• cümə, 29 Mart, 05:20
  • Baku Bakı 7°C

Üzeyir Hacıbəyli Gəncədə musiqi sənətinin inkişafında böyük rol oynayıb

18.09.18 12:52 1917
Üzeyir Hacıbəyli Gəncədə musiqi sənətinin inkişafında böyük rol oynayıb
Bəşəriyyətin musiqi xəzinəsini özünün əvəzsiz sənət nümunələri ilə zənginləşdirən, Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin anadan olduğu gün - sentyabrın 18-i hər il ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilir.
Dahi sənətkarın həyatının bir çox məqamları qədim şeir, sənət ocağı olan Gəncə ilə bağlıdır. Üzeyir bəy hələ Qori seminariyasında təhsil alarkən (1898–1904-cü illər) gəncəli dostu İsmayıl Qayıbovla tez-tez bu şəhərdə qonaq olardı. Hər səfərində o, şəhərin tanınan musiqiçiləri ilə görüşər, yerli folkloru toplayardı.
AZƏRTAC-ın bölgə müxbiri Üzeyir Hacıbəyli irsinin tədqiqatçısı, mərhum Rauf İsmayılzadənin dahi bəstəkarın Gəncənin ədəbi-mədəni və musiqi mühiti ilə əlaqələrinə dair məqalələrinə nəzər salıb, maraqlı faktlar əldə edib.
"Leyli” obrazını oynayan Əbdülrəhimi ölümlə hədələyirlər
1908-ci il "Leyli və Məcnun” operasının ilk tamaşasının Azərbaycan mədəniyyəti tarixində yeni səhifə açdığını bu gün hamı təsdiqləyir. Amma çox az adam bilir ki, Leyli rolunun ilk ifaçısı 15–16 yaşlı gənc Əbdülrəhim Fərəcov olub.
Rauf İsmayılzadənin araşdırmalarından məlum olur ki, ötən əsrin əvvəllərində, qadının səhnəyə çıxmasının qeyri-mümkün olduğu bir mühitdə, Leyli obrazını yaratmaq üçün ifaçını tapmaqda Üzeyir bəyə dostu, Gəncədəki 1 nömrəli ümumtəhsil məktəbinin müəllimi İsmayıl Qayıbov kömək edib. O vaxtlar Gəncədə yaşayan Əbdülrəhimin atası Mürsəlqulu kişini razı salmaq üçün Üzeyir Hacıbəyli və İsmayıl Qayıbov xeyli söhbət aparmalı olurlar. Nəhayət, bir şərtlə razılıq əldə edilir: bu barədə heç kim bilməməlidir.
Beləliklə, Əbdülrəhim Fərəcov Bakıya gəlir. Çətin məşqlər başlayır. Tezliklə gənc oğlan Leyli obrazının bütün şeir mətnini əzbərləyir, metsi-soprano qadın səsi ilə çətin partiyaları ifa etməyə müvəffəq olur. İlk tamaşanın uğurlu olmasının səbəblərindən biri də, təbii ki, gənc Əbdülrəhimin məharətli ifası idi.
Leyli rolunun ifaçısının kim olduğunu öyrənən bəzi cahil insanlar onu ölümlə hədələyirlər. Odur ki, Mürsəlqulu kişi oğlu ilə birgə Gəncəyə qayıdır.
Əbdülrəhim Fərəcov insanlar arasında tanındıqdan sonra xalq onu xanəndə kimi el şənliklərinə, toylara dəvət edir. Tar sinfi üzrə musiqi texnikumunu bitirən Ə.Fərəcov Gəncə Dövlət Filarmoniyasında, Gəncə Dövlət Dram Teatrının orkestrində tar ifaçısı kimi işləyir.
"Arşın mal alan” Gəncə səhnəsində
Tədqiqatçı qeyd edir ki, Üzeyir Hacıbəyli Fikrət Əmirovun atası Məşədi Cəmil Əmirovun ən yaxın dostlarından biri olub. Bu, heç də təsadüfi deyildi. M.C.Əmirov Üzeyir Hacıbəylinin Gəncədə səhnəyə qoyulan opera və operettalarında Məcnun, Zeyd, Kərəm, Rza bəy və digər rollarda çıxış etmişdi. Elə bu yaxın münasibətə, yaradıcılıq əlaqələrinə görə M.C.Əmirov 1915-ci ildə Gəncədə özünün "Seyfəlmülk” operasının ilk tamaşasına bəstəkar Üzeyir Hacıbəylini də dəvət edib. Aradan bir il keçəndən sonra, yəni 1916-cı ildə gəncəli sənətsevərlərin təşəbbüsü ilə Üzeyir Hacıbəylinin "Arşın mal alan” opettası Nizami yurdunda tamaşaya qoyulub.
Üzeyir Hacıbəyli Respublika Xalq Maarif Komissarlığı nəzdində yeni yaradılan İncəsənət şöbəsinin rəhbəri vəzifəsində işlədiyi dövrdə Azərbaycanın bütün bölgələrində olduğu kimi, Gəncədə də musiqi mədəniyyətinin inkişafına güclü təkan verib. Onun tövsiyəsi ilə Murtuza Məmmədov – Bülbül Gəncə incəsənət şöbəsinin sədri seçilib.
İki böyük sənətçinin birgə səyi ilə Gəncədə müsəlman müəllimləri üçün altı həftəlik musiqi kursları təşkil edilib, çalğı alətlərinin alınması üçün xeyli pul və musiqi studiyası üçün bina ayrılıb.
1921-ci ildə Üzeyir Hacıbəylinin "Arşın mal alan” operettasının Gəncədə təkrar tamaşaya qoyulması əlamətdar hadisəyə çevrilir. Məhz Üzeyir Hacıbəylinin təkidi ilə həmin operettada Gəncə qadınlarından Məbubə xanım Məmmədzadə Gülçöhrə, Dilşad xanım isə Asya rollarında çıxış etmişlər.
Gəncədə istedadlı ifaçıların üzə çıxarılmasında Üzeyir Hacıbəylinin mühüm rolu olub
1923-cü ilin avqustunda musiqi studiyasının bazası əsasında Gəncədə musiqi məktəbi açılır və Məşədi Cəmil Əmirov həmin məktəbə direktor təyin olunur. Böyük bəstəkar yeni sənət ocağı üçün tədris planlarının hazırlanmasında, Moskvadan, Kiyevdən, Sankt-Peterburqdan və başqa yerlərdən ali musiqi təhsilli müəllimlərin dəvət edilməsində M.C.Əmirova yaxından kömək göstərir.
Rauf İsmayızadə araşdırmalarında qeyd edir ki, vaxtı ilə Gəncə musiqi texnikumunun direktoru olmuş İsax Bağırov bəstəkarın unudulmaz səfərlərindən birini belə xatırlayıb: "Üzeyir Hacıbəyli 1933–cü ilin sentyabrında Musiqi texnikumuna gəldi. Bəstəkarın təklifi ilə biz evbəev gəzərək skripka və violonçeldə çalmaq üçün milli kadrlar topladıq. Üzeyir müəllimin göstərişi ilə onları ikiqat təqaüdlə təmin etdik. Elə bu bünövrə üzərində bir neçə ildən sonra şəhərimizdə artıq violonçelçalanlar ansamblı və kamera orkestri fəaliyyət göstərməyə başladı”.
Gəncədə istedadlı ifaçıların üzə çıxarılmasında Üzeyir Hacıbəylinin böyük rolu olub. Onun yetirməsi sayılan tarzən Zərif Qayıbov 1934-cü ildə Tbilisidə keçirilən Zaqafqaziya xalqları incəsənəti olimpiadasında, 1937-ci ildə Ümumittifaq Radio Komitəsinin təşkil etdiyi baxışda, 1938–ci ildə Moskvada Azərbaycan incəsənəti ongünlüyündə, 1939-cu ildə yenə də Moskvada, Ümumittifaq xalq çalğı alətləri ifaçılarının müsabiqəsində Gəncənin gənc ifaçılarını məharətlə təmsil edib.
1938–ci ildə Azərbaycan Ədəbiyyatı və İncəsənəti Ongünlüyünə hazırlıq ərəfəsində Üzeyir Hacıbəylinin sədrliyi ilə Bakıda keçirilən birinci baxış müsabiqəsində aşıq İslam Yusifov da iştirak edirdi. Gəncəli aşığın ifasını xüsusi bəyənən Üzeyir Hacıbəyli ona "Aşıqlar ansamblı” yaratmağı məsləhət görüb. Dahi bəstəkarın tövsiyəsini yerinə yetirən İslam Yusifov aradan bir qədər keçəndən sonra Gəncə ifaçıları arasında ilk dəfə Əməkdar incəsənət xadimi adına layiq görülüb.
Üzeyir Hacıbəyli Gəncədə musiqi sənətinin inkişafına daim qayğı ilə yanaşıb. Məhz onun xeyir-duası ilə 1919-cu il aprelin 15-də Gəncədə Dövlət Filarmoniyası təşkil edilib. Belə bir sənət ocağının yaradılması üçün Üzeyir bəy hələ mart ayında Gəncəyə gəlmişdi. Beş gün ərzində burada gərgin iş apararaq baxış müsabiqələri vasitəsilə perspektiv ifaçıları aşkara çıxarmış, onlara uğurlu sənət yolu arzulamışdı.
Tamaşaçı sevgisi...
Daha bir maraqlı məqama diqqət yetirək: 1942-ci ildə "Koroğlu” operasının aktyorları bir günlüyə Gəncəyə gəlmişdi. Tamaşa indiki Xan bağında oldu. Gəncəlilər ifaçıları dönə-dönə alqışlayır, onları səhnədən buraxmaq istəmirdilər. Vəziyyəti belə görən Üzeyir Hacıbəyli tamaşaçılara müraciətlə demişdi: "Sizin səmimi alqışlarınızı qəbul edib söz verirəm ki, sabah və ertəsi gün elə burada sizin üçün, gəncəlilər üçün biletsiz olaraq "Koroğlu” operası təkrar göstəriləcək”.
Üzeyir Hacıbəyli çox müdrik pedaqoq idi. Gəncənin yetirməsi, Şərq simfonizminin ustadı Fikrət Əmirov "Üzeyir məktəbi” məqaləsində yazırdı: "...Bəzən məni Hacıbəyov musiqi stilinin davamçısı adlandırırlar. Bununla ancaq fəxr etmək olar. Öz növbəmdə deyirəm ki, böyük Üzeyirdən mən xalq musiqisinin təmziliyini öyrənmişəm. Onun musiqisinə hər dəfə qulsaq asanda sanki ilk dəfə eşidirəm. Bu musiqi illər ötdükcə öz təravətini itirmir. Nə yaxşı ki, bu böyük şəxsiyyətlə ünsiyyətdə olmaq, onun nəsihətlərini eşitmək xoşbəxtliyi mənə nəsib olub”.
Hazırda Gəncədəki böyük küçələrdən biri Üzeyir Hacıbəylinin adını daşıyır. Şəhərin mərkəzində bu küçə Nizami küçəsi ilə birləşir. Məhz bu iki dahinin yaradıcılıq qovuşmasından elə müəllifləri kimi ölməzlik qazanmış "Sənsiz” və "Sevgili canan” romansları yaranmışdır.
Bir sözlə, Üzeyir Hacıbəyli kimi dahi şəxsiyyətlərin həyat və yaradıcılığı ilə daha yaxından tanış olduqca bir daha yəqin edirsən ki, bir millətin yetirməsi olan belə şəxsiyyətlərlə nəinki onun mənsub olduğu xalq, həmçinin bütün mütərəqqi bəşəriyyət fəxr edə bilər.
banner

Oxşar Xəbərlər