• şənbə, 20 Aprel, 08:02
  • Baku Bakı 14°C

Zirvələrin fatehi – Çətin peşə adamı

19.06.15 13:17 2408
Zirvələrin fatehi – Çətin peşə adamı
Onun peşəsi nadir seçilən peşələrdəndir. Hər peşədə olduğu kimi, bu peşəni də icra etmək insanın qəlbinin dərinliklərindən gəlməlidir. Adətən deyirlər ki, bu peşə ilə böyük ürəyə sahib cəsarətli insanlar məşğul olur. Çünki elə bir peşədir ki, hər an ölümlə üzləşə bilərsən. Nə qədər zövqverici olsa da, ölümünə imza atıb sözügedən peşənin ardınca gedirsən. Bu peşədə təbiətlə sözün əsl mənasında təmasda olur, ona qalib gəlirsən. Söhbət alpinistlərdən gedir.
Müsahibimiz gənc alpinist Elman Əsgərovdur.
Olan oldu...
25 yaşlı həmsöhbətimiz Azərbaycan Turizm Universitetinin İdman turizmi ixtisasını bitirib. 2010-cu ildən dağçılıqla məşğul olur. Həmçinin dağçılıq və velosiped sahəsində təlimlər keçir. Deyir ki, uşaqlıqdan gəzməyi və macəra dolu həyat yaşamağı xoşlayıb: “Uşaqlıqda ətraf mühitim macəralarımın ardınca getməyə imkan vermirdi. Bu işlə ancaq universitetə qəbul olduqdan sonra maraqlanmağa başladım. 2-ci kursdan bir neçə qrup yoldaşımla Dağçılıq Federasiyasına qoşulduq və olan oldu. Burada Hava və Ekstremal İdman növləri Federasiyasında fəaliyyət göstərdim, bəzi idman növlərinə hakimlik etdim”.
Özümlə yarışdım
İlk dağa çıxdığı anı unutmayan həmsöhbətimizin sözlərinə görə, nə qədər təhlükəli olsa da, məqsədin səni hədəfə çatdırır: “İlk dəfə dağa 2010-cu ildə çıxdım. Dağçılıq haqqında heç bir məlumatım yox idi. Tək bildiyim maraq idi. Azərbaycanda tanınmış dağçılardan olan Aleksandr Nəcəfov tərəfindən zirvə yürüşü haqqında təlimatlandırıldıq və 3-4 gün müddətində dağda istifadə edə biləcəyimiz çanta, geyim və s. kimi lazımlı ləvazimatları toplayıb hazırlaşdıq. Nəhayət, zirvə yürüşü başladı. İlk yürüşüm Heydər Əliyev zirvəsinə - 3751 metr hündürlüyündə olan zirvəyə olub. Bu zaman anladım ki, dağda insanlar digər insanlarla yox, özləri ilə yarışır. Bütün potensialını, fiziki, psixoloji gücünü ortaya qoyursan və bildiyin sadəcə, hədəfə çatmaqdır. Təzyiq azlığı və əlverişsiz hava şəraiti səndə bu işdən vaz keçmək düşüncəsi yaradır. Amma nə isə səni zirvəyə çəkib aparır. Ayaqların getmədiyi yerdə beynin düşündüyü uğur və məqsəd səni zirvəyə çatdırır. Nəhayət, zirvəyə çatırsan və əldə etdiyin uğur bütün əziyyətləri və yorğunluğu unutdurur...”.
Müsahibimiz alpinistlikdə məşğul olduğu 5 ildə 8 zirvə fəth edib. Deyir ki, hər dağın öz gözəlliyi, fərqli təbiəti var: “ Azərbaycanda Heydər zirvəsini (3751 m), Şahdağ zirvəsini (4243 m), Bazardüzü zirvəsini (4466 m), Bazaryurd zirvəsini (4126 m), Xınalıq dağını (3713 m), Babadağ zirvəsini (3629 m), İranda isə Savalan (4811 m) və Səhənd dağını (3730 m) fəth etdim. Çıxdığım zirvələr haqqında onu deyim ki, hər dağın özünə uyğun havası, relyefi, özünə uyğun gözəlliyi, əziyyəti və zövqü var”.
Dağ səhvi bağışlamır
Sənətinin sirlərindən danışan müsahibimiz deyir ki, digər sahələr olduğu kimi, dağçılıq sahəsinin də öz nəzəriyyəsi var və bunu bilmək lazımdır: “Dağçılıq böyük anlayışdır. Burada qayaya, buza, dağa dırmanmağı bilmək lazımdır. Bu, elə bir sahədir ki, insan daim yeni şeylər öyrənir və kəşf edir. Mənə görə, dağçılığın sirri elə dağın özüdür. Çünki dağın səni nə ilə qarşı-qarşıya qoyacağından xəbərin olmur və hər zaman hər şeyə hazır olmaq lazımdır”.
Sənətin çətinliklərinə gəldikdə isə, həmsöhbətimizin sözlərinə görə, bu sənətin mənfi tərəfi odur ki, dağ səhvi bağışlamır: “İnsanın daim təbiətdə olması, özü ilə mübarizə aparması və dostluğunu bölüşməsi zövqvericidir. Lakin hər işdə olduğu kimi, dağçılıq sahəsinin də mənfiləri var. Dağ səhvi bağışlamır. Düzdür, şansın da rol oynayır. Amma kiçik səhv səni təhlükəli anlarla qarşı-qarşıya qoya bilər”.
Ölümü hiss etdim
Müsahibimiz deyir ki, dağda təhlükəli hadisələrlə qarşılaşsa da, bu sənəti atmağı heç vaxt ağlına gətirməyib. Hətta bəzən elə anlar olub ki, ölümü hiss edib, amma bu, onu yolundan döndərə bilməyib: “Bu sahədə unuda bilmədiyim ilk zirvə yürüşüm, orada çəkdiyim əziyyət və aldığım zövqdür. Bir dəfə də havaya aldanıb dağa hazırlıqsız getmişdik. Ən yaxın dağçı dostum Mürsəl Qasımov buzun üzərində 150-200 m sürüşdü. Dağda ölüm təhlükəsini hiss etmək çox pis hissdir. Təbiət qoynuna, əsasən də yüksək dağlara gedərkən ləvazimatların qaydasında olmalıdır”.
Müsahibimiz gələcək planlarını da bizimlə bölüşdü: “Gələcək planlarım Azərbaycanın bütün zirvələrinə çıxmaq və təbiətini gəzməkdir. Yaxın planda Türkiyənin ən hündür zirvəsi olan Ağrı dağına çıxmaq durur. Ən gözəl planlar plansızlıqdan da olur. Ancaq çox da təhlükəli və texnika tələb edən zirvələrə çıxmaq düşüncəsində deyiləm. Təbiəti sevən biri kimi əsas fikrim təbiəti gəzmək, öyrənmək və təcrübəmi bölüşməkdir. Ölüm isə hər yerdə var. Əsas məsələ həyatını istədiyin kimi yaşamaq və gördüyün işdən zövq almaqdır. Hər kəsə təbiəti gəzməyi, yürüşlər etməyi tövsiyə edirəm. Çünki təbiətin verdiyi zövqü heç nədən almaq mümkün deyil. İnsan təbiətdə özünün bacarıqlarını, iradəsini kəşf edir”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər