AZE | RUS | ENG |

Üzeyir musiqisi əsl bayramdır

Üzeyir musiqisi əsl bayramdır
Bu gün Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalına start verilir

Musiqi həyatımızın ayrılmaz hissəsidir və biz ona çox bağlıyıq. Bu bağlılıq insan ömrünün ilk anlarından başlayır. Beşikdə yatan körpə anasının şirin laylasına qulaq asdıqca rahatlaşır. Həyatımızın sevincli, qürurlu, eləcə də kədərli anları müxtəlif xarakterli musiqilərlə müşayiət olunur. Göründüyü kimi, musiqi insanın bütün həyatını müşahidə edir.
 
Maestro Niyazi tərəfindən elan olunan musiqi günü

Dünyada elə bir xalq yoxdur ki, onun özünəməxsus musiqi mədəniyyəti olmasın. Musiqi millətləri birləşdirən, onların qarşılıqlı anlaşmasını təmin edən universal bir dildir. Bu gün mədəniyyətin ən kamil təbliğatçısı olan musiqinin günüdür. Bu günün musiqi günü elan edilməsi də təsadüfən seçilməyib. Məhz 18 sentyabrda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli dünyaya göz açıb. Məhz bu günü Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edirik. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsası maestro Niyazi tərəfindən qoyulub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Maestro Niyazinin təşəbbüsü ilə XX əsrdə hər il sentyabrın 18-i böyük bəstəkarımız Üzeyir bəy Hacıbəylinin anadan olduğu gün kimi respublikamızda xüsusi təntənə və mərasimlərlə qeyd edilirdi. Elə bu gün də qeyd edilməkdədir.  

Heydər Əliyevin sərəncamı və Üzeyir Musiqi Günü
 
Böyük bəstəkarın özfəaliyyət səviyyəsində xatırlanması isə narahatlıq doğururdu. Mədəniyyətimizin böyük hamisi, ümummilli lider Heydər Əliyev məhz bu günü də unutmadı. Unudulmaz Niyazinin təşəbbüsü ilə keçirilən Üzeyir Musiqi Günü 1995-ci ildə dövlət statusu aldı. Ulu öndərin sərəncamı ilə hər il 18 sentyabr – Üzeyir Musiqi Günü kimi qeyd olunmağa başlandı. Bu nəcib qərar bütün insanların, xüsusilə də musiqisevərlərin ürəyincə oldu.

Bu gün Azərbaycan musiqisi əsl çiçəklənmə dövrünü yaşayır. Ölkəmizdə davamlı olaraq keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr bütövlükdə Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğinə xidmət edir. Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisidir, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır, Şərqdə operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb, dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirib. Və ən əsası, Azərbaycan musiqisinin fəxridir. Bəzən ona Azərbaycan musiqisinin atası da deyirlər. 

Hər ilin sentyabrın 18-də keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı ənənə halını alıb. Bu il artıq X Beynəlxalq Musiqi Festivalı ilə musiqi gününü qeyd edəcəyik. Hər il məhz musiqi günündə ölkəmizin hər yerində bu münasibətlə müxtəlif tədbirlər keçirilir, bu tədbirlərə dünyanın məşhur sənət adamları qatılır. 

Bu musiqi günündə biz də Azərbaycanın sayılıb-seçilən musiqiçiləri danışdırdıq. Musiqi ilə yoğurulan sənət adamlarının bu bayram günündə fikirlərini xəbər aldıq. 
 
Onlar Üzeyir Hacıbəylinin davamçılarıdır
 
Musiqişünas pedaqoq, Sәnәtşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova deyir ki, musiqi onun həyatıdır: "Musiqisiz yaşamaq mümkün deyil. Uşaqlıqdan musiqi mənimlədir. O vaxtdan bu aləmdə yaşamışam. Düzdür, valideynlərim rəssam olublar. Buna baxmayaraq, anam fortepianoda, atam isə tarda ifa edirdi. Mən İçərişəhərdə böyümüşəm. Ətrafımızda Azərbaycan mədəniyyət tarixinə öz adını qızıl hərflərlə yazdıran bir çox yaradıcı insanlar yaşayıblar. Onların da mənim musiqi sevgimə böyük təsiri olub. Musiqi insanın həyatda təsəvvür edə bilməyəcəyi gözəl duyğulardan ibarətdir. Musiqilər fərqli olurlar. Var irihəcmli əsərlər, simfoniyalar, operalar, baletlər, bir də var demokratik, xalqa daha yaxın janrda olan mahnılar. Çox arzulayıram ki, milli musiqilərimizin tarixində gözəl musiqilər yaddaşda qalsın”.
 
Z.Qafarova  Ü.Hacıbəylinin Azərbaycan musiqi mədəniyyəti tarixində yeni istiqamət və milli bəstəkarlıq məktəbinin özülünü qoyduğunu qeyd edir: "Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi tanınmış dahi bəstəkarımızın bu gün doğum günüdür. O, ilk azərbaycanlı folklorçu-bəstəkar və Azərbaycan musiqisinin dərinliklərini və istiqamətlərini araşdırıb üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı musiqişünas alimdir. 50-ci illərdə Qara Qarayevin təşəbbüsü ilə kvarteti yaratdılar. Bunlar çox önəmli hadisələrdir. Bu günkü bayramımız məhz Ü.Hacıbəylinin adı ilə bağlıdır. Çox istərdim ki, festivallarda, konsertlərdə onun yaratdığı kollektivlər iştirak etsin. Bilirsiniz ki, Xalq Çalğı Alətləri Ansamblını, Xor kollektivini o yaradıb. Onlar Ü.Hacıbəylinin davamçılarıdırlar. Ü.Hacıbəyli həmişə deyirdi ki, "xalq musiqisi də lazımdır, Avropa musiqisi də. Milli musiqimizdə istəyərdik ki, dünya musiqi incilərimiz olsun”. Təbii ki, bu, Ü.Hacıbəylinin bizə miras qoyduğu tövsiyə idi və hansı ki, biz bu gün o tövsiyəyə əməl edirik”.
 
Üzeyir bəyin Azərbaycan musiqisi üçün etdiklərini unutmuruq
 
Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, fəxri mədəniyyət işçisi Sərdar Fərəcovdeyir ki, musiqi bütün dünyada xalqların mədəniyyətinin göstəricisidir: "Dünyada elə bir xalq yoxdur ki, onun musiqisi olmasın. Onların içərisində Azərbaycan musiqisi ən mükəmməlidir. Bizim xalq mahnılarımız, aşıq musiqimiz, muğamlarımız, daha sonra peşəkar bəstəkarlarımızın yaratdığı musiqilərin hamısı bizim mədəniyyətin ən gözəl incilərindəndir. Azərbaycan xalqı da bu musiqilərlə öz mədəniyyətini qoruyur, gözəlləşdirir, saflaşdırır. Mənim üçün musiqi həyatın ən gözəl, mənalı məfhumudur. Günümün çoxu musiqi ilə keçir. Məhz bu günkü musiqi bayramı dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Ü.Hacıbəylinin Azərbaycan musiqisi üçün etdiklərini unutmuruq. Bu gün də onlar Azərbaycan xalqının mənəviyyatını saflaşdırır, gözəlləşdirir. Üzeyir musiqisi əsl bayramdır. Dövlətimiz də bizim musiqilərimizə çox böyük əhəmiyyət verir, dəyərləndirir. Keçirilən musiqi festivalları buna əyani sübutdur. Məhz bu gün start götürən Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı buna bariz misaldır. Bu festivala dünyanın hər yerindən musiqiçilər, orkestrlər, ifaçılar təşrif buyurub. Bütün bunların çıxışları, xalqa bəxş etdiyi ifalar əslində böyük bayramın bir hissəsidir. Güman edirəm ki, Üzeyir Festivalında bizim də töhfəmiz olacaq”.
 
Musiqi ilə yaşamaq bir bağlılıqdır
 
Xalq artisti, "Şöhrət” ordenli Faiq Sücəddinov bizimlə söhbətində bildirdi ki, ömrünü musiqiyə həsr edib və musiqisiz özünü təsəvvür edə bilmir: "Hər gün musiqi ifa edirəm və mən  musiqi ilə nəfəs alıram. 4 il Asəf Zeynallı adına Musiqi Texnikumunda, 5 il də Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışam. Bu enerji ilə yaşayıb, çalışmışam. 7 yaşımdan musiqi ilə məşğulam. Musiqi həyatımın bir parçası olub. Musiqi mənim balamdır, nəvəmdir, ailəmdir. Hər zaman məni musiqi əhatə edir. Mənim musiqisiz bir günüm də olmur. Getdiyim hər yerdə Azərbaycan musiqisi mənimlə olub. Bu gün biz musiqiçilərin bayramıdır. Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçib. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Onunla yaşamaq, işləmək, əhatə olunmaq o deməkdir ki, sən gözəllik içərisində yaşayırsan. Hər zaman da demişəm ki, musiqi ilə yaşamaq bir bağlılıqdır”.
 
F.Sücəddionov Azərbaycanın zəngin musiqi sənətinin çoxəsrlik inkişaf tarixinə malik olduğunu qeyd edərək Ü.Hacıbəylinin yaradıcılıq yolundan danışdı: "Ü.Hacıbəyli bizə öz gözəl musiqisini ərməğan qoyub gedib. O, Şərq dünyasında ilk opera yazıb. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, 20-ci əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirib. Azərbaycan və ümumiyyətlə Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirib. Müsəlman Şərqində ilk operetta da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Bu gün onun doğum günü, bizim isə bayramımızdır. Bayramımız mübarək!” 
 
Ekspertlərin də dediyi kimi, Üzeyir Hacıbəyli kimi dahilərin sənət dünyası ilə daha da zənginləşən Azərbaycan musiqisi bu gün çiçəklənmə dövrünü yaşayır. Üzeyir bəyin heç vaxt təravətini itirməyən irsi misilsiz sərvətdir. O, bu sərvəti bütün bəşəriyyət üçün qoyub gedib. Bizə də bu sərvəti qorumaq və gələcək nəsillərə səviyyəli şəkildə ötürmək qalır. 
 
Musiqi hisslərin uğultusudur. Musiqi göylə yer arasında bir ahəngdir. Bayramınız mübarək, əziz musiqisevərlər! Musiqi Günü ilə başlayan Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalında görüşmək ümidi ilə.
 
Xəyalə Rəis


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6331
GBP 1 İngilis funt sterlinqi 2.2267
TRY 1 Türk lirəsi 0.3042
KWD 1 Küveyt dinarı 5.6079
SEK 1 İsveç kronu 0.1895
EUR 1 Avro 1.9550
CHF 1 İsveçrə frankı 1.7090
USD 1 ABŞ dolları 1.7000