AZE | RUS | ENG |

“Zibilləməyin, axı, bu, şəhər sizin sifətinizdir...”

“Zibilləməyin, axı, bu, şəhər sizin sifətinizdir...”
Millət vəkili Musa Quliyev: “Müvafiq icra orqanları öz funksiyalarını layiqincə yerinə yetirsələr, əhalidə də məsuliyyət hissi yaranar”

Son dövrlər ətraf mühitin çirklənməsi, bəzi ekoloji problemlərin çoxalması hər kəsi narahat etməyə başlayıb. Əslində, hər şey insanın öz əlindədir. Bu şəhəri zibilləyən də, təmiz saxlayan da bizik. Yazını yazarkən "köhnə bakılı” Bəhram Bağırzadənin bu yaxınlarda izlədiyim bir videosu yadıma düşdü. Videonu göstərə bilməsək də, orada qeyd edilən fikirləri çatdırmağa çalışacağam:  "Mən heç vaxt özümə rəva bilmərəm ki, parkda oturub tum çırtlayıb, eyvandan küçəyə nə isə atıb ətrafı zibilləyim.  Əgər şəhərimizin hər bir sakini bunu düşünsə, şəhərini abadlaşdırmaq istəsə, özünü bu şəhərin meri hesab etsə, inanın mənə, bu şəhərin problemləri olmaz. Şəhəri şəhər edən insanlardır, memarlıq yox. Gəlin şəhərimizi təmiz saxlayaq. Şəhəri zibilləməyin. Axı, bu şəhər sizin sifətinizdir”.
 
"Köhnə bakılı” oğlanın dediyi kimi, bu şəhər bizim sifətimizdir.  Necə əlimiz gəlir ki, şəhərdə addımbaşı zibil qabı ola-ola, zibili yerə ataq? Bu həm ekoloji, həm də insanların sağlamlığı baxımdan olduqca ciddi məsələdir. Tullantılarla bağlı artıq uzun müddətdir ki, bir sıra işlər görülür, mətbuatda yazılır. Bəs görəsən, nəyə görə bu problem hələ də öz həllini tapmır? Mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrənməyə çalışdıq.
 
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Musa Quliyev bu məsələnin həllini tapmamağının bir neçə səbəbinin olduğunu dedi: "Əslində bu sualınızı icra hakimiyyəti orqanlarından soruşsanız, daha yaxşı olar. İlk səbəb olaraq bəzi orqanların işlərinə səhlənkar yanaşmasını qeyd etmək olar. İkinci bir səbəbi isə əhali arasında ekologiya, təbiətin mühafizə olunması, ətraf mühit haqqında maarifləndirmə işinin çox zəif aparılmasıdır. Və ən əsası, ümumi mədəniyyət səviyyəsinin aşağı olmasıdır. Hesab edirəm ki, müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr təmizlik işləri ilə bağlı öz funksiyalarını layiqincə yerinə yetirsələr, istər-istəməz əhalidə də müəyyən məsuliyyət hissi yaranar”.
 
Millət vəkili bu istiqamətdə maarifləndirmə işinin aparılmasının vacib olduğunu vurğuladı: "Maarifləndirmə işinə ilk olaraq məktəblərdən başlamaq lazımdır. Bu yaxınlarda Nizami rayonunda yerləşən bir məktəbin ekologiya ilə bağlı tədbirində iştirak etdim. Təsəvvür edin, şagirdlər müəllimləri ilə birlikdə məişət tullantılarını yığıb, çox səmərəli şəkildə məktəbin həyətində müxtəlif kolleksiyalar düzəltmişdilər. Yəni tullantıdan yenidən istifadə etmək olar. Hər kəs bunu dərk etməlidir ki, bu şəhər, bu ölkə bizim hamımızındır. Evimizi, həyətimizi necə təmiz saxlayırıqsa, həmin münasibəti şəhərimizə də göstərməliyik. Evimizi təmiz saxlayıb, hasarımızdan kənarı zibilləyiriksə, bu, bizim ümumi mədəniyyətimizə xələl gətirən məsələdir”. 

 M. Quliyev qeyd etdi ki, digər bir tərəfdən, məişət tullantılarını daşıyan maşınlar da bəzi yerlərdə düzgün qrafiklə işləyir, bəzilərində isə məsuliyyətsizlik edilir: "Tutaq ki, bir bölgədə zibil gündə iki dəfə daşınmalıdır, amma zibil maşını bir neçə gündən bir gəlir. Təbii ki, bu zaman zibil qutuları da dolub daşır, nəticədə, ətrafa pis qoxu yayılır. Xüsusən də yay fəslində bu cür mənzərə ilə qarşılaşmaq heç yaxşı deyil”. 
 
"Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı deyir ki, uşaqlara ekologiyanı, təbiəti qorumağı öyrətmirlər: "Şəhəri zibilləmək üçün hamı əlindən gələni edir. Xüsusilə gənc nəsil yediyinin-içdiyinin boş qutularını küçələrə səpir. Dənizkənarı parkda, şəhərin digər ictimai yerlərində bütün skamyaların ətrafı tum qabığı ilə dolu olur. Uşaqlara ekologiyanı, təbiəti qorumağı öyrətmirlər. Onların əksəriyyəti anlamır ki, şəhərin çirkliliyi sonra bizə zərər verir. Əgər siz 10 dəqiqə məktəbətrafı yerlərdə reyd keçirsəniz, görərsiniz ki, məktəblilər yediklərinin, içdiklərinin qutusunu küçələrə səpirlər. Əgər onlara öyrədilsə ki, atdıqları plastik qutular, sellofan torbalar bir neçə əsr torpaqda qala bilir, çürümür, bəlkə də bu vəziyyət müşahidə olunmaz”. 

"Məktəblilər bir yana, yaşlı insanlar bu məsələdə çox etinasızdırlar” deyən sosioloq qeyd edir ki, böyüklər də  təhlükənin ciddiliyini anlamır: "Axı yediyinin kağızını çantana, cibinə qoymaq, tullantı üçün ayrılan qutulara atmaq çətin deyil. İndi hər addımbaşı bu cür qutu qoyulub, lap yaxınlıqda olmasa belə, çantada saxlamaq olar. Məncə, əksər böyüklər də təhlükənin ciddiliyini anlamır. Götürək elə polietilen – sellofan torbaları. Baxın, hər il dünyada 500 milyarddan çox sellofan torba istehsal edilir. Dünyada hər 1 dəqiqədə isə 1 milyon polietilen torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 100, dənizdə isə daha çox lazım gəlir. Bakıda küçədə gedəndə, hava küləkli olan zaman adamın üzünə sellofan torba yapışır. Yəni o qədər çoxdur. Çünki hərə öz tullantısını elə küçəyə atır, külək də ətrafa səpələyir. Çox olub ki küçədə getdiyim zaman üzümə, bədənimə külək sellofan torba yapışdırıb. Tum çırtlayıb qabığını yerə atırlar. Bu da xoşagəlməz mənzərədir, amma ekoloji tarazlığı pozmur. Ya süpürülür, ya da o qabıqları quşlar dənləyir, ən pis halda, torpağa qarışaraq çürüyür. Yəni təbiətə zərəri olmur. Amma çürüməyən, torpağa qarışmayan tullantılar üçün vəziyyət eyni deyil. Bax, bunu aktuallaşdırmaq lazımdır. İngiltərə, Tayvan, Keniya, Uqanda, Fransa, Amerika, Latviya və bir sıra başqa ölkələrin hökumətləri sellofan paketdən istifadə edilməsini qadağan edib. Qlobal istiləşmənin başlıca səbəbi də polietilen torbalarla çirkləndirilmiş təbiət hesab edilir”. 

Birliyin sədri deyir ki, birdən-birə nə isə etmək çətindir, amma addım-addım həll yolu fikirləşmək lazımdır: "Ən azı, sellofan torbaları marketlərdə pullu eləmək olar ki, asan əldə edilməsin, asan tullantı yaranmasın. İctimai asayişi qoruyan polislər olduğu kimi, təmizliyə nəzarət edənlər də olsun, küçəyə zibil atan bir dəfə cərimələnsə, bunu təkrar etməz”. 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu istiqamətdə müəyyən işlər görür. Nazirliyin mətbuat katibi İradə İbrahimova "Report"a açıqlamasında bildirib ki, ETSN Bakı, Sumqayıt və Gəncə şəhərlərinin icra hakimiyyətlərinə plastik tullantıların yığılması məqsədi ilə xüsusi konteynerlərin yerləşdirilməsi üçün yerlərin ayrılmasına dair məktublar göndərib. 

Onun sözlərinə görə, konteynerlərin sözügedən şəhərlərin pilot ərazilərində, əsasən də insanların sıx toplaşdığı məkanlarda və parklarda yerləşdirilməsi tövsiyə edilib: "Artıq ETSN plastik tullantıların toplanması üçün xüsusi konteynerlər sifariş verib və iyun ayının 12-dən etibarən onlar Bakı şəhərindəki bəzi parklarda yerləşdirilib. ETSN plastik tullantıların idarə olunması və bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə start verib". 

Mətbuat katibi vurğulayıb ki, nazirlik vətəndaşları bu işdə həmrəylik göstərməyə çağırır: "Biz istəyirik ki, plastik qabların və polietilen torbaların insan sağlamlığına və ətraf mühitə zərəri cəmiyyətdə təbliğ edilsin, tədricən polietilen qablaşdırmadan imtina olunsun. İlkin olaraq plastik tullantıların düzgün idarə olunması, xüsusi konteynerlərə toplanması və təkrar istehsala istiqamətləndirilməsi təşəbbüsləri irəli sürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi problemlə bağlı gələn tövsiyələri və təklifləri məmnuniyyətlə qəbul edir. İctimaiyyət plastik məmulatlardan istifadənin təhlükəsini bilməli və buna qarşı mübarizə aparmalıdır”. 
 
Günel Azadə
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN