Ziyalı, işgüzar qadınların sayı nə qədər çox olarsa...
Azərbaycanda
qadınların Milli Məclisdə və seçkili orqanların bütün səviyyələrində sayının artırılması
üçün mütləq kvotanın tətbiqi təklif edilir. Trend-in məlumatına görə, bu təklif
Azərbaycan Hökuməti və BMT-nin Əhali Fondunun əməkdaşlığı ilə hazırlanan cins
nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planının
layihəsində yer alıb. Layihədə mütləq kvotanın tətbiqi məsələsinin Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Milli Məclis tərəfindən 2021-ci ilədək
nəzərdən keçirilməsi tövsiyə edilir. Hesab olunur ki, Azərbaycanda müvəqqəti
mütləq kvotanın tətbiqi yolu ilə qadınların Milli Məclisdə və aşağı səviyyəli
seçkili orqanlarda daha böyük sayda təmsil olunmasına dəstəyin verilməsi məsələsini
nəzərdən keçirmək lazımdır. Çünki 1990-cı ilədək seçki orqanlarının üzv yerinin
minimum 33 faizinin qadınlara şamil edilməsini tələb edən kvota mövcud idi.
1989-cu ildə milli parlamentdə qadınların sayı parlamentin ümumi üzvlərinin 40
faizini təşkil edirdi. 1991-ci ildə parlamentdə qadınların sayı 4,3 faizə
düşdü. Sonrakı illərdə bu rəqəmin artmasına baxmayaraq, qadınların təmsilçilik
faizi yenə də Avropa ölkələri ilə müqayisədə aşağıdır.Azərbaycanda
məcburi kvotaların tətbiq edilməsi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin
bütün formalarının ləğv edilməsi üzrə Komitəsi (CEDAW) tərəfindən də tövsiyə
edilib. Bu isə qadınları 1990-cı ildən əvvəl olduğu kimi, ayrılmış minimal
saydan daha çox yerlər üçün seçkiyə qatılmaqdan məhrum etmir.Belə bir
kvotanın tətbiqinin əhəmiyyəti nədir? Ümumiyyətlə, ictimai və siyasi sferada
qadınların fəallığının və sayının artırılması üçün daha nələr edilməlidir?
Millət vəkili Jalə Əliyevabildirdi ki, Azərbaycan cəmiyyətində
qadınların rolu getdikcə artmaqdadır: "15-20 il əvvəlki dövrlə müqayisə etsək,
görərik ki, qadınların idarəetmədə, hakimiyyətin icra orqanlarında
iştirakçılığı dəfələrlə artıb. Bu da, təməli Ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Bu siyasət bu gün də
uğurla davam etdirilir. Dövlət tərəfindən qadınların cəmiyyətə daha çox
inteqrasiya etməsi üçün müxtəlif addımlar həyata keçirilir. Bu gün icra başçılarının müavinləri qadınlardır.
Parlamentdə deputat qadınların sayı ötən on il ərzində iki dəfəyə qədər artıb. Bələdiyyə
seçkilərində təmsil olunan qadınların sayı 40 faizə çatıb. Rektor, nazir
müavini olan qadınların sayı az deyil. Bütün bunlar qadınların ictimai sferada
rolunun getdikcə daha da artmasından xəbər verir. Onların cəmiyyətə daha da
inteqrasiyası və fəaliyyətlərinin təkmilləşdirilməsi üçün dövlət tərəfindən
proqramlar və layihələr həyata keçirilir. Amma kəmiyyətdən çox, keyfiyyətə diqqət yetirmək lazımdır. Biz qadının
həyata baxışını, düşüncə tərzini unutmamalıyıq. Azərbaycan qadını ötən əsrin əvvəllərində
öz azadlığı uğrunda mübarizə aparan, səsvermə hüququ qazanan qadındır. Bununla
yanaşı, Azərbaycan qadınının öz ailəsinə dərin bağları var. Qadınların siyasi
idarəetmədə sayının administrativ yolla artırılması, işin keyfiyyətli
olacağından xəbər vermir. Qadın özünü idarəetmədə görürsə və müvəffəqiyyətli
olacağını düşünürsə, bunun üçün hər bir şərait yaradılıb. Amma qadın öz ailəsinə,
övladına vaxt ayırmaq istəyirsə, bu, onun öz seçimidir. Hansısa təşkilatda,
yaxud idarəetmədə qadınların sayı kəmiyyət
xətrinə artırılmamalıdır. Sırf bu düşüncə ilə hərəkət etmək düzgün olmazdı. Önəmli
olan, qadının özünün nə istəməsi, özünü
harada görməsidir. Kvotanın artırılması, əslində xoş niyyətli bir addımdır.
Qadın olaraq mən özüm də qadınlarımızın cəmiyyətdə daha fəal olmasını istəyirəm.
Amma burada keyfiyyət məsələsinə də diqqət yetirmək lazımdır”.
"Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə
Ağazadə düşünür ki, qadınlar hər şeydən əvvəl öz hüquqlarını bilməlidir: "Cəmiyyətimizdəki
qadınların bir qismi xeyli müddətdir ki, hansısa qurumda və idarəetmənin müxtəlif
pillələrində təmsil olunurlar. Hesab edirəm ki, bu gün Milli Məclisdə ziyalı,
işgüzar qadınların sayı nə qədər çox olarsa, iş bir o qədər keyfiyyətli olar.
Bu gün biz qadınlara ən böyük örnək ölkənin birinci vitse-prezidenti Mehriban
Əliyevadır. Biz ondan nümunə götürməliyik. Ziyalı qadınların müxtəlif vəzifələrdə təmsil olunması çox vacibdir.
Buna görə də, hesab edirəm ki, kvotanın tətbiqi çox gözəl təklifdir. Çünki bu, mühüm məsələdir. Əgər vətən anadırsa, nəyə görə
bizim analarımız idarəetmədə təmsil olunmasın? Deputatlar arasında qadınların
sayı artarsa, bunun nəyi pisdir ki? Qadınlar cəmiyyətin nə qədər aktiv
iştirakçısı olarsa, bu, bizim xeyrimizə olar. Düzdür, bəzən bu hal heç də birmənalı
qarşılanmır. Çünki qadınları sevənlər və sevməyənlər var. Amma hüquqi bazanın
genişləndirilməsi üçün bu, çox vacibdir. Ona görə də, qadınların maariflənməsinə
ciddi ehtiyac var”.
Sosioloq Lalə Mehralıbu məsələni müsbət təklif kimi qiymətləndirir: "Məncə, belə bir kvotaya ehtiyac
var. Qadınların yüksək vəzifələrdə təmsil olunma faizi olduqca aşağıdır. Müstəqillik
illərinə qədər Milli Məclisdə təmsil olunanların 35-40 faizini qadınlar təşkil
edirdi. Getdikcə bu rəqəm xeyli aşağı düşdü. Statistik göstəricilərə əsasən, Azərbaycan
qadınları parlamentdə təmsil olunmaya görə, dünya ölkələri arasında 174-cü yerdə
qərarlaşıb. Düzdür, bu statistik göstəriciyə görə Rusiya və İrandan irəlidəyik.
Amma Ermənistan bizdən irəlidədir. Qadınların vəzifələrdə təmsil olunmasının ölkəyə
yalnız faydası var. Çünki qadınlar kişilərə nisbətən sosial həyatın içində daha çox iştirak edirlər.
Problemi müşahidə etmək qabiliyyəti qadınlarda daha üstündür. Bu mənada onlara
daha çox imkan yaradılmalıdır ki, öz bacarıqlarını tam şəkildə göstərə bilsinlər.
Millət vəkillərimiz siyasi sferada öz sözünü deyən xanımlardır. Cəmiyyətin
problemlərini daha dərindən bilən qadınlara ehtiyac var. Belə nümunələr az
deyil. Əgər onlar müxtəlif vəzifələrdə çox təmsil olunarlarsa, daha çox uğur əldə
edə bilərik”.
Şəbnəm