• cümə, 29 Mart, 11:02
  • Baku Bakı 5°C

Üzeyir dühası

18.09.13 08:50 2431
Üzeyir dühası
“Üzeyir Hacıbəylinin yaradıcılığını nə qədər araşdırırıqsa, yenə də bitmir, tükənmir. Bu tükənməz xəzinə gələcək nəsillərə qalacaq. Hələ gələcək nəsillər onun yazdığı əsərlərin, məqalələrin kodlarını açacaqlar. O, Azərbaycan xalqı üçün böyük bir irs qoyub gedib” – deyə bu gün dahi bəstəkarın qiymətli irsi ilə məşğul olan tədqiqatçılar uzun araşdırmalardan sonra belə qənaətə gəliblər.
Üzeyirşünas Səadət Qarabağlı Üzeyir Hacıbəyli haqqında tədqiqatlarından danışarkən söhbətə dahi bəstəkarın Şuşada və ya Ağcabədidə doğulması haqqında hələ də davam edən mübahisələrdən başladı: «Üzeyir bəy Şuşa qəzasının Ağcabədi kəndində doğulub. Ailədə 5 uşaq olublar. Uşaqların 4-ü Şuşada doğulub. Üzeyir bəyin atası Əbdülhüseyn bəy Xurşudbanu Natəvanın təhsil mirzəsi olmaqla bərabər, həmçinin onun Ağcabədidə olan bütün təsərrüfatına rəhbərlik edib. Onlar ailəlikcə çox yaxın olublar. Üzeyir bəyin babası Kərbəlayi Ələsgər Natəvanla süd bacı-qardaşı olub. Əbdülhüseyn bəy ilin çox hissəsini Ağcabədidə qaldığından həyat yoldaşı Şirinbəyim xanım onu görməkdən ötrü Ağcabədiyə gedir. Tale də elə gətirir ki, o, Üzeyir bəyə hamilə olduğundan elə övladını Ağcabədidə dünyaya gətirir. Uşaq dünyaya gələndən bir ay sonra Şirinbəyim xanımla Üzeyir bəyi xüsusi kəcavə ilə Şuşaya yola salırlar». Üzeyir bəy Şuşanın ab-havasında böyüyür: “Üzeyir bəy ilk təhsilini Şuşada alır. O, əvvəlcə mədrəsədə oxuyaraq fars və ərəb dillərini mükəmməl öyrənir, daha sonra ikisinifli rus-tatar məktəbində oxuyur. «Qafqazın konservatoriyası» adlanan bu diyarda yetişən şairlər, yazıçılar, xanəndələr, bəstəkarların əksəriyyəti dahi olduğundan Üzeyir Hacıbəyli dühası da Azərbaycana bir ərməğan olur”.
Ü.Hacıbəyli təhsilini Qori Müəllimllər Seminariyasında davam etdirir. 1904-cü ildə seminariyanı bitirdikdən sonra Üzeyir bəy Hadrut məktəbinə göndərilir. O, burada rus dili ilə yanaşı, musiqidən də dərs deyir. Hətta o illərdə Hadrut məktəbinə bir piano da bağışlayır. Bir il sonra erməni-müsəlman davası düşür və kəndin yaşlı insanları Üzeyir bəyə xətər dəyməməsi üçün onu kənddən çıxarırlar. “Bu hadisədən sonra Üzeyir bəy Bakıya gəlir. O, Bakıda Bibiheybət məktəbində çalışaraq bir sıra fənlərdən – riyaziyyat, rus dili, musiqi, tarix, coğrafiya və musiqidən dərs deyir. Bibiheybətdən Bakıya qədər olan 10 kilometr yolu o, hər gün piyada gedib-gəlir ki, xalqının balalarını maarifləndirsin”.
Avropaya pəncərə
Üzeyir bəy vaxtaşırı dövrünün qəzetlərində çıxış etməklə yanaşı, Şərqdə ilk operanı yazmağa başlayır. 1907-ci ildə yazmağa başladığı «Leyli və Məcnun» operası 1908-ci il yanvarın 25-də tamaşaya qoyulur. Premyera böyük uğur qazanır. Bundan sonra Üzeyir bəy dalbadal «Şeyx Sənan», «Rüstəm və Zöhrab», «Şah Abbas» və «Xurşudbanu», «Əsli və Kərəm», «Harun və Leyla» kimi operalarını yazır. Operamızın şah əsəri olan «Koroğlu»nu isə 1937-ci ildə yazır. Həmin il aprelin 30-da operanın premyerası keçirilir. Üzeyir bəy bütün Şərqdə opera janrının əsasını qoyduğu kimi, operetta janrının da əsasını qoyur. 1909-cu ildə dahi bəstəkar ilk operettası olan «Ər və arvad»ı yazır. 1913-cü ildə isə dünya şöhrətli «Arşın mal alan» əsərini bitirir. 1913-cü il oktyabr ayının 25-də «Arşın mal alan» Bakıda tamaşaya qoyulur. Operetta böyük uğur qazanır. Əsər dünya xalqlarının 67 dilinə tərcümə olunub, dünyanın 120 teatrının səhnəsində oynanılıb. 2006-cı ildə «Arşın mal alan» Vyanada səhnəyə qoyulub. Bu yaxınlarda isə operetta ABŞ-da Los-Anceles səhnəsində oynanıldı.
Bu ilin oktyabr ayında bu möhtəşəm operettanın 100 illiyini qeyd edəcəyik. Həmçinin əlamətdar hadisədir ki, bu yubiley YUNESKO-nun xətti ilə keçiriləcək.
Operetta əsasında eyniadlı film də çəkilib. “1905-ci ildə çəkilən ekran əsəri Üzeyir bəyin sağlığında lentə alınıb və dahi bəstəkar filmi çox bəyənib. Sonra həmin film Stalin mükafatına layiq görülüb. Dahi bəstəkarın «Leyli və Məcnun» operasının 100 illiyi də YUNESKO tərəfindən qeyd olunub. Üzeyir bəy öz əsərləri ilə Avropaya pəncərə açıb. Onun musiqilərini dünyanın hər yerində sevə-sevə dinləyir, tamaşalarına məhəbbətlə baxırlar”.
Adi insanın görə bilməyəcəyi işlər
S.Qarabağlı Üzeyir Hacıbəylinin publisistik yaradıcılığından danışaraq qeyd etdi ki, o, Azərbaycan professional musiqisinin banisi, nəzəriyyəçi, alim, müsiqişünas, filosof, tərcüməçi, ictimai xadim olmaqla yanaşı, həm də güclü qələm sahibi, jurnalist olub. Belə ki, Üzeyir bəyin publisistik yaradıcılığı 1903-1948-ci illəri əhatə edib. O, hələ Qori seminariyasında oxuyarkən özünün ilk publisistik məqaləsini «Şərqi-rus» qəzetində çap etdirib və qəzetin baş redaktoru Məhəmmədağa Şahtağlı felyetonu yüksək qiymətləndirərək onun gələcəyinə böyük ümid olduğunu bildirib. Doğurdan da, Üzeyir bəyin publisistik yaradıcılığı çox uğurlu olur və o vəfat edən günə qədər qələmini əlindən qoymur. Dahi bəstəkar «Kaspi», «Həyat», « Yeni iqbal», «İrşad» qəzetlərində müntəzəm çıxışlar edir, 1909-cu ildə isə «Həqiqət» qəzetini nəşr etdirir: «Bu gün də onun məqalələrini oxuyanda uzaqgörənliyinə heyrət edirəm. Dahi bəstəkarın qələmə aldığı publisistik məqalələr, felyetonlar bu gün də aktualdır. Onları oxuyanda elə bilirsən ki, Üzeyir bəy elə bugünkü həyatımızı qələmə alıb. O, məqalələrini 67 təxəllüs altında çap etdirib. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Üzeyir bəy əsasən musiqi ilə bağlı məqalələr yazıb”.
Tədqiqatçı bildirir ki, Üzeyir bəy bir institutun görə bilməyəcəyi işləri təkbaşına görüb. Belə ki, o, musiqi məktəbləri, dövlət konservatoriyası yaradıb. Musiqi kollektivlərini - xalq çalğı alətləri, notlu orkestri, simfonik orkestri, simli alətlər kvarteti, dövlət xoru və s. kollektivləri formalaşdırıb. Üzeyir bəy 1934-cü ildə Bəstəkarlar İttifaqının bünövrəsini qoyub. “Bu işləri adi bir insan görə bilməzdi. Bunları yalnız Üzeyir bəy kimi qeyri-adi insanlar həyata keçirə bilərdi”.
Üzeyir bəy musiqi sahəsində milli kadrların yetişməsi üçün də səylə çalışıb. Azərbaycanın bütün görkəmli bəstəkarları Üzeyir bəydən dərs alıb. Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Hacı Xanməmmədov, Ədilə Hüseynzadə, Niyazi, Şəfiqə Axundova, Hökumə Nəcəfova, Ağabacı Rzayeva və başqaları Üzeyir bəydən dərs alıblar. “Onlar rayonbarayon gəzib istedadlı uşaqları taparaq Bakıya gətirir və oxutdururdular. Süleyman Ələsgərov, Əşraf Abbasov kimi görkəmli bəstəkarları Üzeyir bəy yetişdirib. Bakıda yaşamaq üçün yerləri olmadığından, onlara konservatoriyada yer ayırıb. O, tələbələri üçün hər cür şərait yaradırdı”.
Əsassız yazılar
«Üzeyir bəy elə bir şəxsiyyətdir ki, onun yaradıcılığını, həyatını dərindən öyrənmədən onun haqqında danışmaq olmaz» - deyən S.Qarabağlı bəzən mətbuatda, sosial şəbəkələrdə Üzeyir bəy haqqında əsassız yazıların da yer aldığından narazılığını bildirdi: «Bu yaxınlarda sosial şəbəkələrdə Üzeyir bəyin vaxtilə həbs edilməsi ilə bağlı xəbər oxudum. Bu, cəfəngiyyatdır. Üzeyir bəy heç vaxt həbs olunmayıb. Sovet hakimiyyəti qurulandan sonra onu güllələmək istəyiblər. Həyat yoldaşı Məleykə xanımın qardaşı Trequlov təhlükəsizlik komitəsinin sədrinin otağında olarkən siyahıda Üzeyir bəyin də adını görür və Nərimanovun yanına gəlir. Nərimanov siyahını gətizdirir və doğrudan da görür ki, 59 Azərbaycan ziyalısı, o cümlədən Üzeyir bəy güllələnməlidir. Nərimanov həmin siyahını cırıb tullayır və Üzeyir bəyi xilas edir. Həmçinin 1918-ci ildə də N.Nərimanov Üzeyir bəyi xilas edib. Mart qırğını zamanı Üzeyir bəyin yaşadığı və hazırda ev muzeyi olan bina gülləbaran olunub. Üzeyir bəyin tədqiqatçısı və ev muzeyinin direktoru olan Ramazan Xəlilov binanın təmiri zamanı həmin güllələrin yeri ilə rastlaşıb. Ermənilər Üzeyir bəyi öldürmək istəyiblər. N.Nərimanov Üzeyir bəyi yanına çağıraraq onu teatr truppası ilə İrana qastrola göndərir. Üzeyir bəy “mən öz xalqımla birlikdə olmaq istəyirəm” deyə təkid etsə də, Nərimanov “siz bizə gələcək üçün lazımsınız” deyə onu İrana göndərməyə nail olur.
Repressiya illərində Üzeyir bəy hər an gözləyirmiş ki, onu gəlib aparacaqlar. Hətta, ayaqqabılarını da cütləyib qapının ağzına qoyubmuş. Ancaq böyük şəxsiyyəti, möhtəşəm əsərləri onu güllələnmədən xilas edib».
Bizim borcumuz...
S.Qarabağlı dahi bəstəkarın yaradıcılığının hazırda Azərbaycandan kənarda da təbliğ olunması ilə bağlı sevincini dilə gətirdi: «Üzeyir bəyin xarici ölkələrdə abidəsi ucaldılır, dahi bəstəkarın tanıtımı ilə bağlı Heydər Əliyev Fondu böyük işlər görür. Məktəblərdə bu təbliğat daha da güclənməlidir: 1995-ci ildən ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 18 sentyabr «Üzeyir musiqi günü» kimi qeyd edilirdi. Bir neçə ildir ki, Azərbaycanda Üzeyir Hacıbəyli adına beynəlxalq festival keçirilir. Bu, dahi bəstəkarın dünya miqyasında tanınması üçün layiqli addımdır. Böyüyən nəslə elə birinci sinifdən Azərbaycan Dövlət Himninin müəllifi haqqında məlumatlar verilməli, onun əsərləri tanıdılmalıdır. Yəqin ki, Üzeyir bəy haqqında musiqi dərslərində şagirdlərə məlumat verilir. Amma mənə elə gəlir ki, bu məlumatlar daha genişlənməlidir. Bizim borcumuzdur ki, Üzeyir bəyin vaxtilə xalq üçün etdiklərini bu gün biz onun üçün edək. Biz əslində Üzeyir bəyin adını, onun əsərlərini tanıtmaqla özümüzü, Azərbaycanın mədəniyyətini tanıdırıq”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər