AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Ziyalılar Forumu Əkrəm Əylisli düşüncəsində olanların birliyidir”

“Ziyalılar Forumu Əkrəm Əylisli düşüncəsində olanların birliyidir”

Müsahibə
07 Fevral 2013, 10:06 1651
Xalq yazıçısı Əkrəm Əylislinin yazdığı roman, Azərbaycandakı ictimai-siyasi vəziyyət, müxalifətin, siyasi birliklərin fəaliyyəti, insanların qarşıdurmaya, icazəsiz aksiyalara çağırılması və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Demokratik Maarifçilik Partiyasının (DMP) sədri, politoloq Elşən Musayev cavablandırır.
- Elşən müəllim, son günlər mətbuatın əsas mövzularından biri xalq yazıçısı, Ziyalılar Forumunun üzvü Əkrəm Əylislinin “Daş yuxular” romanı və bu əsərdə ermənilərin azərbaycanlılardan üstün tutulmasıdır. Sizin bu əsərə münasibətiniz necədir?
- Özünə, milli mənsubiyyətinə hörmət edən azərbaycanlının həmin əsərə münasibəti necədirsə, mənim də münasibətim o cürdür. Və ya belə deyək, Əkrəm Əylisli yazdığı bir roman ilə özünü, yaradıcılığını, şəxsiyyətini xərcləmiş hala gəlib. Əsl kimliyini bəyan edib, ermənipərəst mövqeyini, millətinə qarşı hansı hisslər daşıdığını çəkinmədən göstərib. Son dərəcə acınacaqlı bir durumdur. Bir millətin, həm də mənsub olduğun bir millətin faciələrinin üzərindən bu qədər rahatlıqla, soyuqqanlıqla keçmək, ziyalılıq bir yana – bütünlükdə insanlıq simasını itirmək gerçəkdən acınacaqlıdır. Və mən hələ də Əkrəm Əylislinin öz xalqına qarşı olan nifrətini, qəlbinə pərçimləmiş olduğu düşmən sevgisini anlaya, dərk edə bilmirəm. Bu hətta “Nobel”ə istiqamətlənibsə və ya ortada bizə məlum olmayan başqa nüanslar, məramlar, məqsədlər varsa belə, yenə də hər halı ilə rüsvayedici və şərəfsiz bir addımdır. Elə bu səbəbdəndir ki, cəmiyyətin demək olar ki, bütün kəsimləri məsələ ilə bağlı öz kəskin və haqlı mövqeyini ortaya qoydu. Zatən gözlənilən də bu idi.
- Siyasətlə məşğul olduqlarını inkar etsələr də, Ziyalılar Forumunun həmtəsisçiləri ölkədə baş verən ictimai-siyasi hadisələrlə bağlı mütəmadi mövqe bildirib və bunu xalqın mənafeyi naminə etdiklərini söyləyiblər. Amma nədənsə, bu adamlar azərbaycanlıların aşağılandığı “Daş yuxular”a hər hansı münasibət açıqlamadılar. Bu nə ilə əlaqədardır?
- Ziyalılar Forumu adının özü yetərlidir ki, bu qurumun ciddiyyəti və ümumiyyətlə mahiyyəti ilə bağlı fikir yürüdəsən. Son dövrlər cərəyan edən ictimai-siyasi proseslərin xronologiyasını bəlli bir dinamika üzrə aparsaq görərik ki, həmin bu mənasız qurum yalnız və yalnız özlərinə sərf edən məsələlərlə bağlı mövqe bildirib. Onlar ziyalı adı ilə daima imitasiya ediblər. Əksəriyyəti bu iqtidarın yetişdirdiyi nankorlardır. Əkrəm Əylislinin məlum romanına münasibətin olmaması isə, onların özünün də Əkrəmin bir başqa forması olmaları ilə bağlıdır. Əmin olun ki, heç bir zaman da o gözlənilən münasibət bildirilməyəcək. Onların vətən sevgisinin də, təəssübkeşliyinin də sərhədi, sadəcə özlərinə bəlli olan bir dairədə bitir. Məhz bu səbəbdən, ən kiçik və mənasız məsələlərlə bağlı açıqlamalarında az qala cəngavər obrazı yaradıb döşünə döyən Rüstəm İbrahimbəyov, ömrü boyu bu iqtidarın çörəyini yeyib sonra demokrat olmaq qərarına gələn Eldar Namazov və onlarabənzəyənlər anidən qeyb olublar, siyasi orbitdən çıxıblar. Adamların “sarı sim”ə toxunmaqla heç araları yox. Çünki bu dəfə müzakirə olunan məsələ onların maraq dairəsinə daxil deyil. Həmin ziyalıların işi vətənlə, millətlə deyil, mövcud iqtidarladır! Hər addımları ilə də dediklərimi daha dolğun şəkildə sübut edirlər.
- Bəzi mətbuat orqanları Quba, İsmayıllı hadisələrini əsas götürərək, belə bir iddia irəli sürürlər ki, guya ardıcıllıqla Neftçala, İmişli, Zaqatala, Şamaxı və digər rayonlarda da ictimai-siyasi sabitlik pozulur, kütləvi aksiyalar keçirilir, gərginlik yaranır. Həqiqəti əks etdirməyən belə xəbərlərin yayılmasında məqsəd nədir?
- Məqsəd, əslində bəllidir. Qarşıdan seçki gəlir və bəlli destruktiv qüvvələr bir şəkildə ortalığı qarışdırmaq üçün əllərindən gələni əsirgəməyəcəklər. Heç əsirgəmirlər də. Və ya siyasi fəaliyyətlərində, perspektivdə heç bir ümid yeri olmayan, xalq ilə təması çoxdan itmiş siyasi dairələr öz varlıqlarını sübut etmək, eyni zamanda rəqibləri olan mövcud iqtidarın “zəifləmiş” obrazını yanlış məlumatlarla, dezinformasiyalarla cəmiyyətə sırımaq cəhdindədirlər. Çünki başqa bir alternativin qalmadığının fərqindədirlər. Onlar seçkidə üzləşmiş olacaqları biabırçı məğlubiyyətin işartılarını indidən görürlər. Belə bir durumda isə suyu bulandırmaq və öncədən planlanmış ajiotajlarla ictimai rəyi yanlış istiqamətə yönəltməkdən savayı yol qalmır. Amma olsun! Bu iqtidar da, onun müdafiəçiləri də bu cür yaramaz fəaliyyətin sərgiləyiciləri ilə uzun müddət qarşı-qarşıya gəlib və özü üçün artıq siyasi immunitet formalaşdırıb. Rəqiblərimizdən fərqli olaraq bizim müdafiə etdiyimiz siyasət populizmə, dezinformasiyalara deyil, real işə və gerçək təzahüratlara əsaslanır.
- Ölkədə baş verən ən kiçik məişət hadisəsinin radikal müxalifət tərəfindən şişirdilməsi, bu məqsədlə icazəsiz aksiyalar keçirilməsi, siyasi maraqlar naminə istifadə edilməsi nə dərəcədə düzgündür? Müxalifətin missiyası məhz bundan ibarətdirmi?
- Təbii ki, absurddur. Bayaq dediyim fikirlərə bir daha qayıdıram. Bu insanların başqa yolu yoxdur və onlar üçün müxalifətçilik anlayışı icazəsiz aksiyalar keçirməkdən, populizmə sarılmaqdan, xaricdəki himayədarlarının dəstəyini gözləməkdən, Azərbaycan xalqına qarşı bütün pislikləri etməkdən, milli maraqları satmaqdan o yana keçmir. Onların siyasətinin məğzi budur. Radikal liderlərin mahiyyəti, xisləti budur, limitləri budur. İstəsələr də, arzulasalar da bundan artığını edə bilməzlər. Əmin olun ki, seçki yaxınlaşdıqca oxşar müşahidələr aparmaq imkanımız hələ çox olacaq.
- Qarşıdan prezident seçkiləri gəlir. Sizcə müxalifət bu seçkidə prezident İlham Əliyevə alternativ ola biləcək şəxsi - vahid namizədi müəyyənləşdirə biləcəkmi?
- Azərbaycan müxalifətinin radikal qanadı bütünlükdə “yarımçıq” – xarakterdədir, “yarımçıq” təbiətdədir. Onların nə ideologiyası, nə ruhu, nə də fəaliyyətləri üçün “vahid” anlayışı keçərli deyil! İsa Qəmbər və Əli Kərimli kimi uğursuzun, bir-birinə qatı nifrət, açıq antipatiya bəsləyən iki şəxsin fonunda isə heç keçərli deyil. O ki qala hələ vahid namizədlik məsələsi. Onlar ömürlərinin sonuna qədər ən yaxşı halda ikincilik uğrunda mübarizə aparacaqlar. Bunu tam məsuliyyətlə deyirəm ki, həmin dırnaqarası liderlər hazırkı prezidentlə mübarizədə nəinki alternativ, onun yanından heç toz parçası da olub keç bilməzlər. İlham Əliyev xalqın seçdiyi və dəstəklədiyi prezidentdir. Növbəti seçkidə də cənab prezidentin eyni etimadla qarşılaşacağına zərrə qədər şübhə etmirəm.
- İctimai Palata, Ziyalılar Forumu, indi isə “El” hərəkatının yaranması müxalifət mətbuatının əsas mövzusudur. Siz belə birliklərin fəaliyyətini və siyasi mübarizə metodunu necə qiymətləndirirsiniz?
- Ziyalılar forumu- ziyalıların deyil, iqtidardan küsmüşlərin, biznesi kəm gətirənlərin, parlamentə seçilə bilməyənlərin forumudur! Əkrəm Əylisli düşüncəsində olanların birliyidir! Eldar Namazov kimi provokatorun, Rüstəm İbrahimbəyov kimi “hərşeyşünas”ın ideoloji nəzəriyyələrinə söykənən təsisatdır! Onların özü, kimliyi, şəxsiyyəti nədir ki, yaratdıqları hərəkat da nə ola?! O dedikləri hərəkatdan yüzünü yox, minini yaratsınlar, fərq etməz. Önəmli olan xalqın fikri, rəyidir. Xalqın da nə düşündüyü, kimi dəstəklədiyi, öz iradəsini hansı şəkildə ifadə etdiyi ortadadır.

Rufik İSMAYILOV