• cümə, 19 Aprel, 16:43
  • Baku Bakı 25°C

Ziyalılıq simvolu

03.07.18 13:45 1320
Ziyalılıq simvolu
Tanrının verdiyi ömür payını hamı mənalı, müdrik yaşaya bilmir. Və bu ömürdə bir neçə insan ömrünü yaşamaq da hər kəsə nəsib olmur. Alim, cərrah, pedaqoq, ictimai-siyasi xadim, ən başlıcası, yurdsevər vətəndaş olan professor Sudeyif İmamverdiyev bunları bir ömrə sığışdıran şəxsiyyətlərdəndir. Təkcə Azərbaycan urologiyasında deyil, dünya urologiyasında da bir çox ilklər məhz Sudeyif müəllimə məxsusdur.
Sudeyif Bəşir oğlu İmamverdiyev 1938-ci il iyul ayının 2-də Astara şəhərində müəllim ailəsində anadan olub. Astarada 1 saylı orta məktəbin rus bölməsini bitirib, 1956-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinin Azərbaycan bölməsinə daxil olub.
Tələbəliyin ilk illərindən başlayaraq cərrahiyyə elminə xüsusi maraq göstərib. İnstitutun V kursunda oxuyarkən hospital cərrahiyyə kafedrasının müdiri, əməkdar elm xadimi, professor B.M.Mahmudbəyov və dosent M.F.Muradovun rəhbərliyi altında «Nefrektomiyadan sonra qalan yeganə böyrəyin funksiyası» adlı ilk elmi iş üzərində işləyib. Həmin iş 1962-ci ildə Bakı şəhərinin ali məktəblərinin tələbə elmi işləri arasında birinci yeri tutaraq, fəxri fərmana layiq görülüb. Bu, onun urologiya sahəsində ilk elmi işi idi.
İnstitutu bitirdikdən sonra 1962-63-cü illərdə hərbi xidmətdə leytenant rütbəsində cərrah-həkim kimi fəaliyyət göstərib. 1963-cü ildə hərbi xidməti başa vuraraq Bakıya qayıdıb və o zaman Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya kafedrasına rəhbərlik edən professor M.M.Cavadzadənin məsləhəti ilə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının urologiya şöbəsində uroloq vəzifəsinə qəbul olunub.
Bununla o, fəal elmi həyata qədəm qoyub və 1964-cü ildə Azərbaycanda ilk dəfə olaraq, rentgen müayinə üsulu olan limfoqrafiyanı tətbiq edib. Bu müayinəni aparmaq üçün o, həmçinin iki növ (forma) mexaniki inyektor da təklif edib.
Bu illərdə onun apardığı elmi axtarışlar səmərəsiz qalmayıb. Bu tədqiqatların nəticəsi olaraq 1965-ci ildə o, professor Cavadzadə ilə birlikdə «Sidiklik xərçənginin metastazlarının diaqnostikasında limfoqrafıya və çanaq fleboqrafıyasının əhəmiyyəti» adlı geniş həcmli elmi məqalə çap etdirib.
1968-ci ildə tibb elmləri namizədi elmi dərəcəsi almaq üçün Bakıda «Sidikliyin, prostat vəzinin və xarici cinsiyyət üzvlərinin şişlərində limfoqrafiya və sümükdaxili çanaq fleboqrafiyası» mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edir. Bu iş sidik-cinsiyyət üzvlərinin bəd xassəli şişlərinin yayılma dərəcəsini müəyyən etmək üçün çox böyük praktiki əhəmiyyətə malikdir.
Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra da gənc alim öz axtarışlarını dayandırmır. 1968-ci ildən başlayaraq, böyrək arteriyasının daralması və tutulması nəticəsində əmələ gəlmiş vazorenal hipertoniyanın cərrahi müalicəsi problemi ilə məşğul olur.
1971-ci ilin iyun ayında S.B.İmamverdiyev Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahi xəstəliklər kafedrasına assistent vəzifəsinə keçir və tanınmış cərrah-alim professor Mehdi Mehdiyevin rəhbərliyi altında öz elmi işlərini davam etdirir. O, Mehdiyevin dəstəyilə 1972-ci ilin sentyabrında doktorluq dissertasiyası üzərində elmi axtarışlarını davam etdirmək üçün Moskvaya Ümumittifaq Cərrahiyyə Mərkəzinə ezam olunur. 1972-1974-cü illərdə akademik B.V.Petrovskinin rəhbərlik etdiyi bu nəhəng mərkəzdə elmi axtarışlarını davam etdirir. 1974-cü ilin dekabrın 24-də akademik B.V.Petrovskinin və görkəmli damar cərrahı, Dövlət mükafatı laureatı, professor M.D.Knyazyevin elmi rəhbərliyi altında Moskvada «Hər iki böyrək arteriyasının daralması nəticəsində baş verən vazorenal hipertoniyanın cərrahi müalicəsi» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, 36 yaşında tibb elmləri doktoru elmi dərəcəsini alır.
S.İmamverdiyevin dissertasiyası cərrahi nefrologiya sahəsində ən böyük sensasiya doğurur. Çünki bu dissertasiyaya qədər belə qəbul edilmişdi ki, xəstəlikdən daha çox zərər çəkmiş böyrəyin damarında cərrahi əməliyyat aparmaq lazımdır. Gənc alim nəzəri və praktiki cəhətdən sübut etdi ki, hər iki böyrəyin arteriyası eyni dərəcədə kəskin daralarsa, hipertrofiya müşahidə olunan böyrəyin damarlarında rekonstruktiv əməliyyatlar aparmaq daha faydalı və uğurlu nəticələr verir. Bu, gənc Azərbaycan aliminin urologiya sahəsində dünya əhəmiyyətli kəşfi idi.
1975-ci ilin yanvarından tibb elmləri doktoru S.B.İmamverdiyev doğma Azərbaycana qayıdır. Vətənə qayıdandan sonra yenə də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahiyyə kafedrasında assistent vəzifəsində işə başlayır və Tibb İnstitutunda urologiya kafedrasının açılması üçün çalışır. 1975-ci ilin martında M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanasının urologiya şöbəsi bazasında N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunda urologiya kafedrası açılır. 1976-cı ildə S.B.İmamverdiyev Tibb İnstitutunun urologiya kafedrasına dosent qəbul olunur. 1977-ci ildə isə həmin kafedranın professoru vəzifəsinə seçilir. Sonra S.B.İmamverdiyev kafedranın iş şəraitini, tədris prosesini yaxşılaşdırmaq üçün daha bir bazanın, M.N.Qədirli adına Mərkəzi Hövzə Klinik Xəstəxanasının 30 çarpayılıq urologiya şöbəsinin urologiya kafedrasına filial kimi verilməsinə nail ola bilir.
Professor 1990-cı ildən Azərbaycan Tibb Universitetinin urologiya kafedrasına rəhbərlik edir. Bu müddətdə elmi kadrların yetişdirilməsində, tədris işlərinin keyfiyyətinin yaxşılaşdırılmasında onun müstəsna xidmətləri olub.
Professor S.İmamverdiyevin urologiya sahəsində olan geniş fəaliyyəti respublikamızdan kənarda da yüksək qiymətləndirilib. 1993-cü ildə Avropa Uroloqlar Assosiasiyasının həqiqi, 2001-ci ildə isə Gürcüstan Uroloqlar Assosiasiyasının fəxri , 2001-ci ildə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Prostat vəzinin xərçənginin diaqnostikası və müalicəsi sahəsində professor S.İmamverdiyevin böyük xidmətləri olub. O, respublikada ilk dəfə olaraq prostat vəzinin xərçənginin diaqnostikasında kompleks müalicə üsulları sırasında prostat vəzinin biopsiyasını tətbiq edib, xərçəng diaqnozu ilə müvəffəqiyyətlə radikal prostatektomiya əməliyyatını aparıb və hazırda bu istiqamətdə klinik tədqiqatlar davam etdirilir. S.İmamverdiyevin Azərbaycanda andrologiyanın inkişafında da böyük xidmətləri olub.
Professor S.İmamverdiyevin elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, ictimai-siyasi fəaliyyəti də çox zəngindir. Sudeyif müəllim respublikamızda baş verən ağır ictimai-siyasi problemlərə öz münasibətini bildirən məşhur "91-lər”dən olub, 1992-ci ildə Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyasının Siyasi Şurasına üzv seçilib.
1995-2000, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
Böyük alim S.İmamverdiyev vətən, xalq və tibb elmində göstərdiyi xidmətlərinə görə 2000-ci ildə "Şöhrət” ordeni ilə təltif olunub.
Professor S.İmamverdiyevin yüksək elmi-təcrübi potensialı, onun yaratdığı uroloji məktəbə çoxsaylı həkimləri cəlb edib və etməkdədir.
Sudeyif müəllimin yurda bağlılığını, vətənpərvərliyini, təəssübkeşliyini onu yaxından tanıdığım illərdən hiss etmişəm. İnsanlara aşıladığı amallardan birincisi belədir: "Millilik və təəssübkeşlik insanın qanında olmalıdir”. Bu mənada qanındakı milli ruh bəlkə də dünyanı dərk edəndən varlığına hopmuşdur.
Sudeyif müəllimin 2008-ci ildə Astarada keçirilən 70 illik yubileyində mən də iştirak edirdim. Respublikanın hər yerindən qonaqlar var idi. Bir-iki təbrikdən sonra söz musiqiyə verildi. Astaralı gənc oğlan muğam ifa etdi. Sudeyif müəllim nəfəs dərmədən muğamı dinləyirdi. Bütün diqqətim Sudeyif müəllimdə idi. Bilirdim ki, əlindəki çiçək dəstəsini ifaçıya verəcək. Belə də oldu. Hətta ifaçının əlini də sıxdı, alnından da öpdü. Bu, Sudeyif müəllimin əlini sıxdığı, alnından öpdüyü yüzlərlə gəncdən biri idi.
Təntənəli geniş məclisləri xoşlamayan Sudeyif müəllim 75 illiyini indi təqaüddə olan tələbə yoldaşları – Yusif Nuriyev, Rizvan Qasımov, şair Ramiz Duyğun, Mirzəbaba İslamov, eləcə də yetirmələrinin bir qrupu ilə qeyd etdi. Yubilyar məclis başlayandan sona qədər hamıya xoş ovqat bəxş edir. Şux zarafatlar, yumorlu xatirələr hamıda şən əhval-ruhiyyə yaradır. Aradan müəllim-tələbə səddi götürülüb, sərbəstlik yaranıb.
Tələbə yoldaşları bir-bir söz alırlar. Qruplarında ən yüksək zirvəyə Sudeyif İmamverdiyevin yüksəldiyini fəxarətlə bildirirlər. Xatirələr dil açır. 1968-ci ildə Sudeyifin namizədlik dissertasiyasının müdafiəsində Mirməmməd Cavadzadənin dediyi "Sudeyif gələcəkdə məşhur alim olacaq” sözləri yada düşür.
Xalq şairi Bəxtiyar Vahabzadə Qədirli adına Mərkəzi Hövzə Xəstəxanasında yatarkən Ulu Öndərin onunla görüşə gəlməyi, zarafatları və professora verdiyi qiymət yada düşür: "Bəxtiyarın ağrılarını Türkiyədə kəsə bilmədilər. Sən necə sakitləşdirdin? Təşəkkür edirəm ki, cərrahımız belə yaxşı əməliyyat aparıbdır. O, Yeni Azərbaycan Partiyasının üzvüdür və həmin partiyanın siyahısı ilə Milli Məclisə deputat seçilib. Bax, Milli Məclisdə belə cərrahlarımız var. Biz bununla fəxr etməliyik ki, Milli Məclisdə bu cür mütəxəssislər, ziyalılar var”.
Yubiley mərasimi zamanı yubilyarın telefonu bir dəqiqə belə susmur. Birdən Sudeyif müəllim oturduğu yerdən bir qədər aralanaraq telefona cavab verir. Qayıdanda çöhrəsindəki xoş təbəssüm aydın sezilir: "Prezident Administrasiyasından idi. Cənab İlham Əliyevin səmimi təbrikini çatdırdılar və onun sərəncamı ilə "Prezidentin Fəxri Diplomu” ilə təltif olunmağımı söylədilər. Bu, təkcə mənim yaşıma, fəaliyyətimə deyil, hamımıza verilən təltifdir. Deməli, işimiz diqqətdən yayınmır.
Bu təbrik və təltif ovqatları daha da yüksəldir. Yubilyar bütün iştirakçılara, onu xatırlayıb təbrik edənlərə minnətdarlıq edir.
İnsanlara bunca yaxın, gərəkli olmaqdan böyük səadət varmı?! Düşünürəm ki, bir ömrə bir neçə insanın ömrünü sığışdıran Sudeyif müəllim istirahətə vaxt tapırmı?
Ailə üzvlərinə, həyat şəraitinə bələd olduğumdan sualı özüm cavablandırıram: Bütün yorğunluğunu evində unudur, bütün rahatlığını ailəsində tapır professor. Yubiley yazısını çapa hazırladığım ərəfədə Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar həkim” fəxri adına layiq görülən Sevda xanım Nəsrullayeva sözün həqiqi mənasında Sudeyif müəllimin ömür-gün dostudur. Oğlu - Mədəniyyət və Turizm Nazirliyinin "Yaddaş” sənədli filmlər kinostudiyasının direktoru Cavidin incəsənət sahəsindəki yenilikləri ömrünə bir sevinc qatır. Cavid İmamverdiyev ötən il "Tərəqqi” medalı ilə təltif olunub. Nevrologiyada gənc alimlərdən olan qızı Sevincin doktorluq işinin sevincini gözləyir. Nəvəsi Murad İngiltərədə Mançester Universitetini bitirib, Bakıda PWC Beynəlxalq audit kompaniyasında işləyir. Şeyda ADA Universitetinin iqtisadiyyat fakültəsinin məzunudur. Bütün bunlar onun yorğunluğunu unutdurur, könlünə, ruhuna rahatlıq gətirir. Hətta sevimli Bulatıyla şahmat yarışmasına da girir. Mütaliə saatlarını da istirahət vaxtı sayır. Bu zaman təkcə tibbi ədəbiyyatla kifayətlənmir. Bədii, fəlsəfi, tarixi mövzulara da yer ayırır. Təbiətlə təmasda olmağa, tamaşalara baxmağa, qonaq getməyə, ədəbi-bədii gecələrdə iştirak etməyə də vaxt tapır. Bütün bu işlərdə Sevda xanımla birgə olur.
80 yaş insan ömrü üçün artıq istirahət, dinclik dövrüdür. Amma Sudeyif müəllim yenə də insanların sağlamlığı keşiyindədir, bilik və bacarığını əsirgəmir.
Bakıda keçirilən Azərbaycan Uroloq və Androloqlarının XII simpoziumu AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Sudeif İmamverdiyevin 80 illik yubileyinə həsr olunmuşdu. Simpoziumda dünyanın müxtəlif ölkələrindən mütəxəssislər iştirak ediblər. Tədbirdə urologiya və andrologiya sahəsində son elmi nailiyyətlər, tibbi araşdırmalar təqdim olunub.
Simpoziumu giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Avropa Uroloqlar Assosiasiyasının həqiqi üzvü olan fitri istedada malik cərrah-həkimin nefroptozun, prostat vəzinin xoşxassəli hiperplaziyasının cərrahi müalicəsində, andrologiya sahəsində yeni əməliyyatların tətbiqində qazandığı uğurlardan, görkəmli uroloqun keçdiyi həyat yolundan, tibbin bu sahəsində tətbiq etdiyi yeniliklərdən danışıb. Tanınmış cərrah-uroloq Türk Uroloji Dərnəyinə fəxri üzv qəbul olunub.
Tədbirdə çıxış edən "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli yubilyarı təbrik edib, jurnalın redaksiya şurasının qərarı ilə Azərbaycanda elm, təhsil, səhiyyə sahələrinin inkişafına mühüm töhfələr təşkil edən əsərlərə, fundamental və tətbiqi elmi araşdırmalara, səhiyyə elminə verdiyi dəyərli töhfələrə və dövlətçiliyin inkişafında müstəsna xidmətlərinə görə, Sudeyif Bəşir oğlu İmamverdiyevə "Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi "Azərbaycanın Qüruru” Qızıl Ordenini təqdim edib.
Professor Sudeyif İmamverdiyev əməyinə verilən yüksək qiymətə görə ölkə rəhbərliyinə, onun zəhmətini yüksək qiymətləndirən həmkarlarına, "Azərbaycanım” beynəlxalq jurnalının kollektivinə və simpozium iştirakçılarına təşəkkürünü bildirib.
Sonra görkəmli uroloqun həyat yolundan bəhs edən "İnsanlığın sağlamlığında duran ömür" filmi nümayiş olunub.
Sevda Əlibəyli
banner

Oxşar Xəbərlər