deyərək əziyyət çəkmədən imtina edir. Neqativ fikirlərdən uzaq durmaqla bağlı nə düşünürsüz?”.
Mətin Nağızadə: "İnsan öz potensialını bilməlidir. Hansı işi görə biləcəyinə, orada uğur qazanacağına bələd olmalıdır. Belə bir fikir var ki, günün uğurlu keçməsi üçün pozitiv əhvalla başlamaq lazımdır. Hansısa işə başlayanda da pis düşüncə ilə həvəssiz yanaşmaq olmaz”.
Sevinc Baxşəliyeva: "Pis fikirləri özümüzdən uzaq tutmalıyıq, amma həm də unutmamalıyıq. Əgər qarşıma bir məqsəd qoymuşamsa, ona qarşı irəliləyirəmsə, bilməliyəm ki, o yolda yıxıla da bilərəm, qalxa da. Müxtəlif variantları öncədən tərəziyə qoyub ölçməlisən”.
A.Məmmədhəsənzadənin fikrincə, hansısa işə başlamaq üçün insan özünü həm də motivasiya etməlidir: "Bu zaman isə pis fikirlər olmamalıdır. İşə başlamamış sonunu fikirləşmək olmaz. Özünü sığortalamaq üçün müxtəlif variantlar fikirləşmək yaxşıdır ki, problem olanda həll etmək asan gəlsin. Amma insan mümkün qədər bacarıqlarına, özünə pozitiv yanaşmalıdır”.

"Daim dəyişməyə çalışmalıyıq”


Mühit və insan amili də müzakirə mövzusu oldu. Bu istiqamətdə daha çox diqqət çəkən hissə insanın özünü dəyişdirməsi ilə bağlı oldu? İnkişaf üçün insan dəyişməlidirmi?
Mətin Nağızadə: !”Mənim hansısa bir xüsusiyyətim ola bilər. Amma elə bir mühitə düşə bilərəm ki, o mühitdə həmin xüsusiyyətimi bildirsəm hörmətdən düşə, insanlarda özümə qarşı mənfi bir fikir yarada bilərəm. Onu pərdələmək lazımdır. İnsan bəzən özünü mühitə uyğun göstərməlidir”.
Şəfiqə Nağıyeva: "Daim dəyişməyə çalışmalıyıq. Çünki olduğumuz yer, hazırkı vəziyyətimiz indi yaxşı görünə bilər. Amma daha yaxşı olması üçün daim dəyişməliyik”.

Aygün Asimqızı


banner

Oxşar Xəbərlər