• şənbə, 20 Aprel, 04:01
  • Baku Bakı 15°C

Zibilliyə çevrilən çimərliklər Reportaj Fotolar

13.07.13 09:21 7160
Zibilliyə çevrilən çimərliklər Reportaj Fotolar
Yayın isti günlərində qızmar günəşin istisindən yaxa qurtarıb, sərinləmək eşqinə düşən insanların böyük əksəriyyəti çimərliklərə üz tutur. Biz də günü-gündən istiləşən havalarda çimərliklərin hazırkı durumunu öyrənmək məqsədilə paytaxtdakı Şıxov adı ilə tanınan “Şıx” çimərliyinə üz tutduq. Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi elan edib ki, “Şıx” və “Sahil” çimərliklərindən başqa bütün çimərliklərdə üzmək olar. Çünki bu iki çimərlikdə bağırsaq çöpləri normadan dəfələrlə artıqdır. Buna baxmayaraq, hər il olduğu kimi bu il də “Şıx” çimərliyinə istirahətə gələnlərin sayı kifayət qədərdir. Bu çimərlik digər çimərliklərə nisbətən şəhərə yaxın olduğundan insanlar həyatlarını risk altına qoyaraq dənizə girməkdən çəkinmirlər.
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamına görə, dəniz xalqın neməti olduğu üçün buradan istifadə edərkən pul ödənməməlidir. Lakin digər çimərliklərdə olduğu kimi “Şıx” çimərliyi də bu əmrə əhəmiyyət vermədən pullu və pulsuz olmaqla iki yerə ayrılır.
Çimərliklərdəki vəziyyətlə maraqlanmaq üçün əvvəlcə yol boyu bir-birinin ardınca salınan və ətrafı hasarlanan pullu çimərliklərə baş çəkdik.
“Bizdə dəniz pulludur”
İlk olaraq “Cresent beach hotel”ə məxsus çimərliyə daxil olmaq istədik. Bunun üçün bizdən hər birimizə görə 3 manat pul tələb etdilər. Çimərliklərin pulsuz olması ilə bağlı icra hakimiyyətinin əmrini xatırlatdıqda isə “Bizdə belədir” cavabını aldıq. Çimərliyin xidmətləri haqqında məlumat verən administrator bildirdi ki, bura digər çimərliklərə nisbətən ən sərfəlisidir: “Burada 3 manata şezlonq, çətir, duş və soyunub-geyinmə otağından istifadə daxildir. Başqa ödəniş tələb olunmur. Digər çimərliklərdə isə giriş pulundan əlavə hər birinin öz qiyməti var”. Bu çimərlikdə istirahət edən Kənanın sözlərinə görə isə burada istirahət limitlədir. Onlar vaxtı şezlonq verdikləri dəqiqədən hesablamağa başlayırlar. 1 saat tamam olduqdan sonra, yenidən 3 manat ödəməli olursan.
Eyni sırada yerləşən “1001 gecə” çimərliyinə baş çəkdik. Buradan da içəri daxil olmaq üçün bizdən 4 manat pul istədilər. Səbəb kimi isə, “biz hər gün çimərliyin sahilini təmizləyirik və əhaliyə yüksək xidmət göstəririk” kimi cavablarını aldıq.
“1001 gecə”-dən sonra eyni sırada yerləşən “Aysberq”-ə, oradan da “Eldorado” çimərliyinə yollandıq.
“Bizdə çimmək mədəniyyəti yoxdur”
Burada bizə məlum oldu ki, “Eldorado” restoranına məxsus çimərlik ərazisinə daxil olmaq üçün adambaşına 2 manat ödəniş etmək lazımdır. Restoranın sahibi Elşən Məmmədov deyir ki, 2 manat ödənişə soyunub-geyinmə otağından, duşdan istifadə və maşınınızı park etmə daxildir. Onun sözlərinə görə, təqaüdçülərdən və azyaşlı uşaqlardan giriş pulu almırlar. İcra hakimiyyətinin çimərliklərlə bağlı qərarını xatırlatdıqda isə, E.Məmmədov bildirdi ki, onların məkanına məxsus olan soyunub-geyinmə otağından, lejankadan, duşdan və s. istifadə etməmək şərtilə bura pul ödəmədən daxil olmaq olar: “Lakin insanlar “heç nədən istifadə etməyəcəyəm” deyib içəri keçdikdən sonra ən azı soyunub-geyinmə otağından istifadə edirlər. Çox vaxt da qadınlar belə edir. Bunun üçün pul istədikdə isə bizi borclu çıxarırlar. Hətta bizə əl-qol atanlar belə olur. Bəs mən nə edim? Bizim əhalidə çimərlik mədəniyyəti yox dərəcəsindədir. Yediklərini sahildə qoyub gedirlər. Mənim 6 nəfər işçim var ki, onlar hər gün buranın təmizliyinə ciddi nəzarət edirlər. Hərəsinə gündəlik 15 manat verirəm. Elə günə 90 manat bu edir.
Buranı gözdən salmaq məqsədilə şayiələr yayıldığı üçün müştərilərin də sayı az olur. Demək olar ki, bazarımızı öldürüblər”.
“Dədənin dənizidir?”
“Bu şayiə deyil, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin apardığı uzunmüddətli monitorinqlərin nəticəsidir” dedikdə isə müsahibimiz bildirdi ki, onlar camaatı zorla dənizdən kənar tuta bilməzlər: “Buraya dəfələrlə “çimmək olmaz” yazılı lövhə vursaq da yenə gəlib dənizə baş vuranlar olur. O insanlara söz deyəndə isə “dədənin dənizidir? Özümüz bilərik” deyirlər.
Çimərlikdə ilan dəhşəti
Burada bizə onu da bildirdilər ki, “lejanka” və ya stol üçün ödəniş edənlər giriş haqqından azad olurlar. “Eldorado” çimərliyində “lejanka” 4, stol isə 10 manatdır. Onu da deyək ki, burada olduğumuz zaman sahildə günəşlənən insanlar arasında çaxnaşma düşdüyünün şahidi olduq. Yaxınlaşdıqda isə məlum oldu ki, səs-küyə səbəb sahildə gəzən ilan imiş.
Qeyd edək ki, “Eldorado”ya məxsus xilasetmə qayığı və ya skuter yoxdur. Bura FHN-ə məxsus xilasedicilər nəzarət edirlər. E.Məmmədovun sözlərinə görə, onlara məxsus ərazidə indiyə qədər boğulma halı baş verməyib.
Çimərlik sahibi bizimlə söhbətində hər ödəniş üçün qəbz verdiklərini desə də, burada istirahət edən heç kimə qəbz verilmirdi.
Çimərlik, yoxsa zibillik?
Pullu çimərliklərdəki vəziyyətlə tanış olduqdan sonra “Lökbatan çimərliyi” adı ilə tanınan pulsuz çimərliyə yollandıq. Bu çimərlikdəki vəziyyət olduqca acınacaqlıdır. Çimərliyə çatar-çatmaz qalaqlanmış zibil tullantıları diqqətimizi çəkdi. Belə ki, çimərliyin sahilində hər cür tullantı, şüşə qırıqları, dəmir parçaları, yemək artığı, taxta-şalban, beton hissələri, qarpız-yemiş qabıqları, araq şüşələrinə belə rast gəlmək mümkündür. Burada vəziyyət o dərəcəyə çatıb ki, üfunət iyindən çimərliyə yaxınlaşmaq mümkün deyil. Bura həm çimərlik, həm zibillik, həm də tualet rolunu oynayır. Suya baxdıqda isə, sellofan, butulka, uşaq pampersi, solfetkalar, siqaret qutusu, bir sözlə, zibilə aid olan hər şey görmək mümkündür.
Dənizdə müşahidə apararkən bir xanımın uşağının çirkli pampersini dənizə atdığını və altını batıran uşağı dənizdə yuduğunu gördük. Xanıma yaxınlaşıb nə üçün belə etdiyini soruşduqda isə “bura onsuz da zibillikdir mənim pampers atmağımla heç nə olmaz, təmiz uşaqdır” dedi.
Burada ayaqlarını quma basdıran Leyla xala deyir ki, ödənişli çimərliklərə getmək ona sərf etmir: “Ödənişli çimərliklərdə istirahət edərkən heç olmasa 20-30 manat pulum çıxır. İmkanım olmadığı üçün buraya gəlməyə məcbur oluram”.
Paytaxt sakini Sevil Məmmədova isə həftədə iki dəfə “Şıxov” çimərliyinə gəldiyini deyir. Onun sözlərinə görə, bu günə kimi çimərlik ərazisində təmizlik işləri aparan adamla rastlaşmayıb: “Burada acınacaqlı bir vəziyyət hökm sürür. Pulsuzdur deyə, heç kim bura nəzarət etmir, təmizlik işləri aparmırlar. Hər tərəf zibil içindədir. Qarpız qabıqları isə bizi lap bezdirib. Allahın bizə bəxş etdiyi nemətdən pul ödəmədən normal istifadə edə bilmirik”.
Vurğulayaq ki, burada yalnız çimərlik paltarında deyil, "naçnoy"da, xalatda və yaxud alt paltarında çimənlərə də rast gəlmək olar.
Digər paytaxt sakini Röya Əhmədova deyir ki, Bakıda çimərliklərə getmək onun heç xoşuna gəlmir: “Pulsuz çimərliklərin nə vəziyyətdə olduğu hamıya məlumdur. Ödənişli yerlərdə istirahət etmək isə olduqca bahadır. Baha olmasına baxmayaraq, xidmətin keyfiyyəti çox aşağıdır. Həmçinin pul ödədiyimiz çimərliklər də çox natəmizdir. Dəniz o qədər çirklidir ki, adamın ayaqları belə görünmür. Burada xərclədiyimiz pula Türkiyədə normal istirahət etmək olar”.
Aygün Cəfərli
Şəfa Tapdıq
Fotlar müəlliflərindir

banner

Oxşar Xəbərlər