Üzeyir Hacıbəyli işığında Azərbaycan mədəniyyətinin nümayişi
Bu gün Azərbaycan musiqisi əsl çiçəklənmə dövrünü
yaşayır desək, yəqin ki, yanılmarıq. Ölkəmizdə davamlı olaraq keçirilən
beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr, bütövlükdə Azərbaycan
mədəniyyətinin, Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğinə xidmət
edir. Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyli
Azərbaycanda peşəkar musiqinin banisidir, bəstəkarlıq məktəbinin, musiqili
komediya janrının yaradıcısıdır, Şərqdə operanın, operettanın əsasını qoyub,
dövlət xorunu, simfonik orkestri yaradıb, dünya musiqi xəzinəsini ölümsüz
əsərləri ilə zənginləşdirib.
Hər il sentyabrın 18-də keçirilən Üzeyir Musiqi Günləri
artıq ənənə halını alıb. Həmin gün ölkəmizin hər yerində bu münasibətlə
müxtəlif tədbirlər keçirilir, bu tədbirlərə dünyanın məşhur sənət adamları
qatılır. Ənənəyə uyğun olaraq, bu il də Bakıda Üzeyir Hacıbəyli Beynəlxalq
Musiqi Festivalı keçiriləcək.Heydər Əliyev Fondunun və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə 18-26 sentyabrtarixində X Beynəlxalq
Musiqi Festivalı baş tutacaq. Bu ilki festivalda Rusiya, ABŞ, Türkiyə, İtaliya
və Slovakiyadan tanınmış musiqiçilər və kollektivlər – T.Dokşitser adına "New
life brass” kvinteti, "Dədə Qorqud” kamera orkestri, Murad Kajlayev, Murad
Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və
başqalarının iştirakı ilə 30-a yaxın tədbirin keçirilməsi nəzərdə tutulub.
Teatrlarımızın da iştirakı ilə baş tutan festival
Festivalın təntənəli açılış mərasimi18
sentyabrda saat 19:00-daAzərbaycan Dövlət Akademik Filarmoniyasında baş
tutacaq. Tədbirdə Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası
(bədii rəhbər Gülbacı İmanova) çıxış edəcək. Açılış mərasimində görkəmli
Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, akademikArif Məlikovun 85 illiyi
münasibətiləfortepiano və orkestr üçün konserti səslənəcək.
Festival çərçivəsində görkəmli müğənni, SSRİ Xalq
artistiFirəngiz Əhmədovanın 90illiyinəhəsr
olunmuş"Azərbaycan opera səhnəmizin Nigarı”adlı silsilə tədbirlər
təşkil olunacaq.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı,
Azərbaycan Dövlət Musiqili Teatrı, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı
Teatrı, Ü.Hacıbəylinin Ev Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Ağcabədi
rayonu "Qarabağ Muğam Mərkəzi”ndə müxtəlif tamaşa, konsert və sərgilər təşkil
olunacaq.
Bəli, adlarını siyahıda gördüyünüz teatrlarımız
mövsümü məhz musiqi festivalı ilə açacaqlar. Musiqi ilə yoğrulan sözügedən
teatrlarımız tamaşaçılarını məhz bu festivalda salamlayacaqlar. Hansı ki, artıq
ənənə halını almış festival çərçivəsində artıq bir neçə ildir ki, teatrlarımız
mövsümü açıq elan edirlər. Festival çərçivəsində teatrlarımız mövsümün ilk
tamaşalarını göstərmiş olurlar.
110-cu yubiley mövsümü və 10-cu Musiqi Festivalı
Azərbaycan Dövlət
Akademik Opera və Balet
Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevanın sözlərinə görə,
teatr 110-cu yubiley mövsümünün açılışına hazırlaşır: "Mövsümü ənənəvi olaraq
sentyabrın 19-da görkəmli bəstəkar Ü.Hacıbəylinin "Leyli və Məcnun” operası ilə
açacağıq. Tamaşa bu il 10-cu dəfə keçiriləcək Ü.Hacıbəyliyə həsr edilmiş
Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş ediləcək. Səhnə əsərində əsas
rolları Əməkdar artist Elnur Zeynalov (Məcnun), gənc muğam ifaçısı Rəvanə
Əmiraslanlı (Leyli), Əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar
Bayramov (İbn-Salam) və başqaları ifa edəcəklər. Operanı dirijor, Əməkdar
incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək”.
Teatrın sözçüsü festival çərçivəsində, həmçinin
sentyabrın 22-də A.Pyatsollanın "Məhəbbət tanqosu” baletinin, 23-də isə
M.Maqomayevin "Şah İsmayıl” operasının təqdim olunacağını bildirdi. Şükufə
xanım dahi bəstəkarımızın adı ilə bağlı olan festivalın yarandığı gündən
etibarən teatrın mövsüm açılışlarının məhz o günə təsadüf etdiyini deyir: "Bu
mötəbər festival 10-cu ildir ki, keçirilir. Biz də hər il mövsümü festival
zamanı açıq elan edirik. Belə ki, Ü.Hacıbəylinin yaradıcılığının ən gözəl
əsərləri ilə mövsümü açırıq. Buna "Koroğlu”, "Leyli və Məcnun”, "Arşın mal
alan” kimi operaların adlarını misal göstərə bilərik. Mütləq hər il mövsümü
məhz dahi bəstəkarımızın yaradıcılığına müraciət edərək, onun əsərləri ilə
açırıq. Festival çərçivəsində öz tamaşaçıları ilə görüşən kollektivimiz də
bundan məmnundur. Festival rəngarəng olduğundan tamaşalarımız seyrçi marağına
səbəb olur. Tamaşaçıların diqqətini görürük. Bilet satışlarımız uğurla gedir. Ü.Hacıbəyli
yaradıcılığına məxsus əsərləri ilə bərabər, onun yaxın dostu, məsləkdaşı Müslüm
Maqomayevin də doğum günüdür. Bəzən festivalda Müslüm Maqomayevin yaradıcılığına
da müraciət edirik. Elə dönəm olub ki, festivalda yeni tamaşanın premyerasını da
keçirmişik. Bu da bizim sözügedən festivala olan rəğbətimizdən qaynaqlanır. Bu
il teatrımızın 110-cu mövsümü başlayır. Bizim üçün də bir yubileyidir. Ümid
edirik ki, maraqlı bir mövsüm olacaq. Teatrımızın solistləri, yaradıcı heyəti
tamaşalarda məhz musiqi günündə musiqi ilə bağlı tədbirlərdə yaxından iştirak
edirlər. Ayrı-ayrı televiziya kanallarına dəvət olunurlar. Musiqi günündə
musiqi kanalları proqramlarını Ü.Hacıbəyli yaradıcılığına həsr edirlər. Birinci
növbədə bizim kollektivin üzvləri dəvət olunur”.
Festivala marionetkalar da gələcək
Marionet Teatrında musiqi fırtınası qopacaq. Belə
ki, teatrdan verilən məlumata görə, Üzeyir Hacıbəyli festivalında pərdələr yeni
mövsüm üçün açılacaq. Sentyabrın 23-də Bakı Marionet Teatrında Üzeyir
Hacıbəylinin "Arşın mal alan” marionet tamaşası təqdim ediləcək. Tamaşa Üzeyir
Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq.
Tamaşanın quruluşçu-rejissoru və rəssamı Əməkdar incəsənət xadimi Tərlan
Qorçudur.
Məlumat üçün bildirim ki, Marionet Teatrı dünyada
məşhur olan teatr incəsənəti janrlarındandır. Çətin olduğuna görə əksər
ölkələrdə belə teatr ənənəsi mövcud deyil.Ölkəmizdə bu teatr növünün 30
ilə yaxın yaşı var. Azərbaycanda marionet kuklalarla ilk tamaşa 1980-ci illərin
sonlarında rejissor və rəssam Tərlan Qorçunun təşəbbüsü ilə hazırlanıb.
Aktyorlar festivala ürəklə hazırlaşıb
Azərbaycan Dövlət
Musiqili Teatrı da 109-cu teatr mövsümünə festivalla başlayacaq.
Teatrın mətbuat xidmətinin rəhbəri
Fəridə Aslanova deyir ki, Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq
Musiqi Festivalı çərçivəsində "O olmasın, bu olsun” tamaşası ilə mövsümə start
verəcəklər. Fəridə Aslanova bildirir ki, açılış mərasimində nümayiş olunacaq bu
ölməz əsər Xalq artisti, "Şöhrət” ordenli, milyonların
sevimlisi olan gülüş ustası Afaq Bəşirqızının (Sənəm) və Əməkdar artist,
Prezident mükafatçısı, "Zirvə” mükafatı laureatı Şövqi Hüseynovun (Məşədi İbad)
iştirakı ilə təqdim ediləcək.
Fəridə xanım qeyd edir ki, bu festivalda Musiqili
Teatrın iştirakı artıq ənənə halını alıb: "Artıq 10 ildir teatrımız dahi
bəstəkarın ölməz əsərləri - "O olmasın, bu olsun”, "Ər və arvad”, "Arşın mal
alan” tamaşaları ilə festivalda iştirak edərək mövsümü açır. Musiqili Teatrın tarixi 1910-cu ildə
yarandığı gündən Üzeyir Hacıbəylinin adı ilə bağlıdır və bu da teatrımızın
üzərindəki məsuliyyəti daha da artırır. Aktyorlarımız festivala ürəklə
hazırlaşıblar. Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə nəzərdə tutulan bu
tamaşanın nümayişi göstərir ki, Musiqi festivalı bizim teatr üçün nə dərəcədə önəmlidir”.
Bu festivalın
keçirilməsi təqdirəlayiqdir
Sənətşünaslıq üzrə
fəlsəfə doktoru, dosent Vidadi Qafarovbizimlə
söhbətində bildirdi ki, teatrlarımızın mövsümü məhz festivalda salamlaması
təbii haldır: "Azərbaycan teatr məkanında adları musiqi ilə bağlı olan
teatrlarımız fəaliyyət göstərir ki,
onlar mövsümü məhz bu festivalla salamlayacaqlar. Üzeyir Hacıbəyli festivalında
nümayiş olunan tamaşaların böyük rolu və əhəmiyyəti var. Bu mövsüm festivalda
iştirak edəcək tamaşaların adlarına nəzər yetirsək - "Leyli və Məcnun”, "O
olmasın, bu olsun” kimi tamaşaları görəcəyik. Bu tamaşaların seçilməsi heç də
təsadüfi deyil. Bunlar Üzeyir Hacıbəylinin ən çox sevilən əsərləridir. Düzdür,
bizim başqa musiqili teatrımız da var ki, onları da bu festivala cəlb etmək
yaxşı olardı - Azərbaycan Dövlət Şuşa və Sumqayıt teatrlarını buna misal
göstərmək olar. Onları da festival proqramına daxil etmək məqsədəuyğun olardı.
Üzeyir Hacıbəylinin əsərlərinin səhnələşdirilməsində Şuşa teatrının da böyük
xidmətləri var və həm də bu, rəmzi bir məna daşımış olardı. Üzeyir Hacıbəyli
Azərbaycan mədəniyyətinin dahi simalarından biridir. Onun yubileyinin festival
şəklində keçirilməsi çox yaxşı haldır. Amma festival tək Ü.Hacıbəylinin
əsərləri ilə bağlı deyil, proqrama nəzər yetirdikdə görürük ki, festival
çərçivəsində Arif Məlikovun 85 illik yubileyi də keçiriləcək. Digər tədbirlər
də var ki, festivala daxil olunub. Bu festival Ü.Hacıbəylinin işığında
Azərbaycan mədəniyyətinin nümayişidir. Bu mənada, festivalın keçirilməsini
təqdir edir, alqışlayıram”.
Beləliklə, teatrlarımız da festivalın başlanmasına
hazırdır. Üzeyir Hacıbəylinin operaları teatrlarımız üçün əvəzsiz bir töhfədir.
Bu, heç vaxt təravətini itirməyən irs, misilsiz sərvətdir. Festival günlərində
bu mədəni xəzinə bir daha gündəmə gələcək.
Xəyalə Rəis