AZE | RUS | ENG |


Ziyalı müsəlman qadını nümunəsi

Ziyalı müsəlman qadını nümunəsi
Bir qadının ziyalı olması bir ailənin ziyalı olması deməkdir

Şərq ölkələrinin müəyyən dövrlərdə ən böyük problemlərindən biri də təhsil olmuşdur. Əslində mədəniyyətin beşiyi Şərq olduğu kimi, elə elm və təhsilin də beşiyi Şərq sayılır. Hələ əsrlər öncə Bağdadda darülfünun, yəni universitet səviyyəli məktəb fəaliyyətə başlayıb. İlk alimlər - avropalılardan da öncə daha səhih məlumatları yazan ziyalılar məhz Şərq ölkələrindən çıxmışdır. Amma çox heyiflər, Şərqdəki bəzi hadisələr nəticəsində cəhalət baş alıb getmişdir. Lakin yenə də Şərq insanının içindəki elm və təhsil eşqi sönməmiş, özünü ayrı-ayrı ziyalıların nümunəsində göstərmişdir.
 
Maarifçilik

Azərbaycan maarifçilik hərəkatı demək olar ki, XIX əsrdən başlayır. Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Xurşudbanu Natəvan, Nəcəf bəy Vəzirov və digərləri maarifləndirmə işini həyata keçirmiş ziyalılardan olublar. Onlardan biri də Azərbaycan mətbuatının əsasını qoymuş Həsən bəy Zərdabidir. O, həm də ilk teatrın səhnəyə qoyulmasında böyük əziyyət çəkmişdir. Elə həyatını da, özünü xalq üçün fəda etmiş, işlərində kömək göstərmiş biri ilə birləşdirib. Bu, Hənifə xanım Abayeva idi.

Məlikovanın xanımlığı

O, 1856-cı ildə Şimali Qafqazda, Nalçik şəhərində dünyaya gəlib. Həmin dövrdə qadının təhsil alması, maariflənməsi çox çətin bir məsələ idi. Lakin Hənifə xanım o dövrün təhsilli qadınlarından olub. Elə onun Həsən bəylə tanışlığı da təhsil sahəsindən başlayıb. Sabir Gəncəli yazır ki, bir gün Zərdabi "Qafqaz” qəzetində "Müqəddəs Nina məktəbi”ndə təhsil alanların siyahısına baxarkən Hənifə xanımın adını görür və onu xəyalında təsəvvür edir. Daha sonra Zərdabi Tiflisə gəlmiş, orada Hənifə xanımla tanış olmuş və elə o vaxtdan da həyatlarını birləşdirmişlər. 
Hənifə xanım Məlikova Həsən bəyin təkcə ömür-gün yoldaşı deyil, həm də tale yoldaşı olub. Onun bütün işinin ağırlığını çiyinlərində daşıyıb. Bir ziyalı, maarifçinin qadınına yaraşacaq şəkildə davranıb.
 
Məlikovanın maarifçiliyi

Hənifə xanım XIX əsrin ilk maarifçi qadınlarından olub. Onun elm və təhsil sahəsində Həsən bəylə bərabər gördüyü işlər həmin dövrün ziyalı qadınlar mühitinin formalaşmasında çox böyük rol oynayıb. Hənifə Məlikova ilk olaraq öz ailəsində elm və təhsili formalaşdırıb, övladlarının tərbiyəsində maarifin necə ciddi yer tutduğunu göstərib. Bunun səbəbidir ki, onun Qəribsoltan adlı qızı, elə anası Hənifə xanımın yolunu davam etdirərək müəllimə kimi fəaliyyət göstərib. 
 
Zərdabinin xatirat müəllifi

Azərbaycan mətbuatının əsasının qoyulması prosesini Həsən bəy Zərdabinin "Rusiyada əvvəlinci türk qəzetəsi” məqaləsindən öyrənirik. Lakin burada daha çox lakonik məlumatlar var. Həmin işin ətraflı tərəfini Hənifə xanım qələmə almış, "Həsən bəy Məlikov-Zərdabinin tərcümeyi-halı”nı ərsəyə gətirmişdir. Burada, o, Həsən bəyin ümumi maarifçilik işlərini, qəzet nəşr etdirmək uğrunda çəkdiyi əziyyətləri və bütün xeyriyyələrini əks etdirmiş, Azərbaycan mətbuatının banisinin müasir dövrə ciddi ensiklopedik məlumatlarını göndərmişdir.
 
Qadın, müəllim, tərbiyəçi və daha...

Hənifə xanım Məlikova, əvvəla ziyalı müsəlman qadını, daha sonra Həsən bəy Zərdabinin həyat yoldaşı, yol və məslək yoldaşı idi. Ondan da sonra müsəlman qızların mənəvi anası idi. Müəllimi, sənət öyrədəni, həmsöhbəti və daha necə yoldaşları idi. Elə "Əkinçi” qəzetinin səhifələrində də qadın maarifsizliyi probleminin yazılmasına rast gəlmək olur. Bunun səbəbdəndir ki, Hənifə xanım daim müsəlman qızlarının təhsilli olması üçün çalışmış, bunun üçün əlindən gələndən də çoxunu etmişdir. 1901-ci ildə xeyriyyəçi, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev qız məktəbini yaradarkən onun müdirliyini Hənifə xanıma həvalə etmişdi. Hənifə xanım bu məktəbdə təkcə müəllimə deyildi. Dərsdən əlavə vaxtlarda qızlarla həmsöhbət olar, onların suallarını cavablandırar, elm və irfan yolunda irəliləmələrinə köməkçi olmağa çalışardı. Dünyəvi elmlərlə bərabər, Məlikova müsəlman qızlara müxtəlif sənətlər də öyrədər, toxumağı, tikməyi, digər xanımlıq işlərini məşq etdirərmiş. Başqa sözlə desək, o, bütün qızlara ana olmuşdur. 

Hənifə xanım 1905-ci il I Rusiya inqilabından sonra 1909-cu ildə yaradılmış yeni rus-tatar qız məktəbinə də müdirlik etmiş, onu inkişaf etdirərək şagird və sinif sayını çoxaltmışdır. Həmçinin, "Nicat” xeyriyyə cəmiyyətinin bir qolu kimi yaradılmış ziyalı qadınlar cəmiyyətinə sədrlik etmişdir. Xanım ziyalıların bu təşkilatı bir müddətdən sonra artıq müstəqil cəmiyyətə - "Bakı Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti”nə çevrilmişdir.
 
Müasir dövrün klassik nümunəsi
 
Keçmişimiz gələcəyimizdir. Hər şey keçmişdən yaşanaraq qazanılan təcrübələr əsasında qurulur. Yüz illik dövlətçilik ənənəsi olan bir dövlətin on illik ənənəsi olan dövlətdən güclü olması təbiidir. Yüz illik təhsil sistemi olan bir dövlətin təhsildəki uğurları on illik təhsil sistemi olan bir dövlətdən daha güclüdür. Çünki hər şey təcrübədən asılıdır. Təcrübə də zamanla formalaşır. Ən əsası isə odur ki, bu təcrübələri oxuyub, öyrənib, bilmək gərəkdir ki, onlardan istifadə etmək mümkün olsun. Onları müasir dövrlə qarşılaşdırıb nələri, necə mənimsəməyi bilmək olsun. Bu günün qadını da klassik dövrün qadınını nümunə götürməlidir. Təhsildə, elmdə qadağaların olmadığı bir dövrdə qadınlar üçün mübariz xanımların fəaliyyəti nümunə olmalıdır. Elə ilk ziyalı müsəlman qadınlarından olmuş Hənifə xanım Abayeva-Məlikovanın fəaliyyəti kimi. Hörmətli xanımlar, ziyalı, özünüzdən sonrakılara nümunəvi biri olmaq sizin üçün ən müqəddəs işdir. Çünki bir qadının ziyalı olması bir ailənin ziyalı olması deməkdir. Bu isə bir cəmiyyətin ziyalı olmasına doğru yol alır. Belə şərəfli yolda müvəffəqiyyətlə getmək üçün isə həmin yolu şərəflə getmiş xanımlarımızın addımlarını bilmək gərəkdir. O addımları ilk olaraq atmış Hənifə xanım kimi...

Nurlan Ağa,
BDU Jurnalistika, IV kurs

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7014
GBP 1 İngilis funt sterlinqi 2.2116
TRY 1 Türk lirəsi 0.4775
KWD 1 Küveyt dinarı 5.6089
SEK 1 İsveç kronu 0.1960
EUR 1 Avro 1.9152
CHF 1 İsveçrə frankı 1.7506
USD 1 ABŞ dolları 1.7023