• cümə axşamı, 28 mart, 17:43
  • Baku Bakı 16°C

Zibili pula çevirənlər - Reportaj

19.06.15 11:55 2422
Zibili pula çevirənlər - Reportaj
Kompyuter klaviaturaları qlobus, qəzetlər nar, elektron çiplər balıq olub
Həyatımızda lazım olmayan dəyərsiz şeylərlə demək olar ki, hər yerdə rastlaşırıq. Evimizdə, getdiyimiz yolda, hər küçənin tinində tullantılarla rast gəlmək mümkündür. Heç düşündünüzmü, zibil deyib yanından ötdüyümüz əşyalar hansısa sənət əsərinə çevrilə bilər? Bəli, elə insanlar var ki, zir-zibildən belə, sənət əsəri düzəldərək, onların içərisindəki gözəlliyi ortaya çıxardır. Bakıda belə sənət əsərlərindən ibarət sərgi açılıb. Bizim tullantı, zibil deyə lazımsız bildiyimiz əşyalardan qeyri-adi əsərlər yaradılıb sərgidə nümayiş etdirilir. Əsərlərlə tanış olmaq və ziyarətçilərlə söhbətləşmək üçün sözügedən sərgiyə yollandıq.
Qeyd edək ki, IV Beynəlxalq “Tullantıdan Sənətə” sərgisi Qala qəsəbəsində keçirilir. Sərgidə 17 ölkədən 23 incəsənət nümayəndəsinin əl işi nümayiş etdirilir.
“Şokdayam…”
Sərginin keçirildiyi məkana daxil olarkən flaminqo quşları diqqətimizi çəkir. Məlum olur ki, ətrafına çoxlu insan toplayan bu quşlar əslində yararsız halda olan avtomobil təkərlərindən hazırlanıb. Flaminqoya maraqla baxan Orxan deyir ki, əsərlərə tanış olanda onların yararsız əşyalardan hazırlanmasına inanmaq olmur: “Lazımsız əşyalar hər yerdə var. Amma biz onlara heç vaxt sənətkar gözü ilə baxmamışıq. Məsələn, mən düşünürdüm ki, yararsız avtomobil təkəri ancaq Novruz bayramında tonqal yandırmaq üçün istifadə oluna bilər. Daha belə sənət əsərinə çevrilə biləcəyi ağlıma gəlməzdi. Amma indi şokdayam”.
“Zibili pula çevirənlər”
Sərgidə istifadəyə yararsız kompyuter klaviaturaları dünyanın elektronlaşmasını göstərən bir qlobusa dönüb. Qəzetlər nara, elektron çiplər balığa çevrilib. Yəni, əşya kimi belə yararsız hesab edilərək atılmış tullantı materialları sənətkarların əllərində “canlanıb”.
Sərgi ilə maraqlanarkən anlayırsan ki, insan oğlu hər şeyə qadirdir. Hətta məişət tullantılarını belə pula çevirmək, və ya istifadəyə yararlı vəziyyətə gətirmək mümkündür. Eksponatları heyrətlə izləyən Günel deyir ki, vaxt gələcək zibil, tullantı anlayışı leksikonumuzdan silinəcək: “Çox qəribədir. Ən çox işlətdiyimiz sözlərdən biri odur ki, “filankəsin zibil kimi pulu var”. Artıq o deyimi “filankəs zibili də pula çevirməyi bacarır”la dəyişəcəyik. Həqiqətən bu əsərlərə baxanda heyrətə gəlirəm. İnsan necə bunu bacara bilər? İnsan beyni nələrə qadirdir, ilahi!.. Burada gördüklərimdən sonra tullantılara qarşı məndə yeni fikir formalaşdı. Artıq mən də onu atmazdan əvvəl “bundan nə edə bilərəm” deyə düşünəcəyəm”.
Tullantılar dəyər qazanır
Elə sərginin də keçirilmə məqsədi tullantılara dəyər qazandırmaq, onlarla rəftarda məsuliyyətli yanaşmanı təbliğ etməkdir. Məlumdur ki, artıq Bakıda tullantılar təkrar istehsal üçün xammal kimi istifadə olunur, həmçinin tərkibindəki enerji bərpa olunaraq elektrik əldə edilir. “Tullantıdan Sənətə” sərgisi isə tullantı materiallarından hətta üçüncü məqsədlə - incəsənətdə istifadə etməyin mümkünlüyünü göstərərək onun dəyərini bir daha xatırlatmış olur. Tullantıların lazımsız əşyalar toplusu olmadığını, hətta onlardan sənət əsərləri yaratmağın mümkün olduğunu sərgi əyani formada sübut edir.
Ziyarətçi sayının çoxluğundan, onların sərgidəki əsərlərə reaksiyasından, fikirlərindən sərginin məqsədinə nail olduğu görünür. Çünki insanlar hazırlanmış eksponatlara baxaraq şəxsi əşyalarından maksimum qənaətlə istifadə edəcəklərini düşünməyə bilmirlər.
“Mən də işlərimi sərgiləyəcəyəm”
Bəzi ziyarətçilər isə ilhamlanaraq özlərinin bəzi lazımsız əşyalardan sənət əsərləri hazırlayacaqlarını bildirirlər. Belə ziyarətçilərdən biri də Elşəndir. Elşən deyir ki, o, həvəskar şəkildə tullantılardan suvenirlər hazırlamağı bacarır: “Hər hansı tullantıdan istifadəyə yararlı əşya hazırlamaq çox yaxşı üsuldur. Həm özünə məşğuliyyət tapırsan, həm də yararlı işlə məşğul olursan. Mən evimizdə tum qabıqlarından, meyvə çəyirdəklərindən, istifadə edilməyən disklərdən maraqlı suvenirlər hazırlaya bilirəm. Amma belə əşyaların sənət əsəri kimi sərgilənə biləcəyi ağlıma gəlməzdi. Bu sərgi hər il keçirilir və mən artıq gələn il keçiriləcək “Tullantıdan Sənətə” sərgisi üçün əl işlərini təqdim edəcəyəm”.
Hər il ənənəvi formada təşkil olunan sərginin dördüncü ilində həm də Qala qəsəbəsində “Tullantıdan Sənətə” muzeyi istifadəyə verilib. Əvvəlki sərgilər zamanı bir neçə gün müddətində nümayiş olunan əsərlər artıq bu muzeydə daim sərgilənəcək. Yəni, artıq ziyarətçilər ötən 3 ildə keçirilən “Tullantıdan Sənətə” sərgilərində hazırlanmış əsərləri də bu muzeydə görə bilər.
Qeyd edək ki, “Tullantıdan Sənətə” sərgisi Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə təşkil olunur.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər