• şənbə, 20 Aprel, 08:48
  • Baku Bakı 14°C

Üzeyir Hacıbəyli işığında Azərbaycan mədəniyyətinin nümayişi

12.09.18 09:30 895
Üzeyir Hacıbəyli işığında Azərbaycan mədəniyyətinin nümayişi
Bu gün Azərbaycan musiqisi əsl çiçəklənmə dövrünü yaşayır desək, yəqin ki, yanılmarıq. Ölkəmizdə davamlı olaraq keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr, bütövlükdə Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğinə xidmət edir. Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisidir, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır, Şərqdə operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb, dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirib.
Hər il sentyabrın 18-də keçirilən Üzeyir Musiqi Günləri artıq ənənə halını alıb. Həmin gün ölkəmizin hər yerində bu münasibətlə müxtəlif tədbirlər keçirilir, bu tədbirlərə dünyanın məşhur sənət adamları qatılır. Ənənəyə uyğun olaraq, bu il də Bakıda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək.Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-26 sentyabrtarixində X Beynəlxalq Musiqi Festivalı baş tutacaq. Bu ilki festivalda Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçilər və kollektivlər – T.Dokşitser adına "New life brass” kvinteti, "Dədə Qorqud” kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və başqalarının iştirakı ilə 30-a yaxın tədbirin keçirilməsi nəzərdə tutulub.
Teatrlarımızın da iştirakı ilə baş tutan festival
Festivalın təntənəli açılış mərasimi18 sentyabrda saat 19:00-daAzərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq. Tədbirdə Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova) çıxış edəcək. Açılış mərasimində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, akademikArif Məlikovun 85 illiyi münasibətiləfortepiano və orkestr üçün konserti səslənəcək.
Festival çərçivəsində görkəmli müğənni, SSRİ Xalq artistiFirəngiz Əhmədovanın 90illiyinəhəsr olunmuş"Azərbaycan opera səhnəmizin Nigarı”adlı silsilə tədbirlər təşkil olunacaq.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı, Ü.Hacıbəylinin Ev Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Ağcabədi rayonu "Qarabağ Muğam Mərkəzi”ndə müxtəlif tamaşa, konsert və sərgilər təşkil olunacaq.
Bəli, adlarını siyahıda gördüyünüz teatrlarımız mövsümü məhz musiqi festivalı ilə açacaqlar. Musiqi ilə yoğrulan sözügedən teatrlarımız tamaşaçılarını məhz bu festivalda salamlayacaqlar. Hansı ki, artıq ənənə halını almış festival çərçivəsində artıq bir neçə ildir ki, teatrlarımız mövsümü açıq elan edirlər. Festival çərçivəsində teatrlarımız mövsümün ilk tamaşalarını göstərmiş olurlar.
110-cu yubiley mövsümü və 10-cu Musiqi Festivalı
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevanın sözlərinə görə, teatr 110-cu yubiley mövsümünün açılışına hazırlaşır: "Mövsümü ənənəvi olaraq sentyabrın 19-da görkəmli bəstəkar Ü.Hacıbəylinin "Leyli və Məcnun” operası ilə açacağıq. Tamaşa bu il 10-cu dəfə keçiriləcək Ü.Hacıbəyliyə həsr edilmiş Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş ediləcək. Səhnə əsərində əsas rolları Əməkdar artist Elnur Zeynalov (Məcnun), gənc muğam ifaçısı Rəvanə Əmiraslanlı (Leyli), Əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam) və başqaları ifa edəcəklər. Operanı dirijor, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək”.
Teatrın sözçüsü festival çərçivəsində, həmçinin sentyabrın 22-də A.Pyatsollanın "Məhəbbət tanqosu” baletinin, 23-də isə M.Maqomayevin "Şah İsmayıl” operasının təqdim olunacağını bildirdi. Şükufə xanım dahi bəstəkarımızın adı ilə bağlı olan festivalın yarandığı gündən etibarən teatrın mövsüm açılışlarının məhz o günə təsadüf etdiyini deyir: "Bu mötəbər festival 10-cu ildir ki, keçirilir. Biz də hər il mövsümü festival zamanı açıq elan edirik. Belə ki, Ü.Hacıbəylinin yaradıcılığının ən gözəl əsərləri ilə mövsümü açırıq. Buna "Koroğlu”, "Leyli və Məcnun”, "Arşın mal alan” kimi operaların adlarını misal göstərə bilərik. Mütləq hər il mövsümü məhz dahi bəstəkarımızın yaradıcılığına müraciət edərək, onun əsərləri ilə açırıq. Festival çərçivəsində öz tamaşaçıları ilə görüşən kollektivimiz də bundan məmnundur. Festival rəngarəng olduğundan tamaşalarımız seyrçi marağına səbəb olur. Tamaşaçıların diqqətini görürük. Bilet satışlarımız uğurla gedir. Ü.Hacıbəyli yaradıcılığına məxsus əsərləri ilə bərabər, onun yaxın dostu, məsləkdaşı Müslüm Maqomayevin də doğum günüdür. Bəzən festivalda Müslüm Maqomayevin yaradıcılığına da müraciət edirik. Elə dönəm olub ki, festivalda yeni tamaşanın premyerasını da keçirmişik. Bu da bizim sözügedən festivala olan rəğbətimizdən qaynaqlanır. Bu il teatrımızın 110-cu mövsümü başlayır. Bizim üçün də bir yubileyidir. Ümid edirik ki, maraqlı bir mövsüm olacaq. Teatrımızın solistləri, yaradıcı heyəti tamaşalarda məhz musiqi günündə musiqi ilə bağlı tədbirlərdə yaxından iştirak edirlər. Ayrı-ayrı televiziya kanallarına dəvət olunurlar. Musiqi günündə musiqi kanalları proqramlarını Ü.Hacıbəyli yaradıcılığına həsr edirlər. Birinci növbədə bizim kollektivin üzvləri dəvət olunur”.
Festivala marionetkalar da gələcək
Marionet Teatrında musiqi fırtınası qopacaq. Belə ki, teatrdan verilən məlumata görə, Üzeyir Hacıbəyli festivalında pərdələr yeni mövsüm üçün açılacaq. Sentyabrın 23-də Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan” marionet tamaşası təqdim ediləcək. Tamaşa Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq. Tamaşanın quruluşçu-rejissoru və rəssamı Əməkdar incəsənət xadimi Tərlan Qorçudur.
Məlumat üçün bildirim ki, Marionet Teatrı dünyada məşhur olan teatr incəsənəti janrlarındandır. Çətin olduğuna görə əksər ölkələrdə belə teatr ənənəsi mövcud deyil.Ölkəmizdə bu teatr növünün 30 ilə yaxın yaşı var. Azərbaycanda marionet kuklalarla ilk tamaşa 1980-ci illərin sonlarında rejissor və rəssam Tərlan Qorçunun təşəbbüsü ilə hazırlanıb.
Aktyorlar festivala ürəklə hazırlaşıb
Azərbaycan Dövlət Musiqili Teatrı da 109-cu teatr mövsümünə festivalla başlayacaq. Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova deyir ki, Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində "O olmasın, bu olsun” tamaşası ilə mövsümə start verəcəklər. Fəridə Aslanova bildirir ki, açılış mərasimində nümayiş olunacaq bu ölməz əsər Xalq artisti, "Şöhrət” ordenli, milyonların sevimlisi olan gülüş ustası Afaq Bəşirqızının (Sənəm) və Əməkdar artist, Prezident mükafatçısı, "Zirvə” mükafatı laureatı Şövqi Hüseynovun (Məşədi İbad) iştirakı ilə təqdim ediləcək.
Fəridə xanım qeyd edir ki, bu festivalda Musiqili Teatrın iştirakı artıq ənənə halını alıb: "Artıq 10 ildir teatrımız dahi bəstəkarın ölməz əsərləri - "O olmasın, bu olsun”, "Ər və arvad”, "Arşın mal alan” tamaşaları ilə festivalda iştirak edərək mövsümü açır. Musiqili Teatrın tarixi 1910-cu ildə yarandığı gündən Üzeyir Hacıbəylinin adı ilə bağlıdır və bu da teatrımızın üzərindəki məsuliyyəti daha da artırır. Aktyorlarımız festivala ürəklə hazırlaşıblar. Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə nəzərdə tutulan bu tamaşanın nümayişi göstərir ki, Musiqi festivalı bizim teatr üçün nə dərəcədə önəmlidir”.
Bu festivalın keçirilməsi təqdirəlayiqdir
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovbizimlə söhbətində bildirdi ki, teatrlarımızın mövsümü məhz festivalda salamlaması təbii haldır: "Azərbaycan teatr məkanında adları musiqi ilə bağlı olan teatrlarımız fəaliyyət göstərir ki, onlar mövsümü məhz bu festivalla salamlayacaqlar. Üzeyir Hacıbəyli festivalında nümayiş olunan tamaşaların böyük rolu və əhəmiyyəti var. Bu mövsüm festivalda iştirak edəcək tamaşaların adlarına nəzər yetirsək - "Leyli və Məcnun”, "O olmasın, bu olsun” kimi tamaşaları görəcəyik. Bu tamaşaların seçilməsi heç də təsadüfi deyil. Bunlar Üzeyir Hacıbəylinin ən çox sevilən əsərləridir. Düzdür, bizim başqa musiqili teatrımız da var ki, onları da bu festivala cəlb etmək yaxşı olardı - Azərbaycan Dövlət Şuşa və Sumqayıt teatrlarını buna misal göstərmək olar. Onları da festival proqramına daxil etmək məqsədəuyğun olardı. Üzeyir Hacıbəylinin əsərlərinin səhnələşdirilməsində Şuşa teatrının da böyük xidmətləri var və həm də bu, rəmzi bir məna daşımış olardı. Üzeyir Hacıbəyli Azərbaycan mədəniyyətinin dahi simalarından biridir. Onun yubileyinin festival şəklində keçirilməsi çox yaxşı haldır. Amma festival tək Ü.Hacıbəylinin əsərləri ilə bağlı deyil, proqrama nəzər yetirdikdə görürük ki, festival çərçivəsində Arif Məlikovun 85 illik yubileyi də keçiriləcək. Digər tədbirlər də var ki, festivala daxil olunub. Bu festival Ü.Hacıbəylinin işığında Azərbaycan mədəniyyətinin nümayişidir. Bu mənada, festivalın keçirilməsini təqdir edir, alqışlayıram”.
Beləliklə, teatrlarımız da festivalın başlanmasına hazırdır. Üzeyir Hacıbəylinin operaları teatrlarımız üçün əvəzsiz bir töhfədir. Bu, heç vaxt təravətini itirməyən irs, misilsiz sərvətdir. Festival günlərində bu mədəni xəzinə bir daha gündəmə gələcək.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər