• cümə, 26 Aprel, 01:05
  • Baku Bakı 16°C

Özlərini əhəmiyyətli hesab edən intellektualları görməyə gözüm yoxdur

14.03.16 10:01 1838
Özlərini əhəmiyyətli hesab edən intellektualları görməyə gözüm yoxdur
Slavoj Zizek çağdaş dünya fəlsəfə və ədəbiyyatının nüfuzlu nümayəndələrindən hesab edilir. Ona “fəlsəfənin rokstarı” deyirlər. Bütün əsərləri ekranlaşdırılmış yazıçı məhz oxucularının tələbi ilə “Dəlinin film bələdçisi”-nin ikinci hissəsi olan – “Dəlinin ideoloji bələdçisi”-ni oxucularına təqdim etdi. Əsərin motivləri əsasında çəkilmiş eyniadlı film də ekranlardan özünə kifayət qədər geniş tamaşaçı auditoriyası topladı. Yuxuya aludəçiliyi ilə məşhurlaşmış filosof-psixoanalitik-yazar bütün görüşlərə bu səbəbdən gecikdiyi üçün heç vaxt yalan danışmır. Özünün dediyinə görə onunla görüşmək istəyən heç kim gecikməyinin səbəbi ilə maraqlanmır: “... mən də fikirləşdirəm ki, onsuz da başqa bir səbəb olduğunu da desəm, inanmayacaqlar”. Zizeklə söhbətləşməkdən hər zaman zövq alan jurnalistlərin ən sevdiyi cəhəti isə yazarın sürətlə danışmasıdır. Sloveniyalı yazıçı Slavoj Zizekin Çinar Olsayla müsahibəsini təqdim edirik.
- Son kitabınızın üz qabığında arxanızda alovlar içində bir maşın və üstünüzdə İstanbul yazılan köynək var. Bu üz qabığı həmin dönəmlərdə dünyanı ağuşuna almış üsyanlara diqqət çəkmək məqsədi güdürdü?
- Sadəcə fotoşop idi, heç bir xüsusi məqsədi yox idi. O ki qaldı üsyanlar məsələsinə. Burada məsələnin məni maraqlandıran tərəfi, Yunanıstan, İspaniya kimi iqtisadi böhran yaşayan ölkələrdə üsyan və etirazların normal, Türkiyə, Braziliya, hətta İsveçdə isə silahla, polis müdaxiləsi, ölümlə müşayiət olunmasıdır. Bu olduqca müəmmalıdır. Düzdür, ikinci sırada sadaladığım ölkələr olduqca zəngin deyil, amma 30-50 il əvvəlkinə nisbətən çox yaxşı vəziyyətdədir. Bəs, onda insanlar niyə üsyan edir? Bu suala cavabım bədbin notlarla doludur. Hər şey pis gedir, işlər yolunda deyilsə, insanlar etiraz etməzlər. Çevrilişlər, üsyanlar heç vaxt belə zamanlarda başlamaz. Əksinə, həyat şəraiti yaxşılaşanda, standartlar və keyfiyyət göstəriciləri yüksələndə insanların gözləntiləri də artır. Fransa inqilabı monarxiya rejiminin sərt və mərhəmətsiz dönəmlərində baş vermədi. Kral 1750-ci ildən sonra gücünü itirib, vəziyyəti yumşaltdıqdan sonra xalq başını qaldırdı. Macarıstanda Naqi İmrenin dönəmi də belə bitdi. Ona görə də təəssüf ki, Şimali Koreyada uzun müddət çevriliş görməyəcəksiniz. Burada diktatorlar üçün bir haşiyəyə çıxmalıyam: axıra kimi mərhəmətsiz davranın və əsla geri addım atmayın. (Gülür - red. Ç.O.). Yəni başqa sözlə desək, inkişaf edən, insanların həyat şəraitinin yaxşılaşdığı, standartların yüksəldiyi ölkələr üsyan, çevriliş üçün daha əlverişli mühitdir. İnsanlar sevmədikləri və ən xırda məsələdə belə sıxıntı yaradan heç nəyə dözmək məcburiyyətində olmadıqlarını dərk edir və dərhal onu dəyişirlər.
Amma məsələnin ikinci tərəfi də var. Hər irəliləyiş və inkişafın bir bədəli, qurbanı olur. Məsələn, Çin. Çinin hər bir vətəndaşı 40-50 il bundan əvvəl yaşadığından daha yaxşı yaşayır. Amma ictimai düşüncənin yeni nəsli formalaşdı. Onlar vəziyyəti ölkənin 40-50 il əvvəlki vəziyyəti ilə yox, günün inkişaf etmiş ölkələrindəki vəziyyətlə müqayisə edir. Misirə baxaq. Mübarəkin rəhbərliyi altında, özləri də bəlkə etiraf edər, misirlilərin vəziyyəti həqiqətən çox-çox yaxşılaşdı. Amma yeni təhsilli, dünyaya açılmış nəsil daha çox şey tələb edirdi. Bəzən, məsələləri “xalqın keçmişi, qüruru, heysiyyəti ilə oynamaq” kimi qələmə verirlər. Boş söhbətdir. Niyə 40-50 il əvvəl daha dözülməz şəraitdə yaşayarkən, o qürur, heysiyyət ön plana çıxmırdı? Çünki verilən azadlıq, təmin edilən yaxşı şərait, genişlənən imkanlar nəticəsində insanların şüuru, dünyagörüşü formalaşdı, bununla yanaşı da, həssaslıq, eqo hissi gücləndi.
- Müsahibələrinizdən birində İslamda əslində insana azadlıq verən ünsürlər olduğunu demisiniz...
- Mən İslam dininə xüsusi bir heyranlıq bəsləmirəm. Qərbin bəzi solçuları islamafobluqla qınanmamaq üçün özlərini tolerant kimi aparırlar. Məni də o müsahibədə səsləndirdiyim ironik təriflərə görə mühafizəkarlığa dəstək durmaqda ittiham etdilər. 1800-cü illərdə Şərq ölkələrinə səyahət etmiş bir neçə səyyahın əsərləri ilə tanış olmuşam. 200 il əvvəl dünya müsəlmanları daha rahat qəbul edir, onları daha mədəni, tolerant hesab edirdi. Yəni bu gün ənənəvi İslam adı ilə sırınan şey dinin tipik, mənfəətlərə uzlaşdırılmış modelidir. Bu da dinin yox, dövrün, iqtisadi sistemin problemidir.
- Yanlış başlamış bir həyatı doğru yaşamaq olmur. Bəs, nə etməliyik?
- Bunun üçün ailə qurmaqla bağlı psixoloqların verdiyi kimi bəsit formulalarımız yoxdur. Sofi Fyen ilə “Dəlinin ideoloji bələdçisi” filmində bu sualı cavablamağa çalışdıq, insanları silkələmək istədik. İstədik ki, hər şeyin cavabını Allahdan soruşmağın mənasız olduğunu dərk etsinlər. Aleyn Bedio ilə Cənubi Koreyaya səfər etmişdik. Tamamilə iqtisadi zəfər qazanmış ölkə modeli! Yaponiyanın sürətinə çatmaq üzrədir. “Samsung” “Apple” belə arxa planda qoymaq üzrədir, amma eyni zamanda dünyanın intihar statistikasına liderlik edən ölkədir. XX əsrdə çəkdikləri əzabların əvəzini özlərini tamamilə modernizasiyaya verməklə çıxdılar. Elə bil hipnoz olublar. Xüsusilə, yeni nəsil. Dəlicəsinə sürət, vəhşi ritmiklik, işləmək həvəsi, manyakcasına əyləncə saatları – amma hər şey məcburi kimidir. Rahatlanmağa, ruhi dincliyə zaman yoxdur, çünki bunu belə planlaşdırılmış iş kimi icra edirlər. Dünyanın texnoloji həyatını idarə edirlər. Bunda bir sistem var, bir dəqiqə dayansalar, məhv olurlar. Məhv olanların çoxluğunun da səbəbi budur. Dayanırlar, məna bitir, çökürlər və intihar edirlər. Yəni bu liderlərin belə bir formulası yoxdur.
İnsana nəsə hiss etdirmək üçün Qərbdə ən azından bir ana qayda var: digər insanlara çox bağlanma. Aşiq olma, məsafəni qoru. Buddizmin fəlsəfəsinə marağın bu qədər artmasının səbəbi insanların məna axtarışlarıdır, yalnızlıq qorxusu, mənasızlıq sindromudur. Çünki Qərbdə hansısa kişiyə və qadına dərin ehtiras və mənəvi bağlarla bağlanmaq, ona uyğunlaşmaq, aşiq olmaq psixoloji əlillik kimi təbliğ edilir. Onlar “nəsnələrə bağlanma” şüarı ilə yaşayırlar.
Yəni dünyanın hər yerində insanların fərqli təmin oluna bilməmək səbəbləri var. Afrikanın Fil Dişi sahillərində 50 milyonluq nəhəng aclar ordusu var. Görünməz insanlar! Elə onlar kimi görünməz ölkələr var – Konqo kimi! Bu ölkədə hər gün müharibədir, ora Yer kürəsinin savaş Allahlarının vətənidir! Amma dünya iqtisadiyyatı ilə bütünləşdiyi, axsamadığı üçün bunu heç kim görmür. Ona görə də bu “humanitar yardımlaşma”-ya nifrət edirəm. Yoxsullar bir yerdə saxlamaq, onlara ildə bir neçə dəfə yardım etmək o həyatın çox uzağında olanların özlərini yaxşı və mərhəmətli hiss etməsi, mənəvi rahatlanması üçündür. Bütün dünya bu mexanizmə köklənib: “Kağızları emal yeşiyinə atdınmı?”, “Yemək artıqlarını ayırdınızmı?”, “Sudan ehtiyatlı istifadə etdikmi?”, “Bu gün sağlam qidalandıqmı?”. Böyük suallar verməmək üçün bu məsələlərlə terrora məruz qalırıq. Çünki sizə Kanadanın nefti haradan əldə etdiyini soruşmaq imkanı verilməməlidir. O qədər suallar qoyulmalıdır ki qarşınıza bu məsələ sizi maraqlandırmasın.
- Eşitmişəm ki, jurnalistlərdən xoşunuz gəlmir...
- Sadəcə gördüyü işi və özlərini həddindən artıq əhəmiyyətli hesab edən intellektualları görməyə gözüm yoxdur. Bosniyaya səfər etmişdim, orada çox qəribə bir şeyin fərqinə vardım. Hər şair hansısa diktatorun və ya irqi soyqırımın, ayrıseçkiliyin yanındadır. Yəni, hər işi ucuzlaşdıraraq görən insanlar var və heç də az deyillər.
- Amma yenə də mən əminəm ki, sizin üçün gündəlik qəzet işləri ilə məşğul olmaqdansa, fəlsəfi problemlər üzərinə düşünmək daha cəlbedicidir. Həmkarlarımla bağlı fikrinizi bildiyim üçün bu müsahibəyə çox yaxşı hazırlaşdım, kitablarınızı oxudum, filmlərinizi izlədim, çıxışlarınızla tanış oldum. Özümü rahat və sıxıntısız hiss edirəm...
- Bu məsələdə özünü günahkar hiss etmə. Amma özünü yaxşı hiss etmək üçün də çox çabalama, yoxsa sürətlə tükənməyin qurbanı olarsan. 20 il əvvəl Qüdsdə bir müxbir məndən niyə psixoanalitika ilə peşəkar məşğul olmadığımı soruşmuşdu. “Böyük məsuliyyət tələb edir. Tək yanlış söz psixi böhran keçirən adamı intihara aparar” – dedim. Səhəri qəzetdə müsahibəm, rəsmimin üzərində isə belə bir başlıq: “Slavoj Zizek: Hər hansı bir insanı bircə sözümlə öldürə bilərəm!”. Ona görə də hamıya məsləhət görürəm, oxuyun, düşünün və yalnız bundan sonra nə demək istədiyimi şərh edin. “The Thin Blue Line” adlı sevdiyim sənədli bir film var. Orada səslənən bu fikri çox bəyənirəm: “Yaxşı bir hakim günahkarın layiqincə cəzalandıra bilər, amma günahsız birini həbsə göndərə bilmək istedad tələb edir”. O müxbir də eyni ilə elə istedadlı idi. Sıradan bir müxbir mənim dediklərimi yazıya köçürüb, cəmiyyətə çatdıra bilər. Amma müsahibinə hiss etdirmədən demək istədiyinin tamamilə tərsini dedizdirə bilirsənsə, deməli, həqiqətən istedadlı jurnalistsən. Məntiqlə mənim işlətdiyim cümlə ilə onun çıxardığı başlıq arasında heç bir uyğunsuzluq yox idi. Jurnalistlər haqqında dediyim fikri onun kimi işinin sahibi olanlara aid edə bilmərəm.
Tərcümə etdi: Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər