Zinakarlıq, yoxsa valideyn olmaq xoşbəxtliyi?

Zinakarlıq, yoxsa valideyn olmaq xoşbəxtliyi?

Cəmiyyət
23 Noyabr 2012, 17:30 3009
İlahiyyatçı-alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu: “Bir qadının ana bətnini başqa ailəyə, bir növ icarəyə verməsinə dair İslamda qadağa yoxdur”

Milli Məclisin bir qism deputatı və Qafqaz Müsəlmnları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin də etiraz etdiyi «surroqat ana» ilə bağlı məsələ “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsindən çıxarılıb. Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli layihədən çıxarılan «surroqat ana» məsələsinə toxunaraq deyib ki, "vaxt gələcək, bu məsələ də qanuna daxil ediləcək".

Qeyd edək ki, «surroqat ana» dedikdə, öz uşaqlığında donor embrionu daşıyan və onu dünyaya gətirən qadın nəzərdə tutulur. Belə ki, bioloji ananın yumurtalığındakı hüceyrələr «surroqat ana»nın uşaqlığına yerləşdirilir və bununla da sağlamlığı ana olmağa imkan verməyən qadın da bioloji, genetik ana ola bilir.

Ölkəmizdə 500 ailə «surroqat ana»ya üz tutub

Onu da deyək ki, bir neçə ildir dəfələrlə gündəmə və parlamentdə müzakirələrə çıxarılan «surroqat ana» məsələsi heç vaxt birmənalı qarşılanmayıb. Layihənin müzakirəsi zamanı da deputatlar iki cəbhəyə bölünüb. Layihənin əleyhdarları bunun milli mentalitetimizə zidd olduğunu, cəmiyyətin buna hazır olmadığını əsas gətirib, leyhdarlar isə «surroqat ana»nın sonsuzluğa görə boşanan ailələrdə boşanmaların azalmasına gətirib çıxaracağını, ana ola bilməyənlərə sevinc yaşada biləcəyini deyib.

Qeyd edək ki, Azərbaycanda gənclərin 13 faizinin uşaqvermə qabiliyyəti yoxdur. Bunun 50 faizi qadın, 30 faizi kişi, 20 faizi isə hər iki tərəfin xəstəliyi ucbatından baş verir.
Hadı Rəcəblinin modern.az-a verdiyi məlumatagörə, bu günə qədər Azərbaycanda 500 ailə «surroqat ana» yolu ilə öz bioloji övladını əldə edə bilib.

Qanunun olmamasının neqativ tərəfləri

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova bizimlə söhbətində sözügedən məsələnin qanun layihəsindən çıxarılmasından təəssüfləndiyini bildirdi: “Müxtəlif səbəblər ucbatından ölkəmizdə sonsuzluqdan əziyyət çəkənlərin sayı artıb. Bu da boşanmalara və qadınlara qarşı ailə zorakılığına səbəb olur. Problemin qarşısını almaq üçün son dövrlər yüzlərlə ailə «surroqat ana»ya müraciət edirsə, demək, bunun qanun çərçivəsində həllinə ehtiyac var. Qanun olmadığından ola bilər ki, 9 aydan sonra «surroqat ana» uşağı bioloji ailəsinə verməkdən imtina edər. Yaxud daha çox pul almaq üçün bundan şantaj kimi istifadə edə bilər. Bu hal da baş verə bilər ki, uşaq qüsurlu doğular və bioloji ana onu qəbul etməkdən imtina edər. Bu və digər problemlərdən sığortalanmaq üçün problemlərin qanuni yolla tənzimlənməsi vacibdir. Niyə görə ailələr bunun üçün Türkiyəyə, İrana getməlidir, yaxud elə ölkə daxilində qanundankənar hal kimi prosesi həyata keçirməlidir?”

Cəmiyyət hazır deyil, ya sonsuz ailələrdən soruşaq?

M.Əzizova «surroqat ana»dan istifadə etməklə anaların öz doğma uşaqlarını qucaqlarına aldıqlarını alqışladığını dedi: “Və buna heç kim “cəmiyyətimiz hazır deyil”, “adət-ənənəmizə ziddir” deyə qərar verə bilməz. Kənardan hər şey çox asan görünür. Amma siz gedib sonsuz ailələrdən soruşun görün, buna hazırdırlar, ya yox”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə məsələləri üzrə sədr müavini Aynur Sofiyeva isə lent.az-a müsahibəsində “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində bir neçə məsələnin cəmiyyət tərəfindən tam qəbul olunmadığını deyib: “Müəyyən məsələlər var ki, mən də onunla razı deyiləm. Mən şəxsən «surroqat ana» məsələsinin əleyhinəyəm. Bu, bizim millətimiz, Azərbaycan üçün qəbul olunmayan məsələdir. Bu gün bəzi insanların sağlamlığında müəyyən problemlər var. Onlar da dünyaya uşaq gətirmək sevincini duymaq istəyirlər. Ona görə də əgər valideynlərin özlərinin süni mayalanma imkanı varsa, bundan istifadə etmək olar, qəbulediləndir. Amma donor vasitəsi ilə dünyaya uşaq gətirmək məsələsini mən şəxsən qəbul etmirəm”.

Ailələr hansı halda buna gedirlər?

Qeyd edək ki, bəzi qadınlar süni mayalanma yolu ilə də uşaq dünyaya gətirə bilmirlər. Yəni onların sağlamlığı buna imkan vermir. Bir sıra xəstəliklər var ki, qadının ana olmasına, hamiləlik keçirməsinə imkan vermir. Məsələn, daxili cinsi orqanların inkişafdan qalması bəzi qadınları ana olmaq xoşbəxtliyindən məhrum edir. Yaxud somatik xəstəliklər zamanı da dölün bətndə gəzdirilməsi və doğulması qadın üçün problemdir. O cümlədən, talassemiyalı qadınlar da «surroqat ana» üsulundan istifadə etməklə ana olmaq imkanı qazana bilərlər.
Səhiyyə nazirinin müavini Elsəvər Ağayev də mətbuata açıqlamasında bildirib ki, qdınlar var, dünyaya uşaq gətirə bilmir, müxtəlif səbəblər ucbatından uşaqlar ölü doğulur: “Bəzən hamiləlik həm qadınlar, həm də uşaqlar üçün təhlükə yaradır. Belə halda həmin qadınlara övladlığa uşaq götürməyə imkan verilməlidir. Digər tərəfdən, nəsil və varisliyin davam etdirilməsi üçün «surroqat ana»nın olması vacibdir. Ona görə də bu məsələlər qanunla tənzimlənməlidir. Belə halda əxlaq və mənəviyyatı qorumaq olar".

Onu da deyək ki, sözügedən məsələnin əleyhinə çıxanlar «surroqat ana»ların dünyaya gətirdiyi uşaqların gələcəkdə bir-birlərini tanımadıqlarından evlənə biləcəyini mümkün sayır. Amma «surroqat ana»nın tərəfdarları deyirlər ki, sözügedən problemin qarşısını almaq üçün qanunla bir qadının bir dəfə «surroqat ana» kimi iştirakına icazə verilsin. İndiki halda isə məsələ qanun çərçivəsində həll edilmədiyinə görə, bir qadın bir neçə dəfə «surroqat ana» olmaq şansı qazanır.

Psixoloji aspekt

Məsələnin tibbi tərəfindən əlavə psixoloji tərəfi də maraqlıdır. Psixoloq Azad İsazadə də qəzetimizə açıqlamasında deyir ki, sözügedən məsələnin qanun müstəvisində həlli vacibdir: “Hamiləlik dövründə hər bir qadın bioloji, psixoloji, toksikoz problemlər yaşayır. Bu an «surroqat ana» fikrini dəyişə və uşağı özü böyütmək istəyə bilər. Bu 9 ay uşağının doğulmasını gözləyən bioloji ananın psixoloji problemlər yaşamasına gətirib çıxara bilər. Təcrübədə də belə hallar baş verib. Yaxud uşaq doğulandan sonra bioloji ana onun davranışlarından xoşlanmaya bilər, yaxud uşağa həddən artıq diqqət, ya da ögey münasibət göstərə bilər ki, bu da psixoloji problemlərin yaşanması ilə nəticələnər”.

A.İsazadə bu səbəbdən həm bioloji, həm də «surroqat ana»ya prosesdən əvvəl, proses dövrü psixoloji yardım göstərilməli, onlara psixoloq tərəfindən nəzarət edilməli olduğunu düşünür: “Ümumiyyətlə, ailələr razılaşmamışdan əvvəl psixoloq hər iki ana ilə söhbət aparmalıdır ki, onlar prosesə hazırlıqlıdırlarmı? Əgər hazırlıqlı deyillərsə, hazırlanmalıdırlar”.

“Kəbin olmadan bu, zinakarlıq sayılır”

Qeyd edək ki, «surroqat ana»dan söhbət gedən kimi, buna İslam dinində yanaşma da ortaya çıxır. Yuxarıda dediyimiz kimi, Qafqaz Müsəlmnları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə «surroqat ana»nın əleyhinə olanlardandır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə lent.az-a bildirib ki, İslam dini yalnız kəbinli ərlə-arvadın nütfələrinin qadının bətnində yerləşdirilib, onların övladının dünyaya gəlməsini təmin edən prosesə icazə verir. “Quranda da buna işarə vurulur, Peyğəmbərimizin kəlamlarında da buyurulur ki, İslam nəslin artmasının tərəfdarıdır, başqa sözlə, nəslin itməməsini təqdir edir. Və hər kəs öz ata-anasını, nəslini tanımalıdır. Ona görə də kəbinli olmayan qadınla kişinin nütfələrindən uşaq dünyaya gətirmək zinakarlıq sayılır. “Surroqat ana” məsələsində də yuxarıda göstərilən prinsiplər əsas tutulur. Dində qadının bətnində qanuni nikahda olmadığı kişinin nütfəsinin yerləşdirilməsinə icazə verilmir”.

“Allahın qadağan etmədiyi bir şey dinimizdə sərbəstdir”

İslamçı ekspert Hacı Elman İbadov isə qəzetimizə açıqlamasında dedi ki, «surroqat ana»nın gerçəkləşməsinə şəriətin hökmü var: “Buna etiraz edənlərdə gərək savad olsun ki, bunu bilsinlər”.

AMEA-nın elmi işçisi, ilahiyyatçı-alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu bizimlə söhbətində dedi ki, «surroqat ana»ya ehtiyac ailənin konkret üzləşdiyi halla bağlıdır: “Günümüzdə bəzi hallarda nəslin davam etdirilməsi üçün bu, yeganə mümkün variant kimi gürünür. Ərlə arvadın nütfəsindən olan övladın başqa bir qadının bətnində bəslənib, dünyaya gəlməsinə dair Quranda, İlahi buyruqlarda heç bir qadağa yoxdur. Doğrudur, bəzi din alimləri buna qarşı çıxırlar, amma bununla belə, Allahın qadağan etmədiyi bir şey dinimizdə sərbəstdir. Sadəcə, bütün digər məsələlər kimi, bununla bağlı bütün məsələlər də İlahi Mənəviyyat Qanunları çərçivəsində olmalıdır. İslam şəriəti müəyyən şərtlərə riayət etməklə «surroqat ana»lığı qəbul edir. Bu, bir qadının ana bətninin, belə deyək, başqa bir ailəyə icarəyə verilməsidir. Həmin qadının ərinin də bu işə razılığı labüddür".

Qeyd edək ki, dünyanın 140-dan artıq ölkəsi reproduktiv sağlamlıqla bağlı qanun qəbul edib. ABŞ-ın bəzi ştatlarında, Avstriya, Fransa, Norveç və İsveçdə «surroqat ana» proqramının tətbiqi qanunla qadağan edilib. Böyük Britaniya, Belçika, İrlandiya və Finlandiya, Avstriya, İspaniya, Kanada, Niderland, ABŞ-ın bəzi ştatlarında, Rusiya, Gürcüstan və Ukraynada qanunla “suroqat ana”ya icazə verilir.

Lalə Musaqızı