• çərşənbə, 24 Aprel, 23:39
  • Baku Bakı 23°C

Özgə torpağında havaya sovrulan milyardlar

16.10.20 15:44 763
Özgə torpağında havaya sovrulan milyardlar
Və ya erməni xalqı bədbəxt, məzlum duruma necə salındı?
Azərbaycan Ordusu 20 günə yaxındır ki, işğal altında olan torpaqlarını azad etmək istiqamətində tarix yazır. Otuz il əvvəl işğal olunan kəndlər, qəsəbələr azad edilir, düşmənə ciddi zərbə vurulur. Beynəlxalq hərbi ekspertlərin, mərkəzlərin etiraf etdiyi kimi, Ermənistana məxsus hərbi texnikanın 80 faizi məhv edilib. Canlı qüvvə itkisindən isə danışmağa dəyməz. Minlərlə əsgər məhv edilib və iş o yerə çatıb ki, orduya aparmağa adam yoxdur. Küçələrdə polislə çağırışçılar əməlli-başlı qaçdı-tutdu oynayır. İndi də ümid qalıb erməni qadınlarına və qocalarına. Ötən əsrin 90-cı illərinin ab-havasından qurtula bilməyən düşmən ölkə ümid edirdi ki, qarşısında o illərin dağınıq birləşmələri durub. Və qarşısındakı əsgərlər erməni ordusunu görən kimi yenə də əvvəlki tək geri çəkiləcək. Əvəzində nə ilə üzləşdi? Hərbi əməliyyatların elə birinci günü otuz illik istehkamları məhv edən Azərbaycan ordusu bir gün ərzində 10-a yaxın kəndi azad etdi. Sonrakı günlərdə də ildırım sürətli hücumlarla əraziləri azad etməyə başladı və bu proses sürətlə davam edir. Beləliklə, artıq tarixə "texnologiya müharibəsi” kimi düşən bu zəfər müharibəsi erməniləri əməlli-başlı şoka saldı. Yüksək peşəkarlıq və döyüş qabiliyyətinə malik hərbi komandanlıqla yanaşı, yeni növ silahlarla bu bir neçə gün ərzində Ermənistanın ən elit birləşmələri məhv edildi. Sözsüz ki, silahlar hər bir müharibədə əsas rol oynayır. Lakin ən əsas məsələ əsgərin döyüş ruhudur və bu da Azərbaycan əsgərində pik həddədir. Səfərbərlik xidməti bölmələri qarşısında böyük növbələr bunun bariz nümunəsidir. İndiyə qədər bir dənə də olsun ordudan yayınma faktı qeydə alınmayıb. Ən əsas məsələ isə odur ki, əsgər bilir ki, onun apardığı müharibə azadlıq mübarizəsidir və işğal edilən torpaqlarını azad etməyə gedir. İnsanlar artıq 30 illik işğal siyasətinə son qoyulmasını istəyirlər. Yəni bu mübarizə haqq-ədalətin bərpasıdır və haqq da bizim tərəfimizdədir.

Ağılsız və rasional düşüncə

Əslində bu dəfə başlanan hərbi əməliyyatlar bir çox məsələlərə də aydınlıq gətirmiş oldu. 30 ilə yaxın idi ki, ermənilər işğal altında olan torpaqlara investisiya yatırmalarından fəxrlə danışır, yeni yolların çəkilməsini nümayiş etdirirdilər. Xankəndində tikililəri bütün dünyaya göstərirdilər. Anlamırdılar və anlamaq istəmirdilər ki, başqasının bədbəxtliyi üzərində qurulan xoşbəxtlik uzun sürə bilməz və necə də sürmədi. 27 sentyabrdan sonra bütün bunlara son qoyuldu. Ermənilər yatsalar, ağıllarına da belə gəlməzdi ki, nə vaxtsa Azərbaycan Ordusu ora bir mərmi ata bilər. Hərbi əməliyyatların gedişi zamanı artıq bütün mərkəzlər, o cümlədən Xankəndi yerlə-yeksan olunub. Şəhər bomboşdur. Ermənilərin ağılsız düşüncə sahibi olduqları bir neçə günlük hərbi əməliyyatlarla tam sübut olundu. Başqasının torpağına ayırdığı milyardlarla dollar bir neçə gün ərzində havaya sovruldu. Xalq ac-yalavac, bir parça çörək üçün dünyaya səpələndiyi halda, pulları başqasının torpağına sərf etməyin sonu belə olur. Beləliklə, sentyabrın 27-dən ordumuzun başlatdığı hərbi əməliyyatlar və onun gedişi, bütövlükdə Ermənistanın qüdrətli, güclü orduya malik olmasının üstündən birdəfəlik xətt çəkmiş oldu. Yeri gəlmişkən, əslində ermənilərin rasional düşüncəyə malik olmadıqları çoxdan bəlli idi. Və bu ağılsızlıq, xalqının gələcəyini düşünməmək qondarma erməni soyqırımını nəyin bahasına olursa-olsun tanıtmaq istəyi ilə də sübut olunur. Osmanlı Türkiyəsində baş verənlərə görə indiki Türkiyənin məsuliyyət daşımalı olduğunu irəli sürür. Yenə də cəhdləri uğursuz oldu. Bir-iki dövlətin qondarma soyqırımı tanıması ilə nə dəyişdi? Heç nə. Əslində itirdikləri bundan daha çox oldu. Qonşu Türkiyə ilə münasibətlərin kəsilməsi, blokada vəziyyəti onu bərbad duruma saldı.

Petrosyanın sözünə baxmamağın acısı

Erməni xalqının bədbəxtliyi ondadır ki, vaxtında proseslərdən nəticə çıxarmaq. Vaxtilə sabiq prezident Levon Ter-Petrosyan ermənilərin başına ağıl qoymağa çalışsa da, buna nail olmadı. Daha dəqiq ifadə etsək, imkan vermədilər. Eks-prezident Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdən xilas olması üçün Dağlıq Qarabağ münaqişəsinin sürətli həllinin vacib olduğunu söyləmişdi. "Təhlükəsizliyin təmini, iqtisadi inkişaf və Ermənistanda demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün Qarabağ münaqişəsi həll olunmalı, eləcə də Türkiyə ilə münasibətlər normallaşmalıdır. Danışıqlar masasında faktiki olaraq 1997-ci ildəki güzəştli nizamasalınma variantı mövcuddur. Əgər biz o zaman buna nail olsaydıq, ötən illər ərzində çəkdiyimiz əzablar və itkilərlə qarşılaşmazdıq. Heyfslənirəm ki, mənim bəzi həmkarlarım bu sadə həqiqətləri vaxtında başa düşmədilər və biz münaqişənin həlli üçün ən əlverişli anı itirdik”, - deyə Petrosyan bildirmişdi. Eks-prezident hətta bir dəfə erməni xalqını "qul” da adlandırmaqdan çəkinməyib. Nəticə belə oldu ki, sülh təklifini və güzəştlərə getmək istəyən tərəfdarları gülləboran olundu. Qətliamı təşkil edənlərə qurbanlardan biri "axı biz sizin övladlarınızın gələcəyi üçün kompromis təklif edirik” deyəndə, onu da öldürdülər. İndi də belə bir duruma düşüblər.

Müharibənin iflic etdiyi Ermənistan

Yeri gəlmişkən, koronavirus səbəbindən onsuz da çətinliklər yaşayan Ermənistan iqtisadiyyatı münaqişənin yenidən alovlanması ilə daha da çətin bir duruma düşüb.
Bunun ən böyük sübutu isə "Fitch” beynəlxalq kredit reytinq agentliyinin ölkənin kredit reytinqini aşağı salmasıdır. "Fitch” Ermənistanın xarici valyutada uzunmüddətli kredit reytinqinin "BB-" dən "B+" səviyyəsinə endirildiyini, reytinq proqnozunun "sabit" səviyyədə olduğunu açıqlayıb. Bu, ilin ilk yarısında Ermənistanda iqtisadi geriləmə proqnozlaşdırıldığından daha kəskindir; bunun da dövlət borcunun artmasına səbəb olduğu bildirilib. "BBC Türkçe”yə danışan Türk Erməni Biznes İnkişafı Şurasının həmsədri Kaan Soyakın söylədiyinə görə, toqquşmalar başlandıqdan sonra Ermənistanda bizneslər və banklar dayanma nöqtəsinə yaxınlaşıb. Soyakın fikrincə, toqquşmalar davam edərsə, malların daşınmasında çətinliklər dərinləşə və iflaslar baş verə bilər. Yerevandakı Qafqaz İnstitutundan iqtisadçı Hrant Mikaelyanın bildirdiyinə görə, Dağlıq Qarabağdakı hərbi əməliyyatların iqtisadi fəsadlarının ən böyük yükü xidmət sektoru və maliyyə sisteminin üzərinə düşəcək.
İqtisadçı Hrant Mikaelyan Dağlıq Qarabağdakı döyüşlərin Ermənistan iqtisadiyyatına iki cəhətdən təsir edəcəyini deyir. Kaan Soyak Dağlıq Qarabağdakı qarşıdurmaların birbaşa Ermənistanın paytaxtı Yerevanda özünü göstərdiyini bildirib. İşlərin dayandığını söyləyən Soyak pandemiya ilə iqtisadiyyata onsuz da ciddi ziyan dəydiyini və Dağlıq Qarabağdakı döyüşlərin dükanların işləməməyinə və malların daşınmamağına səbəb olduğunu vurğulayır. İqtisadçı Sam Butinin "Eurasianet” xəbər saytında yazdığına görə, Ermənistan iqtisadiyyatının daha bir problemi ondan ibarətdir ki, Rusiyadan asılıdır.
Rusiyanın Ermənistanın ən böyük ticarət tərəfdaşı və immiqrasiyanın ən çox istiqamətləndiyi ölkə olması, Ermənistan iqtisadiyyatını Rusiyada baş verən siyasi və iqtisadi hadisələrə qarşı kövrək vəziyyətə salır.
2018-ci ildə Ermənistan ixracının 28 faizi Rusiyanın payına düşüb, onun idxalının dörddə biri isə Rusiyadan təmin olunub.

Faşist strategiyası

Bir qədər də Ermənistanın Paşinyan hakimiyyəti dövründə qəbul etdiyi Milli Təhlükəsizlik Strategiyasından bəhs edək. Əminliklə deyə bilərik ki, erməni millətçiliyi bu gün tam şəkildə faşizm ideologiyasını xatırladır. Hətta bir çox mənada onu ötüb keçir də. Strategiya bunu sübut edir. Yenə də bu ölkənin, keçmişin girovluğundan qurtula bilmədiyini aydın şəkildə görürük. Strategiya ilə tanış olduqca orada şovinist, ksenofob və irqçi dəyərlərin təbliğ edildiyi dərhal sezilir. Erməni xalqının böyüklüyü, onun digər xalqlar üzərində üstünlüyü barədə, eləcə də qonşu xalqlara qarşı dözümsüzlük kimi mesajlar verilir. Terrorçuluq vəsf edilir. Bunu oxuduqdan sonra faşist Qaregin Njdenin "Çekaqron” kimi şovinist nəzəriyyəsinin necə yaranmasının və belə ideologiyaların nəyə görə Ermənistanda bu dərəcədə geniş təbliğ olunmasının səbəbləri tam olaraq aydın olur. Başqa xalqlara, xüsusən də türk xalqlarına nifrət də burada xüsusi keçir. Ermənistanda azərbaycanafobiya aydın sezilir. Azərbaycanlılara qarşı açıq nifrət aşılanır. Strategiyada Azərbaycan tərəfindən guya ermənilərə qarşı həyata keçirilmiş uydurma qırğınlardan danışılır. Sənəddə Gəncə Qandzak adlandırılır. Azərbaycanlılara qarşı soyqırımı və vəhşiliklər törətmiş, Ermənistanda və işğal edilmiş ərazilərdə Azərbaycan irsini məhv edən və toponimlərini dəyişdirən bir ölkənin bu iddiaları əsl həyasızlıqdır. Sənəddə deyilir ki, Ermənistan cəmiyyətində zorakılıq və ksenofobiyaya yer yoxdur. Əslində isə Ermənistan öz ərazisindən, eləcə də işğal etdiyi torpaqlardan 1 milyondan çox azərbaycanlını zorakılıqla qovub. Ermənistan məscidləri, tarixi abidələri, qəbirləri dağıdan bir ölkədir. Ksenofobiyanın həddi o səviyyədədir ki, Yerevandakı Göy Məscid, Şuşadakı Yuxarı Gövhər ağa məscidinin arxitektor xüsusiyyətləri və mahiyyəti dəyişdirilir və İran abidələri kimi qələmə verilir. Ermənistanda böyük Azərbaycan şairi aşıq Ələsgərin qəbri dağıdılıb. Ermənistanın keçmiş prezidenti 2003-cü ildə Avropanın mərkəzində qeyd edib ki, ermənilərlə azərbaycanlılar etnik cəhətdən uyğunsuzdur. Strategiyada Türkiyəyə qarşı da fikirlər öz əksini tapır, qondarma soyqırımına istinadlar edilir. Bunun səbəbi Türkiyənin beynəlxalq hüququ və tarixi ədaləti əsas tutaraq Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərini azad etməyə çağırmasıdır. Mifik tarixə köklənən Ermənistan bir daha nümayiş etdirir ki, qonşuları ilə sülh şəraitində yaşaya bilmir və bu səbəbdən də Ermənistanın bir dövlət kimi gələcək inkişafı mümkün deyil.

Çıxış yolu - işğalçılıq siyasətindən əl çəkməkdir

Ümumiyyətlə, sənədin təhlili göstərir ki, Ermənistan diqqəti iqtisadi inkişaf, təhsil, elm kimi məsələlərə deyil, daha çox Azərbaycan və Türkiyəyə qarşı əsassız ittihamlara verir. Bu, Ermənistan hakimiyyətinin gələcəyə baxışını xarakterizə edir. Əsas məqsəd erməni xalqını münaqişənin girovu kimi saxlamaqdır. Bütün bunlardan hansı nəticəyə gəlmək olar? Erməni xalqı öz liderlərinin əsirinə çevirib. Və bu liderlər, təəssüf ki, bütün xalqı yoldan çıxarmağa müvəffəq olub. İllər uzunu erməni məğlubedilməzliyi, erməni mifi bir neçə gün ərzində puç olub getdi. Bəlkə bütün bunlardan sonra ağlı başlarına gələ, işğal etdikləri əraziləri tərk edələr... Əks halda, olan-qalan dövləti də itirəcəklər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər